Məhkəmə qərarları › İş №2(103)-6204/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6204/2022

27.09.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6204/2022 27.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, X3 qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, e-2(006)-2777/2022 saylı qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları İddiaçı X4 cavabdehlər Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-yə, İddiaçı, Cavabdeh BOKT ASC-yə qarşı (Sumqayıt Şəhəri üzrə İcra idarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 12 nömrəli mənzil üzərində 09 dekabr 2009-cu il tarixli 464pbs nömrəli ipoteka müqaviləsi əsasında Cavabdeh BOKT ASC-nin xeyrinə edilmiş yüklülüyün ləğv edilməsi və ünvan 2 üzrə ipotekaya xitam verilməsi və İddiaçı adına verilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 iyul 2021-ci il tarixli 2(005)- 1835/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 noyabr 2021-ci il tarixli 2(103)- 9336/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 05 mart 2022-ci il tarixli 2(102)-1239/2022 saylı qərarı ilə kassasiya şikayətləri təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçı Cavabdeh BOKT ASC-yə qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29.535 manat pul vəsaiti və ödənilmiş 181 manat dövlət rüsumunun Cavabdeh BOKT ASC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" MMC-nin keçirdiyi hərracda o, ünvan 2 ünvanda yerləşən mənzili əldə etmiş, buna dair «Hərracın yekunları barədə» xx.xx.2021-ci il tarixli 21/02 saylı Prorokol tərtib edilmiş, əmlakın satış qiyməti 30.050 manat müəyyən edilmiş, hərrac təşkilatı ilə aralarında «Hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə» xx.xx.2021-ci il tarixli müqavilə imzalanmış və müqavilə dəyəri 30.050 manat göstərilmişdir. Həmin müqaviləyə əsasən o, əmlakı əldə etmək üçün sifarişçi təşkilat olan Sumqayıt şəhəri üzrə İcra İdarəsinin depozit hesabına 30.050 manat ödəmişdir, bundan sonra əldə etdiyi mənzilə dair mülkiyyət hüququ barədə çıxarış almışdır. Mənzilin keçmiş mülkiyyətçisi X4 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə «mənzil üzərində yüklülüyün ləğv edilməsi, ipotekaya xitam verilməsi və İddiaçı adına verilmiş çıxarışın etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş, məhkəmənin 06 iyul 2021-ci il tarixli 2(005)-1835/2021 saylı qətnaməsi ilə iddiası təmin edilmiş və onun adına olan çıxarış etibarsız hesab edilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə tərəfindən dəyişiklik edilmədən saxlanmışdır. Qətnamə icra olunmuş və onun adına verilmiş çıxarış etibarsız hesab edilərək mülkiyyət hüququna xitam verilmişdir. Bundan sonra o, İcra İdarəsinə müraciət edərək həmin müqavilə nəticəsində idarənin depozitinə ödədiyi pulu geri tələb etmişdir. İcra İdarəsi ona məlumat vermişdir ki, həmin pul Cavabdeh BOKT ASC-nin hesabına köçürülmüşdür. O, Cavabdeh BOKT ASC-dən pulunu tələb edəndə isə cavabdeh bildirmişdir ki, həmin hesabdadır və bu pulu yalnız məhkəmə qətnaməsi əsasında geri qaytara bilərlər. Ona görə də, o, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Onunla hərrac təşkilatı arasında bağlanmış müqaviləyə əsasən onun vəsaiti son nəticədə cavabdehin hesabına köçürülmüşdür, hazırda həmin əmlakın ipotekasına məhkəmə qətnaməsinə əsasən xitam verilmişdir və onun adına verilmiş çıxarış ləğv edilmişdir. Bu halda, həmin müqavilə əsasında ödədiyi vəsait cavabdeh tərəfindən ona qaytarılmalıdır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, e-2(006)-2777/2022 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 29.535 manat pul vəsaiti və ödənilmiş 180 manat 15 qəpik dövlət rüsumu Cavabdeh BOKT ASC-dən İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə məhkəmə hesab etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Bu səbəbdən, məhkəmə hərracın yekunları barədə 26 fevral 2021-ci il tarixli 21/02 saylı protokol, eyni tarixli hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə müqavilə, iddiaçının adına xx.xx.2021-ci il tarixdə verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və s. sənədlərin sadalanmasına zərurət yoxdur. İddia dövlət rüsumu tutulmasına dair hissədə qismən əsaslıdır. Belə ki, ödəniş qəbzindən göründüyü kimi, məhkəmədə iddia qaldırılması üçün 180 manat 15 qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3 və 217-ci maddələri ilə əsaslandırmışdır. Apelyasiya instansiyası məhkəməsində icraat: Qətnamədən cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı "Külək” MMC-nin keçirdiyi hərracda iştirak edərək Sumqayrt şəhəri, 9-cu mkr, Ev 9e ünvanrnda yerləşən 12 sayh mənzili əldə etmişdir. Həmin əmlakın hərraca çıxarılmasına dair sifarişi isə icra şobəsi vermişdir. Sumqayrt şəhər icra idarəsinin sifariş məktubu əsasında keçirilən hərracda alınan əmlaka dair problem çıxdıqdan sonra iddiaçının Cavabdeh BOKT ASC-ə qarşı pul tələbinə dair iddia qaldırması əsassızdır. Məhkəmə öz qətnaməsinin 3-cü səhifəsində Sumqayıt şəhər İcra İdarəsinin xx.xx.2022-ci il tarixli, 7925/07 saylı məktubuna istinad edərək İddiaçı depozit hesaba köçürdüyü 30.050 manatın 29535 manat hissəsinin "xxxx" ASC-nə ödənilməsi qənaətinə gəlməsi yanlışdır. Məhkəmə qətnaməsini icra etməli olan İcra Şöbəsi tərəfindən əmlak hərraca çıxarılan zaman ortaya çıxan problemlərə görə "xxxx" ASC məsuliyyət daşıya bilməz. Proses iştirakçılarının izahatı: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi verilmiş apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə kollegiyasının iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Qətnamədən cavabdeh tərəf apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirdiyindən qətnamə bütövlükdə yoxlanılır Tətbiq edilən hüquq: Mülki Məcəllənin: 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən maddədə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir. 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. İstinad olunan maddələrin tələblərinə əsasən pul əşya olduğu üçün, əmlak isə istənilən əşyaların toplusu olduğu üçün pul əmlak hesab edilir. Mülki Prosessual Məcəllə: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, işin materiallarından görnür ki, "xxxx" MMC-nin keçirdiyi hərracda iddiaçı ünvan 2 ünvanda yerləşən mənzili əldə etmiş, buna dair «Hərracın yekunları barədə» xx.xx.2021- ci il tarixli 21/02 saylı Prorokol tərtib edilmiş, əmlakın satış qiyməti 30.050 manat müəyyən edilmiş, hərrac təşkilatı ilə aralarında «Hərracın yekunları üzrə əmlakın alğı-satqısı barədə» xx.xx.2021-ci il tarixli müqavilə imzalanmış və müqavilə dəyəri 30.050 manat göstərilmişdir. Həmin müqaviləyə əsasən o, əmlakı əldə etmək üçün sifarişçi təşkilat olan Sumqayıt şəhəri üzrə İcra İdarəsinin depozit hesabına 30.050 manat ödəmişdir, bundan sonra əldə etdiyi mənzilə dair mülkiyyət hüququ barədə çıxarış almışdır. Mənzilin keçmiş mülkiyyətçisi X4 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə «mənzil üzərində yüklülüyün ləğv edilməsi, ipotekaya xitam verilməsi və İddiaçı adına verilmiş çıxarışın etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş, məhkəmənin 06 iyul 2021-ci il tarixli 2(005)-1835/2021 saylı qətnaməsi ilə iddiası təmin edilmiş və onun adına olan çıxarış etibarsız hesab edilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə tərəfindən dəyişiklik edilmədən saxlanmışdır. Qətnamə icra olunmuş və onun adına verilmiş çıxarış etibarsız hesab edilərək mülkiyyət hüququna xitam verilmişdir. Bundan sonra o, İcra İdarəsinə müraciət edərək həmin müqavilə nəticəsində idarənin depozitinə ödədiyi pulu geri tələb etsə də, ona məlumat vermişdir ki, həmin pul Cavabdeh BOKT ASC-nin hesabına köçürülmüşdür İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin depozit hesabına cəmi 30.050 manat və xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin depozit hesabından da Cavabdeh BOKT ASC-nin hesabına 29.535 manat pul köçürülməsi işin mübahisəsih halıdır. Lakin apellyator pulun onun hesabında olmasını inkar etməsə də, şikayətinin əsas dəlili kimi məhkəmə qətnaməsini icra etməli olan İcra Şöbəsi tərəfindən əmlak hərraca çıxarılan zaman ortaya çıxan problemlərə görə "xxxx" ASC məsuliyyət daşıya bilməməsini göstərir. Başqa sözlə, apellyator həmin pulun onun deyil, İcra şöbəsinin qaytarılmasını olmasını işarə edir. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin əsas bu dəlili ilə bağlı qeyd edir ki, qanuni qüvvəsini almış məhkəməsinin qərarından da göründüyü kimi, həmin iş üzrə hərrac qanunsuz keçirilmiş, ipotekaya xitam verilməli olduğu halda xx.xx.2021-ci il tarixli hərracın nəticələrinə dair protokola əsasən E.Məhərrəmoun mənzil əldə etməsi qanunsuz olmuşdur. Göründüyü kimi, məhkəmə qətnaməsini icra etməli olan İcra Şöbəsi tərəfindən əmlak hərraca çıxarılsa da, onun keçirilməsinin qanuniliyinə və nəticələrinə artıq hüquqi qiymət verilmişdir və hərrac zamanı ortaya çıxan problemlərə görə də Sumqayıt şəhəri üzrə İcra İdarəsi də məsuliyyət daşıyıcısı olması məhkəmə qərarından görünmür. Məhkəmə kollegiyası hesab edir ki, əmlak hərraca çıxarılan zaman ortaya çıxan problemlərə görə deyil, onun hesabına keçirilmiş vəsatitin hüquqi əsası məhkəmə qərarlarına görə ləğv edildiyi üçün "xxxx" ASC həmin vəsaitin qaytarılması ilə bağlı məsuliyyət daşıyıcısıdır. Beləliklə də, apellyator şikayətinin dəlillərinin əsaslı olmasına dair hər hansı sübut növünü məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin işin halları baxımından düzgün olaraq bu nəticəyə gəlmişdir ki, mübahisələndirilən vəsaitin cavabdehdə qalmasına hər hansı qanuni əsas mövcud deyildir. Apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə səbəb ola biləcək hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, e-2(006)- 2777/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən Xumar Mərdanova Hakimlər Elnur Həsənov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar