Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-619/2021 23.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinin tikintisinə sərf olunmuş pul vəsaitinin miras kütləsinə daxil edilməsi və s. tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(003)-17/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 0,0753 ha torpaq sahəsində mərhum atası X6 tərəfindən inşa edilmiş iki mərtəbəli 6 otaqlı fərdi yaşayış evinin miras kütləsinə daxil edilməsi, onun atası X3 vərəsəsi olaraq həmin tikilinin 1/2 hissəsinə vərəsəlik hüququnun müəyyən edilməklə mülkiyyət hüququnun tanınması və həmin evə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən məhkəməyə ərizə ilə müraciət edərək ünvan 1 ünvanında yerləşən 0,0753 ha torpaq sahəsində mərhum atası X6 tərəfindən 2002-ci ildə inşa edilmiş iki mərtəbəli fərdi yaşayış evinin dəyərinin miras kütləyə daxil edilməsi, həmin fərdi yaşayış evinin dəyərinin müəyyən edilməklə, onun dəyərinin 1/2 hissəsinin Cavabdeh onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı MPM-in 53-cü maddəsinə əsasən məhkəməyə ərizə ilə müraciət edərək mərhum atası X6 tərəfindən 2002-ci ildə inşa edilmiş həmin fərdi yaşayış evinin tikintisinə və təmirinə çəkilmiş 146000 manat xərcin miras kütləsinə daxil edilməklə, vərəsə olaraq həmin məbləğin 1/2 hissəsinə onun hüququnun tanınması, həmin fərdi yaşayış evinin tikintisinə və təmirinə çəkilmiş 146000 manat xərcin 1/2 hissəsinin, yəni 73000 manatın Cavabdeh onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən 63,8 kv.m ümumi sahədən və 0,15033 ha torpaq sahəsindən ibarət fərdi yaşayış evi iddiaçının X9na məxsus olmuş, babası xx.xx.1985-ci ildə öləndən sonra həmin miras qalmış əmlakı faktiki olaraq atası X6 qəbul edərək, həmin evdə yaşamağa davam etmiş, atası Tofiq Nəbiyev həmin torpaq sahəsində öz vəsaiti hesabına iki mərtəbəli daha bir yaşayış evi tikmişdir. X9 öləndən sonra atası Bakı şəhəri 7 saylı Notariat Kontoruna ərizə ilə müraciət edərək vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini istəsə də, atası X6 vərəsəlik işi açıldıqdan sonra vərəsəlik hüququ haqqında şəhadətnamə almadan xx xxxxxx 2017-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxx 2017-ci il tarixli qətnaməsi ilə həmin əmlaka ½ hissədə iddiaçının, ½ hissədə isə cavabdehin vərəsəlik üzrə pay hüququ müəyyən edilmiş, həmin qətnamə icra olunaraq, hər ikisinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında miras qalmış əmlak üzərində paylarına uyğun mülkiyyət hüququnu təsdiqləyən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş və hazırda ümumi paylı mülkiyyətlərində 0,0753 ha torpaq sahəsi vardır. Lakin buna baxmayaraq Cavabdeh atası Tofiq Nəbiyev tərəfindən inşa edilmiş iki mərtəbəli yaşayış evinin açarlarını özündə saxlayaraq iddiaçının həmin yaşayış evindən istifadə etməyinə maneə yaradır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(003)-17/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, ünvan 1 ünvanında yerləşən 0,0753 ha torpaq sahəsində X6 tərəfindən 2002-ci ildə inşa edilmiş ümumi sahəsi 298,8 kv.m olmaqla, 137,6 kv.m yaşayış və 161,2 kv.m köməkçi sahədən ibarət ikimərtəbəli fərdi yaşayış evinin tikintisinə çəkilmiş xərcin 56000 manatının miras kütləyə daxil edilməsi və tikintiyə çəkilmiş 56000 manat xərcin 1/2 hissəsi, yəni 28000 manat pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tam və hərtərəfli araşdırma aparmadan, mühüm əhəmiyyəti olan faktiki halları aydınlaşdırmadan qətnamə çıxarmışdır. Bundan əlavə, cavabdehin verdiyi izahat və təqdim etdiyi sübutlar nəzərə alınmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, prosessual hüquq normaları pozulmuşdur. Həmin ev özbaşına tikili olmaqla miras kütləsinə daxil olmamasına baxmayaraq, məhkəmə həmin evin tikintisinə sərf olunmuş vəsaiti miras kütləsinə daxil etmişdir. İddiaçı heç vaxt həmin evdə yaşamamış, sağlığında atası ilə maraqlanmamış, hətta onun yas mərasimində də iştirak etməmişdir. Mübahisəli ev mərhum X6 tərəfindən inşa edilsə də, Cavabdeh 2008-ci ildən həmin evdə yaşamaqla evi təmir etdirmişdir. Birinci instansiya məhkəməsi hətta evin tikintisinə sərf olunmuş pul vəsaitini miras kütləsinə daxil edib tərəflər arasında bərabər şəkildə bölərkən mərhum Tofiq Nəbiyevin xx xxxx 2016-cı il tarixdə notarial qaydada təsdiq olunmuş vəsiyyətnaməyə əsasən bütün daşınar və daşınmaz əmlaklarını Cavabdeh vəsiyyət etməsini, habelə digər vərəsələrə məcburi payın verilməsi məsələsini həll etməmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X4 iddia ərizəsinin geri qaytarılması barədə iddiaçının ərizəsini məhkəməyə təqdim edərək iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya icraatı mərhələsində iddia ərizəsinin geri qaytarılması barədə ərizə təmin oluna və iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli Plenum Qərarının Vİİ hissəsinin 14-cü bəndinə əsasən, apellyasiya instansiyası məhkəməsində işlərə baxılarkən nəzərə alınmalıdır ki, MPM-nin 259-cu maddəsində sadalanan bütün əsaslar həmin mərhələdə qətnamənin ləğvi və ərizənin baxılmamış saxlanılması üçün əsas ola bilməz. Apellyasiya icraatı zamanı birinci instansiya məhkəməsinin elə qətnamələri MPM-nin 259-cu maddəsində sadalanan əsaslarla ləğv oluna bilər ki, həmin maddədə sadalanan halların mövcudluğuna baxmayaraq birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsi icraata qəbul edilməklə və ya işə baxılmaqla prosessual hüquq normalarının pozuntusuna yol verilmiş olsun. Bu baxımdan apellyasiya icraatı qaydasında işə baxan məhkəmələr tərəfindən yalnız MPM-in 259.0.1-259.0.4-cü və 259.0.8.-259.0.10-cu maddələrində sadalanan əsaslar olduqda məhkəmənin qətnaməsi tam və ya qismən ləğv edilməklə ərizə tam və ya qismən baxılmamış saxlanıla bilər. MPM-nin 259-cu maddəsində sadalanan digər əsaslar apellyasiya instansiyası məhkəməsi tərəfindən ərizəni baxılmamış saxlamaqla məhkəmənin qətnaməsini ləğv etmək üçün əsas ola bilməz. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(003)-17/2020 saylı qətnaməsi qismən, yəni iddia tələbinin təmin edildiyi hissədə ləğv edilməli, həmin hissədə də iddia rədd edilməlidir. İş materiallarından görünür ki, tərəflər ümumi ataları olan ögey bacılardır. İddiaçı mərhum Tofiq Nəbiyevin birinci nikahından, cavabdeh isə ikinci nikahından doğulmuşdur. İddiaçının atası Tofiq Nəbiyev ilə anası arasındakı nikah münasibətləri 1976-cı ildə ildə pozulmuş, Tofiq Nəbiyev 1982-ci ildə ikinci dəfə nikaha daxil olmuşdur. Mübahisəli əmlak iddiaçının atası ilə onun ikinci nikahdan olan arvadının birgə nikahı dövründə 2002-ci ildə tikilmişdir. Mübahisəli evi iddiaçının və cavabdehin atası Tofiq Nəbiyev iş üzrə Cavabdeh, ailə qurduğu zaman cehiz kimi vermişdir. Mübahisəli ev Cavabdeh toyu ərəfəsində verildiyi vaxt təmirsiz olmuş və həmin evi cavabdehin əri və Tofiqə birlikdə təmir etdirmiş və köçərək orada yaşamışlar. xx xxxx 2017-ci il tarixli məhkəmə qətnaməsi ilə ünvan 2 ünvanında yerləşən 63,8 kv.m. ümumi sahədən və 0,15033 ha torpaq sahəsindən ibarət fərdi yaşayış evinə 1/2 hissədə İddiaçı və 1/2 hissədə Cavabdeh payı müəyyən olunmuşdur. İş üzrə keçirilmiş ekspertiza rəyinə əsasən, mübahisəli evin tikintisinə 84000 manat və təmirinə isə 62000 manat olmaqla, ümumilikdə 146000 manat xərc çəkilməsi müəyyən edilmişdir. X7 tərəfindən xx xxxx 2016-cı ildə verilmiş, 1 saylı Bakı "Asan xidmət" mərkəzində Ədliyyə Nazirliyinin notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş vəsiyyətnamənin surətindən görünür ki, X7 ölən günədək ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını Cavabdeh vəsiyyət etmişdir. X7 xx xxxxxx 2017-ci ildə vəfat etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mərhum X7 tərəfindən 2002-ci ildə özbaşına tikilmiş fərdi yaşayış evinin inşasına sərf olunmuş pul vəsaitini miras kütləsinə daxil etməklə vərəsəliklə bağlı mülki hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Yenə həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. İşin faktiki hallarından göründüyü kimi, tikilməsinə sərf olunmuş vəsaitin miras kütləsinə daxil edilməsi tələb olunan fərdi yaşayış evi özbaşına tikili olmaqla mərhum Tofiq Nəbiyevin mülkiyyətində olmadığına görə nə həmin ev, nə də evin tikintisinə sərf olunmuş pul vəsaiti miras kütləsinə daxil edilə bilməzdi. Çünki özbaşına tikilinin inşasına sərf olunmuş pul vəsaiti legitim olmadığına görə həmin pul vəsaitinin miras kütləsinə daxil edilməsi istisna edilir. Bundan əlavə, Mülki Məcəllənin 1151.2-ci maddəsinin tələbləri baxımından əmlakın dəyəri o halda mirasa daxil edilir ki, ümumi mülkiyyətdən ölənə çatası pay əmlakın naturada bölünməsi mümkün olmaması səbəbindən ayrıla bilməsin. Göründüyü kimi, bu halda da qanunverici mülkiyyət anlayışından istifadə etmişdir ki, özbaşına tikili həmin anlayışa uyğun gəlmir. Azərbaycan Respublikası MPM-in 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Həmin Məcəllənin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402- 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(003)-17/2020 saylı qətnaməsi qismən, yəni iddia tələbinin təmin edildiyi hissədə ləğv edilsin, həmin hissədə də iddia rədd edilsin. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıdan alınıb cavabdehə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-619/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-619/2021
23.02.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver