Məhkəmə qərarları › İş №2(103)-6210/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6210/2022

21.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6210/2022 21.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iş üzrə (Açar sözlər:sığorta ödənişinin verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1679/22 saylı iş üzrə 28 iyun 2022ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 21 sentyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı Sumqayıt şəhər hərbi komissarlığı tərəfindən xidmətə yararlı sayılaraq xx.xx.2008-ci il tarixdə hərbi xidmətə çağırılmış, xx.xx.2010-cü ildə isə hərbi xidmətin müddəti başa çatdığına görə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır.

2. İddiaçıya ilkin olaraq xx.xx.2011-ci ildə “ümumi xəstəlik” səbəbi ilə 1 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2012-ci il tarixdə şəhadətləndirildikdən sonra isə ona təyin olunmuş əlilliyinin səbəbi dəyişdirilərək “hərbi xidmət dövrü ilə əlaqədar” kimi qeyd edilmişdir.

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza Və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarixli məhkəmə sorğusuna cavabına əsasən iddiaçıya xx.xx.2014-cü ildə təyin edilmiş “Hərbi xidmət dövrü ilə əlaqədar” səbəbindən üçüncü dərəcə əlillik (Diaqnoz: Bronxial astma infeksion-allergik mənşəli, orta ağır gedişli. Tənəffüs çatışmazlığı İİ dərəcə) xx.xx.2016-cı ildə “Əlillik” altsistemi tərəfindən beş il müddətinə (xx.xx.2021-ci ilədək) avtomatlaşdırılmış qaydada uzadılmışdır. Sonrakı dövrdə vətəndaş dövlət tibb müəssisəsinin göndərişi əsasında xx.xx.2022-ci ildə Agentlikdə nəzarət qaydasında əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlərin və əyani müayinənin nəticəsi olaraq İddiaçı hərbi xidmət dövrü ilə əlaqədar beş il müddətinə ikinci dərəcə əlillik təyinatı aparılmışdır.

4. Cavabdeh iddiaçının hərbi xidmətdən səhhəti ilə deyil, xidmət müddəti (xx.xx.2008xx.xx.2010) başa çatdığına görə tərxis olunduğu, əlilliyin tərxis olunandan (xx.xx.2010) 2 il 4 ay sonra verildiyini əsas gətirərək “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının 20 may 1997-ci il tarixli Qanununun 5-ci maddəsinin “ç” bəndinə əsasən sığorta ödənişinin verilməsindən imtina etmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4.400 manat sığorta məbləği və xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixə qədər 2.915 gün gecikdirildiyinə görə sığorta məbləğinə hesablanmış 12.826 manat dəbbə pulu olmaqla, cəmi 17.226 manatın və vəkilə hüquqi yardım göstərdiyinə görə ödənilmiş 110 manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2008-ci il tarixdən xx.xx.2010-cu il tarixədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət etmişdir. xx.xx.2010-cu il tarixdə xidmət müddəti - 18 ay tamam olduğuna görə ehtiyata buraxılmışdır. Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2012-ci il tarixli Qərarına əsasən, ona “Kəskin respirator xəstəlik, Kəskin bronxit” diaqnozu qoyulmuş və bu xəstəliyin hərbi xidmət dövründə alındığı təsdiq edilmişdir. Ona xəstəliyi ilə əlaqədar xx.xx.2012-ci il tarixdə İİİ qrup əlillik təyin edilmişdir. ona əlillik dərəcəsinin xidməti vəzifənin icrası zamanı deyil, hərbi xidmət dövründə alınması qeyd olunduğuna görə sığorta ödənişinin verilməsindən imtina olunmuşdur. İddiaçı ordu sıralarında qeyd olunan tarixlərdə əsgər vəzifəsində xidmət etdiyinə görə, hərbi xidmət dövründə də xidməti vəzifələrini yerinə yetirmişdir. Belə olan halda, iddiaçı haqlı olaraq qanunvericiliyin tələblərinə əsasən, hərbi qulluqçular üçün müəyyən edilmiş 11.000 manat sığorta məbləğinin 40 faizi, yəni 4400 manat məbləğin və qanunvericiliyə uyğun olaraq ödənilməli olan sığorta ödənişini gec verdiyinə görə hesablanmış faizləri ona ödənilməsini tələb edir. xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ciil tarixədən artıq 2.915 gündür ki, cavabdeh iddiaçıya sığorta ödənişini ödəmir. Ona on bir min manat sığorta məbləğinin 40 faizi, 4400 (dörd min dörd yüz) manat sığorta ödənişi və xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixə qədər 2915 gün gecikdirildiyinə görə 12.826 manat dəbbə pulu ödənilməlidir. Həmçinin məhkəmədə iddia qaldırılması üçün “Femida” vəkil bürosunun vəkili Nümayəndə ilə İddiaçı arasında 12 aprel 2021-ci il tarixdə hüquqi yardımın göstərilməsi haqqında müqavilə imzalanmışdır. Müqaviləyə əsasən vəkilə 110 (bir yüz on) manat məbləğində xidmət haqqı ödənilmişdir.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1679/22 saylı iş üzrə 28 iyun 2022-ci il tarixli qətnaməsi ilə (hakim Cəmilə Musayeva) iddia rədd edilmişdir.

8. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar deyil, hərbi xidmətin müddəti başa çatdığına görə buraxıldığı üçün onun, Qanunun sığorta hadisəsinin baş verdiyi tarixə qüvvədə olan müddəalara əsasən, sığorta ödənişinin ödənilməsini tələb etmək hüququ yaranmamışdır.

9. Məhkəmə öz mövqeyini “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4, 5-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə yanaşı həmçinin onunla əsaslandırılmışdır ki, məhkəmə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 4, 5-ci maddələrini düzgün şərh etməmiş, nəticədə iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz göndərərək bildirmişdir ki, hazırkı iddia pul vəsaitinin ödənilməsi tələbi ilə bağlıdır ki, bu mahiyyət etibarilə, şəxsin maddi vəziyyətinin yaxşılaşdırılması hesab edilir. Fiziki və hüquqi şəxslərin isə maddi və sosial deyil, məhz hüquqi vəziyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsi, başqa normativ hüquqi aktların qüvvəsinin isə geriyə şamil edilməməsi müəyyən edilmişdir. Həmçinin hesab olunsa ki, bu hal iddiaçı fiziki şəxsin hüquqi vəziyyətini yaxşılaşdırır, əksinə cavabdeh hüquqi şəxsin hüquqi vəziyyətini pisləşdirir ki, buna görə də həmin normanın geriyə qüvvəsi şamil edilə bilməz. Nəticə etibarilə iddiaçıya ilk dəfə xx.xx.2014-cü ildə hərbi xidmət dövründə xəstələnməsi ilə əlaqədar üçüncü dərəcəli əlillik təyin edilmişdir. Buna görə də iddiaçı xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar ehtiyata buraxılmış olsaydı belə, yenə də sığorta hadisəsi hesab edilməyəcəyindən sığorta ödənişi verilə bilməzdi.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.

14. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin rədd olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanunu:

15. Maddə 4. Bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Sığorta haqqı sığorta məbləğinin 1 faizi miqdarında müəyyən edilir.

16. Maddə 5. Sığorta hadisələri baş verdikdə sığorta məbləğinin faizlə aşağıdakı sığorta ödənişləri verilir: a) sığorta olunan xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda (öldükdə) - 100 faiz; b) sığorta olunan xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) aldıqda, xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə - 100 faiz; c) sığorta olunan xidmətdə (toplanışda) olduğu zaman itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) - 100 faiz; ç) xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olaraq sığorta olunana xidmətdən (toplanışdan) buraxıldığı gündən üç il müddətində əlillik təyin olunduqda: - İ qrup əlilliyə görə - 80 faiz; - İİ qrup əlilliyə görə - 60 faiz; - İİİ qrup əlilliyə görə — 40 faiz; d) sığorta olunan xidmətdə (toplanışda) olduğu zaman: - ağır xəsarət (yaralanma, travma, kontuziya) alması nəticəsində, yaxud səhhəti pozulduğuna (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə) görə hərbi xidmətə yararsız hesab edildikdə - 25 faiz; - yüngül xəsarət (yaralanma, travma, kontuziya) alması ilə əlaqədar xəstəlik nəticəsində sıradankənar hərbi xidmətə yararlı hesab edildikdə - 5 faiz.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

18. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən və iddia rədd edildiyindən qətnamə tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Birinci instansiya məhkəməsi öz qətnaməsini hüquqi cəhətdən əsaslandırarkən “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə (03 dekabr 2013-cü il tarixdə edilmiş dəyişikliyə qədər olan müddəalarına) istinad etmişdir.

20. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının düzgün şərh olunmadığını, normativ aktın geriyə qüvvəsi olduğunun nəzərə alınmadığını mübahisələndirmişdir.

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı sayır və aşağıdakıları qeyd edir.

22. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə əsasən hərbi xidmət vəzifələrinin icrası dövründə həlak olmaq (vəfat etmə), xəsarət almaq (yaralanmaq, kontuziya olmaq), səhhəti korlanmaq, hərbi xidmət keçməsi ilə bağlı bədbəxt hadisələr və xəstəliklər ehtimalına qarşı hərbi qulluqçular hərbi xidmətə daxil olduqları andan dövlət tərəfindən məcburi şəxsi Sığortalanmalıdır.

23. Azərbaycan Respublikasının xx.xx.1997-ci 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında Əsasnamə»nin 151-ci maddəsinə əsasən hərbi qulluqçuların hərbi xidmət (toplanışlar) dövründə həlak olması (ölməsi), xəsarət (yaralanma, travma, kontuziya) alması, səhhətinin (sağlamlığının) pozulması (xəstəlikləəlaqədar sağlamlığına ziyan dəydikdə), habelə hərbi xidmət vəzifələrini yerinə yetirməsi ilə bağlı bədbəxt hadisələrin nəticələrinin ehtimalına qarşı hərbi qulluqçu statusunu əldə etdikləri gündən onlar dövlət tərəfindən icbari şəxsi sığorta edilirlər. Hərbi xidmət keçərkən əmək qabiliyyətini itirmiş şəxslərə qüvvədə olan qanunvericiliyə uyğun olaraq, dövlət tərəfindən sosial təminat zəmanəti verilir.

24. xx.xx.1997-ci il tarixdə qəbul edilmiş və xx.xx.1997-ci il tarixdə qüvvəyə minmiş «Hərbi qulluqçuların dövlət icbari şəxsi Sığortası haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən hərbi qulluqçuların dövlət icbari şəxsi Sığortası bu Qanunla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, «Sığorta fəaliyyəti haqqında» Qanunu və digər qanunları ilə, müvafiq icra hakimiyyəti orqanlarının bu Qanuna uyğun olaraq qəbul etdikləri normativ aktlarla tənzimlənir.

25. Həmin Qanunun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində Sığorta edilir.

26. Hazırkı iş üzrə mübahisəli hüquq münasibətinə bilavasitə tətbiq edilməli olan maddi hüquq norması “Hərbi qulluqçuların dövlət icbari şəxsi Sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsidir. Həmin maddənin mətni 03 dekabr 2013-cü il tarixli 832-İVQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə yeni redaksiyada verilmişdir.

27. Əvvəlki redaksiyada deyilirdi:

28. Sığorta hadisələri baş verdikdə sığorta məbləğinin faizlə aşağıdakı sığorta ödənişləri verilir:

29. a) sığorta olunan xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda (öldükdə) - 100 faiz;

30. b) sığorta olunan xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) aldıqda, xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə - 100 faiz;

31. c) sığorta olunan xidmətdə (toplanışda) olduğu zaman itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) - 100 faiz;

32. ç) xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olaraq sığorta olunana xidmətdən (toplanışdan) buraxıldığı gündən üç il müddətində əlillik təyin olunduqda:

33. İ qrup - 80 faiz;

34. İİ qrup - 60 faiz;

35. İİİ qrup - 40 faiz;

36. d) sığorta olunan xidmətdə (toplanışda) olduğu zaman:

37. ağır xəsarət (yaralanma, travma, kontuziya) alması nəticəsində, yaxud səhhəti pozulduğuna (xəstəliklə əlaqədar sağlamlığına ziyan dəydikdə) görə hərbi xidmətə yararsız hesab edildikdə - 25 faiz;

38. yüngül xəsarət (yaralanma, travma, kontuziya) alması ilə əlaqədar xəstəlik nəticəsində sıradankənar hərbi xidmətə yararlı hesab edildikdə - 5 faiz.

39. Maddənin məzmunundan göründüyü kimi, həmin vaxt sığorta olunana yalnız xidməti vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar əlillik təyin olunduqda, bu hal sığorta hadisəsi hesab olunur və sığorta ödəniş verilirdi.

40. 03 dekabr 2013-cü il tarixli Qanuna əsasən edilən dəyişiklikdən sonra 5-ci maddənin mətni aşağıdakı redaksiyada verilmişdir.

41. M a d d ə 5 . Sığorta hadisələri və ödənişləri

42. Aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4.1-ci maddəsi ilə müəyyən edilmiş sığorta məbləğlərinin müvafiq faiz nisbətlərində verilir:

43. a) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz;

44. b) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəsarət (yaralanma, travma, kontuziya) alması, habelə xəstələnməsi nəticəsində xidmətdən (toplanışdan) buraxıldıqdan sonra üç il müddətində öldükdə — 100 faiz;

45. c) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman xəbərsiz itkin düşdükdə (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda) — 100 faiz;

46. ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət (toplanış) dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət (toplanış) dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə (toplanışa) yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyi müəyyən edildikdə:

47. - orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə — 80 faiz;

48. - orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə — 60 faiz; 49.- orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə — 40 faiz;

50. d) sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman, bu maddənin a, b və ç bəndlərində nəzərdə tutulmuş hallarla nəticələnməyən: 51.- ağır xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 25 faiz; 52.- az ağır xəsarət (yaralanma, travma, kontuziya) — 15 faiz;

53. - yüngül xəsarət (yaralanma, travma, kontuziya) aldıqda — 5 faiz.

54. Ağır, az ağır və yüngül xəsarət növləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş siyahıya uyğun olaraq müəyyən edilir.

55. Göründüyü kimi, 5-ci maddə, xüsusən də onun “ç” bəndi əsaslı dəyişikliyə məruz qalmışdır. Belə ki, hazırkı redaksiyaya görə ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət (toplanış) dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətində sığortaolunanın əlilliyinin müəyyən edilməsi də artıq sığorta hadisəsi hesab edilir və sığorta ödənişi aparılır.

56. Məhkəmə kollegiyası hesab edir ki, Qanunun 5-ci maddəsinin “ç” bəndinin yeni redaksiyası hərbi xidmət dövründə xəstələnən, lakin hərbi xidməti başa vurduqdan sonra 3 il ərzində həmin xəstəliklə bağlı əlillik dərəcəsi alan şəxslərə sığorta ödənişi almaq hüququ verdiyindən bu, onların hüquqi vəziyyətini yaxşılaşdıran hal kimi qəbul edilməli və iddiaçıya münasibətdə həmin qanunun geriyə qüvvəsinin olduğu nəzərə alınmalıdır.

57. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.

58. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci maddəsinin tələbinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. 59.“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 yanvar 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrində birdəfəlik sığorta məbləğinin artırılması hərbi qulluqçuların qanunvericiliklə müəyyən edilmiş hüquq və azadlıqlarının mahiyyətinə və həcminə təsir etmir, həmin hüquq və azadlıqlar olduğu kimi qalır. Bu baxımdan, birdəfəlik sığorta məbləğinin artırılması hərbi qulluqçuların Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş “hüquqi vəziyyətini yaxşılaşdıran” hal kimi qəbul oluna bilməz...

60. Konstitusiya Məhkəməsi öz qərarında hüquq nəzəriyyəsinə istinadən qeyd edir ki, “fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran hallar” dedikdə, hüquq və azadlıqlara qoyulmuş məhdudiyyətlərin götürülməsi, şəxsin əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilməsi, əvvəllər verilməmiş hüquqların verilməsi və s. başa düşülür.

61. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı iş üzrə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndini düzgün şərh etməmiş, nəticədə işin mahiyyəti üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, sözügedən Qanunun 5-ci maddəsinin “ç” bəndində xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olaraq sığorta olunana xidmətdən (toplanışdan) buraxıldığı gündən üç il müddətində əlillik təyin olunduqda sığorta ödənişinin verilməsi nəzərdə tutulmuşdur. 62.Baxılan iş üzrə iddiaçı xx.xx.2008-ci il tarixdə hərbi xidmətə çağırılmış, xx.xx.2010-cü ildə isə hərbi xidmətin müddəti başa çatdığına görə ehtiyata buraxılmış, xx.xx.2011-ci ildə “ümumi xəstəlik” səbəbi ilə 1 il müddətinə üçüncü dərəcə əlillik təyin edilmiş, xx.xx.2012-ci il tarixdə ona təyin olunmuş əlilliyinin səbəbi dəyişdirilərək “hərbi xidmət dövrü ilə əlaqədar” kimi qeyd edilmişdir.

63. Göründüyü kimi, sığorta olunana xidmətdən (toplanışdan) buraxıldığı gündən üç il müddətində əlillik təyin olunmuş, lakin sığorta şirkəti əsassız olaraq sığorta ödənişinin verilməsindən imtina etmişdir.

64. Kollegiya toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 4400 (dörd min dörd yüz) manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.

65. Məhkəmə kollegiyası iddianın qalan hissəsini, yəni xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixə qədər 2.915 gün gecikdirildiyinə görə sığorta məbləğinə hesablanmış 12.826 manat dəbbə pulu və vəkilə hüquqi yardım göstərdiyinə görə ödənilmiş 110 manatın tutularaq ona ödənilməsi tələblərini əsassız sayır və qeyd edir ki, cavabdeh əvvəllər sığorta ödənişinin verilməsindən imtina edərkən həmin vaxt qüvvədə olan qanunvericiliyi əsas götürmüşdür. İddiaçı bu imtinanı məhkəmə qaydasında mübahisələndirməmişdir. Hazırda iddiaçının tələbinin sığorta ödənişinin verilməsi hissəsində təmini isə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndinə müvafiq dəyişiklik edilməsi və bu dəyişikliyin iddiaçının hüquqi vəziyyətini yaxşılaşdırması ilə bağlıdır.

66. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1).

67. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri 4400 manat sığorta ödənişinin verilməsi hissəsində işin hallarına uyğun gəlmədiyindən və bununla da maddi və prosessual hüquq normalarının pozuntusuna yol verildiyindən qətnamə ləğv olunmalı və iddia tələbi qismən təmin edilməlidir (MPM-nin 385.1.1 və 385.1.4-cü maddələri).

68. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 69 .Məhkəmə kollegiyası qeyd edir ki, qət edilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən kassasiya şikayəti verilə bilməz.

70. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1679/22 saylı iş üzrə 28 iyun 2022ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul olunsun. İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 4.400 (dörd min dörd yüz) manat sığorta ödənişi tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən kassasiya şikayəti verilə bilməz. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində iddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar