Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6199/2020 25.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi X3, Cavabdeh2 MMC-nin nümayəndəsi X1iştirakları ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı subroqasiya tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(004)-2839/2020 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “subroqasiya tələbinin təmin edilməsi” tələbinə dair iddia ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, “MERCEDES BENZ E270” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 900 manat sığorta ödənişi məbləği və bu iddia ərizəsinin verilməsi ilə bağlı 30,40 manat dövlət rüsumu, cəmi 930,40 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(004)- 2839/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, sığortalanmış “MERCEDES BENZ E270” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 900 manat sığorta ödənişi məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməsi, iş üzrə ödənilmiş 30 (otuz) manat 40 (qırx) qəpik dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan Cavabdeh2 MMC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin ona münasibətdə rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəllənin 284-5.2-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə məhkəmə bildirişi Cavabdeh2 MMC-yə daxil olduqdan sonra dərhal yazılı etiraz məhkəməyə təqdim olunmuşdur. Lakin birinci instansiya məhkəməsi MPM-nin 284-5.4-cü maddənin tələblərini pozaraq iş üzrə mübahisə olmasına baxmayaraq iddia icraatına keçməmiş, etirazda göstərilənləri nəzərə almadan işə kiçik iddia icraatında baxaraq qətnamə qəbul etmişdir. xx xxxxxx 2017-ci il tarixdə Cavabdeh1 AL-575(1) saylı “Öhdəliklərin ötürülməsi” müqaviləsinə əsasən AL-575 saylı “Daxili lizinq” müqaviləsi üzrə öhdəlikləri qəbul etmiş və “Daewoo Gentra” markalı, **-AV-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Həmçinin Cavabdeh2 MMC tərəfindən Cavabdeh1 avtomobilin idarə olunmasına dair xx xxxxxx 2017-ci il tarixli etibarnamə verilmiş və həmin etibarnamənin müddəti xx xxxxxx 2017-ci il tarixdə bitmişdir. Cavabdeh2 MMC tərəfindən xx xxxxxx 2017-ci il və xx xxxxxx 2018-ci il tarixlərdə lizinq alan Cavabdeh1 xəbərdarlıq məktubu göndərilərək avtomobilin idarə olunmasına dair verilmiş etibarnamənin müddətinin bitməsi və lizinq obyektindən heç bir hüquqi əsası olmadan istifadə nəticəsində üçüncü şəxslərə dəymiş zərərə görə məsuliyyət daşıması barədə xəbərdar edilmişdir.Qeyd olunan məktubun və poçt qəbzinin surəti etirazla birlikdə məhkəməyə təqdim olunmuş,lakin məhkəmə həmin sənədlərə hüquqi qiymət verməmişdir. Lizinq obyektindən istifadə edilməsi şirkət tərəfindən verilmiş etibarnamə əsasında həyata keçirilir. Lakin Cavabdeh1 hüquqa zidd hərəkət edərək mülkiyyətçinin iradəsindən kənar avtomobili idarə etmişdir. Göründüyü kimi, yüksək təhlükə mənbəyi sayılan avtomobil Cavabdeh1 hüquqa zidd hərəkətləri nəticəsində həmin mənbənin sahibi olan Cavabdeh2 MMC-nin sahibliyindən çıxmışdır. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 MMC-nin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İşə baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh1 məhkəmə kollegiyasının iclasına gəlmədiyindən və bunun səbəbləri barədə məhkəməyə məlumat vermədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin hədləri qətnamənin əsaslığının Cavabdeh2 MMC-yə münasibətdə yoxlanılmasını təşkil edir. Beləliklə məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh1 xx.xx.2018-ci il tarixdə idarə etdiyi Cavabdeh2 MMC-nin mülkiyyətində olan “Daewoo Gentra” markalı, **-AV-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən yolnəqliyyat hadisəsi törədərək “MERCEDES BENZ E270” marka toqquşmuşdur. Cavabdeh1 avtomobili etibarnamə olmadan idarə etmiş və hadisə yerini tərk etmişdir. Baş vermiş yol nəqliyyat hadisəsində Cavabdeh1 təqsirli olması Sumqayıt şəhər DYPŞ-nin TP 321968 saylı, xx.xx.2018-ci il tarixli İnzibati Tənbeh vermə haqqında iş üzrə Qərarında öz əksini tapmış və sonuncu İXM-nin 332.1, 327.6 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. “MERCEDES BENZ E270” markalı, **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 900 manat ziyan dəymişdir. İddiaçı Sığorta Şirkəti 900 manat sığorta ödənişi həyata keçirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulsun. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfıyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmin Məcəllənin 1108.1-ci maddəsinin tələblərinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə yüksək təhlükə mənbəyi olan “Daewoo Gentra” markalı, **-AV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 tərəfindən yol nəqliyyat hadisəsi törədilməsi və iddiaçı tərəfindən sığortalanmış avtomobilə zərər vurulması işin mübahisəsiz halıdır. Bundan başqa qeyd olunan avtomobil Cavabdeh2 MMC-nin mülkiyyətində olmaqla Cavabdeh1 istifadsinə müvafiq etibarnamə olmadan verilmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə iş materiallarını qarşılıqlı şəkildə təhlil edərək qeyd edir ki, “Daewoo Gentra” markalı, **-AV-*** dövlət qeydiyyat nişanlı avtomobil qanuni əsaslar olmadan Cavabdeh2 MMC tərəfindən Cavabdeh1 istifadəsinə verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuş və düzgün nəticəyə gəlmişdir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdeh mülki işin iddia icraatına keçirilməsi ilə bağlı etirazla məhkəməyə müraciət edərkən, əsaslandırdığı halları təstiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Cavabdeh qeyd olunan sübutları təqdim etmədiyindən birinci instansiya məhkəməsi haqlı olaraq etirazı təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyasının qənaətinə görə, iş üzrə cavabdeh аpellyаsiyа şikayətinin əsаsı kimi istinаd etdikləri hаllаrı məhkəmə araşdırmasında sübutа yetirə, şikayətin dəlillərini qanun nöqteyi-nəzərindən əsaslandıra bilməmişdir. Məhəkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmişdir. Beləliklə məhkəmə kollegiya qeyd edir ki, apellyasiya şikayətində irəli sürdüyü dəlillər yalnız formal mülahizələrə əsaslanır və birinci instansiya məhkəməsi qətnaməsinin ləğvi üçün MPM-in 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 MMC-yə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 404- 1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh2 MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(004)- 2839/2020 nömrəli qətnaməsi Cavabdeh2 MMC-yə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-6199/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6199/2020
25.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver