Məhkəmə qərarları › İş №2(103)-6202/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6202/2023

04.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6202/2023 04.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2017-ci ilin may ayında hərbi xidmətdə olarkən ona vurulmuş mənəvi zərərə görə 100000 manat məbləğində kompensasiyanın və 53825 manat maddi ziyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Səbail Rayon Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli qərardadı ilə (hakim M.Bağırova, iş № 2(009)-1417/2023) iş üzrə icraata xitam verilmişdir. İddiaçı şikayət verərək qərardadın ləğv olunmasını və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1117-ci və həmin Məcəllənin 60-cı fəslinin digər maddələrinə istinad edərək tərəflər arasında bağlanmış 3 illik müqavilə öhdəliklərinə zidd olaraq özünün həqiqi hərbi xidmətdə olduğu orqanın hərəkətsizliyi nəticəsində ziyan gördüyünü iddia etmişdir. İddia inzibati orqanın hərəkətsizliyi ilə əlaqələndirilsə də, iddia olunan ziyan inzibari orqan kimi çıxış edən Müdafiə Nazirliyinin inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində deyil, tərəflər arasında bağlanmış xüsusi müqavilə öhdəliklərinin pozulması nəticəsində vurulmuşdur. Tərəflər arasındakı münasibətlər zahirən inzibati hüquq, yəni publik hüquq münasibətləri kimi görünsə də, onun tələb etdiyi ziyanın vurulması inzibati orqanın inzibati icraat sahəsindəki fəaliyyətindən, yaxud fəaliyyətsizliyindən irəli gəlməmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 sentyabr 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin olunmamalı və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsinin iş üzrə icraata xitam veriməsi barədə mövqeyi əsaslı olmuşdur. Şikayətçinin göstərdiyi hallar mübahisələndirilən qərardadın ləğvi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi inzibati orqan olduğundan, hazırkı mübahisə cavabdehin hərəkəti (hərəkətsizliyi) ilə bağlı münasibətlərdən törəndiyindən, məhkəmə hesab edir ki, hazırkı iddiaya mülki prosessual qanunvericiliyin tələbləri qaydasında deyil, inzibati prosessual qanunvericiliyin tələbləri qaydasında baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 saylı qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyi inzibati orqandır. Mülki prosessual qanunvericiliyə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir (MPM-in 261.0.1-ci maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verməklə qanuni və əsaslı nəticəyə gəlmiş, prosessual hüquq normasını düzgün tətbiq etmişdir. Şikayətin dəlillərinə münasibətdə Kollegiya qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu maddənin də məzmunundan göründüyü kimi hazırkı iş üzrə mübahisələndirilən hüquq münasibətinin həlli inzibati məhkəmənin səlahiyyətinə aiddir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar