Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-618/2023 05.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və X1 ibarət tərkibdə, Hüseynli Gültəkin Xalıq qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-4440/2022 saylı qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Tərəflər arasında 10 mart 2020-ci il tarixdə Əmək Müqaviləsi bağlanmış və cavabdeh, iddiaçı şirkətə satış təmsilçisi vəzifəsinə işə qəbul edilmişdir.
2. Daha sonra tərəflərin əmək münasibətləri davam etdiyi dövrdə cavabdeh Şirkətə məxsus məhsulların satışından əldə etdiyi pul vəsaitlərini tam şəkildə iddiaçı Şirkətə təhvil verməmiş, bu barədə yoxlama aparılmış və qarşılıqlı üzləşmə aktına əsasən cavabdehin Şirkətə 105.981,64 manat məbləğində borcunun olduğu müəyyən edilmişdir.
3. İddiaçı cavabdehdən 105.981 manat məbləğində vurulmuş ziyanı tələb etmiş, cavabdeh isə ərizə təqdim etməklə iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsini xahiş etmişdir.
4. Hazırda mübahisələndirilən qətnamə ilə iddia müddəti tətbiq edilməklə iddia rədd edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 105.981 (bir yüz beş min doqquz yüz səksən bir) manat və ödənilmiş 400 manat dövlət rüsumunun alınaraq, iddiaçının xeyrinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə iddiaçı ‘‘Zəhmət Ruzi “ MMC arasında xx.xx.2020-ci il tarixdə Əmək Müqaviləsi bağlanmış və Cavabdeh xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi Cəmiyyətdə satış təmsilçisi vəzifəsində işləmişdir. Daha sonra cavabdeh ilə Əmək Müqaviləsinə ƏM-nin 68.2-ci maddəsinin “a“ bəndinə əsasən xitam verilmişdir. Cavabdeh Cəmiyyətdə satış təmsilçisi kimi işləyən zaman onun cəmiyyətdən aldığı malların qalıq borcları ödənilməmiş qalmışdır. Belə ki, qeyd olunan dövrdə Cavabdeh satışdan müxtəlif tarixlərdə müəyyən məbləğdə pulu Cəmiyyətin kassasına təhvil vermiş və ya malı anbara qaytarmışdır, geri qalan məbləğin müəyyən edilməsi üçün xx.xx.2021-ci il tarixdə yoxlama aparılmış və 105.981 manat məbləğində borcun qalıq qalması müəyyən edilmişdir. Dövriyyə vərəqəsindən görünür ki, borclunun bu günə yekun borcu 105.981 (bir yüz beş min doqquz yüz səksən bir) manat məbləğində pulu bu günə kimi ödəməmişdir. İddiaçı "xxxx" MMC-i tərəfindən dəfələrlə Cavabdeh şifahi və rəsmi pretenziya qaydasında xəbərdarlıq edilərək onun maddi məsuliyyətində olan borc qalığın ödənilməsi tələb olunmasına baxmayaraq, Cavabdeh bu günə kimi heç bir ödənişi həyata keçirməmişdir. Cavabdehə mediasiya bildirişi göndərilərək mübahisənin mediasiya qaydasında həll edilməsi üçün mediasiyanın keçirilməsi təklif edilmiş, lakin keçirilən mediasiya prosesində cavabdeh iştirak etmədiyinə görə mübahisənin ilkin mediasiyada həll edilməsi mümkün olmamışdır. Həmin vəsait vaxtında qaytarılmış olsa idi, Cəmiyyət dövriyyədən xeyli fayda əldə etmiş olardı. Cavabdehin öhdəliklərini vaxtında icra etməməsi nəticəsində Cəmiyyətə xeyli miqdarda ziyan dəymişdir.
7. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)- 4440/2022 saylı qətnaməsi ilə (hakim F.Hətəmzadə) iddia ərizəsi rədd edilmişdir.
8. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh tərəflər arasında bağlanmış maddi məsuliyyət haqqında müqavilənin şərtlərini, habelə vəzifə təlimatında göstərilən vəzifələrini kobud şəkildə pozaraq iddiaçı şirkətə maddi ziyan vurmuşdur, ona görə də hazırki iddia əsaslıdır, lakin göstərilənlərə baxmayaraq, iddiaçının cavabdehə qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddiası, iddia müddəti tətbiq edilməklə təmin edilməməlidir. İddia müddətinin ötürülməsi qənaətinə gələrkən məhkəmə ona istinad etmişdir ki, vurulmuş ziyan iddiaçı tərəfindən 31 mart 2021-ci il tarixdə keçirilmiş yoxlama nəticəsində aşkar edilmiş, lakin hazırki iddia əmək qanunvericiliyində nəzərdə tutulmuş 1 il müddət keçdikdən sonra – 22 iyun 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Eyni zamanda iddiaçı tərəfin mübahisənin mediasiya prosesində həlli üçün müraciəti də məhz iddia müddəti keçdikdən sonra – 20 aprel 2022-ci il tarixdə olmuşdur.
9. Məhkəmə öz mövqeyini AR Əmək Məcəlləsinin 10, 194, 199, 200, 202, 296-cı maddələrinə, AR Mülki Məcəlləsinin 372, 375-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-4440/2022 saylı qətnaməsinin ləğv edilməsini, İddiaçı Cavabdeh qarşı cavabdehdən 105,981 manat və ödənilmiş 400 manat dövlət rüsumu alınaraq "xxxx" MMC-nin xeyrinə verilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin iddia müddətini tətbiq etməsi əsassızdır, çünki cavabdeh sözügedan aktı imzaladıqdan sonra da şirkətdə işləməyə və dövriyyəsini davam etdirməyə başlamış, dəymiş ziyanı şirkətdə işlədiyi dövrdə ona qalan məvacibdən ödəyəcəyini bildirmişdir. Cavabdeh şirkətdə işlədiyinə görə, tərəflər arasında bu barədə şifahi razılıq əldə edilmişdir. Bundan sonra cavabdeh sonuncu dəfə şirkətə xx.xx.2021-ci il tarixdə nəğd ödəniş etmişdir. Bununla da, iddiaçı məhkəmənin iddianın rədd edilməsi üçün əsas hesab etdiyi iddia müddətini ötürməmişdir. Məhkəmə qətnamədə qeyd etmişdir ki, guya cavabdeh məhkəmə iclasında iddia müddətinin tətbiq edilməsi barədə öncədən təqdim edilmiş ərizəni müdafiə edərək iddianın rədd edilməsini və ərizədə texniki səhv olaraq xx.xx.2022-ci il əvəzinə xx.xx.2022-ci il qeyd edildiyini bildirmişdir. Lakin məhkəmə prosessual pozuntuya yol vermişdir, belə ki, cavabdehin ərizəsi məhkəmə tərəfindən elan edildikdən sonra və ya ondan əvvəl cavabdeh ümumiyyətlə izahat verməmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. İşə baxılmasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi ərizə ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir, işə AR MPM-in 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Apellyasiya baxışının hədləri
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
15. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
17. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin ləğv edilərək, iddianın təmin edilməsinə yönəldiyindən apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Əmək Məcəlləsinin:
18. 10-cu maddəsinin “ç” bəndinə əsaəsən işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq işçinin əsas vəzifələrindən biridir;
19. 194-cü maddəsinin birinci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar;
20. 199-cu maddəsinin “a” bəndinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır;
21. 200-cü maddəsinin birinci bəndinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər;
22. 202-ci maddəsinin birinci bəndinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir.
23. 296-cı maddəsinin 5-ci hissəsinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.
24. 296-cı maddəsinin 7-ci hissəsinə əsasən mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.
Mediasiya Haqqında Azərbaycan Respublikasının Qanununun:
25. 32.4.2-ci maddəsinə əsasən bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən mediasiya prosesinə xitam verilir.
26. 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.
27. 35.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
28. 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir;
29. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli Qərarı:
30. ..məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir.
AR Mülki Prosessual Məcəlləsi
31. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi :
34. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
35. Kollegiya ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən iddiaçı MMC-yə 105.981,64 manat məbləğində maddi ziyanın vurulmasını müəyyən etmiş, qeyd edilən hal nə iddiaçı, nə də cavabdeh tərəfindən mübahisələndirilməmişdir.
36. Ona görə də kollegiya həmin halı müəyyən edilmiş hesab etməklə, apellyasiya şikayətinin dəlilləri əsasında qətnamənin yalnız iddia müddətinin ötürülməsi ilə bağlı hissəsini yoxlayır.
37. Belə ki, işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, tərəflər arasında 10 mart 2020-ci il tarixdə Əmək Müqaviləsi bağlanmış və cavabdeh, iddiaçı şirkətə satış təmsilçisi vəzifəsinə işə qəbul edilmişdir. Daha sonra tərəflərin əmək münasibətləri davam etdiyi dövrdə cavabdeh Şirkətə məxsus məhsulların satışından əldə etdiyi pul vəsaitlərini tam şəkildə iddiaçı Şirkətə təhvil verməmiş, bu barədə yoxlama aparılmış və qarşılıqlı üzləşmə aktına əsasən cavabdehin Şirkətə 105.981,64 manat məbləğində borcunun olduğu müəyyən edilmişdir. İddiaçı cavabdehdən 105.981 manat məbləğində vurulmuş ziyanı tələb etmiş, cavabdeh isə ərizə təqdim etməklə iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsini xahiş etmişdir. Hazırda mübahisələndirilən qətnamə ilə iddia müddəti tətbiq edilməklə iddia rədd edilmişdir.
38. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir.
39. Belə ki, iş materiallarından göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya vurulmuş maddi ziyan 31 mart 2021-ci il tarixdə keçirilmiş yoxlama nəticəsində aşkar edilmiş, elə həmin tarixdə bu barədə akt tərtib edilmiş, hər iki tərəf həmin aktı imzaları ilə təsdiq etmişlər. Bu səbəbdən maddi ziyanın vurulmasının müəyyən edildiyi tarix kimi həmin aktın tərtib edildiyi 31 mart 2021-ci il qəbul edilməlidir. Belə olduğu təqdirdə isə iddia müddətinin son müddəti 31 mart 2022-ci ildə başa çatır.
40. İddiaçı ilk dəfə 28 fevral 2022-ci ildə pretenziya məktubu göndərməklə cavabdehdən qeyd edilən məbləğin qaytarılmasını tələb etmişdir.
41. Lakin həmin məktuba cavabdeh tərəfindən münasibət bildirilməmiş, bundan sonra iddiaçı 20 aprel 2022-ci ildə məsələnin məhkəmədənkənar alternativ həlli üçün mediasiya qurumuna müraciət etmişdir.
42. Bakı 6 saylı Mediasiya təşkilatı tərəfindən xx.xx.2022-ci il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış tərtib edilmişdir.
43. Bundan sonra iddiaçı 22 iyun 2022-ci il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
44. Göründüyü kimi, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 1 illik iddia müddətini 2 ay 15 gün ötürməklə müraciət etmişdir.
45. Cavabdeh iddia müddəti tətbiq edilməklə, iddianın rədd edilməsi barədə məhkəməyə ərizə verdiyindən, birinci instansiya məhkəməsinin həmin əsasla iddianı təmin etməməsi düzgün olmuşdur.
46. Kollegiya iddia müddətinin ötürülmədiyi ilə bağlı apellyasiya şikayətinin dəlillərini müzakirə edərək onları əsassız hesab edir.
47. Belə ki, iddiaçı cavabdehlə vurulmuş ziyanın onun tərəfindən hissə-hissə ödəniləcəyi barədə razılaşdığını, bu ödənişlərin onun əmək haqqından tutulduğunu, cavabdeh tərəfindən bununla bağlı sonuncu ödənişin isə 2022-ci ilin avqust ayında edildiyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut (əmək haqqından tutmanın aparılmasına dair mühasibatlıq sənədləri, borcun ödənilməsi ilə bağlı cavabdehlə razılaşmaya dair sənəd və s.) təqdim etməmişdir.
48. Bundan başqa, cavabdehdən aktda göstərilən 105.981 manatın tam olaraq tələb edilməsi, cavabdehə göndərilən pretenziya məktubunda borcun 105.981 manat göstərilməsi, habelə birinci instansiya məhkəməsində iştirak edən iddiaçının nümayəndəsinin cavabdeh tərəfindən heç bir ödənişin aparılmadığını bildirməsi onu deməyə əsas verir ki, cavabdeh tərəfindən qeyd edilən borc məbləğinin etirafına dair hər hansı hərəkətlər edilməmişdir.
49. İddiaçı tərəfindən iddia müddətinin ötürülməsinin üzrlü hesab edilməsinə dair hər hansı digər dəlil göstərilməmişdir.
50. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq onları əsaslı hesab etmir və qeyd edir ki, onlar formal mülahizələrə əsaslanmaqla, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir.
51. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi :
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-4440/2022 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.