Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6176/2023 02.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələblərinə dair iş üzrə (Açar sözlər: evə köçürülmə, evin yerləşdiyi torpaq sahəsinə və evə səlahiyyətli dövlət orqanının əməkdaşlarının baxış keçirmələrinə yaradılan maneələrin qadağan olunması, sübutetmə) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “evə köçürülmə, evin yerləşdiyi torpaq sahəsinə və evə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əməkdaşlarının baxış keçirmələrinə yaradılan maneələrin qadağan olunması” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli qətnaməsindən iddiaçının və cavabdehin nümayəndələri (vəkilləri) tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Cavabdeh ilə İddiaçı 1985-ci ildə faktiki nikah münasibətlərinə girərək ailə qurmuş, evliliklərindən 30 dekabr 1986-cı il tarixdə İlkin, 22 dekabr 1987-ci il tarixdə Elvin adını verdikləri uşaqları dünyaya gəlmişdir.
2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.1999-cü il tarixli qətnaməsi ilə X2 İddiaçı və Cavabdeh qarşı “Bakı şəhəri, M. Əlizadə (keçmiş 11-ci Dağüstü) küçəsi 91 saylı evdən çıxarılmaları” barədə iddia tələbi rədd olunmuş, Cavabdeh, İddiaçı, X3, Bakı şəhəri 21 saylı Dövlət Notariat Kontoruna, Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatının Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə qarşı iddia tələbi təmin edilmiş, Bakı şəhəri 21 saylı Dövlət Notariat Kontorunda xx.xx.1990-cı il tarixdə X5 ilə X6 arasında bağlanmış Bakı şəhəri, M. Əlizadə küçəsi 91 saylı evin alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, həmin müqavilə əsasında mübahisəli evə xüsusi mülkiyyət hüququnu təsdiq edən Rəşid Budaqovun adına verilmiş xx.xx.1990-cı il tarixli qeydiyyat vəsiqəsi ləğv olunmuş, mübahisəli evin alqı-satqı müqaviləsi X6 ilə Cavabdeh arasında bağlanmış hesab edilmiş, Bakı şəhər İcra Hakimiyyəti başçısı aparatının Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə Cavabdeh adına mübahisəli evə xüsusi mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsinin verilməsi həvalə olunmuşdur.
3. Bakı şəhər Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2000-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.1999-cü il tarixli qətnaməsi dəyişdirilmiş, Bakı şəhəri, Nərimanov rayonu, M.Əlizadə küçəsi 91 nömrəli evin alqı-satqı müqaviləsinin X6 ilə Cavabdeh və İddiaçı arasında bağlanmış hesab edilməsi, Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə həmin evə dair Cavabdeh və İddiaçı adlarına payları məlum olmayan birgə əmlak kimi qeydiyyat vəsiqəsinin verilməsinin həvalə edilməsi qərara alınmışdır.
4. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən ünvan 2ş evi İddiaçı və Cavabdeh ümumi birgə mülkiyyəti kimi xx.xx.2000-ci il tarixdə qeydə alınmış, bununla bağlı FM 008452 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir.
5. İddiaçı xx.xx.2021-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət ünvanlayaraq ünvan 2ş evinə dair qeydiyyat vəsiqəsinin itirilməsi səbəbindən ona yeni elektron çıxarış verilməsini xahiş etmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən fərdi yaşayış evinin İddiaçı və Cavabdeh ümumi birgə mülkiyyətində olmasına dair xx.xx.2021-ci il tarixdə çıxarış verilmişdir.
6. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı nümayəndəsinə (vəkilinə) ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda göstərilmişdir ki, fərdi yaşayış evinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamış, buna görə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir.
7. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı nümayəndəsinə (vəkilinə) ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişdə də eyni məzmunda məlumat verilmiş, “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edildiyi” bildirilmişdir.
8. Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi tərəfindən İddiaçı nümayəndəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda göstərilmişdir ki, ünvan 2ş evinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssislərinə şərait yaradılmaması ilə bağlı şikayət ərizəsində qeyd olunan nüanslar mülki xarakterli olduğundan, aidiyyati məhkəmə orqanlarına müraciət etmək məsədəmüvafiqdir.
9. X4 “İddiaçı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi” barədə ərizəsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 yanvar 2022-ci il tarixli qətnaməsi ilə təmin olunmamış, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 06 aprel 2022-ci il tarixli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
10. İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, ünvan 4 ünvanında yerləşən daşınmaz əmlaka köçməsinə, fərdi yaşayış evinin ona məxsus olan və içərisində əşyalarının olduğu yerin qapısından içəri daxil olmasına, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə və fərdi yaşayış evinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssislərinin içəri daxil olmalarına cavabdeh və digərləri tərəfindən törədilən maneçiliyə qadağa qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddiaçı iddia tələblərini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 24-cü, 29-cu və 60-cı, Mülki Məcəllənin 152-ci və 157.2-ci maddələrinə istinadla belə əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, Məsud Əlizadə küçəsində yerləşən 91 saylı ev xüsusi mülkiyyət hüququ əsasında ümumi birgə pay olaraq ona və cavabdehə məxsusdur. Təxminən son 7-8 ildir ki, mülkiyyətçi kimi həmin evdən istifadə edə bilmir. Belə ki, digər mülkiyyətçi Cavabdeh ilə münasibəti olmadığından ev faktiki olaraq aralarında bölünmüşdür. Bir neçə ildir ki, evə getmir, lakin evin özünə aid olan hissəsinə əşyalarını yığaraq qapısını da kilidləmişdir. Hazırda həmin əşyalarının hansı vəziyyətdə olmasından xəbəri yoxdur. Cavabdeh aralarındakı münasibətdən sui-istifadə edərək, bir müddətdir onu evə buraxmır. Mülkiyyətçi kimi xüsusi mülkiyyət hüququ əsasında özünə məxsus olan evə köçə, mülkiyyəti üzərində istədiyi kimi sərəncam verə bilmir. Bu yaxınlarda evin və həyətin texniki pasportunun alınması üçün müvafiq ərizə ilə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Əmlak Xidmətləri Məkanına müraciət etmiş, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin 02 iyun 2022-ci il tarixli məktubunda, həmçinin 13 iyun 2022-ci il tarixli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi” barədə bildirişdə qeyd edilmişdir ki, “Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, fərdi yaşayış evinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması uçun idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Qeyd olunanlar nəzərə olunaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir”. Mediasiya qurumuna müraciət etsə də, mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi mümkün olmamışdır.
12. Cavabdehin nümayəndəsi (vəkili) iddia tələbinə etiraz etmiş, əmlakın cavabdehin mülkiyyətində olduğunu və onun tərəfindən dövlət orqanının işçilərinə heç bir maneə yaradılmadığını bildirmişdir.
13. Cavabdeh iddiaçıya və digər şəxslərə qarşı qarşılıqlı iddia ərizəsi də təqdim etmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsinin icraata götürülməsindən imtina olunmuşdur.
14. Cavabdehin nümayəndəsi (vəkili) vəsatət verərək Bakı İnzibati Məhkəməsində “İddiaçı mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi” barədə iddia qaldırdıqlarını bildirmiş və işin icraatının dayandırılmasını xahiş etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli protokol-qərardadı ilə vəsatət təmin olunmamışdır.
15. Birinci instansiya məhkəməsinin 10 iyul 2023-cü il tarixli qətnaməsi ilə iddia tələblərinin qismən təmin edilməsi, ünvan 4 ünvanında yerləşən daşınmaz əmlaka köçməyə, fərdi yaşayış evinə giriş-çıxışa cavabdeh tərəfindən yaradılan maneələrə qadağa qoyulması, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət olunmuşdur.
16. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
16.1. Bakı şəhəri, Nərimanov rayonu, M.Əlizadə küçəsi, ev 91 ünvanında yerləşən fərdi yaşayış evinin Cavabdeh və İddiaçı ümumi birgə mülkiyyətdə olması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı var. Həmin məkəmə qərarının əsasında verilmiş çıxarışda da fərdi yaşayış evinin tərəflərin ümumi birgə mülkiyyəti olduğu təsdiq edilib. Beləliklə, İddiaçı öz mülkiyyətindən sərbəst şəkildə istifadə etmək hüququ olduğundan iddia tələbi “daşınmaz əmlaka köçməyə, fərdi yaşayış evinə giriş-çıxışa cavabdeh tərəfindən yaradılan maneələrə qadağa qoyulması” hissəsində əsaslıdır və təmin edilməlidir. 16.2. İddia tələbinin “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə və fərdi yaşayış evinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün həmin idarənin mütəxəssislərinin içəri daxil olmalarına Cavabdeh və qeyriləri tərəfindən törədilən maneçiliyə qadağa qoyulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehin üzərinə belə bir vəzifənin qoyulması üçün əsaslar yoxdur. Birincisi, artıq iddia tələbi daşınmaz əmlaka köçmə və giriş çıxışa yaradılan maneələrin aradan qaldırılması hissəsində təmin edildiyindən, hər hansı dövlət orqanı əməkdaşlarının daşınmaz əmlaka daxil olmasına yaradılan maneələrin aradan qaldırılması hissəsində təmin edilməsinə zərurət qalmamışdır. İkincisi, cavabdeh tərəfindən belə maneələrin yaradılması barədə konkret və mötəbər sübut təqdim edilməmişdir.
17. Məhkəmə öz qənaətini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29-cu, Mülki Məcəllənin 152.1-ci, 152.2-ci, 152.5-ci, 157.1-ci, 157.4-cü, Mülki Prosessual Məcəllənin 14.2-ci, 77.1-ci və 82.1-ci maddələrinə, Konstitusiya Məhkəməsi Plenumunun “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli Qərarına, Avropa Məhkəməsinin qərarlarına istinadla əsaslandırmışdır.
18. Qətnamədən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, sübutlara düzgün qiymət vermədiyini, DƏDRX-nin imtina cavabını, Polis İdarəsinin məktubunu, qüvvədə olan məhkəmə qərarlarını nəzərə almadığını, iddiaçıya qərəzli yanaşdığını, işin hallarına uyğun gəlməyən qərar çıxardığını irəli sürmüşdür.
19. Qətnamədən cavabdehin nümayəndəsi (vəkili) də apellyasiya şikayəti verərək onun qismən – iddianın təmin olunması ilə bağlı hissədə - ləğv edilməsini və iddianın həmin hissədə də rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, iddiaçının öz iddia tələbini, yəni cavabdehin ona evə köçməyə maneələr yaratdığını sübuta yetirə bilmədiyi, məhkəmənin, iddia ərizəsinin iddiaçı tərəfindən imzalanıb-imzalanmadığını yoxlamaq, eləcə də onun psixi vəziyyətini aydınlaşdırmaq üçün ekspertizalar keçirlməsi barədə vəsatətlərini nəzərə almadığı, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəldiyi arqumentləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayət(lər)inə qarşı etiraz(lar)
20. Apellyasiya şikayət(lər)inə qarşı yazılı etiraz(lar) verilməmişdir.
Apellyasiya baxışı, verilən izahatlar
21. İddiaçının və cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndələri (vəkilləri) hər bir özlərinin apellyasiya şikayətlərinin dəlillərini müdafiə edərək müvafiq qətnamə çıxarılmasını xahiş etmişlər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası:
22. Maddə 13 (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
23. Maddə 29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
24. Maddə 43 (İ hissə). Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu:
25. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
27. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
28. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
29. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
30. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
31. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın
32. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun
33. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
37. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
38. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
39. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
40. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
41. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
42. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
43. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
45. Qətnamə həm iddiaçı, həm də cavabdeh tərəfindən mübahisələndirildiyindən, apellyasiya baxışının həddini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
46. İşin yuxarıda qeyd olunan hallarından göründüyü kimi tərəflər, qüvvədə olan məhkəmə aktı əsasında ünvan 2ş evinin birgə mülkiyyətçiləri kimi tanınmışlar.
47. Bu kontekstdə, mübahisəsi gedən evin birgə mülkiyyət hüququ üzrə həmçinin iddiaçıya məxsus olması, onun həmin evə istifadə və sahiblik hüququnun olmasını ehtiva edir, o isə bu hüquqların tanıdığı imkandan istifadə edərək evə köçürülməsini və oradan istifadəyə yaradılan maneələrin qadağan olunmasını tələb, məhkəmə də bu tələbi təmin etməkdə haqlı olmuşdur.
48. Başqa sözlə, cavabdehin apellyasiya şikayətinin dəlilləri iddianın təmin olunması ilə bağlı hissədə qətnamənin ləğvinə əsas yaratmır və kollegiya, həmin şikayətin baxılan mübahisənin mahiyyəti ilə əlaqədar olmayan dəlillərinə qiymət verməyə zərurət görmür.
49. Bununla belə kollegiya, iddiaçının nümayəndəsinin (vəkilinin) apellyasiya şikayətinin dəlillərini əsaslı sayır və hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini “fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə və fərdi yaşayış evinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssislərinin içəri daxil olmalarına cavabdeh və digərləri tərəfindən törədilən maneçiliyə qadağa qoyulması” tələbini təmin etməməkdə haqlı olmamışdır.
50. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Xidmətinin Əsasnaməsi”nin 3.0, 3.0.23-cü bəndinə əsasən, daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifəsidir.
51. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Polis Bölməsinin iddiaçının nümayəndəsinə ünvanladığı məktublardan, mübahisəsi gedən evə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssislərinə maneələr yaradıldığı aydın olur – hansı ki, belə maneənin yaradıldığını işin hallarına və cavabdehin iddia tələbinə etirazlarında irəli sürdüyü arqumentlərə əsasən də ehtimal etmək mümkündür. Bu cür maneənin hazırda həmin evdə yaşamayan iddiaçının özü tərəfindən yaradıldığı ağlabatan olmadığına görə, onun məhz cavabdeh tərəfindən yaradıldığı qəbul edilməlidir.
52. Bu zaman həm də nəzərə alınmalıdır ki, əgər müvafiq baxışın keçirilməsinə cavabdeh tərəfindən maneələr yaradılmırsa, bununla əlaqdar çıxarılan qətnamə cavabdehin hər hansı mənafeyinə toxunmayacaqdır.
53. Göstərilənlərə əsasən kollegiyanın qənaəti ondan ibarətdir ki, qətnamə iddia tələbinin təmin olunmaması ilə bağlı hissədə ləğv edilməli, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə və fərdi yaşayış evinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssislərinin içəri daxil olmalarına cavabdeh və digərləri tərəfindən törədilən maneçilik qadağan olunmalıdır.
54. Kollegiya həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə xərclərinin bölüşdürülməsi zamanı da səhvə yol vermişdir.
55. Belə ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir və belə olan halda ödədiyi dövlət rüsumunun iddiası qismən təmin olunmuş iddiaçının özünə aid olunması qanunun mənasına uyğun deyildir.
56. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimlədiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
57. Buna görə də kollegiya hesab edir ki, qətnamə “ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi” hissəsində də ləğv olunmalı, iddia ərizəsi verilərkən iddiaçının ödədiyi dövlət rüsumunun əvəzi qismində 50 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
58. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri isə tərəflərin özlərinə aid edilməlidir.
59. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı nümayəndəsinin (vəkilinin) apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-396/2023 saylı iş üzrə 10 iyul 2023-cü il tarixli qətnaməsi “ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə və fərdi yaşayış evinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssislərinin içəri daxil olmalarına cavabdeh və digərləri tərəfindən törədilən maneçiliyə qadağa qoyulması” tələbinin təmin edilməməsi, həmçinin “ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi” hissələrində ləğv olunsun və həmin hissələrdə yeni qətnamə çıxarılsın. İddiaçı “ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə və fərdi yaşayış evinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssislərinin içəri daxil olmalarına cavabdeh və digərləri tərəfindən törədilən maneçiliyə qadağa qoyulması” tələbi təmin edilsin. ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə və fərdi yaşayış evinə texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssislərinin içəri daxil olmalarına Cavabdeh və digərləri tərəfindən maneçilik yaradılması qadağan olunsun. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 50 (əlli) manat Cavabdeh alınaraq İddiaçı ödənilsin. Cavabdeh nümayəndəsinin (vəkilinin) apellyasiya şikayəti təmin olunmasın və qətnamə onun mübahisələndirdiyi hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının məbləğləri tərəflərin özlərinə aid olunsun. Qətnamədən Cavabdeh tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə