Məhkəmə qərarları › İş №2(103)-62/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-62/2021

24.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-62/2021 24.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X9, Tərcüməçi X5 qızının iştirakları ilə İddiaçı Cavabdeh qarşı “suyun axıdılması nəticəsində dəymiş maddi ziyanın ödənilməsi tələbi”nə dair iddia ərizəsi üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4008/2018 saylı iş üzrə qəbul etdiyi 05 dekabr 2018-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əasaən mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı «suyun axıdılması nəticəsində dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən su axıdılması nəticəsində ona vurulmuş maddi zərərin, 3.000 (üç min) manat mənəvi zərərin və ödədiyi 30 manat dövlət rüsumunun ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, N.Hacıyev küçəsi, ev 7, 31 saylı mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdeh 34 saylı mənzili isə onun mənzilinin üst hissəsində yerləşir. İddiaçının mənzilinin evin 2-ci mərtəbəsində, Cavabdeh mənzili isə evin 3-cü mərtəbəsindədir. 02 noyabr və 20 noyabr 2017-ci il tarixlərdə Cavabdeh mənzilindən onun mənzilinə çirkab suyu axıdılmışdır. Su axıdılması nəticəsində mənzilinin tavanı, divarları, parket döşəməsi ilə yanaşı evdə olan bütün məhəl və avadanlıqlar, o cümlədən yumşaq mebel və yataq dəstləri yararsız vəziyyətə düşmüşdür. Bununla bağlı iddiaçı 30 saylı MKİS-nə və Nərimanov RPİ-nin 17-ci Polis Bölməsinə müraciət etmişdir. 30 saylı MKİS-nin işçiləri sahə inspektoru ilə birlidə mənzilə baxış keçirərək müvafiq aktlar tərtib etmişlər. Həmin aktlarla da Cavabdeh mənzilindən iddiaçının mənzilinə çirkab su axıdılması təsdiq edilir. Cavabdeh mənzilindən iddiaçının mənzilinə çirkab su axıdılması nəticəsində mənzilimin və ev əşyalarının korlanıb xarab olması və bununla əlaqədar V. R. Abbasova barədə müvafiq tədbir görülməsi üçün Azərbaycan Respublikasının prezidentinə, Azərbaycan Respublikası Baş Prokurorluğuna, Daxili İşlər Nazirliyinə və rayon İcra hakimiyyətinə müraciətlər etmişdir. Hesab edir ki, cavabdeh su axıdılması nəticəsində vurmuş olduğu ziyanı tam həcmdə ödəməli və mülkiyyətinə qəsd edən hərəkətin qarşısı alınmalıdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4008/2018 saylı iş üzrə qəbul etdiyi 05 dekabr 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, N.Hacıyev küçəsi 7 saylı evin, 34 saylı mənzilindən 31 saylı mənzilə su sızması nəticəsində dəymiş zərərin əvəzi olaraq 945 (doqquz yüz qırx beş) manat və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulması, iddia tələbini qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul Cavabdeh tutularaq “Az.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, Hesab AZ34CTRE******************** hesabına keçirilməsi qət edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş və şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi ancaq məhkəmə texniki ekspertizasının natamam rəyinə istinad etmişdir ki, o, da həmin rəylə razı deyil. Belə ki, rəydə mənzilə vurulmuş ziyan tam əks edilməmişdir. Məhkəmə həmin rəyi əsas götürdüyünə görə ona vurulmuş ziyanın tam məbləği müəyyən edilməmişdir. Nəticədə namatam qeyri obyektiv və əsassız qətnamə qəbul edilmişdir. Bildirir ki, su sızma nəticəsində ona 4000 manat məbləğində maddi ziyan vurulmuşdur ki, həmin məbləğ cavabdeh tərəfindən ödənilməlidir. Qətnamədən həmçinin cavabdeh apellyasiya şikayəti verərək onun ləğv edilməsini, əlavə ekspertiza təyin olunmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, mənzilini 02.09.2016-cı il tarixdə almış və kosmetik təmir etdirmiş, mənzilin bütün köhnə sistemlərini dəyişdirmiş, işıq, su, qaz, istilik xəttlərini yeniləşmişdir. 2017-ci ilin qış aylarında istilik sistemində heç bir problem yaranmayıb. Lakin 2017-ci ilin noyabr ayının 2də heç bir xəbərdarlıq etmədən «xxxx» ASC-nin 5 saylı X8 Sahəsi tərəfindən sına yoxlanışı apararkən istilik xətlərinə yüksək təzyiq altında isti su verilmiş və bu təzyiq nəticəsində onun mənzilinin daxilində istilik xəttinin batareyaya birləşdiyi yerdən su sızmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verməklə təmin edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, əşyalarına vurulmuş ziyanın əvəzi məhkəmə tərəfindən təmin edilməmiş, ekspertin müəyyən etdiyi məbləğlə razıdır. Cavabdehin nümayəndəsi isə iddiaçının apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini, özü tərəfindən verilmiş apelyasiya şikayətinin isə təmin edilərək iddiann rədd edilməsini xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının həddini qətnamənin qanuniliyinin və əsaslılığının qismən yoxlanılması təşkil edir. Çünki qətnaməni tərəflər mübahisələndirmiş, hər iki şikayət qətnamənin ləğvinə yönəlmişdir. Apellyasiya baxışının həddi ilə bağlı gəldiyi qənaət çərçivəsində məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir: İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı № ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, N.Hacıyev küçəsi 7 saylı evin, 31 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 682 nömrəli reyestr kitabının 64271 nömrəli vərəqində 30.03.2008-ci ildə qeydiyyata alınmışdır. İş materiallarında olan DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsindən verilmiş sorğuya cavabdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, N.Hacıyev küçəsi 7 saylı evin, 34 saylı mənzili tam mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan 23.11.2017-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri 30 saylı MKİS-in rəisi əməkdaşı və digərləri aktı ona görə tərtib etmişlər ki, , Bakı şəhəri, Nərimanov rayonu, N.Hacıyev küçəsi 7 saylı evin, 31 saylı mənzilinə yuxarı mərtəbədə yerləşən 34-cü mənzildə yaşayan X1 nəticəsində su axması nəticəsində 31-cü mənzilin tavanı polu, yataq dəstləri islanaraq pis vəziyyətə düşmüşdür. Birinci instansiya məhkəməsində baxış zamanı müvafiq ekspertiza təyin olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 noyabr 2018-ci il tarixli, 23485/86 Ne-li ekspert rəyi ilə Smeta üzrə aparılmış hesablamalar nəticəsində, tədqiq olunan Bakı şəhəri, Nərimanov Rayonu, N.Hacıyev küçəsində yerləşən 7 nömrəli evin, 31 mənzilinə suyun sızma halları nəticəsində dəymiş zərərin bərpa olunması üçün sərf olunan (xidmət haqqı və istifadə ediləcək materiallar nəzərə alınmaqla) vəsaitin məbləği 945,0 manat olduğu müəyyən edildi. Beləliklə, qərardadın birinci sualı üzrə, tədqiq olunan Bakı şəhəri, Nərimanov Rayonu, N.Hacıyev küçəsində yerləşən 7 nömrəli evin, 31 saylı mənzilə cavabdehə məxsus 34 sylı mənzilin altında yerləşməsini, 31 saylı mənzilin konstruktiv elementləri (divar, tavan) üzərində su sızma izlərinin olduğunu nəzərə alaraq, 34 saylı mənzildən suyun 31 saylı mənzilə sızması müəyyən edilmişdir. Qərardadın ikinci sualı üzrə, tədqiq olunan Bakı şəhəri, Nərimanov Rayonu, N.Hacıyev küçəsində yerləşən 7 nömrəli evin, 31 mənzilinə suyun sızma halları nəticəsində dəymiş zərərin bərpa olunması üçün sərf olunan (xidmət haqqı və istifadə ediləcək materiallar nəzərə alınmaqla) vəsaitin məbləği 945,0 manat olduğu müəyyən edildi. Birinci instansiya məhkəməsi məhz yuxarıda qeyd olunanları əsas götürərək və Mülki Məcəllənin 1096-ci, 1097-ci, 1115-ci və 21-ci maddələrinə istinad etməklə iddianın qismən təmin edilməli olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1111.2-ci maddəsində isə təsbit olunmuşdur ki, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otaq tutan şəxs daşıyır, amma zərərin qarşıalınmaz qüvvənin təsiri və ya zərərzəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Məhkəmə kollegiyası iş üzrə toplanılmış sübutların məcmusuna qiymət verməklə hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının mənzilinə su sızmasının məhz cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməsi barəsində düzgün nəticəyə gəlmişdir. Belə ki, cavabdeh hazırkı mülki iş çərçivəsində iştirak etdiyi bütün məhkəmə iclaslarında su sızmasının qəsdən olmamasını və ondan tələb olunan məbləğin çox olmasını bildirmişdir. Bununla yanaşı kollegiya qeyd edir ki, ekspert tərəfindən su sızması nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 945 manat olması ilə iddiaçı razılaşmır. Cavabdeh apellyasiya şikayətində bildirmişdir k, ekspert rəyində iddiaçının otaqlarına onun evindən su axaraq evin otaqlarına zərər vurulduğunu göstərir. Hansı ki, iddiaçının evi təmirsizdir və onun yalnız bir otağına cavabdehin evindən su sızıb, o da bir neçə oboyu korlayıb. Ekspert digər otaqları da qeyd edib. Məhkəməyə sədrlik edən hakim yerli baxış keçirsəydi iddiaçının iddiasının və ekspert rəyinin həqiqəti əks etdirmədiyini görərdi. Eləcə də iş materiallarından görünür ki, iddiaçı apellyasiya baxışı zamanı təqdim etdiyi ekspertizanın təyin edilməsi barədə vəsatətində bildirmişdir ki, birinci instansiya məhkəməsində əşyalara dəymiş ziyanın məbləğini müəyyən etmək üçün əmtəəşünaslıq ekspertizası təyin edilməmişdir. Mənzilin özünə dəymiş ziyan isə ekspert tərəfindən faktiki ziyandan az qiymətləndirilmişdir. İşin qeyd edilən mübahisələndirilən halları ilə yanaşı, müəyyən olunur ki, birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə mühəndis texniki ekspertizasının qarşısında mübahisəli 31 saylı mənzilə yuxarıda mərtəbədə yerləşən 34 saylı mənzildən su sızmasının texniki cəhətdən mümkünlüyü barədə sual qoyulmuş, 12.11.2018-ci il tarixli rəyindən isə görünür ki, ekspert tədqiqatı yalnız bir mənzil üzrə iddiaçıya məxsus 31 nömrəli mənzil üzrə aparılmış, sözügedən hər iki- 31 və 34 mənzilə deyil, yalnız 31 saylı mənzilə baxış keçirərək müvafiq ölçü işləri aparılmışdır. Kollegiya hazırki mübahisənin obyektiv həlli üçün tərəflərin mübahisələndirdiyi hallar aydınlaşdırılmalı, bununla əlaqədar iş üzrə məhkəmə tikinti-texniki və məhkəmə əmtəəşünaslıq ekspertizaları çərçivəsində kompleks ekspertiza keçirilməsi qənaətinə gələrək 25.02.2019-cu il tarixli qərardadı ilə iddiaçının vəsatətini təmin edərək iş üzrə təkrar tikinti-texniki və məhkəmə əmtəəşünaslıq ekspertizaları təyin etmişdir. Qeyd edilən qərardad əsasında keçirilmiş və apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş 30.05.2019-cu il tarixli 8035/8888 saylı ekspertiza rəyinin nəticə hissəsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, N.Hacıyev küçəsi 7 saylı evin, 34 saylı mənzilindən 31 saylı mənzilə suyun mənzilin üstündə yerləşən 34 saylı mənzilin olduğu, su sızmanın səbəbinin isə 34 saylı mənzilin istilik sisteminin qızdırıcı radiatorunun sıradan çıxması müəyyən edilir. Bakı şəhəri, Nərimanov rayonu, N.Hacıyev küçəsi 7 saylı evin, 34 saylı mənzilindən 31 saylı mənzilində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmirbərpa işlərinin təqribi dəyəri bazar qiymətlərinə uyğun olaraq 945 manat məbləğində müəyyən edilir. Tədqiq olunan 31 saylı mənzilin ayrı-ayrı konstruktiv elementləri üzəində su sızma əlamətlərinə aid olan qüsurlarla yanaşı, uzunmüddətli istismar nəticəsində yaranması üçün xarakterik izlərin (əlamətlərin) olduğunu və əmtəə görünüşü baxımından keyfiyyətinin itirilməsini nəzərə alraq müvafiq hesablamalar aparılan zaman göstərilən qüsurlar nəzərə alınmamışdır. Həmçinin rəydə göstərilmişdir ki, tədqiqata təqdim edilmiş İddiaçı tərəfindən tərtib edilmiş aktda malların orta bazar qiyməti nəzəri qaydada təxminən 4966 manat müəyyən edilir. Həmin əşyaların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqat hissəsində göstərilmişdir. Məhkəmə baxışı dövründə iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Elvin Qəhrəmanovun vermiş olduğu 8035/8888 saylı 30 may 2019-cu il tarixli rəydəki boşluğu aradan qaldırmaq məqsədilə məhkəmənin 05.10.2020-ciil tarixli qərardadı ilə əlavə əmtəəşünaslıq ekspertizası təyin edilərək ekspertizanın qarşısında Bakı şəhəri, Nərimanov rayonu, N Hacıyev kuçəsı 7 saylı evın, 34 saylı mənzilindən 31 saylı mənzilə su sızması nəticəsində həmin mənzildə yerləşən əşyalara ziyan dəyibdəymədiyi müəyyən edilməsi, ziyan dəymiş əşyalar aşkar olunduğu halda həmin əşyaların ziyanın məbləği müəyyən edilməsi məsələsinin həlli qoyulmuşdur. Qeyd edilən qərardad əsasında keçirilmiş və apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş 21.04.2021-ci il tarixli 9/4533 saylı ekspertiza rəyinin nəticə hissəsinə əsasən qərardad icrasız Mərkəzdə saxlanılır. Belə ki, rəyin tədqiqi hissəsindən görünür ki, sözügedən qərardadda göstərilən əmlaklara 20.04.2021-ci il tarixdə İddiaçı, X10 və ekspert X4 iştirakı ilə əmlaka baxış keçirilərkən həmin əşyalar barədə iş materiallarında olan 8035/8888 saylı ekspertiza rəyinin nəticəsi ilə narazı olmadığını bildirmişdir. Kollegiya hesab edir ki, sözügedən ekspert rəyi işin digər materialları ilə birgə qiymətləndirildiyində və iddiaçının mənzilinə su sızmasının mənbəyinin məhz cavabdehin mənzilində olduğunun müəyyən edildiyi nəzərə alındığından, bunun mümkün ola biləcək səbəbləri kimi göstərilmiş bütün hallara görə məhz cavabdehin məsuliyyət daşıdığı qənaətinə gəlinməsi normaldır və bu zaman konkret səbəbin hansı olduğu əhəmiyyətli deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçının mənzilinə su sızmasının onun təqsiri olmadan baş verdiyini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür, lakin onun bununla əlaqədar irəli sürdüyü dəlillər mötəbər sübutlarla təsdiqlənir. Kollegiya xüsusilə qeyd edir ki, apellyasiya icraatı dövründə cavabdehin vəsatəti üzrə onun cavabdeh Nərimanov MKİB-nin 30 saylı MİS-nə qarşı və üçüncü şəxs “xxxx” ASC cəlb edilməklə vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsinə Nərimanov rayon məhkəməsində baxılana kimi işin icraatı dayandırılmış və sonradan apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş həmin məhkəmənin 07.02.2020-ci il tarixli qətnaməsindən məlum olmuşdur ki, iddiaçı Cavabdeh Nərimanov MKİB-nin 30 saylı MİS-ə qarşı və üçüncü şəxs “xxxx” ASC cəlb edilməklə vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh tutularaq “X3, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************” hesabına keçirilməsi qət edilmişdir. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, maddi ziyanın müəyyən edilməsi hissədə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı sayla bilməz. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbinin maddi zərərin (əşyalara vurulmuş ziyanın) vurulması hissəsi üzrə maddi və prosessual hüquq normalarınını tələblərinə riayət etməyərək həmin hissə ilə bağlı tam və ətraflı araşdırma aparmamış, iddiaçının dəlillərinə dizgün hüquqi qiymət verməmişdir. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qeyd edilən hissədə ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə çıxarılaraq cavabdehdən iddiaçının xeyrinə 4966 manat tutulmalı, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalı, cavabdehin isə apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, qalan hissələrdə qətnamə qanuni olmaqla olmaqla işin hallarına uyğundur, cavabdehin apellyasiya şikayətində irəli sürülən dəlillər isə mahiyyətcə düzgün olan qətnamənin həmin hissələrdə ləğvi üçün əsas ola bilməz. Eyni zamanda kollegiya hesab edir ki, məhkəmə xərcləri Mülki Prosessual Məcəllənin 119-cu maddəsinin tələblərinə uyğun bölüşdürülmüşdür, apellyasiya baxışı zamanı yaranmış xərclər isə apellyatora aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4008/2018 saylı iş üzrə qəbul etdiyi 05 dekabr 2018-ci il tarixli qətnaməsi maddi ziyanın məbləğinin müəyyən edilməsi, yəni əşyalara dəymiş zərərin təmin edilməməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, N.Hacıyev küçəsi 7 saylı evin, 34 saylı mənzilindən 31 saylı mənzilə su sızması nəticəsində əşyalara dəymiş zərərin əvəzi olaraq 4966 manat İddiaçı xeyrinə tutulsun. Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid olunsun. Ekspertiza tədqiqatlarının dəyəri 100 manat İddiaçı və Cavabdeh müştərək qaydada dövlət büdcəsinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar