Məhkəmə qərarları › İş №2(103)-620/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-620/2025

14.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-620/2025 14.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), X9 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 və vəkili https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3143209Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli, 2(001)-4507/2024 nömrəli qətnaməsindən Cavabdeh MMMC-nin verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. X2 mülkiyyətində olan “Ford Fusion” minik markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iddiaçının etibarnaməli idarəçiliyindədir. Bu barədə ona 21 iyun 2022-ci il tarixdə 3 il 6 ay 15 gün müddətinə nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə verilmişdir.

2. 01 iyun 2024-cü il tarixdə küləkli hava şəraitində ünvan 1 ünvanında yerləşən binanın fasadından daşlar qoparaq qeyd edilən nəqliyyat vasitəsinin üzərinə düşmüşdür. Hadisə nəticəsində nəqliyyat vasitəsinə zərər dəymişdir. İddiaçı 200 manat vəsait ödəməklə "xxxx" MMC-də nəqliyyat vasitəsinə dəymiş zərəri qiymətləndirmiş və sonuncunun qiymətləndirmə aktına görə nəqliyyat vasitəsinə 3506 manat zərər dəydiyi müəyyən edilmişdir.

3. Cavabdeh MMMC 12 noyabr 2018-ci il tarixdə qeyri-kommersiya qurumlarının dövlət reyestrində qeydə alınmışdır və onun fəaliyyəti ünvan 1 ünvanında yerləşən yaşayış binasını birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni həyata keçirməkdən və qanunvericilikdə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verməkdən ibarətdir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, avtomobilinə dəymiş 3506 manat məbləğində zərərin, hesablanmış 420 manat taksi xərcinin, dəymiş ziyanın hesablanması ilə bağlı qüsur aktının alınması üçün ödənilmiş 200 manat məbləğin, ödənilmiş 61,26 manat dövlət rüsumunun Cavabdeh MMMC-dən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, faktiki yaşadığı ünvan 2 ünvanda binanın daxili həyət hissəsində arvadının mülkiyyətində olan və xx.xx.2022-ci il tarixli 143978 nömrəli etibarnamə əsasında idarə etdiyi **-LT-*** qeydiyyat nömrəli Ford Fusion markalı avtomobilinin üzərinə bina fasadı sökülərək düşməsi ilə xx.xx.2024-cü il tarixdə saat 18:30 radələrində yaşayış kompleksinin idarəedici şirkəti tərəfindən vəzifələrinin lazımınca yerinə yetirilməməsi nəticəsində xeyli ziyan dəymişdir. Mənzil Məcəlləsinin 142.2-ci maddəsinə əsasən razılaşdırılmış müddət ərzində haqqı ödənilməklə, binanın ümumi əmlakının lazımı saxlanması və təmiri üzrə xidmətlər göstərməyi və işlər yerinə yetirməyi, həmin binanın sahə mülkiyyətçilərinə və binanın sahələrindən istifadə edən şəxslərə kommunal xidmətlər göstərməyi, çoxmənzilli binanın idarə edilməsi məqsədlərinə nail olmağa yönəlmiş digər fəalliyyəti həyata keçirməyi idarəedici təşkilat öhdəsinə götürür. Odur ki, Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq, idarəedici təşkilat binanın fasadının vəziyyətini mütəmadi olaraq yoxlamaq, problemləri müəyyən etmək və aradan qaldırmaqvə vaxtında təmir işləri aparmağa borcludur. İdarəetmə şirkəti binanın fasadını vaxtında yoxlamaq və təmir etmək öhdəliyini yerinə yetirməməsi nəticəsində, 01 iyun 2024-cü il tarixdə saat 18:30-da binanın sonuncu mərtəbəsinin fasadının bir hissəsi uçaraq avtomobilinin üzərinə düşərək ziyan vurmuşdur. Avtomobilin zədələnməsi onu yararsız vəziyyətə salıb və nəticədə bu müddət ərzində işə gedib-gəlmək və ailə üzvlərini şəhər içi və kənarı daşımaq üçün əlavə taksi xərclərinin yaranmasına səbəb olub.

6. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, iddiaçı X3 iddia tələbində faktiki yaşadığı ünvan 3 ünvanında binanın daxili həyət hissəsində həyat yoldaşının mülkiyyətində olan 21 iyun 2022-ci il tarixli, 143978 nömrəli etibarnamə əsasında idarə etdiyi ** LT *** qeydiyyat nömrəli, VİN 3FA6POK99GR235854 Ford Fusion markalı avtomobilinin üzərində binanın fasatı sökülərək düşməsi ilə 01 iyun 2024-cü il tarixdə saat 18:30 radələrində yaşayış kompleksinin idarəedici şirkəti tərəfindən vəzifələrin lazımınca yerinə yetirməməsi nəticəsində xeyli miqdarda ziyan dəyməsini qeyd etmişdir. İddiaçı X1 avtomobil mülkiyyətində deyil, yalnız etibarnamə ilə idarə edir. Zərərçəkmiş şəxs avtombil sahibi onun xanımıdr. Hazırkı vəziyyətdə X3 iş üzrə zərərçəkmiş şəxs kimi tanına bilməz. 01 iyun 2024- cü il tarixdə narıncı hava şəraitinin olması ilə bağlı Televiziya Kanallarında və Sosial şəbəkə üzərindən əhali xəbərdalıq edilmişdir. Xəbərdarlıqda sürücülürən hava şəraitinə uyğun avtomobillərinin tənzimlənməsini eyni zamanda aşma və qopma ehtimalı olan ağac və binaların yaxınlığında saxlamamaları tövsiyyə edilmişdir. Baş vermiş hadisə binada təmir işləri görülərkən deyil hava şəraitinin vəziyyəti ilə əlaqdər olmuşdur. Həmçinin iddiaçının həyat yoldaşı (və yaxud özü tərəfindən) avtomobilin saxlanılması üçün düzgün mövqe seçilməmişdir. Belə ki, avtomobil binaya bitişik şəkildə ara məsafəsi gözlənilmədən saxlnanılmışdır. Halbuki, həyətdə avtomobilllərin saxlanılması üçün binadan təxminən 4-5 metr aralı məsafədə ödənişsiz avtomobil dayanacaqları nəzərdə tutulmuşdur. İddiaçı isə avtomobili göründüyü kimi binanın tam yaxın məsafədə saxlamışdır. Bu da həm bina sakinləri, həm də avtomobil sahibi üçün təhlükəlidir. Hadisə cavabdehin səhvindən yox, məhz avtomobil sahibinin səhlənkarlığının nəticəsidir, fors major hadisəsidir. İddiaçı iddia ərizəsində günlük ortalama 30 manat taksi xidmətindən istifadə edərək 420 manat ödəniş apardığını göstərir, lakin iş materiallarında taksi xidmətinə ödənişlə bağlı hər hansı ödəniş qəbzini əlavə etməsi müəyyən edilmir. İddiaçı özü hal-hazırkı dövrədək cavabdehə kommunal xidmətlərlə bağlı hər hansı bir ödəniş etmir.

7. AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10 sentyabr 2024-cü il tarixli rəyinə əsasən, “Ford Fusion” minik markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəyən zərərin həcminin 3506 manat olduğu müəyyən edilmişdir.

8. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli, 2(001)- 4507/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, 3706 manat pul vəsaiti və 57 manat dövlət rüsumu Cavabdeh MMMC-dən tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

9. Qətnamənin əsaslarına görə, iddiaya etirazın dəlillərindən biri ondan ibarətdir ki, zərərin vurulmasında cavabdehin təqsiri yoxdur. Bu hissədə məhkəmə cavabdehin etirazını ona görə əsassız hesab edir ki, Cavabdeh MMMC-nin nizamnaməsinin 2.2.3-cü bəndində qeyd edilmişdir ki, yaşayış binasının daxili və xarici divarlarının, zirzəmi və damlarının, həmçinin giriş bloklarının təmir olunması və işıqlandırılması cəmiyyətin fəaliyyətinin tərtkib hissəsinə aiddir. Bundan başqa çoxmənzilli binanın ümumi əmlakının lazımi sanitariya və texniki vəziyyətini təmin etmək cəmiyyətin vəzifəsidir. Cəmiyyət 2018ci ildən çoxmənzilli binanın ümumi əmlakının saxlanılmasından, təmirindən, texniki vəziyyətini təmin etməkdən məsuldur. Binanın daha əvvəl tikilmiş olması işin mübahisəsiz halıdır və keçən müddət ərzində Bakı şəhərində dəfələrlə güclü küləyin əsməsi, tikilinin illər keçdikcə erroziyaya məruz qalması sübut edilməyə ehtiyacı olmayan faktdır. Odur ki, məhz bu hadisə zamanı binanın qüsuru ilə bağlı cavabdehin etirazı əsassızdır. Hansı ki, binanın hava(su ilə) ilə təmas edən hissəsinə mütəmadi olaraq texniki qulluq edilməsinin zəruriliyi hamıya bəlli olan haldır. Bu səbəbdən də məhkəmə hesab edir ki, binanın xarici divarından fasad örtüyünün uçması onun lazımınca saxlanmamasından irəli gəlmişdir. Cavabdehin digər etirazı iddiaçının subyektiv hüququnun olmaması ilə bağlıdır ki, məhkəmə bu hissədə də cavabdehin etirazını əsassız hesab edir. Belə ki, işin halları ilə müəyyən edilmişdir ki, nəqliyyat vasitəsi iddiaçının qanuni sahibliyində olmuşdur. Əşya ilə əlaqədar yaranan əmlak hüquqlarının təkcə mülkiyyətçiyə deyil, həm də əmlaka qanuni əsaslarla sahiblik edən şəxsə də mənsub ola bilməsi, qanunvericilikdə bu hüquqların istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilməsinin nəzərdə tutulması qanuni sahiblərin də əmlak hüquqları ilə bağlı mənafelərinə dəyən zərərə görə tələb hüququnun olmasını göstərir. Cavabdehin etirazının digər dəlilləri isə (piyada keçidində saxlama, kommunal xidmətləri ödəməmə, müqavilənin olmaması) hazırki mübahisədə mülki hüquq pozuntusu nəticəsində vurulan zərərin əvəzinin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Məhkəmə o qənaətə gəlmişdir ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçıya 3506 manat məbləğində zərər dəydiyi tədqiq edilmiş sübutlar əsasında müəyyən edildiyindən iddia həmin hissədə əsaslıdır. Bunun davamı olaraq məhkəmə vurulmuş zərərin qiymətləndirilməsi ilə bağlı iddiaçının çəkdiyi xərcin cavabdehdən tutulması hissəsində də iddianı əsaslı hesab edir. Hansı ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı bununla bağlı 200 manat vəsait ödəmişdir və bu iddia verilən zaman tələbini əsaslandırmaq üçün zərurətdən irəli gəlmişdir. Bununla belə, məhkəmə iddiaçının taksi xərclərinə görə tələb etdiyi 420 manat vəsaiti əsassız hesab edir. Belə ki, iddiaçı tələbinin həmin hissəsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

10. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 157, 1096, 1097, 1111.1, 1115-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilməsini və iddianın təmin edilən hissədə rədd olunmasını xahiş etmişdir.

12. Şikayətin dəlillərinə görə, qanunverici məsuliyyət daşıyan əsas qurum kimi binanın sahibi anlayışı işlətmişdir və məsuliyyətin yaranması üçün əlavə şərtlər irəli sürmüşdür. Cavabdeh binanın sahibi deyildir və sözügedən iddia tələbinin binanı tikən şirkətə qarşı qaldırılması daha məqsədəmüvafiq olardı. Çünki məhz tikinti şirkətinin təqsiri nəticəsində hadisə baş vermiş və baş vermiş hadisədə cavabdeh təşkilatın hər hansı bir təqsiri yoxdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Digər tərəfdən məhkəmənin qətnaməsində qeyd etdiyi aşağıdakıməsələ olduqca mühüm əhəmiyyət kəsbs etməklə bir növ mülki işin taleyinə aydınlıq gətirir : “11. İşin mübahisəsiz halı ondan ibarətdir ki, hadisə baş verən vaxt hava şəraiti küləkli olmuşdur, binanın fasadında gözlə görünən qüsur olmamışdır, avtomobilə zərər dəymişdir, iddiaçı həmin binada yaşayır, onunla MMMC arasında müqavilə yoxdur, iddiaçının kommunal ödənişlərə görə borcu vardır.” Göründüyü kimi qətnamədə də yazılan formada binanın fasadında hər hansı qüsur olmamışdır. Belə olan halda qüsur olmayan bir yerin təmiri məsələsini ortaya ataraq iddia tələbini təmin edən məhkəmə yalnışlığa yol vermişdir. Digər tərəfdən bildirmək istərdik ki, Mülki Məcəllənin 1111.1-ci maddəsinə əsasən, binanın sahibi binanın tamamilə və ya ayrı-ayrı hissələrinin uçması nəticəsində əmələ gələn zərərin əvəzini ödəməyə borcludur, amma zərərin binanın lazımınca saxlanmamasından və ya qüsurundan irəli gəlmədiyi hallar istisna təşkil edir. Hadisənin baş verməsinin əsas səbəblərindən biri kimi, iddiaçının avtomobilini müəyyənləşdirilmiş yerdə deyil piyada səkisi üstündə saxlamasını göstərmək olar. Belə ki, avtomobilin saxlanmasının qadağan edildiyi piyada səkisində avtomobilini saxlayaraq iddiaçı qanunvericiliyin tələblərini pozmuş və təqsirli hərəkət etmişdir. Halbuki binanın həyətində avtomobillərin saxlanması üçün kifayət qədər yerlər vardır. Eyni zamanda bildirmək istərdik ki, qanunverici 1111.1-ci maddədə məsuliyyətin yaranmasına şərt qoymuşdur: binanın lazımınca saxlanmamasında və ya qüsurundan irəli gəlmədiyi halların istisna təşkil etməsi. Həmin maddədə məsuliyyətin subyekti binanın sahibi olsa da bildirmək istərdik ki, məhkəmənin qeyd etdiyi kimi binanın fasadında gözlə görülən hər hansı qüsur olmamışdır. Gözlə görünən hər hansı qüsur olmayan yerin təmir edilməsi isə ağlabatanlılıq prinsipi ilə ziddiyyət təşkil edir. Bununla yanaşı hadisənin baş verməsinin cavabdehin təqsiri ucbatından, avtomobilini məhz səkidə saxlamasından yaranması da məhkəmə tərəfindən gözardı edilmişdir. Bir qısa əsaslandırma da iddiaçının iddia tələbini əsaslandırdığı iddia ərizəsi barədə etmək istərdik. iddiaçı iddia tələbini əsaslandırarkən Mənzil Məcəlləsinin müvafiq maddəsini təhrif edərək, öz xeyrinə olacaq şəkildə yarım hissəsini yazmış və buna əsasən dəymiş zərərin ödənilməsini tələb etmişdir. Belə ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi Mənzil Məcəlləsinin 142.2-ci maddəsinin tam mətni aşağıdakı kimidir: “Çoxmənzilli binanın idarə edilməsi müqaviləsinə əsasən bir tərəf (idarəedici təşkilat) digər tərəfin (binanın sahə mülkiyyətçilərinin, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanlarının və ya mənziltikinti kooperativinin idarəetmə orqanlarının və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanlarının) tapşırığı ilə razılaşdırılmış müddət ərzində haqqı ödənilməklə, həmin binanın ümumi əmlakının lazımi saxlanması və təmiri üzrə xidmətlər göstərməyi və işlər yerinə yetirməyi, həmin binanın sahə mülkiyyətçilərinə və binanın sahələrindən istifadə edən şəxslərə kommunal xidmətlər göstərməyi, çoxmənzilli binanın idarə edilməsi məqsədlərinə nail olmağa yönəlmiş digər fəaliyyəti həyata keçirməyi öhdəsinə götürür.” Göründüyü kimi sözügedən maddədəki öhdəliklərin yaranması üçün qanunverici müqavilənin olmasını əsas kimi göstərmişdir. Yəni həmin maddə üzrə öhdəliyin mövcud şərti ilkin olaraq müqavilə bağlanmasıdır. İddiaçı bu maddəni təhrif etmiş və maddənin ortasından etibarən yazmaqla məhkəməni çaşdırmağa cəhd göstərmişdir. İddiaçı cavabdeh təşkilat olan Cavabdeh ilə idarə edilmə müqaviləsi bağlamaqdan yayınmaqdadır və buna uyğun olaraq xidmətlərin göstərilməsi üçün xidmət haqqını ödəmir. Belə olan halda olmayan müqavilə üzrə hər hansı öhdəliyin tələb edilməsi qanuna zidddir və rədd edilməlidir. Məhkəmə prosesi davam edərkən məhkəməyə etiraz təqdim etmişdir və iddiaçının iddia qaldırmaq üçün subyektiv hüququnun olmadığını bildirmişdik. Məhkəmə bu məsələyə aşağıdakı kimi münasibət bildirmişdir: “Belə ki, zərər vurulan nəqliyyat vasitəsi iddiaçının qanuni sahibliyində olmuşdur və onun Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqlarımülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.4-cü maddəsinə görə, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.” Məhkəmənin əsaslandırması ilkin baxışdan qənaətbəxş təsir bağışlasa da işin dərinliyinə getdikdə yetərsiz qaldığı anlaşılır. Konstitusiya Məhkəməsinin Plennumu iddiaçının subyeltiv hüququnun olub olmamasını aşağıdakı kimi gözəl izah edir: “Mülki Məcəllənin 748-7.1-ci maddəsinə görə, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlıməsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. İş materiallarından da görünür ki, N.Qədirovla “X8” MMC arasında bağlanmış 7 may 2012-ci il tarixli maliyyə icarəsi (lizinqi) müqaviləsinin 5.3.1-ci maddəsində əmlakdan dolayırisklər üzrə məsuliyyətin daşıyıcısı kimi lizinq alan müəyyən edilmişdir. Beləliklə, lizinq predmeti olan avtomobilə zərər yetirilməsi ilə nəticələnən əmlak risklərini müqavilə üzrə qanuni sahib olaraq lizinq alan daşıdığından, o, mülkiyyətçinin qanunvericiliklə tanınan hüquqlarından, eləcə də həmin əmlaka dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan istifadə etmək imkanına malik olmalıdır.” Göründüyü kimi Konstitusiya Məhkəməsinin Plennumu dəymiş zərərin əvəzinin ödənilməsi üçün subyektiv hüququn mülkiyyətçiyə deyil qanuni sahibə keçməsi üçün bir sıra şərt müəyyən etmişdir ki, bunlardan ən əsası da müqavilədir. Belə ki, Plennum qərarında iddiaçı lizinq müqaviləsi üzrə əmlakdan dolayırisklər üzrə məsuliyyətin daşıyıcısı kimi iddiaçımüəyyən edilmişdir. Konstitusiya Məhkəməsinin plennum qərarını hazırki işə tətbiq etsək görərik ki, İddiaçı avtomobilin mülkiyyətçisi ilə belə bir müqaviləsi mövcud olmamışdır. Buradan da belə anlaşılır ki, N.Qədirovun şikayəti üzrə Azərbaycan RespublikasıAli Məhkəməsinin Mülki Kollegiyasının 10 mart 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin plennumunun 18 dekabr 2017-ci il tarixli qərarına əsasən İddiaçı iddia qaldırmaq üçün subyektiv hüququ olmamışdır. S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan RespublikasıAli Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2015-ci il tarixli, Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsinin Plennum qərarına əsasən, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göründüyü kimi iddia qaldıran şəxsin ilk öncə belə bir hüququ olubolmadığı araşdırılmalıdır. Konstitusiya Məhkəməsinin sözügedən qərarını cari işə tətbiq etsək aydın olur ki, iş materiallarındakı sənədlərlə iddiaçının subyektiv hüququ yoxdur və belə olan halda iddaçının belə bir iddia qaldırmaq hüququ istisna edilir

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz iddia ərizəsində qeyd olunan xüsusatlarla əsaslandırılmışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Cavabdehin nümayəndəsi X7 və vəkili https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3143209Vəkil apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir.

15. Cavabdehin nümayəndəsi X7 və vəkili https://ecms.justice.loc/Cases/Default.aspx?caseId=3143209Vəkil apellyasiya şikayətinin dəlilləri ilə razı olmadıqarını bildirərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır; Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; Maddə 1111.1. Binanın sahibi binanın tamamilə və ya ayrı-ayrı hissələrinin uçması nəticəsində əmələ gələn zərərin əvəzini ödəməyə borcludur, amma zərərin binanın lazımınca saxlanmamasından və ya qüsurundan irəli gəlmədiyi hallar istisna təşkil edir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

17. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 123.0. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin vəzifələri aşağıdakılardır: 123.0.1. bu fəslin, digər qanunların, başqa normativ hüquqi aktların, habelə cəmiyyətin nizamnaməsinin tələblərinin yerinə yetirilməsini təmin etmək; 123.0.2. mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvləri olmayan çoxmənzilli binanın sahə mülkiyyətçiləri ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və təmiri haqqında müqavilələr (bu Məcəllənin 141-1.1-ci maddəsində nəzərdə tutulmuş qaydanın müvafiq müddəaları nəzərə alınmaqla) bağlamaq; 123.0.3. qanunvericiliklə nəzərdə tutulmuş qaydada müqavilə üzrə öhdəlikləri yerinə yetirmək; 123.0.4. çoxmənzilli binanın ümumi əmlakının lazımi sanitariya və texniki vəziyyətini təmin etmək; 123.0.5. çoxmənzilli binanın bütün sahə mülkiyyətçiləri tərəfindən onların çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda paylarına mütənasib olaraq ümumi əmlakının saxlanılması və təmiri üzrə vəzifələrinin yerinə yetirilməsini təmin etmək; 123.0.6. ümumi əmlaka sahiblik, ondan istifadə və barəsində sərəncam vermək qaydası müəyyən edilərkən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin hüquqlarına və qanuni mənafelərinə riayət edilməsini təmin etmək; 123.0.7. sahə mülkiyyətçilərinin çoxmənzilli binanın ümumi əmlakına sahiblik, ondan istifadə və qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam vermək hüquqlarının həyata keçirilməsini çətinləşdirən və maneçilik törədən üçüncü şəxslərin hərəkətlərinin qarşısının alınması və ya bu kimi hərəkətlərə son qoyulması üçün zəruri tədbirlər görmək; 123.0.8. çoxmənzilli binanın sahə mülkiyyətçilərinin qanuni mənafelərini, o cümlədən üçüncü şəxslərlə münasibətlərdə təmsil etmək.

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”

Apellyasiya baxışının hədləri

20. Apellyasiya şikayəti ilə qətnamənin yalnız təmin olunan hissədə ləğv edilməsi xahiş edildiyindən, məhkəmə aktı yalnız həmin hissədə apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

22. Apellyasiya şikayətinin dəlilləri iddiaya etirazın əsasları ilə eynilik təşkil edir və bu dəlillər baxımından araşdırılmalı olan ilkin məsələ subyektiv hüququn, sonra isə cavabdehin təqsirinin mövcud olub – olmamasıdır.

23. Subyektv hüquq baxımından birinci instansiya məhkəməsi düzgün olaraq Mülki Məcəllənin 157-ci maddəsinə istinad edərək bu nəticəyə gəlmişdir ki, əşya ilə əlaqədar yaranan əmlak hüquqlarının təkcə mülkiyyətçiyə deyil, həm də əmlaka qanuni əsaslarla sahiblik edən şəxsə də mənsub ola bilməsi, qanunvericilikdə bu hüquqların istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilməsinin nəzərdə tutulması qanuni sahiblərin də əmlak hüquqları ilə bağlı mənafelərinə dəyən zərərə görə tələb hüququnun olmasını göstərir.

24. Təqsir məsələsi ilə bağlı məhkəmə kollegiyası onu qeyd edir ki, Mənzil Məcəlləsinin 123.0 və 123.0.4-cü maddəsinə əsasən çoxmənzilli binanın ümumi əmlakının lazımi sanitariya və texniki vəziyyətini təmin etmək mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin vəzifəsidir. Eyni müddəa cavabdehin nizamnaməsində də nəzərdə tutulmuşdur. Məhz bu normanın tələbinə əsasən binanın hava (su ilə) ilə təmas edən hissəsinə mütəmadi olaraq texniki qulluq edilməsinin zəruriliyi hamıya bəlli olan haldır, binanın xarici divarından fasad örtüyünün uçması onun lazımınca saxlanmamasından irəli gəlmişdir.

25. Apellyasiya şikayətinin digər dəlilləri yuxarıda qeyd olunduğu kimi etirazın əsasları ilə eyniyyət təşkil etdiyindən və birinci instansiya məhkəməsinin qətnaməsi ilə bu dəlillər düzgün qiymətləndirildiyindən məhkəmə kollegiyası əlavə araşdırma və əsaslandırmaya zərurət görmür.

26. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı və qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

27. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli, 2(001)- 4507/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli, 2(001)- 4507/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar