Məhkəmə qərarları › İş №2(103)-6198/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6198/2021

11.08.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6198/2021 11.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(007)-481/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maneələrin aradan qaldırılması və dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsinin cavabdehin qanunsuz istifadəsindən alınaraq iddiaçının qanuni idarəçiliyinə verilməsi, iddiaçının qanuni idarəçiliyinə edilən qanunsuz müdaxilə və maneələrin aradan qaldırılması, əmlakın boşaldılaraq iddiaçının istifadəsinə qaytarılması və 20 000 manat məbləğində dəymiş zərərin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, ünvan 1 ünvanında yerləşən 43.9 kv.m ölçüdə qeyriyaşayış sahəsi Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən keçirilmiş 27 mart 2018-ci il tarixli hərrac protokolu ilə İddiaçı özgəninkiləşdirilmiş və İddiaçı həmin əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən 24 aprel 2018-ci il tarixli ********** nömrəli Çıxarış təqdim edilmişdir. Təəssüflər olsun ki, 24 aprel 2018-ci il tarixdən etibarən İddiaçı özünə məxsus sözügedən əmlak üzərində mövcud olan hüquqlarını tam şəkildə icra edə bilmir. Cavabdeh qeyd edilən əmlakdan qanunsuz istifadə etməklə birbaşa olaraq iddiaçının əsas Konstitusyon hüquqlarından biri olan mülkiyyət hüququndan məhrum edir. Hal-hazırda cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən əmlakdan istifadə edilməklə iddiaçının mülkiyyət hüquqularının pozulması ilə bərabər, eyni zamanda iddiaçıya 20 000 manat məbləğində maddi zərər də vurulmuşdur Bakı şəhəri Nizami rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(007)-481/2021 saylı qətnaməsi ilə iddianın qismən təmin edilərək, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh qanunsuz istifadəsindən alınaraq İddiaçı qanuni idarəçiliyinə verilməsi, İddiaçı ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə olan qanuni idarəçiliyinə edilən müdaxilə və maneələrin aradan qalırılması, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi boşaldılaraq İddiaçı istifadəsinə qaytarılması qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(007)-481/2021 saylı qətnaməsinin qanunsuz və əsassız olduğu üçün ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, 2 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən mübahisəli qeyri-yaşayış sahəsi cavabdehə məxsus mənzilin zirzəmisidir və 1998-ci ildən qazma işləri apararaq öz vəsaiti hesabına oranı əsaslı təmir etdirmişdir. 2005-ci ildən həmin obyektin qeyri-yaşayış kimi sənədlərşdirilməsi işlərini aparmışdır. Özəlləşdirmək şərtilə Əmlak Komitəsi ilə müqavilə bağlayıb icarəyə götürmüşdür. Cavabdeh yaşadığı evin zirzəmisində yerləşən 43.9 kv.m sahəsi olan qeyri-yaşayış sahəsini özəlləşdirmək istəmişdir. Əmlak Komitəsinə dəfələrlə müraciət etməsinə baxmayaraq müsbət nəticəsi olmamışdır. Rüsumun nə qədər təşkil etdiyi barədə məlumat verilmədiyindən özəlləşdirmə apara bilməmişdir. 2017-ci ilin fevral ayıda Əmlak Komitəsi tərəfindən cavabdehə bildirildi ki, ona məxsus zirzəmi özəlləşdirilib və 15000 manata qiymətləndirilərək satılıb. Onun xəbəri olmadan 7 dəfə hərrac keçirilib. Əmlakın qiyməti 7500 manata endirilib. Cavabdehin və ailəsinin heç bir xəbəri olmadan iddiaçı qanunsuz, əsassız olaraq ona məxsus və istifadəsində olan zirzəmini özəlləşdirmişdir. Halbuki cavabdeh həmin zirəzmini tam əsaslı təmir etmiş, oranı istifadəyə yararlı vəziyyətə gətirmək üçün külli miqdarda vəsait xərcləmişdir. Əmlakın özəlləşdirmə qiymətinin 7500 manat olması bütün bu hərrac və sənədləşmə prosesinin formal keçirildiyini bir daha təsdiq edir. Həmin qeyri-yaşayış sahəsinin hazırki bazar qiyməti 300.000 (üç yüz min) manat təşkil edir. Belə olduğu halda 15000 manata necə qiymətləndirilə bilərdi. Məlum olur ki, iddiaçının Əmlak Komitəsi ilə sövdələşməsi olub, qanunsuz əməlləri nəticəsində zirzəmi özəlləşdirilib. İddiaçının Cavabdeh qarşı qaldırdığı qeyri-yaşayış sahəsinin boşaldılması ilə bağlı iddiası tamamilə əsassızdır. İddiaçı qanunsuz yollarla cavabdehə məxsus əmlakı zəbt etmişdir. İş üzrə İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın qismən təmin edilən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki cavabdeh apellyasiya şikayətinin dəlillərində qətnaməni iddianın təmin edilməyən hissəsində mübahisələndirməmiş, iddiaçı həmin hissədən apellyasiya şikayəti verməmişdir. Məhkəmə kollegiyası bu kontekstdə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İş materiallarına əlavə edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MA ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh adına 10 fevral 2011-ci il tarixdə qeydiyyata alınmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı adına 24 aprel 2018-ci il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 03 dekabr 2019-cu il tarixli, 2(102)-7436/19 nömrəli Qərarından görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03 dekabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “hərracın nəticələrinə dair protokolun etibarsız hesab olunması, alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilərək Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsindəki 16 saylı binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 49,5 m2 olan 20 saylı mənzilin altında 43,9 m2 ölçüdə zirzəminin Hərracların Təşkili üzrə X1 Rəsul Fəzli oğluna satılmasına dair 27 mart 2018-ci il tarixli hərrac protokolunun etibarsız hesab edilməsi və onun hüquqi nəticələri aradan qaldırılmaqla İddiaçı verilmiş 24 aprel 2018-ci il tarixli ********** saylı çıxarışın ləğv olunması qət edilmişdir. Həmin qətnamədən cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 iyun 2019-cu il tarixli 2(103)- 9314/19 nömrəli qətnaməsi ilə, apellyasiya şikayəti təmin olunaraq Nizami Rayon Məhkəməsinin 03 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunmaqla Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “hərracın nəticələrinə dair protokolun, alğısatqı müqaviləsinin və çıxarışın ləğv edilməsi” barədə iddia tələbi təmin edilməmişdir. İddiaçı həmin qətnamədən kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 iyun 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 03 dekabr 2019-cu il tarixli, 2(102)-7436/19 nömrəli Qərarı ilə, iddiaçı Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 iyun 2019-cu il tarixli 2(103)- 9314/19 saylı qətnaməsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçının xüsusi mülkiyyətindəki ünvan 1 saylı binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 49,5 m2 olan 20 saylı mənzilin altında yerləşməklə dövlət mülkiyyətində olan ümumi sahəsi 43,9 m2 qeyriyaşayış sahəsi 30 sentyabr 2005-ci il tarixdən etibarən eyni tarixli icarə müqaviləsi əsasında iddiaçının istifadə və sahibliyində olmuş, həmin müqaviləyə əsasən o, cavabdeh quruma icarə haqqı ödəmişdir. ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 43,9 m2 olan qeyri-yaşayış sahəsi ilkin olaraq 15 000 manat qiymətlə hərraca çıxarılmış, Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən həmin əmlakla bağlı 18 iyul 2017-ci il, 22 avqust 2017- ci il, 26 sentyabr 2017-ci il, 31 oktyabr 2017-ci il, 05 dekabr 2017-ci il, 09 yanvar 2018-ci il, 13 fevral 2018ci il və 27 mart 2018-ci il tarixlərdə hərraclar keçirilmiş, sonuncu hərracda sözügedən əmlak 7500 manata İddiaçı satılaraq hərracın nəticələri haqqında eyni tarixli 11/01 saylı protokol tərtib olunmuş, 24.04.2018-ci il tarixdə isə sözügedən əmlak sonuncunun adına dövlət qeydiyyatına alınmaqla ona eyni tarixli çıxarış verilmişdir. Birinci instansiya məhkəməsi araşdırması nəticəsində müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 43,9 kv.m olan qeyri-yaşayış sahəsi 30 sentyabr 2005-ci il tarixdən etibarən eyni tarixli icarə müqaviləsi əsasında Cavabdeh istifadə və sahibliyində olmuşdur. Həmin qeyri-yaşayış sahəsi ilkin olaraq 15000 manat qiymətlə hərraca çıxarılmış, Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən həmin əmlakla bağlı 18 iyul 2017-ci il, 22 avqust 2017- ci il, 26 sentyabr 2017-ci il, 31 oktyabr 2017-ci il, 05 dekabr 2017-ci il, 09 yanvar 2018-ci il, 13 fevral 2018-ci il və 27 mart 2018-ci il tarixlərdə hərraclar keçirilmiş, sonuncu hərracda sözügedən əmlak 7500 manata İddiaçı satılaraq hərracın nəticələri haqqında eyni tarixli 11/01 saylı protokol tərtib olunmuş, 24.04.2018-ci il tarixdə isə sözügedən əmlak sonuncunun adına dövlət qeydiyyatına alınmaqla ona eyni tarixli çıxarış verilmişdir. Bu baxımdan qeyd olunmalıdır ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi qanunvericiliyin tələblərinə riayət edilməklə rəsmləşdirilmiş və İddiaçı xüsusi mülkiyyəti kimi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra-MM) 152-ci maddəsində qeyd olunduğu kimi, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Müvafiq olaraq sahiblik hüququ-əmlaka faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ-əmlakdan onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Sərəncam hüququ-əmlakın hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. MM-nin 157.2-ci maddəsində mülkiyyət hüququnun vindikasiya iddiası vasitəsi ilə müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Vindikasiya iddiası dedikdə, əmlaka sahiblik etməyən mülkiyyətçinin, əmlakın faktiki sahibinə qarşı yönəlmiş, əmlakın naturada qaytarılması barədə müqavilədənkənar tələbi başa düşülür. Qüvvədə olan qanunvericiliyə görə vindikasiya iddiasının irəli sürülməsi üçün aşağıdakı şərtlər eyni zamanda mövcud olmalıdır. -iddiaçı əmlakın mülkiyyətçisi olmalıdır; -mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalıdır; -mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalıdır və başqa şəxsin faktiki sahibliyində olmalıdır; -vindikasiya iddiası qaydasında yalnız fərdən-müəyyən olunan əşya tələb oluna bilər, yəni bu iddia mülkiyyətçinin sahibliyindən çıxmış, məhz həmin əşyanın qaytarılmasına istiqamətlənir; -cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır; -vindikasiya iddiası müqavilədənkənar xarakter daşıyır və mülkiyyət hüququnu mütləq subyektiv hüquq kimi qoruyur. Əgər mülkiyyətçi və faktiki sahib mübahisəli əşya üzrə bir-biri ilə müqavilə və ya digər öhdəlik hüquq münasibətləri ilə bağlıdırlarsa, əşya yalnız müvafiq müqavilə iddiası üzrə tələb oluna bilər. MM-nin 157.4-cü maddəsinin tələblərinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ beynəlxalq hüquq aktlarında (insan hüquqları haqqında Ümumi Bəyamnamənin 17-ci maddəsi, İnsan hüquqlarının və Əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya Əlavə (1 saylı protokolun 1-ci maddəsi və s.) və Azərbaycan Respublikasının Konstitusiyasında (29-cu maddə) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Belə ki, Azərbaycan Respublikası Konstitutsiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmçinin Konstitutsiyanın 43-cü maddəsinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Konstitusiyamızın 13 və 29-cu maddələrində mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına, mülkiyyət hüququnun qanunla qorunmasına, bu hüququn mülkiyyətçinin əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarət olmasına və s. dair müddəalar təsbit olunmuşdur. Azərbaycan Respublikasının qoşulduğu “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 1 saylı 20.03.1952-ci il tarixli Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz”. Kollegiya qeyd olunanlara əsasən hesab edir ki, məhkəmə tərəfindən iddia tələbi qismən “ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh qanunsuz istifadəsindən alınaraq İddiaçı qanuni idarəçiliyinə verilməsi, İddiaçı ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə olan qanuni idarəçiliyinə edilən müdaxilə və maneələr aradan qalırılması, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi boşaldılaraq İddiaçı istifadəsinə qaytarılması” hissədə düzgün olaraq təmin edilmişdir. Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(007)- 481/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar