Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6175/2021 11.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2(007)-689/2021 saylı qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İB-ya qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Azəriqaz” İB tərəfindən ona məxsus Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə qarşı tərtib etdiyi 21.01.2019-cu il tarixli ******* nömrəli aktının etibarsız hesab edilməsi və həmin akta əsasən hesablanmış 763,90 manat borc məbləğlərinin qanunsuz və əsassız hesab edilərək **********00000 saylı abonent hesabından (saldo) silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılır ki, o, Füzuli rayonundan məcburi köçkün kimi Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində müvəqqəti məskunlaşmışdır. Həmin ünvanda qaz sayğacının quraşdırılması barədə onunla cavabdeh "Azəriqaz" İB arasında qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə əsasında yaşadığı evə Smart tipli qaz sayğacı quraşdırılmışdır. Yaşadığı müddətdən də hal-hazırkı vaxtadək mütəmadi olaraq istifadə olunmuş qaz enerjisinə görə ödənilməli olan məbləğləri tam şəkildə ödəmişdir. Lakin 09 iyun 2020-ci il tarixdə onun evinə quraşdırılmış qaz sayğacının istismar vaxtının qurtarması bildirilərək, qaz sayğacı dəyişdirilmiş və həmin vaxtdan 1 ay sonra 2020-ci ilin iyul ayında ona guya qaz xəttindən kənar qaz istifadə etməsi bildirilmişdir. Lakin sayğac yoxlamaya aparıldıqdan sonra guya sayğacda sərfiyyat fərqi müəyyən edilmiş və ona 763,90 (yeddi yüz altmış üç manat doxsan qəpik) manat borc hesablanmışdır. Lakin bu barədə ona heç bir məlumat verilməmiş, qaz sayğacı çıxarılıb yoxlamaya aparıldıqdan sonra borcun yaranması bildirilmişdir. Həmin bildirişin səbəbini öyrənmək məqsədilə cavabdehə ərizə ilə müraciət etdikdə, ona bildirildi ki, guya 21.01.2019-cu il tarixdən onun evində sayğacdan kənar qaz istifadə olunduğu müəyyən edilmiş və buna görə də ona 763,90 manat borc hesablanmışdır. O, Qaz istismar idarəsinin əməkdaşlarına bu hərəkətlərinin qanunsuz və əsassız olduğunu bildirdi. Həmin akt tərtib edilərkən ona heç bir məlumat verilməmişdir. Cavabdeh “Azəriqaz” İB-nin əməkdaşları ona Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 21.01.2019-cu il tarixli ******* saylı aktın yazıldığını və həmin akta əsasən hesablanmış 763.90 manat cərimə məbləği ödəməyini tələb etdilər. Yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Azəriqaz İB-nin sözügedən hərəkətləri ilə onun istehlakçı hüquqları kobud şəkildə pozularaq üzərinə qanunsuz və əsassız öhdəlik qoyulmuşdur və pozulmuş hüquqlarının müdafiəsinin yalnız məhkəmə qaydasında mümkün olacağı qənaətinə gəlmişdir. Aşağıda sadalanan əsaslara görə “Azəriqaz” İB-nin 21.01.2019-cu il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktı əsassız hesab edilərək ləğv edilməli və həmin akta əsasən hesablanmış 763,90 manat cərimə məbləği silinməlidir. Yuxarıda qeyd olunduğu kimi “Azəriqaz” İB-nin əməkdaşları “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 21.01.2019cu il tarixli ******* nömrəli aktı onun iştirakı olmadan tərtib etmiş və birtərəfli qaydada təsdiq etmişlər ki, bu da sözügedən aktın qanunsuz və qərəzli tərtib edildiyini sübut edir. Belə ki, əgər onun iştirakı təmin edilsəydi evinin daxilinə də baxış keçirilməklə sayğacdan kənar xətdin onun evində istifadə olunmadığı müəyyən edilmiş olacaqdı. Onun abonent saldosundan da görünr ki, evində sərf olunan qazın sərfiyyatında heç bir dəyişiklik baş verməmişdir. Belə ki, saldodan görünür ki, sayğacdan kənar qaz xətdi ləğv edildikdən sonra evinin qaz sərfiyyatı keçən ilin sərfiyyatı ilə eyni olmuşdur. Bu hal da bir daha təsdiq edir ki, onun evində sayğacdan kənar qazdan istifadə olunmamışdır. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2(007)-689/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, “Azəriqaz” İB tərəfindən İddiaçı (abonent nömrəsi **********0000) hesablanmış 763,90 manat məbləğində borcun silinməsi qət olunmuşdur. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, məhkəmə işin faktiki, həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarınav düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan maddi və prosessual hüquq normalarını da mülki iş üzrə düzgün tətbiq etməmiş, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul etmişdir. İddiaçı evinin qaz xəttinə quraşdırılmış qaz sayğacından kənar gizli yolla qaz xətti çəkmiş, bu xəttdən istifadə etməklə evində sərf edilmiş qazın dəəyərinin müəyyən edilməsindən yayınmış və faktiki istifadə etdiyi qazın dəyərini ödəməmişdir. İş materiallarına bununla bağlı fotoşəkil də əlavə olunmuşdur. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini qəbul etmədi, iddia təələbində göstərilənlərə uyğun məzmunda izahat verəərək, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş üzrə cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin tam olaraq yoxlanılması təşkil edir. Çünki cavabdeh tərəf qətnamənin ləğv olunaraq, iddianın rədd olunmasını xahiş etimşdir. Məhkəmə kollegiyası bu kontekstdə iddiaçını dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli aktın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğaca baxış keçirilmiş və sayğacdan kənar qeyri-qanuni istifadə edilmə aşkar edilmişdir. Tədqiq edilmiş sübutlar əsasında müəyyən olunmuşdur ki, iddiaçı Bakı şəhəri, Nizami rayonu, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində ailə üzvləri ilə qeydiyyatdadır. Lakin ona Bakı şəhəri, Nizami rayonu, ünvan 3 ünvanı üzrə (Avtotəmir ATSJ) akt tərtib edilmişdir. Akta görə ünvana baxış zamanı həmin ünvanda qazdan qeyri-qanuni istifadə edilməsinin aşkar edilmiş və buna görə abunəçiyə 763,90 manat məbləğində cərimə hesablanaraq, iddiaçıdan tələb edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən qətnaməni onunla əsaslandırmışdır ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə məhs iddiaçı tərəfindən qazdan qeyri-qanuni istifadə edilməsi sübut edilmədiyindən iddiaçıya əlavə borc məbləğinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Odur ki, iddia təmin edilərək, iddiaçıya başqa ünvan üzrə qaz sayğacından qeyri-qanuni istifadə edilməyə görə hesablanmış 763,90 manat məbləğində borc silinməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011 -ci il tarixli “Qazdan” istifadə aydalarının” təsdiq edilməsi haqqında 80 saylı Qərarının 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən Qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.4.9. Zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və məhkəmə kifayət qədər araşdırma aparmaqla tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycaqn RespublikasıAli Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 31 mart 2021-ci il tarixli, 2(007)- 689/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-6175/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6175/2021
11.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver