Məhkəmə qərarları › İş №2(103)-6186/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6186/2020

21.07.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6186/2020 21.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, X5 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə qarşı «icra məmurunun hərəkətsizliyinin qanunsuz sayılması» barədə ərizəsi üzrə Bakı şəhəri Suraxanı Rayon Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(010)-2046/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra və Probasiya şöbəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə qarşı icra məmurunun hərəkətsizliyinin qanunsuz sayılması barədə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Suraxanı Rayon Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(010)- 2046/2020 saylı qərardadı ilə (hakim Tural Məmmədov) ərizənin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilmişdir. Qərardaddan narazı olan iddiaçı ondan şikayət verilmiş, şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətin dəlilləri: Şikayət – birinci instansiya məhkəməsinin qərardadının qanunsuz və əsassız olması, icra sənədinin 1 il 1 ay ərzində icra edilməməsi, icra hərəkətlərinin həyata keçirilməməsi, hazırki iddia ilə ilkin olaraq Bakı İnzibati Məhkəməsinə müraciət edilməsi, lakin məhkəmənin təklifi ilə mülki qaydada müraciət edilməsi üçün iddia ərizəsinin geri götürülməsi və s. kimi əsaslandırılmış, məhkəmə kollegiyasından şikayətin təmin edilməsi xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi şikayətin dəlillərinə uyğun izahat vermiş, məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar naməlum səbəblərdən məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası məruzəni və izahatları dinləyib, şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İşdən görünür ki, birinci instansiya məhkəməsi qərardadı əsaslandırmamış, tələbkarın icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən birbaşa yuxarı orqana və ya məhkəməyə şikayət etmək hüquqlarının olmasını qeyd etməklə kifayətlənmişdir. Halbuki, tələbkar icra məmurunun hərəkətsizliyindən məhkəməyə şikayət etmişdir. MPM-nin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Bununla yanaşı, birinci instansiya məhkəməsi bir tərəfdən ərizənin qəbulundan iddianın yolverilməzliyinə görə imtina etdiyi halda, digər tərəfdən ərizənin forma və məzmunun qanunvericiliyə uyğun olmamasını qeyd etmir ki, bu da ziddiyyətli olmaqla MPM-nin 152 və 153-cü maddələrinə uyğun deyildir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə,ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, işə prosessual normaların tələblərinin pozulması ilə baxıldığından və həmin pozuntular düzgün olmayan qərardadın çıxarılması ilə nəticələndiyindən,şikayət qismən təmin edilməli, qərardad ləğv edilməli,iş ərizənin mümkünlüyü məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Şərh olunanlara əsasən və MPM-in 263-264,357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin,Bakı şəhəri Suraxanı Rayon Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(010)-2046/2020 saylı qərardadı ləğv edilsin,iş ərizənin mümkünlüyü məsələsinə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar