Məhkəmə qərarları › İş №2(103)-618/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-618/2024

09.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-618/2024 09.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı mülki iş üzrə (Açar sözlər: hərracın nəticələrinin etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X10 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (Binəqədi rayon icra şöbəsi və "xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cəlb edilməklə) “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4187/2023 saylı, 4 oktyabr 2023cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi İşin halları

1. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4753/2014 saylı 07 noyabr 2014-cü il tarixli icra vərəqəsinin sürətindən görünür ki, X4 məxsus Bakı şəhəri, Binəqədi rayonu, X12 prospekti, ev 64 mənzil 14-də yerləşən və istifadədə olan 5 mərtəbəli binanın 2-ci mərtəbəsində 4 otaqlı tam mülkiyyətində yaşayış mənzili ilkin satış qiyməti 110.000 manat müəyyən edilməklə açıq hərracda satılmalı və satışdan əldə olunan vəsait hesabına ümumi borc ödənilməlidir.

2. Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin "xxxx" MMC-nə və X5 ünvanladığı 27 dekabr 2022-ci il tarixli “Hərracın keçirilməsi haqqında” sifarişdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4753/2014 saylı 07 noyabr 2014cü il tarixli icra vərəqəsinə əsasən X4 məxsus Bakı şəhəri Binəqədi rayonu X12 prospekti ev 64 mənzil 14-də yerləşən və istifadədə olan 5 mərtəbəli binanın 2-ci mərtəbəsində 4 otaqlı tam mülkiyyətində yaşayış mənzilinin ilkin satış qiyməti 110.000 manat müəyyən edilmişdir. Mənzilin açıq hərracda satışını təşkil edib, satışdan əldə olunan məbləğin Binəqədi Rayon İcra Şöbəsinin depozit hesabına köçürülməsi xahiş olunmuşdur.

3. "xxxx" MMC-nin 28 dekabr 2022-ci il tarixli 488/22 saylı hərrac bildirişində qeyd edilir ki, Binəqədi Rayon İcra Şöbəsinin xx/xx-76861- 20 saylı, xx.xx.2022-ci il tarixli sifariş məktubuna əsasən, borclu X4 məxsus olan Bakı şəhəri Binəqədi rayonu X12 prospekti 64 saylı evin 14 nömrəli mənzilinin ilkin satış qiyməti 110000 manat təşkil edir. Hərrac 26 yanvar 2023-cü il tarixdə, saat 11:00-a təyin edilmişdir.

4. “Market” reklam və elanlar qəzetinin 30 dekabr 2022- 05 yanvar 2023-cü il tarixli sayından görünür ki, Bakı şəhəri Binəqədi rayonu X12 prospekti 64 saylı evin 14 nömrəli mənzilinin ilkin satış qiyməti 110000 manat müəyyən edildiyini və açıq hərracın 26 yanvar 2023-cü il tarixdə 11:00-da keçirilməsi barədə məlumat dərc olunmuşdur.

5. "xxxx" MMC-nin 26 yanvar 2023-cü il tarixli 488/22 saylı hərrac bildirişində qeyd edilir ki, Binəqədi Rayon İcra Şöbəsinin xx/xx-76861- 20 saylı, xx.xx.2022-ci il tarixli sifariş məktubuna əsasən, borclu X4 məxsus olan Bakı şəhəri Binəqədi rayonu X12 prospekti 64 saylı evin 14 nömrəli mənzilinin ilkin satış qiyməti 93500 manat təşkil edir. Hərrac 15 fevral 2023- cü il tarixdə, saat 11:00-a təyin edilmişdir.

6. “Market” reklam və elanlar qəzetinin 27 yanvar-02 fevral 2023-cü il tarixli sayından görünür ki, Bakı şəhəri Binəqədi rayonu X12 prospekti 64 saylı evin 14 nömrəli mənzilinin ilkin satış qiyməti 93500 manat müəyyən edildiyini və təkrar hərracın 15 fevral 2023-cü il tarixdə 11:00-da keçirilməsi barədə məlumat dərc olunmuşdur.

7. “Market” reklam və elanlar qəzetinin 17 fevral-23 fevral 2023-cü il tarixli sayından görünür ki, Bakı şəhəri Binəqədi rayonu X12 prospekti 64 saylı evin 14 nömrəli mənzilinin satışına dair 15 fevral 2023-cü il tarixdə 11:00-da keçirilən təkrar hərrac baş tutmamışdır.

8. 070901 qaimə nömrəli 03 yanvar 2023-cü il tarixli və 072605 qaimə nömrəli 30 yanvar 2023-cü il tarixli xəbərnamələrin surətlərindən görünür ki, Bakı şəhəri Binəqədi rayonu X12 prospekti 64 saylı evin 14 nömrəli mənzilinə göndərilmiş hərrac bildirişləri təyinatı üzrə çatdırılmışdır.

9. 3 mart 2023-cü il tarixli, 488/22 nömrəli "xxxx" MMC tərəfindən ipoteka predmetnin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokolunun surətindən müəyyən olur ki, keçirilmiş hərracda Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 4753/2014 saylı 07 noyabr 2014-cü il tarixli icra sənədinə əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu X12 prospekti 64 saylı evin 14 nömrəli mənzilinin ipoteka saxlayan ləğv prosesində olan "xxxx" ASC tərəfindən 70.125 manata əldə edilmişdir.

10. 03 mart 2023-cü il tarixli "xxxx" MMC ilə ləğv prosesində olan "xxxx" ASC-nin nümayəndəsi X9 arasında bağlanılmış ipoteka predmetnin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair müqavilənin surətindən görünür ki, Bakı şəhəri Binəqədi rayonu X12 prospekti 64 saylı evin 14 nömrəli mənzili 70.125 manat dəyərində olmaqla "xxxx" ASC tərəfindən alınmışdır.

11. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsinin kommersiya qurumlarının dövlət reyestri məlumatlarından görünür ki, "xxxx" MMC 12 fevral 2016-cı il tarixdən dövlət qeydiyyatına alınmışdır.

Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, X12 prospekti, ev 64, mənzil 14 ünvanında yerləşən, istifadədə olan 5 mərtəbəli binanın 4 otaqlı, 83,95 kv.m ümumi, 59,85 kv.m yaşayış, 24,1 kv.m yardımçı sahədən ibarət mənzillə bağlı "xxxx" MMC tərəfindən keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. İddia onunla əsaslandırılmışdır ki, Binəqədi rayon Məhkəməsinin 2(001)-895/2014 saylı, 14 may 2014-cü il tarixli qətnaməsi ilə cavabdeh “X14” ATSC-dən "xxxx" ASC-nin xeyrinə cəmi 1.315.409,64 manatın tutulması, tələb üzrə tutmanın fiziki şəxs X6 mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində istifadədə olan 0,10 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 189,6 kv.m. ümumi, 69,8 yaşayış, 119,8 kv.m. köməkçi sahədən ibarət bina evinə, X2 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, məhəllədə istifadədə olan 0,00793 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 53,9 yaşayış, 66 kv.m. köməkçi sahədən ibarət 72 nömrəli fərdi yaşayış evinə, onun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, X12 prospekti, ev 64, mənzil 14 ünvanında yerləşən, istifadədə olan 5 mərtəbəli binanın, mərtəbəsində 4 otaqlı, 83,95 kv.m. ümumi, 59,85 kv.m. yaşayış, 24.1 kv.m. yardımçı sahədən ibarət mənzilə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına ümumi borc məbləği "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4753/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə “Göyçay-Konyak Zavodu” ATSC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmaması, iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilərək X6 mülkiyyətində olan Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində istifadədə olan 0,10 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 189,6 kv.m. ümumi, 69,8 yaşayış, 119,8 kv.m. köməkçi sahədən ibarət bina evinin satış qiyməti 189.000 manat, X2 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, məhəllədə istifadədə olan 0,00793 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 53,9 yaşayış, 66 kv.m. köməkçi sahədən ibarət 72 nömrəli fərdi yaşayış evinin satış qiyməti 80.000 manat, onun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, X12 prospekti, ev 64, mənzil 14 ünvanında yerləşən, istifadədə olan 5 mərtəbəli binanın, mərtəbəsində 4 otaqlı, 83,95 kv.m. ümumi, 59,85 kv.m. yaşayış, 24.1 kv.m. yardımçı sahədən ibarət mənzilin satış qiyməti 110.000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-1280/15 saylı, xx.xx.2015-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4753/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi qüvvədə saxlanılmışdır. Qeyd edilən qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilmişdir. Bununla bağlı, "xxxx" MMC-dən 16 sentyabr 2022-ci il tarixli bildiriş təqdim edilmişdir. Həmin bildirişdən aydın olmuşdur ki, onun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, X12 prospekti, ev 64, mənzil 14 ünvanında yerləşən, istifadədə olan 5 mərtəbəli binanın 4 otaqlı, 83,95 kv.m ümumi, 59,85 kv.m yaşayış, 24,1 kv.m yardımçı sahədən ibarət mənzil hərraca çıxarılmış və sözügedən hərrac 11 oktyabr 2022-ci il tarixə, saat 11:00-a təyin edilmişdir. Tərəfindən Nəsimi rayon Məhkəməsinə müvəqqəti təminat tədbiri barədə ərizə ilə müraciət edilərək, onun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, X12 prospekti, ev 64, mənzil 14 ünvanında yerləşən, istifadədə olan 5 mərtəbəli binanın 4 otaqlı, 83,95 kv.m ümumi, 59,85 kv.m yaşayış, 24,1 kv.m yardımçı sahədən ibarət mənzilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Nəsimi rayon Məhkəməsinin e-16(006)-83/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizəçi İddiaçı müvəqqəti təminat tədbirinə dair ərizəsi qismən təmin edilmiş, mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, X12 prospekti, ev 64, mənzil 14 ünvanında yerləşən, istifadədə olan 5 mərtəbəli binanın 4 otaqlı, 83,95 kv.m ümumi, 59,85 kv.m yaşayış, 24,1 kv.m yardımçı sahədən ibarət mənzilin özgəninkiləşdirilməsi qadağan edilməsi qərara alınmışdır. Həmin qərarı hərrac təşkilatına göndərmişlər. Lakin bir müddət sonra ona ünvanlanan "xxxx" ASC-nin 14 iyul 2023-cü il tarixli məktubu ilə bank Bakı şəhəri, Binəqədi rayonu, X12 prospekti, ev 64, mənzil 14 ünvanında yerləşən, istifadədə olan 5 mərtəbəli binanın 4 otaqlı, 83,95 kv.m ümumi, 59,85 kv.m yaşayış, 24,1 kv.m yardımçı sahədən ibarət mənzilin boşaldılıb təhvil verilməsi xahiş edilmişdir. Qeyd edilən hərracın nə vaxt həyata keçirildiyini, əmlakın nə vaxt hərracda satıldığını öyrənmək istəyəndə "xxxx" MMC-dən bildirmişlər ki, hərrac onlar tərəfindən həyata keçirilməmişdir. İcra ilə əlaqə saxladıqda məlum olmuşdur ki, "xxxx" MMC tərəfindən həyata keçirilmişdir. Hərracın keçirilməsi barədə ümumiyyətlə məlumatlı olmamış, hərrac təşkilatı tərəfindən məlumatlandırılmamışdır. Hesab edir ki, bununla bağlı onun hüquqları pozulmuş və pozulan hüquqları bərpa edilməlidir. Bundan başqa məlumat üçün bildirir ki, qanun hərracın bu sahədə 5 il daimi fəaliyyət göstərən şirkətlərin həyata keçirməsini xüsusilə şərtləndirmişdir. "xxxx" MMC 5 il daimi fəaliyyət göstərən hərrac təşkilatı deyildir. Nəzərə çatdırır ki, sözügedən şirkət xx.xx.2016-cı il tarixində dövlət qeydiyyatına alınmışdır. Buna görə də onun tərəfindən həyata keçirilən hərrac etibarsız hesab edilməlidir. Həmin təşkilat dövlət qeydiyyatına alındığı tarixdən deyil, yalnız son 2 ildir hərrac fəaliyyəti ilə məşğuldur. Azərbaycan Respublikasında fəaliyyət göstərən hərrac təşkilatları sırf Ədliyyə Nazirliyi və onun müvafiq qurumları ilə (icra və probasiya şöbələri ilə) müqavilə bağlamış, onların sifarişi əsasında hərracların keçirilməsi ilə məşğul olan təşkilatlardır. Ədliyyə Nazirliyinin icra qurumları ilə müqavilə əsasında hərrac təşkil edənlərdən başqa şirkətlər barədə məlumat aşkar edə bilməmişlər. Dövlət hərracları istisna olmaqla, qanunvericilik belə bir hərrac təşkilatının fəaliyyət göstərməsinə icazə vermir. Daimi fəaliyyət göstərən dedikdə qanun hərrac sahəsində 5 il daimi fəaliyyət göstərmək şərtini qoyur. Digər sahələrdə (hərracdan kənar) vaxtilə fəaliyyət göstərmiş, sonradan nizamnaməsinə dəyişikliklər edilərək hərrac keçirilməsi səlahiyyətləri qoyulmuş hərrac təşkilatları həmin şirkətin əvvəlki dövr üzrə fəaliyyətini 5 illik fəaliyyətə daxil edə bilməz. Hal-hazırda hərrac təşkilatlarını araşdırmış və öyrənmişlər ki, 2016, 2017, 2018, 2019-cu, hətta 2020-ci ildə belə bu şirkət hərrac təşkilatı kimi fəaliyyət göstərməmişdir. Buna görə "xxxx" MMC tərəfindən keçirilmiş hərrac etibarsız hesab edilməlidir.

14. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4187/2023 nömrəli, 04 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.

15. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hərracın keçirilməsi qaydalarına riayət olunmuş, iddiaçının ünvanına rəsmi qaydada məlumat göndərilmişdir. Hərracların keçirilməsi barədə “Market” reklam və elanlar qəzetinin müxtəlif buraxılışlarında rəsmi məlumat dərc olunmuşdur. İddiaçı "xxxx" MMC tərəfindən hərracın keçirilməsinin qanunsuz olduğunu bildirsə də məhkəmə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına əsaslanaraq hesab edir ki, "xxxx" MMC xx.xx.2016-cı il tarixdən fəaliyyət göstərir və bugünə qədər fəaliyyətinin dayandırılması barədə hər hansı rəsmi məlumat olmadığından iddiaçının bu əsası qəbuledilməzdir. Məhkəmə qeyd edir ki, hərracların keçirilməsində qanunvericiliyin tələblərinə riayət edilmiş və hər hansı qanun pozuntusuna yol verilməmişdir.

16. Məhkəmə öz mövqeyini “İpoteka haqqında” və “İcra haqqında” Qanunlara istinadla əsaslandırmışdır. Apelyasiya şikayətinin dəlilləri və şikayətə etirazın dəlilləri

17. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

18. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunvericilik tərəfindən ipoteka ilə yüklü edilmiş əmlakın həm qiymətləndirilməsini, həm də hərracda satılmasının müvafiq sahədə 5 il daimi fəaliyyət göstərən şirkətlərin həyata keçirilməsi şərtləndirilmişdir. Lakin "xxxx" MMC 5 il daimi fəaliyyət göstərən hərrac təşkilatı deyildir. Sözügedən şirkət xx.xx.2016-cı il tarixində dövlət qeydiyyatına alınmışdır. Buna görə də onun tərəfindən həyata keçirilən hərrac etibarsız hesab edilməlidir. Həmin təşkilatın əvvəllər nə ilə məşğul olduğunu bilmirlər (mal alıqı-satqı, iaşə xidməti və s.). Əvvəlki fəaliyyət sahəsini bilmədiklərindən bu barədə fikir bildirə bilmirlər. Lakin hal-hazırda hərrac təşkilatlarını araşdırmışlar və öyrəndikləri məlumata əsasən 2016, 2017, 2018, 2019-cu, hətta 2020-ci ildə belə bu şirkət hərrac təşkilatı kimi fəaliyyət göstərməmişdir. Buna görə "xxxx" MMC tərəfindən keçirilmiş hərrac etibarsız hesab edilməlidir. Onun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, X12 prospekti, ev 64, mənzil 14 ünvanında yerləşən, istifadədə olan 5 mərtəbəli binanın 4 otaqlı 83,95 kv.m ümumi, 59,85 kv.m yaşayış, 24,1 kv.m yardımçı sahədən ibarət mənzillə bağlı "xxxx" MMC tərəfindən qanunsuz hərrac həyata keçirilmişdir. Tərəfindən Nəsimi Rayon Məhkəməsinə müvəqqəti təminat tədbiri barədə ərizə ilə müraciət edilərək, onun mülkiyyətində olan müvafiq mənzilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edlməsi xahiş edilmişdir və Nəsimi Rayon Məhkəməsinin e-16(006)-83/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizəsi qismən təmin edilmiş, mənzilin özgəninkiləşdirilməsi qadağan edilməsi qərara alınmışdır. Müvafiq qərardad hərrac təşkilatına göndərilməsinə baxmayaraq, onlar bu daşınmaz əmlaka dair hərrac keçirmişdir. Azərbaycan Respublikası Şəmkir Rayonu İcra Hakimiyyəti Başçısının Əliqabuylu kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Turan Qafarov tərəfindən Yasamal Rayon Məhkəməsinə təqdim edilmiş 12 sentyabr 2023-cü il tarixli, 258 nömrəli arayışdan da göründüyü kimi o, ünvan 3 ünvanında qeydiyyatda olmasına baxmayaraq, ünvan 4 ünvanında yaşayır. Onun baş tutan hərrac proseslərindən məlumatı olmamışdır. Nəsimi rayon Məhkəməsinin qərardadı ilə müvafiq mənzil barədə özgəninkiləşdirilməsi qadağan edilmişdir. Lakin gizli, qeyri-qanuni yollarla hərrac, "xxxx" MMC-yə ötürülmüşdür və onlar tərəfindən müvafiq mənzil barədə qanunsuz hərrac keçirilmişdir. Məhkəmə tərəfindən iş obyektiv və hərtərəfli araşdırılmamışdır. Belə ki, “hərracın nəticələrinin etibarsız hesab edilməsi” predmetli iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Binəqədi rayon icra şöbəsi cəlb edilmiş. Lakin icra məmuru nə prosesdə iştirak etmiş, nə də öz hüquq və vəzifələrini icra etmişdir. Məsələ ilə bağlı heç bir araşdırma aparmamışdır. İş materiallarında Binəqədi rayon icra şöbəsinə heç bir rəsmi qaydada sorğu göndərildiyini sübut edən rəsmi sənəd mövcud deyil. Qurum onun Bakı şəhərində deyil, Şəmkir rayonunda yaşadığından məlumatlıdır. Nəsimi rayon Məhkəməsinin qərardadı ilə hərrac keçirilməsi dayandırılmışdır. Bu cür məhkəmə aktı ola-ola, icra məmuru mövcud hərrac prosedurları ola-ola tamamilə ayrı bir hərrac şirkətinə gizli, qeyriqanuni yollarla "xxxx" MMC-yə hərrac keçrilməsi sifarişi vermişdir və onlar tərəfindən müvafiq mənzil barədə qanunsuz hərrac keçirilmişdir. Qanunsuz baş tutan bütün bu proseslərə məhkəmə tərəfindən heç bir münasibət göstərilməmişdir. Tərəfindən bu məsələnin obyektiv həllini tapması məqsədilə xətşünaslıq ekspertizasının təyin edilməsi barədə vəsatət də təqdim edilmişdir. Belə ki, şəxs uzunmüddət rayonda yaşadığı halda Bakı şəhərində qeydiyyat ünvanına göndərilən bildirişlər naməlum şəxs tərəfindən onun adından qəbul edilmişdir. Necə olur ki, şəxs faktiki rayonda yaşayır və Bakı şəhərində keçirilmiş hərraclarla bağlı bütün sənədləri necə imzalayıb?! Lakin tərəfindən arayış da təqdim edilməsinə baxmayaraq qeyd edilən vəsatət məhkəmə tərəfindən təmin edilməmişdir. Məsələ ilə bağlı heç bir araşdırma aparılmamışdır. Məhkəmə işi araşdırmamışdır ki, necə olur eyni əmlak barəsində bir hərrac təşkilatında hərrac prosesləri aparılarkən, tamam ayrı bir hərrac şirkəti tərəfindən heç bir məlumat verilmədən, gizli şəkildə hərrac keçirilir və şəxs əmlakından məhrum edilir.

19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

20.Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etmişdir ki, MTT olduğu halda hərracı başqa hərrac təşkilatı aparırdı. Bu işlə həmin hərrac təşkilatı məşğul olmasına baxmayaraq onlara da məlum olmayan səbəblərdən hərrac “Bakı Hərrac Mərkəzinə” həvalə edilmişdir və xəbərləri olmadan hərrac keçirilərək mənzil satılmışdır. Bu iş başqa bir hərrac təşkilatının icraatında ola-ola, orada icaat dayandırılmış olmasına baxmayaraq necə olur ki, iş başqa hərrac təşkilatına sifariş verilir və o hərrac təşkilatı bu işə yenidən başlayır. Buna görə də onlar icra şöbəsinin iş üzrə cəlb olunmasını, hərrac materialları ilə tanış olmaq istəyirdilər. Bununla bağlı müraciət etmələrinə baxmayaraq icra materialları ilə tanış ola bilmədilər. Birinci instansiya məhkəməsində onlara məhkəməyə sənəd də təqdim ediblər ki, iddiaçının ailə vəziyyəti dəyişmişdir və rayonda yaşayır, lakin kuryer qəbzlərindən görünür ki, guya qəbzi iddiaçı imzalamışdır. Buna görə də xətşünaslıq ekspertizası təyin olunmasını xahiş etmiş, lakin məhkəmə tərəfindən bu vəsatət də təmin olunmamışdır.

21. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh və üçüncü şəxslər məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəkləri barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Apellyasiya baxışının hədləri

22.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 23.Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. 24.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. 25.Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 27.337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 28.415.1-ci maddəsinə əsasən, auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə yalnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər. 29.415.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.

30. 415.3-cü maddəsinə əsasən, əgər bu Məcəllədə və ya hərracın keçirilməsi barədə bildirişdə ayrı qayda nəzərdə tutulmayıbsa, bildirişi göndərən açıq hərrac təşkilatçısı auksionu keçirməkdən istədiyi vaxt, lakin onun keçirilməsi gününə ən geci üç gün qalmış, müsabiqəni keçirməkdən isə onun keçirilməsinə ən geci otuz gün qalmış imtina edə bilər. Açıq hərracın təşkilatçısı onu keçirməkdən həmin müddətləri pozmaqla imtina etdikdə, iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. Qapalı auksionun və ya qapalı müsabiqənin təşkilatçısı hərracdan imtinanın bildiriş göndərildikdən sonra məhz hansı müddətdə edildiyindən asılı olmayaraq, dəvət etdiyi iştirakçılara dəyən real zərərin əvəzini ödəməlidir. 31.415.4-cü maddəsinə əsasən, hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir.

32. 415.5-ci maddəsinə əsasən, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir.

33. 416.1 və 416.2-ci maddələrinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.

“İpoteka haqqında” Qanunun

34.41.2-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. 35.41.3-cü maddəsinə əsasən, hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. 36.42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 37.43.3-cü, 43.4-cü, 43.5-ci, 43.6-cı və 43.7-ci maddələrinə görə isə, hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 38.44-cü maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

39.14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 40.217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

41.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamənin qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları isə müəyyən edilmir. Bu baxımdan mübahisələndirilən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

42. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-4753/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən cavabdeh “X14” ATSC-dən "xxxx" ASC-nin xeyrinə cəmi 1.315.409,64 manat məbləğində pulun tutulması, tutmanın həm də İddiaçı məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, X12 prospekti, ev 64 ünvanında yerləşən 4 otaqlı, 83,95 kv.m. ümumi, 59,85 kv.m. yaşayış, 24.1 kv.m. yardımçı sahədən ibarət 14 saylı mənzilə yönəldilməsi qət edilmiş, mənzilin ilkin satış qiyməti 110.000 manat məbləğində müəyyən edilmişdir.

43. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin xx.xx.2022-ci sifarişi (Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-4753/2014 saylı, xx.xx.2014-cü il tarixli icra vərəqəsi) əsasında "xxxx" MMC-nin təşkilatçılığı ilə hərraclar keçirilmiş, həmin hərracların baş tutmaması elan edilmişdir. Təkrar hərrac baş tutmamış elan edildiyi üçün, ipoteka predmeti daha sonra ipoteka saxlayana təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə təklif edilmiş, nəticədə xx.xx.2023-cü il tarixli “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması” barədə müqaviləyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, X12 prospekti, 64 saylı evin 14 saylı mənzili 70.125 manata "xxxx" ASC-yə satılmışdır. Bu da ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas olmuşdur. 44.İş materiallarından gorundur ki, hərracların keçirilməsi ilə bağlı bütün iştirakçılara hərracın keçiriləcəyi yer, tarix və sair aidiyyəti məlumatları özündə əks etdirən bildirişlər göndərilmiş, kütləvi informasiya vasitələrində elanlar dərc edilmişdir. Buna baxmayaraq iddiaçı hərrac barədə məlumatsız olduğuna, hərracın qanunvericiliklə müəyyən edilmiş qaydaların pozulmaqla keçirildiyinə istinad edərək, bu əsaslarla da hərracın nəticələrinin etibarsız hesab edilməsini tələb edir. 45.Yuxarıda qeyd olunan maddi hüquq normalarının mənasına görə hərracın etibarsızlığına səbəb hərracın keçirilməsi qaydalarının pozulması halının aşkar edilməsindən ibarətdir. Mülki Məcəllədə və “İpoteka haqqında” Qanunda müəyyən edilmiş hərracın keçirilməsi qaydaları imperativ xarakter daşıyır və onların pozulması ilə keçirilmiş hərrac maraqlı şəxsin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Etibarsız sayılmış hərracda bağlanmış müqavilə də, əsasında aparılmış qeydlər də öz növbəsində etibarsız hesab olunur. 46.“F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. 47.Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. 48.Beləliklə qanunvericilikdə bu qəbildən olan işlər üzrə hərracın keçirilməsinə məsul olan təşkilat hərrac iştirakçısının yaşadığı ünvanı axtarıb tapmaq və bildirişlərin borclunun bu ünvanına göndərmək, habelə onun özünü şəxsən tapıb, bildirişi şəxsən onun özünə təqdim etmək və ya hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərmək vəzifəsi qoymuşdur. Bununla da, hərrac təşkilatı qeyd edilən şəxslərə təsdiq etmə üsulu ilə bildiriş göndərməklə və qəzetlərdə elan dərc etdirməklə üzərinə qoyulmuş bu öhdəliyi yerinə yetirmiş olur. 49.İddiaçının apellyasiya şikayətində istinad etdiyi digər hallar (əmlakın üzərində məhdudiyyət varkən hərracın keçirilməsi, 5 il daimi fəaliyyət göstərməyən hərrac təşkilatının seçilməsi, həmin təşkilata sifariş verilməsi və s.) cavabdeh qismində cəlb etdiyi hüquqi şəxsin səlahiyyət dairəsinə deyil, müvafiq icra qurumunun səlahiyyətlərinə aid olan məsələlərdir. Nəzərə alınmalıdır ki, müvafiq hüquq münasibətlərində səlahiyyətdar hüquqi mükəlləfiyyətlidən müəyyən davranışı o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstərişinin qüvvəsinə görə labüd olsun. 50.Beləliklə məhkəmə kollegiyasının gəldiyi qənaətə görə, cavabdeh "xxxx" MMC tərəfindən mübahisə predmeti olan hərracın etibarsızlığına dəlalət edən və bunun nəticəsində bağlanmış protokolun ləğv edilməsini şərtləndirən hər hansı qanunsuz hərəkətə yol verildiyi müəyyən edilməmişdir, hərracın özü-özlüyündə etibarsız olması halı isə öz təsdiqini tapmamışdır. Belə olan halda kollegiya Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-4753/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar "xxxx" MMC-nin təşkilatçılığı ilə keçirilmiş hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün hər hansı hüquqi əsasın olmadığı qənaətinə gəlir. 51.MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

52. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. 53.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4187/2023 saylı, 4 oktyabr 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar