Məhkəmə qərarları › İş №2(103)-6169/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6169/2024

17.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6169/2024 17.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X6 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 09 avqust 2024-cü il tarixli qətnamədən İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən işə, iş üzrə tərəflərin iştirakı ilə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia barədə məlumat

1. İddiaçı, iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 12.750 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi belə əsaslandırılmışdır ki, 2014-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirli bilinərək məhkum edilmiş (hazırkı iş üzrə tərəf olmayan) X3 cinayət işi üzrə hazırkı iş üzrə iddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. Hökmə əsasən Əlövsət Məhərrəmovdan ümumilikdə 7.250 manat məbləğində pul tutularaq hazırki iş üzrə iddiaçıya verilməlidir. X12 pulu olmadığı üçün borc onun Abşeron rayonu, Novxanı kəndində yerləşən əmlakına (villasına) yönəldilmiş, hazırki iş üzrə iddiaçının təkidi ilə əmlak üzərinə həbs qoyulmuşdur. Əmlakın hərracda satılma vaxtında, əvvəlcədən tanıdığı Cavabdeh iddiaçı ilə sövdələşməyə gedərək həmin əmlakı almaq istədiyini bildirmiş və ona bu işdə dəstək olmasını xahiş etmişdir. Cavabdeh iddiaçıya söz vermişdir əmlakı alacağı təqdirdə iddiaçıya dəymiş ziyanla birgə ümumilikdə 20.000 manat pul verəcək. Cavabdeh, hazırki bazar qiyməti 350.000 manat olan əmlakı qat-qat ucuz qiymətə - 90.000 manata almışdır. Hərracdan sonra 7.250 manatı iddiaçı almışdır. Lakin cavabdeh qalan (20.000-7.250=) 12.750 manatı iddiaçıya ödəməmişdir. Bu səbəbdən də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. b) cavabdehin iddiaya etirazı barədə məlumat

3. Cavabdeh iddiaya etiraz edərək, Rayon Məhkəməsinə verdiyi izahatda bildirmişdir ki, sözügedən cinayət işi üzrə iddiaçı ilə yanaşı o özü də zərərçəkmiş şəxs olmuşdur. O, iddiaçıya evi birlikdə daha yaxşı qiymətə satmağı təklif etmişdir ki, 20.000 manatını götürsün. Lakin hərrac nəticələri sonradan ləğv edilmiş və o, evi öz adına rəsmiləşdirə bilməmişdir. Nəticədə ev satılmamışdır. O, 20.000 manatı yalnız evin satılmasına kömək edəcəyi təqdirdə verəcəyini iddiaçıya demişdir. Onun iddiaçıya borcu yoxdur. Ödədiyi məbləği isə iddiaçının çoxsaylı şikayətlərindən yaxa qurtarmaq üçün ödəmişdir. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat

4. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamə ilə iddianın rədd edilməsini qət etmişdir.

5. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia tələbinin əsaslandığı hallar iddiaçı tərəfindən sübuta yetirilmədiyindən iddia tələbi əsassız hesab olunaraq təmin edilməməlidir. d) apellyasiya şikayəti barədə məlumat

6. İddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinın Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, Rayon Məhkəməsi iş üzrə sübutlara düzgün qiymət verməmiş, işin hallarını səhv müəyyən etmiş, işə birtərəfli baxaraq maddi və prosessual hüquq normalarının pozulması ilə iddianın rədd edilməsi barədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. e) iş üzrə tərəflərin apellyasiya baxışında iştirakı və izahatları barədə məlumat

8. İddiaçı apellyasiya baxışında iştirak edərək, apellyasiya şikayətini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi.

9. Apellyasiya baxışında iştirak etmiş cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, Rayon Məhkəməsinin qətnaməsinin əsaslarına uyğun izahat verdi. f) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi

10. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

11. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş ******* nömrəli xx.xx.2015-ci il tarixli “Çıxarışdan” görünür ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,05 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında (hazırkı iş üzrə tərəf olmayan) X7 məxsusdur.

12. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)72/2017 saylı, xx.xx.2017-ci il tarixli hökmünə əsasən, digər şəxslərlə yanaşı zərərçəkmiş şəxslər qismində (hazırkı iş üzrə iddiaçı) İddiaçı və (hazırkı iş üzrə cavabdeh) Cavabdeh da tanınmışlar. Hökmə əsasən, zərərçəkmiş şəxs İddiaçı mülki iddiası qismən təmin edilmiş, maddi ziyan olaraq 6.250 manat pul təqsirləndirilən şəxs (hazırkı iş üzrə tərəf olmayan) Əlövsət Məhərrəmovdan tutularaq İddiaçı ödənilməsi, İddiaçı iddia tələbi “İcra haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(101)-72/2017 saylı qərarı ilə üzərinə həbs qoyulmuş Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən və X4 mülkiyyətində olan torpaq sahəsinin üzərindəki tikilinin inventarına yönəldilməsi, İddiaçı mülki iddia ərizəsi 4.000 manat mənəvi ziyan tələbi hissəsində baxılmamış saxlanılmışdır. Zərərçəkmiş şəxs Cavabdeh mülki iddiası təmin edilmiş, 104.000 manat pulun Əlövsət Məhərrəmovdan tutularaq Cavabdeh ödənilməsi hökm edilmişdir. Zərərçəkmiş şəxs Cavabdeh iddia tələbinin “İcra haqqında” Qanuna uyğun olaraq, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(101)-72/2017 saylı qərarı ilə üzərinə həbs qoyulmuş Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən X4 mülkiyyətində olan torpaq sahəsinin üzərindəki tikilinin inventarına yönəldilməsi hökm edilmişdir.

13. Bakı Apellyasiya Məhkəməsinin 1(103)-92/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarına əsasən, digər hallarla yanaşı zərərçəkmiş İddiaçı mülki iddiasının mənəvi ziyan tələbi hissəsi 1.000 manat məbləğində təmin edilmiş, həmin məbləğin Əlövsət Məhərrəmovdan tutulub İddiaçı ödənilməsi, qalan hissədə İddiaçı şikayətinin təmin edilməməsi qərara alınmışdır.

14. Abşeron Rayon İcra Şöbəsinin xx.xx.2018-ci il tarixli “icraata başlamaq haqqında qərarına” əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)72/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata başlanmışdır.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)- 545/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarına əsasən, zərərçəkmiş şəxs İddiaçı kassasiya şikayəti təmin edilməmişdir.

16. “Qiymətləndiricinin dəvət edilməsi haqqında” xx.xx.2018-ci il tarixli qərara əsasən, Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən və X4 mülkiyyətində olan torpaq sahəsinin üzərindəki tikilinin inventarına ilkin qiymət qoyulmasından ötrü "xxxx" MMC-dən qiymətləndirici-mütəxəssis dəvət edilmişdir.

17. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 4 saylı Abşeron Ərazi İdarəsinin məktubundan görünür ki, X11 xx.xx.2015-ci il tarixli, 4Ə147 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən mülkiyyətində olan 0,05 ha torpaq sahəsini X2, X14 daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2015-ci il tarixli RX0583690 blank nömrəli çıxarış əldə etmişdir. X14 öz növbəsində xx.xx.2015-ci il tarixli, 4Ə-3261 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən mülkiyyətində olan 0,05 ha torpaq sahəsini X1, sonuncu daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2015-ci il tarixli RX ******* blank nömrəli çıxarış əldə etmiş və Abşeron rayonu, Novxanı kəndi ərazisində yerləşən və ziyanın üzərindəki tikilinin inventarına yönəldilməsi qərara alınmış 0,05 ha torpaq sahəsi hazırda X5 mülkiyyətindədir.

18. “X13” MMC tərəfindən verilmiş hərracın yekunları barədə 227 №-li protokola əsasən, X8 məxsus Abşeron rayonu, Novxanı kəndində yerləşən torpaq sahəsinin üzərindəki tikilinin (icra sənədi üzrə borc 104.000,62 manat), tam dəyəri "xxxx" MMC-nin 1302 saylı xx.xx.2018-ci il tarixli rəyinə əsasən 100.000 manat Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə (Vergi və mülki məcəllələrinə) uyğun olaraq 10% endirimlə 90.000 manatdır. Qalib alıcı Cavabdehdur. Əmlakın satış qiyməti 90.000 manatdır. Hərrac mərkəzinə ödənilməli olan beh məbləği 4.500 manatdır.

19. İşdə olan xx.xx.2018-ci il tarixli aktdan görünür ki, hazırkı iş üzrə Cavabdeh Abşeron rayonu, Novxanı kəndində yerləşən tikilinin inventarını (fərdi yaşayış evini) təhvil almış və bunu öz imzası ilə təsdiq etmişdir.

20. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-72/2017 saylı, xx.xx.2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Abşeron Rayon İcra Şöbəsinin böyük icra məmuru X15 Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)72/2017 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə izah verilməsinə dair ərizəsi təmin edilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, (1) Tikilinin altında olan torpaq sahəsinin icra vərəqinə heç bir aidiyyatı yoxdur və inventar sayılmır. Verilmiş sualda qeyd olunan tikilinin inventarının altında torpaq sahəsi yoxdur (halbuki icra vərəqi üzrə olan inventarın altında torpaq sahəsi ola bilməz, bu aksiomadır) və belə olan halda nə heç bir torpaq sahəsi, nə də ki, borclu şəxs X9 məxsus torpaq sahəsi də birgə nəzərdə tutulmur. (2) İcra məmurunun sualında qeyd etdiyi “Gələcəkdə hərrac və ya digər vasitə ilə əldə edən hər hansı mülkiyyətçi” ifadəsi anlaşılan deyil. Belə ki, hərrac xx.xx.2018-ci il tarixdə keçirilmiş, icra məmuru isə xx.xx.2018-ci il tarixdə məhkəmədən izah verilməsini xahiş etmiş, izah verilməsini xahiş etmiş icra məmuru izaha cavab almadan xx.xx.2018-ci il tarixdə inventarını deyil tikilinin özünü aktla tələbkar İddiaçı məlumat vermədən razılığını almadan digər tələbkar Cavabdeh təhvil vermişdir. Torpaq sahəsi qeyri-şəxslərə məxsus olduğu halda tələblərin yönəldiyi tikilinin inventarından həmin torpaq sahəsi üzərində qanuni əsas olmadan (hazırki icra vərəqəsi belə istifadəyə əsas vermir) sərbəst şəkildə maneəsiz istifadə sualda qeyd olunmuş əldə edən (halbuki əldə edən dedikdə kimin nəyi əldə edəcəyi nəzərdə tutulduğu müəyyən olunmur) tərəfindən mümkün deyil.

22. Bakı Ağır Cinayətlər Məhkəməsinin 7(101)-3/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarına əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(101)- 72/2017 saylı icra sənədinə izah verilməsi haqqında Abşeron Rayon İcra Şöbəsinin böyük icra məmuru Asəm Əhmədov tərəfindən verilmiş ərizə təmin edilmiş, birinci sual üzrə - Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(101)-72/2017 saylı hökmündə üzərinə həbs qoyulmuş tikilinin üzərində yerləşən torpaq sahəsi heç vaxt məhkum X9 məxsus olmamışdır. Tikilinin inventarına yönəldilsin dedikdə, tikilinin sökülməsi nəticəsində əldə edilmiş inventar – qapı və pəncərələr, dam örtüyü, döşəmə, su çəni, tikinti zamanı istifadə olunmuş mişar daşları və sair bu kimi materialların ayrı-ayrılıqda və ya birlikdə qiymətləndirilməklə satılması və ya digər yolla özgəninkiləşdirilməsi ilə əldə olunmuş pul vəsaitinin vurulmuş ziyana mütənasib olaraq tələbkarlara- zərərçəkmiş şəxslər İddiaçı və Cavabdeh nağd və ya bank hesabına köçürməklə ödənilməli olması nəzərdə tutulur. Özbaşına tikili ilə əlaqədar icra başa çatdıqdan sonra tikilinin altında olan torpaq sahəsinin mülkiyyətçisinin mülkiyyət hüquqları pozulmamalı və hazırda mülkiyyətçi olan Balabəy Həmzəyevin torpaq sahəsindən maneəsiz sahiblik, istifadə və sərəncam hüququ təmin edilməlidir. İkinci sual üzrə- hazırki vəziyyətdə qanuni mülkiyyətçi olan Balabəy Həmzəyevin icazəsi və müvafiq razılığı olmadan başqaları tərəfindən həmin torpaq sahəsindən istifadə edilməsi istisna edilir.

23. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 7(103)-136/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarına əsasən, zərərçəkmiş şəxs İddiaçı apellyasiya şikayəti təmin olmamış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 7(101)-3/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

24. Abşeron Rayon Polis İdarəsinin xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqına qərarına” əsasən İddiaçı müraciəti əsasında toplanmış material üzrə Cavabdeh əməllərində heç bir cinayət əməlinin tərkib əlamətləri olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir.

25. İddiaçı bildirir ki, cavabdeh onun səyi nəticəsində əmlak əldə etmiş, bunun müqabilində ona 20.000 manat pul ödəyəcəyini vəd etsə də, bu vədini tam həyata keçirməmişdir. O, hərracdan sonra 7.250 manatı almış, lakin cavabdeh qalan (20.000- 7.250=) 12.750 manatı ona ödəməmişdir. Bu səbəbdən də o, hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

26. Öz tələbinin təsdiqi üçün iddiaçının məhkəməyə təqdim etdiyi sənədlər hər iki tərəfin əvvəllər zərərçəkmiş qismində tanındığı cinayət işi üzrə materiallar, iddiaçının müxtəlif dövlət orqanına üznvanladığı və s. yazışmalardan ibarətdir.

27. Cavabdeh isə iddiaçının ona hər hansı xidmət göstərməsi qarşılığında pul vəd etmədiyini, özünün də zərərçəkmiş şəxs qismində tanındığı cinayət işi üzrə iddiaçının zərərini belə onun ödədiyini. bu pulu mütəmadi olaraq onunla bağlı polisə, prokurorluğa şikayət etməsindən yaxa qurtarmaq üçün etdiyini, iddiaçının qeyd etdiyi əmlakın onun mülkiyyətində olmadığını bildirir.

28. Göstərilənləri nəzərə alan Məhkəmə hazırkı iş üzrə tərəflər arasında yaranmış mülki mübahisənin həlli nəticəsində Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin əsaslılığı və həmin qətnamədən verilmiş apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları və sübutları da təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran faktlar və sübutlar əsasında hüquqi qiymət verməlidir.

31. Hazırkı mübahisədə cavabdehin onun qarşısında pul öhdəliyi daşımasını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz.

32. Buna görə də, göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi iddianın rədd etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsaslı deyil. g) apellyasiya baxışının nəticəsi

33. Beləliklə də apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri əsassızdır və formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

34. MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

35. Apellyasiya şikayəti təmin edilmədiyindən onun verilməsi üçün ödənilmiş dövlət rüsumu MPM-in 119.1-ci maddəsinə əsasən iddiaçının özünə aid edilməlidir.

36. Məhkəmə həmçinin bildirir ki, iddianın rədd edilməsi barədə Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanıldığından, cavabdeh hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

37. İddiaçının apellyasiya şikayəti təmin edilmədiyindən və iddia tələbi qiyməti kassasiya şikayəti verməyə imkan verən həddə rədd edildiyindən iddiaçı hazırkı qətnamədən kassasiya şikayəti vermək hüququna malikdir.

38. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan, MPM-in 384-cü maddəsində təsbit olunmuş səlahiyyətlərindən çıxış edən və MPM-in 392, 393, 402, 405 maddələrinin tələblərini rəhbər tutan Məhkəmə

QƏT ETDİ:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 09 avqust 2024-cü il tarixli qətnamə dəyişdirilmədən saxlanılsın. İddiaçı hazırkı qətnamədən, qətnamə ona rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə və “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilər. Cavabdeh hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar