Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6175/2024 31.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Qaya-Qala MTK və Cavabdeh2ə qarşı Bakı şəhəri Cavabdeh2in 161 saylı, xx.xx.2019-cu il tarixli Sərəncamının, ünvan 1 ünvanına aid olan hissəsində (hissəvi olaraq) etibarsız hesab edilməsi tələbinə dair iş üzrə (Açar sözlər:sərəncamın qismən etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər Qaya-Qala MTK və Cavabdeh2ə qarşı Bakı şəhəri Cavabdeh2in 161 saylı, xx.xx.2019-cu il tarixli Sərəncamının, ünvan 1 ünvanına aid olan hissəsində (hissəvi olaraq) etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-3025/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Qaya-Qala MTK və Cavabdeh2ə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Cavabdeh2in 161 saylı, xx.xx.2019-cu il tarixli Sərəncamının, ünvan 1 ünvanına aid olan hissəsində (hissəvi olaraq), ünvanın hüquq sahiblərinin konstitusion hüquqlarını pozduğunu, qanuni mənafelərinə toxunduğunu, Fərmanla müəyyən edilmiş hüquqlarının həyata keçirilməsinə məhdudiyyətlər yaratdığını, həmçinin Sərəncamın ünvana aid olan hissədə, A.R. Konstitusiyasının 148-ci maddəsinin 1-ci, 5-ci hissələrinin müddəalarını pozduğunu, təqdim edilən sübutları və məhkəmə aktlarını da nəzərə alaraq, A.R. Mülki Məcəlləsinin 19-cu, 384-cü maddələri əsasında, Cavabdeh2in 161 saylı, xx.xx.2019-cu il tarixli Sərəncamının ünvana aid olan hissədə etibarsız hesab edilməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)- 3025/2024 saylı qərardadına əsasən, İddiaçı cavabdehlər Qaya-Qala MTK-ya və Bakı şəhəri Cavabdeh2ə qarşı “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilmiş, iddiaçıya məhkəmə aidiyyəti üzrə səlahiyyətli olan Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah olunmuşdur. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hazırki iş üzrə iddia ərizəsindən göründüyü kimi, iddiaçının tələbi Cavabdeh2in 161 saylı, xx.xx.2019-cu il tarixli Sərəncamının onların ünvanına münasibətdə etibarsız hesab edilməsi ilə bağlıdır. Qaya Qala MTK cavabdeh qismində cəlb edilsə də, ona qarşı hər hansı bir tələb irəli sürməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 149.2 və 149.2.3-cü maddələrinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Beləliklə də tələb inzibati aktın mübahisələndirilməsindən ibarətdir və həmin mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Hazırki ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli olan Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)- 3025/2024 tarixli qərardadı ilə razılaşmayan İddiaçı şikayət verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-3025/2024 tarixli qərardadının ləğv edilərək mülki mübahisəyə ümumi məhkəmədə baxılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina etmişdir. Məhkəmə işin hallarını faktiki araşdırmayaraq nəzərə almamışdır ki, mübahisələndirilən sərəncam şəxsin mülkiyyət hüquqlarının kobud şəkildə pozulması ilə qəbul edilmişdir və icrası mümkün deyildir. İddiaçının mərhum atası A.M.Mövlamov xx.xx.2023-cü il tarixli çıxarışa əsasən ünvan 4 ünvanında A (111,5 kv m) tikilisinin 13/256 hissəsinin, B (118,4 kv.m.) tikilisinin isə tam hissəsinin hüquq sahibi olmuşdur. Bakı 1 saylı ASAN xidmət Mərkəzinin Notariat Ofisinin xx.xx.2023-cü il tarixli şəhadətnaməsinə əsasən iddiaçı və bacısı A.İ.Qurbanova ataları A.Mövlamovun hüquqi varisləri olaraq tanınmışlar. İşdən də aydın göründüyü kimi, Cavabdeh2in xx.xx.2019-cu il tarixli, 161 nömrəli sərəncamı ilə ən ali konstitusion hüququ olan mülkiyyət hüququ pozulmuş, şəxsin iradəsinə zidd olaraq mülkiyyətindən məhrum edilməsinə gətirib çıxaran akt qəbul edilmişdir. Sözügedən sərəncam qəbul edildiyi andan etibarsız olmuşdur, odur ki, aktın etibarsızlığı ilə bağlı məhkəmədə iddia qaldırılmışdır. Sərəncamın ünvana aid olan hissəsində (hissəvi) etibarsız hesab edilməsi barədə iddia ərizəsində, iddiaçının məhkəmədən, tətbiq edilməsini tələb etdiyi maddələr Azərbaycan Respublikası Konstitusiyasına və Mülki Məcəlləsinə aiddir. Məhkəmə işin hallarını ətraflı araşdırmayaraq əsassız qərardad qəbul etmişdir. Məhkəmə, həmçinin iddia ərizəsini mahiyyəti üzrə araşdırmadan, yanlış maddi hüquq norması tətbiq edərək iddia ərizəsini geri qaytarmışdır. Nəzərə alınmalıdır ki, normativ xarakterli aktın qəbul edilməsi ilə iddiaçının və digər payçıların konstitusion mülkiyyət hüquqları pozulmuş və hüququn həyata keçirilməsi məhdudlaşdırılmışdır. Sərəncam qəbul edildiyi andan, barəsində mübahisənin olub-olmamasından asılı olmayaraq, qeyri-normativ xarakterli aktdır və etibarsızdır. Sərəncamı qəbul edən inzibati orqan ilə hüquqları pozulmuş iddiaçı arasında mülki hüquq münasibətləri yaranmışdır. İddiaçı ilə inzibati orqan arasında, Konstitusiya, Qanun və Fərmanla yarandığı və əmələ gəldiyi təsdiq edilən hüquq (həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququ) mübahisə predmetidir. Belə ki, inzibati orqan iddiaçının (və digərlərinin) Qanunla (A.R. Mülki Məcəlləsinin 139-1.1.8-ci maddəsi, «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» A.R. Qanununun 8.0.8-ci maddəsi) və Fərmanla (xx.xx.2015-ci il tarixli, 439 saylı fərmanla təsdiq edilmiş «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» A.R. Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən Sənədlərin Siyahısı, 2.4cü bəndi) əmələ gəldiyi və yarandığı təsdiq edilən, həyətyanı torpaq sahəsi üzərindəki «xüsusi» növdən ibarət mülkiyyət hüququnu rəsmən tanımır və mövcudluğunu qəbul etmir. Qeyd edilən hallar, işə mülki icraat qaydasında baxılmasına əsas verir. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3025/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-3025/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməyərək, şikayətin, 2(005)-3025/2024 saylı mülki işlə birlikdə baxılması üçün 7 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 62. Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Maddə 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Maddə 72.1. İnzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. Maddə 72.2. İnzibati aktdan eyni zamanda həm inzibati, həm də məhkəmə qaydasında şikayət (inzibati iddia) verildiyi hallarda, şikayətə məhkəmə qaydasında baxılır və şikayət instansiyasında həmin şikayət üzrə başlanılmış icraata xitam verilir. Maddə 72.5. İnzibati aktlardan məhkəmə qaydasında şikayət (inzibati iddia) Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən olunmuş qaydada verilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Maddə 3.1. Bu Məcəllənin 3.2-ci maddəsində müəyyən edilmiş hallar istisna olmaqla, inzibati mübahisələrə birinci instansiya məhkəməsi qismində inzibati məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Maddə 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Avropa ölkələrinin milli qanunvericiliyində məhkəmə aidiyyəti məsələsinin dəqiq göstərilməsinin vacibliyini xüsusi vurğulamışdır. Avropa Məhkəməsi “Bezımyannaya Rusiya Federasiyasına qarşı” iş üzrə 22 dekabr 2009cu il tarixli qərarında qeyd etmişdir ki, dövlətlərin məhkəmə sistemlərində ayrı-ayrı məhkəmələr arasında aidiyyət məsələlərini müəyyən edən meyarlar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin təmin edilməsinə xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” 28 mart 2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, “Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. (...) hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. (...) Məhkəmə icraatının növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli № 4 Qərarı Bənd 1. Məhkəmələrin nəzərinə çatdırılsın ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə “MPM”) 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə “İPM”) 2-ci maddəsi, habelə həmin Məcəllənin XV, XVİ, XVİİ və XVİİİ XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır. Bənd 2. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Bənd 3.1. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Bənd 3.2. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri “İnzibati icraat haqqında” Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Bənd 15.4. Eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki işdən görünür ki, iddiaçı inzibati orqan olan Bakı şəhəri Cavabdeh2 tərəfindən qəbul edilmiş inzibati aktın (161 saylı, xx.xx.2019-cu il tarixli Sərəncamın) etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. “Məhkəmələr və hakimlər” haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən işlərin Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması yolverilməzdir. İddiaçı iddia tələbində cavabdehin qəbul etdiyi inzibati aktı mübahisələndirdiyindən, inzibati mübahisələrə birinci instansiya məhkəməsi qismində inzibati məhkəmələr tərəfindən baxıldığından, Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi yolverilməz olduğundan kollegiya şikayətin dəlillərini əsassız hesab edir. İstinad olunanlara əsasən Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olduğundan şikayət təmin edilə bilməz. Məhkəmə kollegiyası iddiaçının təqdim etdiyi vəsatətlərə münasibət bildirib qeyd edir ki, hazırkı icraatda iddiaçının Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-3025/2024 saylı qərardadından verdiyi şikayətə baxıldığından, iddiaçı iddia tələbində istinad etdiyi halların araşdırılması ilə bağlı vəsatətlərini iddia ərizəsinə mahiyyəti üzrə baxmaq səlahiyyəti olan məhkəməyə təqdim etməlidir. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)- 3025/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-6175/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6175/2024
31.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver