Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6209/2023 12.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı Babazadə Nigar Oqtay qızının cavabdeh Babazadə Baba Oktay oğluna qarşı pul tələbinə dair mülki iş üzrə (açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Qasımov Fərrux Hüseynağa oğlu (sədrlik edən və məruzəçi), Abdıyev Fuad Vilayət oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, iddiaçı Babazadə Nigar Oqtay qızının, onun nümayəndəsi Quliyev Azər Şahbala oğlunun, cavabdehin nümayəndəsi Qasımov Süleyman Ələsgər oğlunun iştirakı ilə, iddiaçı Babazadə Nigar Oqtay qızının cavabdeh Babazadə Baba Oktay oğluna qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 may 2023cü il tarixli, 2(009)-932/2023 nömrəli qətnaməsindən cavabdeh Babazadə Baba Oktay oğlunun verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. “Bank Respublika” Açıq Səhmdar Cəmiyyətinin hesab üzrə çıxarışından görünür ki, Babazadə Nigar Oqtay qızı tərəfindən 14 oktyabr 2021-ci il tarixdə 9000 ABŞ dolları məbləğində pul vəsaiti ölkə xaricinə transfer olunması üçün hesaba mədaxil olunmuşdur.
2. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri Səbail rayonu, Fikrət Əmirov küçəsində yerləşən 1 saylı evin 90,58 kv.m. ümumi sahəsindən ibarət 50 saylı mənzili paylı mülkiyyət hüququ üzrə bərabər paylarla (1/2) Babazadə Nigar Oqtay qızının (08.04.2022-ci ildən) və Babazadə Baba Oktay oğlunun mülkiyyətindədir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Babazadə Nigar Oqtay qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Babazadə Baba Oktay oğlundan onun xeyrinə 9000 ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş gününə manata uyğun məzənnə ilə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, Babazadə Baba Oktay oğlu onun qardaşıdır. B.O.Babazadə hazırda Türkiyə Cumhuriyyətində yaşayır. Anası Elmira Babazadə 04 may 2015-ci il, atası Oqtay Babazadə 21 sentyabr 2021-ci il tarixdə vəfat etmişdir. Cavabdeh atasının vəfatı ilə əlaqədar xeyli vaxt sonra, 13 oktyabr 2021-ci ildə bir günlük Bakıya gəlmiş, maddi vəziyyətinin yaxşı olmadığını, imkanı varsa ona borc pul verməyi, atasından miras qalmış mənzili satarkən aralarında hesablaşacağını bildirmişdir. O, da bununla razılaşmış, səhəri günü qardaşı Bakıdan Türkiyəyə getmişdir. O, da vəd verdiyi kimi 15300 manat ekvivalenti ilə olan 9000 ABŞ dolları məbləğində pulu “Bank Respublika” ASC-nin Nəsimi filialı vasitəsilə Türkiyədə yaşayan cavabdehə göndərmişdir. Onunla əlaqə saxlayarkən cavabdeh tezliklə Bakıya gəlib bərabər paylı mülkiyyətlərində olan ərizədə göstərdiyi ünvandakı mənzili aralarında razılıqla satacağını və ondan aldığı pulu da onun payına əlavə hesablayacağını deyirdi. Lakin sonradan, konkret olaraq 25 yanvar 2023-cü il tarixdə özünü cavabdehin vəkili adlandıran Yusif adlı şəxs ona zəng vuraraq, paylı mülkiyyətdə olan mənzilin aralarında bölünməsi məsələsinin cavabdeh tərəfindən ona həvalə edildiyini bildirmiş və cavabdehin hissəsinin 150000 manat qiymətləndirdiyini və həmin payın əvəzini ona ödəməyi demişdir. O, cavabında bildirmişdir ki, mənzilin real bazar qiyməti əhəmiyyətli dərəcədə aşağıdır, təklifləri real deyil. Belə olduqda vəkil ona cavabdehin payını başqa şəxsə satacaqlarını bildirmişdir. Bundan sonra o, başa düşmüşdür ki, cavabdeh payların ədalətli bölgüsünü istəmir, onu aldatmaq, ondan aldığı 15300 manat pulu da qaytarmaq istəmir. Buna görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
5. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli, 2(009)- 932/2023 nömrəli qətnaməsinə əsasən iddia rədd edilmişdir.
6. Qətnamənin əsaslarına görə, iddiaçı tərəfindən cavabdehin xahişi ilə 14 okytabr 2021-ci ildə “Bank Respublika” ASC-nin pul köçürməsi xidməti vasitəsi ilə 9000 ABŞ dolları (15.300 manat) məbləğində pul köçürülmüşdür. Həmin pul məbləğlərini hazırda Türkiyə Respublikasında yaşayan cavabdehə borc kimi göndərmiş və cavabdeh həmin pulu atalarından miras qalmış mənzilin satandan sonra geri qaytarmaq barədə öhdəlik götürsə də, həmin öhdəliyi yerinə yetirməmişdir. Bu səbəbdən iddiaçı həmin pulun cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, həqiqətən də iddiaçı tərəfindən cavabdeh Babazadə Baba Oktay oğluna (Romanov Boris Oktayeviçə) 14 oktyabr 2021-ci il tarixdə 9000 ABŞ dolları məbləğində pul “Bank Respublika” ASC-nin pul köçürmələri xidməti vasitəsi ilə köçürülmüş, lakin həmin hesaba həmin vaxtdan sonra hər hansı pul vəsaiti mədaxil edilməmişdir. Cavabdeh ona iddiaçı tərəfindən köçürülmüş pulu qəbul etsə də, hazırki vaxtadək onu iddiaçıya qaytarmamışdır. Tərəflər arasında olan münasibətlər borc münasibətləri olmuşdur və onlar arasında bu münasibətlər yazılı formada rəsmiləşdirilməsə də, iddiaçı tərəfindən cavabdehə pul köçürmə xidməti vasitəsi ilə göndərilmiş pul məbləği yazılı formada bağlanmış əqdə bərabər tutulmalıdır. Belə ki, iddiaçı tərəfindən pul köçürülən zaman cavabdeh xarici ölkədə olmuşdur və bu səbəbdən həmin əqdin yazılı formasına riayət edilməsi mümkün olmamışdır. Cavabdehin iddiaçı qarşısında olan borc öhdəliyinin yaranması təqdim olunan sənədlərlə sübut olunduğundan və cavabdeh həmin borcun qaytarılması barədə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı hesab edilməlidir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1, 385.1, 386.1, 442, 443.1 443.5-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə iclası iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilərək, iddianın rədd olunmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən ona göndərilmiş 9000 ABŞ dolları məbləğində pul iddiaçının deyil, onun öz vəsaiti olmuşdur. Belə ki, iddiaçı atasının vəfatından bir müddət əvvəl Türkiyə Respublikasında “CİKCİLLİ101-SK №307400 Alaniya” ünvanda mənzil almışdır, həmin mənzili alarkən pulu çatışmadığından atasının xahişi ilə Nigara 22000 ABŞ dolları pul vermiş, 2021-ci ildə atası vəfat edəndən sonra Bakıya gəlmiş, dəfn olunan atasına baş daşı qoydurmaq üçün ona olan borcundan 3000 ABŞ dolları iddiaçıda saxlamış, 10000 ABŞ dollarından yuxarı məbləği Respublikadan çıxarmaq qadağan olduğu üçün 10000 ABŞ dolları pulu iddiaçıdan almış və demişdir ki, qalan 9000 ABŞ dolları pulu ona göndərsin. İddiaçı da səhərisi günü ona borclu qaldığı 9000 ABŞ dolları pulu ona göndərmişdir. Bundan başqa iddiaçı Türkiyədə yuxarıda göstərilən ünvandakı mənzili alanda mənzilin alqı-satqısını təşkil edən şəxsə 3000 avro borcu qalmışdır ki, həmin pul vəsaitini də iddiaçının əvəzinə o, ödəmişdir. Hal-hazırda isə iddiaçı paylı mülkiyyətidə olan mənzillə əlaqədar mübahisə yarandığından qeyd olunan vəziyyətdən, yəni, ona olan borcunu göndərməsindən sui - istifadə edərək, əsassız iddia qaldırmışdır. Yuxarıda qeyd olunanları xalası qızı Fidan da məhkəmədə təsdiq edə bilər. Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razlaşması ilə şifahi və ya yazılı formada bağlanır. İddiaçı ilə əlaqədar aralarında heç bir borc münasibəti olmadığından məhkəmə qeyd olunan maddi hüquq normasının tələblərini kobud şəkildə pozmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. İddiaçının nümayəndəsi Quliyev Azər Şahbala oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh şikayətində işin halları barədə məhkəməyə düzgün məlumatlar vermir və gətirdiyi dəlilləri də əsassızdır. Cavabdeh şikayətində bildirir ki, “9000 ABŞ dolları guya onun öz pulu olmuşdur. Guya iddiaçı atasının vəfatından bir müddət əvvəl Türkiyə Cümhuriyyətində mənzil alarkən, pulu çatmamış, atasının xahişi ilə Nigara 22000 ABŞ dolları borc vermişdir. 2021-ci idə atasının vəfatı ilə əlaqədar Bakıya gəlmiş, baş daşı qoydurmaq üçün Nigara 3000 ABŞ dollar pul saxlamış, 10000 dollardan artıq ölkədən çıxarmağa icazə olmadığından 10000 dollar özü ilə aparmış, qalan 9000 dollar isə səhəri günü Nigar bankla ona göndərmişdir. Həmçinin Nigar TC-də ev alarkən əmlakçıya 3000 avro borcu qalmış, onu da cavabdeh ödəmişdir. Cavabdehin şikayətdə göstərdiklərini guya Fidan adlı qohumları təsdiq edə bilərmiş”. Cavabdehin apellyasiya şikayətində göstərdikləri iddiaçının təqdim etdiyi sübutlarla və şikayətə arqumentli münsibəti ilə təkzib edilir. Əvvəla cavabdeh Baba Babazadə atasının vəfatı ilə əlaqədar, onun dəfninə və yasına gəlməmişdir. O, Bakıya 13 oktyabr 2021-ci il tarixdə gəlmiş və 15 oktyabr 2021-ci iı tarixdə getmişdir. Atası isə 21 sentyabr 2021-ci il tarixdə vəfat etmişdir. Bu fakt təsdiq edir ki, Baba Babazadə atasının dəfnində, 3,7,40 və il mərasimində iştirak etməmişdir. Baba Babazadə Bakıya gələrkən guya 3000 dollar iddiaçıya saxladığını desə də, atasının vəfat tarixi və onun gəlişinə qədər dəfn, 3 və 7 mərasimlərinin keçməsi, həm də Nigar Babazadənin təqdim etdiyi sənədlər dəfn və yas üçün zəruri xərclərin məhz onun tərəfindən çəkildiyini mübahisəsiz edir. Bu vəsaiti cavabdehin iddiaçıya verdiyinin təsdiq edilməsinin isə sübuta ehtiyacı vardır. Bundan başqa, cavabdehin guya iddiaçıya mənzil alarkən, mərhum atalarının xahişi ilə 22000 ABŞ dolları borc verməsi də əsassızdır və bu məsuliyyətdən yayınmaq üçün cavabdeh tərəfindən düşünülmüşdür. Cavabdehin iddiaçıya 22000 dollar və ya başqa məbləğdə borc verməsi, guya iddiaçının hansısa əmlakçıya 3000 avro borclu qalması əsassızdır və hər hansı bir sübutu yoxdur. İddiaçının ümumiyyətlə mənzil alması barədə cavabdeh şikayətində əhvalatdan başqa, hər hansı bir sübut təqdim etməmişdir. İddiaçının tələbi, yəni cavabdehə 9000 ABŞ dolları pul verməsi, rəsmi bank sənədi ilə təsdiq edilir. Bundan başqa, iş üzrə ifadə vermiş şahid Yaşar Dadaşov iddiaçının cavabdehə 9000 ABŞ dolları borc pul verdiyi barədə məlumatı olduğunu təsdiq etmişdir. Bu xüsasat, yəni. 9000 ABŞ dollarının ona verilməsini, həmçinin cavabdeh Baba Babazadə özü də etiraf edir. Lakin etiraz edir ki, guya ona verilən pul özünün pulu olmuşdur. Lakin Baba Babazadənin etirazının əsası kimi istinad etdiyi halların sübüutu olaraq, hər hansı bir dəlil təqdim etməmişdir. Onun etirazı ümumi və təsdiqi olmayan sözlərdən ibarətdir. İddiaçı cavabdehin arqumentlərinin təkzib edilməsi məqsədilə mərhum atasının dəfn və yas mərasimlərinin, eləcə də qəbir daşının xərclərinin, onda qalan ödəniş sənədlərini e.məhkəmə sistemi vasitəsilə təqdim edir. Bundan başqa, iddiaçı arqumentini gücləndirmək məqsədilə mərhum babası Baba Qurbanqulu oğlu Babazədənin (Sovet ittifaqı qəhrəmanı, neftçigeoloq) də Ramana qəsəbəsində yerləşən evində xatirə lövhəsinin 500 manat xərcinin onun tərəfindən ödənilməsi barədə akt və qəbzi məhkəməyə təqdim edir. Bundan başqa, iddiaçı özünün pulları olması barədə aşağıdakı sənədləri də məhkəməyə təqdim edir: 2008-ci ildə ABB-dəkı hesabından 100000 manat puk çıxarmışdır, 2016-cı ildə “Atrabank” ASC-yə qoyulmuş 28000 ABŞ dollarını bank ləğv edildikdən sonra, 2020-ci idə özünə qaytarılmışdır, əri Anar Axundov tərəfindən ona notariat qaydasında 110000 manat pul təhvil vermişdir. Həmçının nəzərə almaq lazımdır ki, iddiaçı Nigar Babazadə 25 il BP və sair xariçi şirkətlərdə çalışmış və yüksək əmək haqqı almışdır. Bu faktlar təsdiq edir ki, iddiaçının özünün kifayət qədər pul vəsaiti olmuş və qardaşından guya borc almağa ehtiyacı olmamışdır. Onun cavabdehə normal münasibətdə olduqları vaxtda borc pul verməsi realdır və rəsmi sənədlə də təsdiq edilir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları,
11. Cavabdehin nümayəndəsi Qasımov Süleyman Ələsgər oğlu apellyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
12. İddiaçı Babazadə Nigar Oqtay qızı və onun nümayəndəsi Quliyev Azər Şahbala oğlu apellyasiya şikayətinin dəlilləri ilə razı olmadıqlarını bildirərək, etirazda qeyd olunan xüusatları təsdiq etdiklərini bildirdilər və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etdilər.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1092.1.Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin; Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.
Apellyasiya baxışının hədləri
15. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilib, iddianın təmin edilməsi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
16. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalıdır.
17. 9000 ABŞ dolları məbləğində pul vəsaitinin N.O.Babazadə tərəfindən B.O.Babazadəyə göndərilməsi və sonuncunun həmin pul vəsaitini qəbul etməsi işin mübahisələndirilməyən halıdır.
18. Apellyasiya şikayətinin əsası kimi istinad olunan, həmçinin, mübahisənin əsasını təşkil edən hal ondan ibarətdir ki, iddiaçı tərəfindən cavabdehə göndərilmiş 9000 ABŞ dolları məbləğində pul iddiaçının deyil, onun öz vəsaiti olmuşdur. Apellyator bu barədə öz arqumentini belə əsaslandırır ki, iddiaçı atasının vəfatından bir müddət əvvəl Türkiyə Respublikasında “CİKCİLLİ101-SK №307400 Alaniya” ünvanda mənzil almışdır, həmin mənzili alarkən pulu çatışmadığından atasının xahişi ilə Nigara 22000 ABŞ dolları pul vermiş, 2021-ci ildə atası vəfat edəndən sonra Bakıya gəlmiş, dəfn olunan atasına baş daşı qoydurmaq üçün ona olan borcundan 3000 ABŞ dolları iddiaçıda saxlamış, 10000 ABŞ dollarından yuxarı məbləği Respublikadan çıxarmaq qadağan olduğu üçün 10000 ABŞ dolları pulu iddiaçıdan almış və demişdir ki, qalan 9000 ABŞ dolları pulu ona göndərsin. İddiaçı da səhərisi günü ona borclu qaldığı 9000 ABŞ dolları pulu ona göndərmişdir. Bundan başqa iddiaçı Türkiyədə yuxarıda göstərilən ünvandakı mənzili alanda mənzilin alqı-satqısını təşkil edən şəxsə 3000 avro borcu qalmışdır ki, həmin pul vəsaitini də iddiaçının əvəzinə o, ödəmişdir.
19. Qeyd olunan hallara apellyasiya şikayətinin əsası kimi istinad olunsa da, bu xüsusatları – iddiaçı tərəfindən ev alınmasını, 22000 ABŞ dollarının iddiaçıya və ya onun göstərdiyi şəxsə verilməsini və digər halları təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Cavabdeh birinci instansiya məhkəməsində iştirak etmədiyindən mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq apellyasiya instansiyası mərhələsində sübutlar təqdim etmək ona təklif olunaraq məhkəmə iclası təxirə salınsa da, heç bir sübut təqdim olunmamışdır. Əksinə, iddiaçı tərəfindən apellyasiya şikayətinə etiraza onun maddi imkanının kifayət qədər olduğunu, borc almaq üçün heç bir əsas olmadığını təsdiq edən sənədlər (mərhum babası Sovet ittifaqı qəhrəmanı, neftçi-geoloq Baba Qurbanqulu oğlu Babazədənin Ramana qəsəbəsində yerləşən evində xatirə lövhəsinin 500 manat xərcinin onun tərəfindən ödənilməsi barədə akt, qəbz, 2008-ci ildə ABB-dəkı hesabından 100000 manat puk çıxarmışdır, 2016-cı ildə “Atrabank” ASC-yə qoyulmuş 28000 ABŞ dollarını bank ləğv edildikdən sonra, 2020-ci idə özünə qaytarılması, əri Anar Axundov tərəfindən ona notariat qaydasında 110000 manat pul təhvil verilməsi barədə qəbzlər) əlavə olunmuşdur.
20. Buna görə də məhkəmə kollegiyası bu qənaətə gəlir ki, apellyator tərəfindən apellyasiya şikayətinin əsası kimi istinad olunan halları təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmadığından həmin hallar iddianın rədd olunması üçün əsas hesab edilə bilməz.
21. Apellyasiya şikayətinin digər əsası kimi ona istinad olunmuşdur ki, Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razlaşması ilə şifahi və ya yazılı formada bağlanır. İddiaçı ilə əlaqədar aralarında heç bir borc münasibəti olmadığından məhkəmə qeyd olunan maddi hüquq normasının tələblərini kobud şəkildə pozmuşdur.
22. Birinci instansiya məhkəməsi hüquqi qiymətləndirmə ilə bağlı mövqeyini belə əsaslandırmışdır ki, “Tərəflər arasında olan münasibətlər borc münasibətləri olmuşdur və onlar arasında bu münasibətlər yazılı formada rəsmiləşdirilməsə də, iddiaçı tərəfindən cavabdehə pul köçürmə xidməti vasitəsi ilə göndərilmiş pul məbləği yazılı formada bağlanmış əqdə bərabər tutulmalıdır. Belə ki, iddiaçı tərəfindən pul köçürülən zaman cavabdeh xarici ölkədə olmuşdur və bu səbəbdən həmin əqdin yazılı formasına riayət edilməsi mümkün olmamışdır. Cavabdehin iddiaçı qarşısında olan borc öhdəliyinin yaranması təqdim olunan sənədlərlə sübut olunduğundan və cavabdeh həmin borcun qaytarılması barədə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən, iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı hesab edilməlidir.”
23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi-prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və qətnamə ləğv edilərək, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmalıdır. Belə ki, məbləğ 3000 manatdan yuxarı olduğuna görə tərəflər arasında yazılı formada müqavilə bağlanmalı idi, lakin belə bir müqavilə mövcud deyildir. Birinci instansiya məhkəməsi tələbə münasibətdə maddi hüquq normasının tətbiqində səhvə yol verərək, hazırki mübahisəyə borc münasibətləri kimi qiymət verməklə borc münasibətlərini tənzimləyən maddi normalara istinad etmişdir. Cavabdeh iddiaçıdan 9000 ABŞ dolları məbləğində pul vəsaitini qəbul etmiş və qaytarmamış, iddiaçının hesabına əsassız olaraq varlanmışdır. Belə ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o, hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
24. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti qismən təmin olunaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia təmin olunmalıdır.
25. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli, 2(009)-932/2023 nömrəli qətnaməsindən cavabdeh Babazadə Baba Oktay oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 may 2023-cü il tarixli, 2(009)-932/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. Babazadə Nigar Oqtay qızının Babazadə Baba Oktay oğluna qarşı pul tələbinə dair iddiası təmin edilsin. Babazadə Baba Oktay oğlundan ödəniş anında Azərbaycan manatına olan məzənnəsi hesabşlanmaqla 9000 ABŞ dolları məbləğində pul vəsaiti tutularaq Babazadə Nigar Oqtay qızına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasımov
Fuad Abdıyev
Xəyal Sarıyev