Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6178/2021 18.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Qəhrəmanova Səadət Nizami qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən e t d i: İddiaçı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək ona məxsus Sumqayıt şəhəri, Novxanı Bağlar massivində yerləşən sahəsi 0,12 kv.m olan B4840 saylı və sahəsi 0,0529 kv.m olan B-4840B saylı torpaq sahələrinin sərhədlərinin cavabdehə məxsus 0.12 ha sahəli 4840 saylı bağ sahəsindən ekspert rəyinə əlavə edilmiş mütəxəssis sxemində əks edilmiş qaydada bölünərək ayrılması və həmi torpaq sahələrinə giriş-çıxış yolunun (piyada və nəqliyyatla) cavabdehin istifadəsində olan 4840 saylı bağ sahəsindən və həmin sahəyə olan darvazadan istifadə edilməklə müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, qanuni qüvvəsini almış məhkəmə qərarları ilə Cavabdeh1 305.020 manat məbləğində vəsaitin alınaraq iddiaçıya qaytarılması qət edilmiş və həmin mübahisəyə birinci instansiya məhkəməsində baxılarkən iddianın təmin tədbiri qismində Nəsimi rayon Məhkəməsinin 18 noyabr 2013-cü il tarixli qərardadı ilə cavabdehə məxsus Sumqayıt şəhəri, Novxanı Bağları massivində yerləşən B-4840B, B- 4840 saylı torpaq sahələrinin üzərinə həbs qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 28 avqust 2015-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi icra edilməsi üçün icraya daxil edildiyi gündən 1 il keçməsi və borclunun iddiaçıya ödəməli olduğu vəsaiti qaytarmaması və icra sənədinin icrasından qəsdən boyun qaçırması səbəbi ilə Nəsimi rayon Məhkəməsinin 11 iyul 2016-cı il tarixli qərardadı ilə Nəsimi rayon İcra Şöbəsinin icra məmuru R.Muradovun Bakı Apellyasiya Məhkəməsinin 28 avqust 2015-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı Bağları massivində yerləşən B-4840B, B-4840 saylı torpaq sahələrinin üzərindən həbsin götürülməsinə dair təqdimatı təmin edilmiş, həmin bağ sahələrinin adına rəsmiləşdirilməsi üçün qoyulmuş həbsin götürülməsi qərara alınmışdır. İstinad edilmiş birinci instansiya məhkəməsinin qərardadından borclu Cavabdeh1 verdiyi apellyasiya və kassasiya şikayətləri apellyasiya və kassasiya instansiya məhkəmələrinin müvafiq qərarları ilə təmin edilməmiş, nəticədə də icra orqanı tərəfindən cavabdehin borcunun 1/3 hissəsinin əvəzinə iddiaçıya məxsus Sumqayıt şəhəri, Novaxnı Bağları massivində yerləşən B-4840B, B4840 saylı torpaq sahələri təklif edilmiş və iddiaçının razılığı və məhkəmə qərarı əsasında həmin bağ sahələri adına rəsmiləşdirilməsi nəticəsində iddiaçıya DƏDRX-nin 17 fevral 2017-ci il tarixli reyestrlərindən çıxarılşlar verilmişdir. Növbəti dəfə cavabdeh Sumqayıt İnzibati İqtisadi Məhkəməsində iddiaçıya verilmiş çıxarışları mübahisələndirmiş və məhkəmənin 02 iyun 2017-ci il tarixli qərardadı ilə gələcəkdə iddianın təmin tədbirinin təmin edilməsi məqsədi ilə Sumqayıt şəhəri, Novxanı Bağları massivində yerləşən B-4840B, B-4840 saylı torpaq sahələrinin özgəninkiləşdirilməsi iddiaçıya qadağa edilmişdir. Lakin həmin məhkəmənin 03 oktyabr 2017-ci il tarixli qərardadı ilə iddiaçının məhkəmə iclaslarına iştirak etməməsi səbəbi ilə iddianın geri götürülmüş hesab edilməsi haqda qərar qəbul edilmişdir. Həmin qərar qanuni qüvvəsini aldıqdan sonra Sumqayıt İnzibati İqtisadi Məhkəməsinin 22 fevral 2018-ci il tarixli qərardadı ilə Sumqayıt İnzibati İqtisadi Məhkəməsinin 02 iyun 2017-ci il tarixli qərardadı ləğv edilərək Sumqayıt şəhəri, Novxanı Bağları massivində yerləşən B-4840B, B-4840 saylı torpaq sahələrinin özgəninkiləşdirilməsinə dair qoyulmuş qadağa götürülmüşdür. Cavabdeh iddiaçıya borclu qaldığı məbləğin 2/3 hissəsini bu günədək ödəməmiş qalır və bununla əlaqədar o, icra sənədinin icrasından qəsdən boyun qaçırması səbəbi ilə Nəsimi rayon Məhkəməsinin 02 avqust 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 15 faizi dövlət nəfinə tutularaq 02 il müddətinə islah işlərinə məhkum edilmişdir. Bütün bunlara baxmayaraq cavabdeh bu günədək iddiaçıya borclu qaldığı məbləği ödəmir və qanuni əsaslarla mülkiyyətinə verilmiş Sumqayıt şəhəri, Novaxnı Bağları massivində yerləşən B- 4840B, B-4840 saylı torpaq sahələrini qanunsuz sahibliyində və istifadəsində saxlamaqla ona təhvil verməkdən imtina edir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim N.Tağıyeva, iş № 2(006)-98/20) iddia təmin edilmişdir. Cavabdeh2 sözügedən qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Nəsimi Rayon Məhkəməsi iddia ərizəsini icraata qəbul edərkən məhkəmə aidiyyəti prinsipini kobud şəkildə pozmuşdur. Belə ki, onun mülkiyyətində olan bağ sahəsi Sumqayıt şəhəri, Novxanı bağlar massivində yerləşdiyi və iddia tələbi həmin torpaq sahəsinə olan mülkiyyət hüququnun məhdudlaşdırılması və son nəticədə pozulmasına yönəldiyi üçün işə yalnız Sumqayıt şəhər Məhkəməsində baxıla bilərdi. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək və işin müstəsna aidiyyət qaydalarına uyğun olaraq baxılması üçün Sumqayıt şəhər məhlkəməsinə göndərilməsi barədə cavabdehin vəsatətini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, mülki iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. İddiaçının tələbi ona məxsus Sumqayıt şəhəri, Novxanı Bağlar massivində yerləşən sahəsi 0,12 kv.m olan B4840 saylı və sahəsi 0,0529 kv.m olan B-4840B saylı torpaq sahələrinin sərhədlərinin cavabdehə məxsus 0.12 ha sahəli 4840 saylı bağ sahəsindən ekspert rəyinə əlavə edilmiş mütəxəssis sxemində əks edilmiş qaydada bölünərək ayrılması və həmin torpaq sahələrinə giriş-çıxış yolunun (piyada və nəqliyyatla) cavabdehin istifadəsində olan 4840 saylı bağ sahəsindən və həmin sahəyə olan darvazadan istifadə edilməklə müəyyən edilməsi barədədir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, mübahisələndirilən ərazi Sumqayıt şəhərində yerləşməklə Bakı şəhəri Nəsimi rayonunun deyil, Sumqayıt şəhərinin inzibati ərazisinə daxildir. Belə ki, iş materiallarında olan ******* saylı və ******* saylı, RX seriyalı çıxarışlardan, ekspert rəyi və digər bütün sənədlərdən də mübahisəli bağ sahəsinin Sumqayıt şəhərinin inzibati sərhədləri daxilində yerləşdiyi müəyyən olunur. Azərbaycan Respublikası MPM-nin 45.2-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Məhkəmə kollegiyası qeyd edir ki, ərazi aidiyyətinə (müstəsna aidiyyət) əməl olunması ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prossesual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə o, qanunla dəqiq müəyyən edilməlidir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarada, son nəticədə isə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər. Hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Məhkəmənin qanunla müəyyən edilməsi isə baxılan iş üzrə onun aidiyyətinin qabaqcadan aydın şəkildə şərtləndirilməsini və ikili anlam daşımamasını tələb edir. Aidiyyət qaydalarına dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır. Məhkəmə prosesi ərazidən asılı olaraq müvafiq prinsiplər və prossesual qaydalara müvafiq aparılır. Bu prinsip və prossesual normalara riayət edilməsi mübahisənin müəyyən olunmuş qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq ərazi aidiyyəti qaydasında baxılması konstitusion baxımdan əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsində isə təsbit edilmişdir ki, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, hazırkı iddiaya Sumqayıt şəhər məhkəməsində baxılmalıdır. Birinci instansiya məhkəməsi tərəfindən kifayət qədər araşdırılma aparılmadığından, məhkəmə icraatı aidiyyət qaydalarının pozulması ilə aparılmış və qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-in 385.1.1-ci maddəsinin tələbinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, mülki iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 384.0.4, 391, 400, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 24 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. Mülki iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-6178/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6178/2021
18.08.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver