Məhkəmə qərarları › İş №2(103)-6213/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6213/2021

07.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6213/2021 07.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X1 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Bakı şəhəri Sabunçu Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli 2(008)-3443/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 1500 manat məbləğində pulun, 2000 manat məbləğində mənəvi ziyanın və 30 manat məğində dövlət rüsumunun tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Azadlıq metrostansiyasının yaxınlığında yerləşən paltar mağazasında işləyən Lamiə adlı xanımla tanışlığı nəticəsində Lamiə xanım malların karqo ilə gəlməsini, karqodan götürüləcək malların pulundan 1500 manat pulun çatmamasını və borca ehtiyacı olduğunu bildirmiş və ondan 1500 manat məbləğində borc pul istəmişdir. O, Cavabdeh 1500 manat məbləğində borc vermiş və cavabdeh borcunu 15-30 gün ərzində qaytaracağına dair öhdəlik götürmüşdür. Cavabdeh eyni zamanda 15-30 gün ərzində borcu qaytarmadığı halda aldığı pulun üzərinə əlavə pul ödənişi də edəcəyinə söz vermişdir. Beləliklə o, Lamiəyə inandığı üçün 19.11.2019-cu ildə 1500 manat pul vermişdir. Sonradan ona məlum olmuşdur ki, Lamiənin gələsi heç bir malı yoxdu, Lamiə sadəcə dükanı bağlandığı və bu ərazidə işləmədiyi üçün ondan 1500 manat pulu aldadaraq, almışdır. 24.01.2020-ci ildə Binəqədi rayonu 5-ci Polis Bölməsinə şikayət etmiş və Cavabdeh bölməyə dəvət edilmiş və orada Lamiə ondan pul aldığını etiraf etmiş və tezliklə qaytaracağını bildirmiş, lakin bu günə kimi qaytarmamışdır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də məhkəmədən iddia ərizəsinin təmin edilməsini xahiş etdi. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il, tarixli 2(008)- 3443/2020 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh İddiaçı xeyrinə 1500 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul, cəmi 1530 (bir min beş yüz otuz) manat məbləğində pul vəsaitinin tutulması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3443/2020 saylı iş üzrə 10.09.2020-ci il tarixli qətnaməsininin ləğv edilməsini, iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, birinci instansiya məhkəməsinin qeyd olunan qətnaməsi, 1500 (min beş yüz) manat məbləğində pulun ondan tutulması hissəsində ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 9.1 və 9.3-cü maddələrinin tələblərinə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir; hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Lakin birinci instansiya məhkəməsi müvafiq qətnamə qəbul edərkən işə onun iştirakı olmadan baxmışdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. O, isə məhkəmə iclasında iştirak etməmiş. Birinci instansiya məhkəməsi cavabdeh tərəfin iştirakı olmadan məhkəmə iclası keçirmiş, təkcə iddia tərəfinin izahatları ilə kifayətlənmiş, bununla da qətnamə qəbul etmişdir. Deməli, belə bir araşdırma aparılmadan birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə obyektiv, qanuni və əsaslı sayıla bilməz. Bundan başqa, birinci instansiya məhkəməsi məlum qətnaməni qəbul edərkən, guya ki, onun tərəfindən verilmiş izahata istinad etmişdir, halbuki bu, yolverilməzdir. Belə ki, həmin izahatın məhz onun tərəfindən (yaxud da onun sözlərindən) yazılıb-yazılmaması, eləcə də orada onun adının qarşısındakı imzanın məhz onun tərəfindən icra olunub-olunmaması məsələsi araşdırılmamışdır. Belə olan halda məhkəmə, onun adının qarşısındakı imzanın məhz onun tərəfindən icra olunması barədə onda olan əminliyin mənbəyini göstərməli və bu əminliyin səbəbini izah etməli idi. Birinci instansiya məhkəməsi tərəfər arasında yaranmış münasibətlərin mahiyyətini düzgün qiymətləndirməmiş, gəldiyi nəticəni işin halları və tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmişdir. Qətnamədə konkret olaraq göstərilir ki, «...Cavabdeh Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci Polis Bölməsində verdiyi izahatın surətindən görünür ki...» və s. Qeyd edir ki, onun «izahatının sürəti» yox, «mənim tərəfinidən icra olunduğu ehtimal olunan izahatın mətninin icra olunduğu vərəqin kserosurəti»ndən söhbət gedə bilər. Deməli, birinci instansiya məhkəməsi, işi hərtərəfli, tam və obyektiv tədqiq etməmiş, tərəflər arasında yaranmış münasibətlərin mahiyyətini düzgün qiymətləndirməmiş, gəldiyi nəticəni işin halları və tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmişdir, bununla da Azərbaycan Respublikası mülki-prosessual qanunvericiliyin tələblərini pozmuşdur. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1. maddəsinin tələbindən görünür ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsində isə göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. İş materiallarında olan Cavabdeh və İddiaçı tərəfindən 19.11.2019-cu il tarixdə imzalanmış qəbzdən görünür ki, Cavabdeh İddiaçı 1500 manat məbləğində pul götürmüşdür. Eyni zamanda işə əlavə edilmiş Cavabdeh Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci Polis Bölməsində verdiyi izahatının surətindən görünür ki, Cavabdeh bölmədə izahatında İddiaçı ona ayda 200 manat faiz ödəmək şərti ilə 19.11.2019-cu ildə 1500 manat pul verdiyini, 200 manat pulu İddiaçı ödədiyini bildirmiş və qalıq 1500 manat borcunu da ödəyəcəyinə söz vermişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329.2. maddəsinin mahiyyətindən görünür ki, əqdlərin həm şifahi, həm də yazılı formada bağlanmasına yol verilir. Həmin Məcəllənin 329.3. maddəsində göstərilir ki, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, işi görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Eyni Məcəlləninn 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Birinci instansiya məhkəməsinin iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlmişdir ki, iddia tələbinin Cavabdeh İddiaçı xeyrinə 1500 manat məbləğində pul vəsaitinin tutulması hissəsinin təmin olunması qanunamüvafiq və əsaslıdır və işin müəyyən olunmuş halları ilə üst-üstə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Bununla yanaşı, İddiaçı Cavabdeh mənəvi ziyana görə 2000 manat məbləğində pulun alınaraq ona verilməsini tələb etmiş, lakin məhkəmə araşdırması zamanı öz tələbinin qeyd olunan hissədə də əsası kimi istinad etdiyi halları Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq qaydada sübut edə bilməmiş, bu barədə müvafiq sübutları məhkəməyə təqdim etməmiş, işin tədqiq olunan hallarına əsasən iddia tələbi həmin hissədə öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin qeyd olunan maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli 7 №-li qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin ‘‘İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından "mənəvi zərər" anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü btiruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarından görünür ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Lakin Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. "Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Beləliklə, məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin iclasında tədqiq edilən sübutları və qanunvericiliyin tələblərini nəzərə alıb belə nəticəyə gəlir ki, iddia tələbinin qismən təmin olunması, Cavabdeh 1500 manat məbləğində pul və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul, cəmi 1530 (bir min beş yüz otuz) manat məbləğində pul vəsaitinin tutulması, iddia tələbinin qalan hissədə rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apelyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli 2(008)- 3443/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar