Məhkəmə qərarları › İş №2(103)-6214/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6214/2024

26.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6214/2024 26.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı qızıl-zinət əşyalarının qaytarılması barədə mülki iş üzrə (açar sözlər: qızıl-zinət əşyalarının qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), X7 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacızadə Kəmalə Hafiz qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı qızıl-zinət əşyalarının qaytarılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 avqust 2024-cü il tarixli, 2(001)- 4815/2024 nömrəli qətnaməsindən iddiaçının verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq İşin halları

1. 326417 saylı 30 aprel 2021-ci il tarixli girov biletinə əsasən İddiaçı 2407 manat dəyəri olan 17,3 qram üzük dəsti və 23,5 qram, 585 əyyar olan qızıl üzük girov qoyaraq 2250 manat pul almışdır.

2. 326684 saylı 09 mart 2022-ci il tarixli girov biletindən görünür ki, İddiaçı 1872 manat dəyəri olan 4,4 qram, 583 əyarlı üzüyü və 26,2 qram, 750 əyarlı sırğanı girov qoyaraq 1750 manat pul almışdır. 3, İddiaçı ilə Cavabdeh MMC arasında 30 aprel 2021-ci il və 09 fevral 2022-ci il tarixli girov müqaviləsi (girov bileti) bağlanmış və həmin müqavilədə İddiaçı 326417 və 326684 saylı girov biletləri ilə lombarda qoyduğu girov əşyalarının qarşılığında götürdüyü ssudanın faizini 2 ay müddətində ardıcıl olaraq ödəmədiyi halda lombard tərəfindən ona xəbərdarlıq edilmədən satışa çıxarılmasına etiraz etməmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin 08 may 2024-cü il tarixli, 2(103)-473/2024 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X3 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X1 8000 manat əsas borc və dövlət rüsumu olaraq ödədiyi 100 manat, cəmi 8100 manat pul tutulub ona ödənilməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli, 2(008)-1894/2023 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, cavabdeh X2 510 manat məbləğində pulun və 30 manat dövlət rüsumuun tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 110 manat məbləğində olan ekspertiza xərcinin İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti vermiş və məhkəmənin qeyd edilən qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 30 avqust 2023-cü il tarixli, 2(008)-1894/2023 saylı qətnaməsi cavabdehdən tutulmalı olan borc və dövlət rüsumunun məbləğləri ilə bağlı hissələrdə dəyişdirilməsi, borc 2100 manat, dövlət rüsumunun əvəzi 26 manat məbləğində müəyyən edilməsi, qətnamə ekspertiza xərcinin tutulması hissəsində dəyişdirilərək, aparılmış ekspertiza tədqiqatlannın dəyəri olan 180 manatın 47 manatı cavabdeh X2, 133 manatı İddiaçı tutularaq məhkəmə ekspertiza mərkəzinin hesabına keçirilməsi və qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Həmçinin həmin qətnamədə qeyd edilmişdir ki, iddiaçının Cavabdeh MMC-nə girova qoymuş olduğu qızıla görə və başqa şəxslərdən aldığı pulları cavabdehə borc olaraq verməsi, cavabdehin təqsiri ucbatından qızıllarının satılması və buna görə də, borcdan əlavə pulları cavabdehdən tələb etməsi ilə bağlı dəlilini əsassı hesab edərək, məhkəmənin bununla bağlı gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçı cavabdehin təkidi ilə kənar şəxslərdən borc pul götürməsi, cavabdehin təqsiri ucbatından qızıllarınısatması ilə bağlı qeyd edilən halları təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış 30 aprel 2021-ci il tarixli 326417 saylı girov bileti üzrə 1 ədəd halqa üzük 2,11 qram 750 əyar, üzük sırğa komplekt brilyant 16 qram 750 əyar, boyunbağı qolbaq dəstı 17,73 qram 750 əyar, halqa üzük 6,23 qaram 585 əyar cəmi 41,94 qram qızıl-zinət əşyalarını, 09 fevral 2022-ci il tarixli 326684 saylı girov bileti üzrə faktiki olaraq tək üzük 6 qram 585 əyar, halqa üzük 6 qram 585 əyar, üzük, sırğa-dəst 27.33 qram 750 ayar cəmi 33.33 qram ümumilikdə 75,27 qram qızılların ona qaytarılması, həmçinin dövlət rüsumu kimi ödədiyi 110 manatın cavabdehdən alınaraq onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh “KƏRİM.K.M" MMC ilə onun arasında bağlanmış 30 aprel 2021-ci il tarixli 326417 saylı girov bileti üzrə üzük dəsti 17,3 qram 750 əyar, dəst + üzük 23,5 qram 585 əyar, cəmi 40,8 qram, faktiki olaraq 1 ədəd halqa üzük 2,11 qram 750 əyar, üzük sırqa komplekt brilyant 16 qram 750 əyar, boyunbağı qolbaq dəsti 17,73 qram 750 əyar, halqa üzük 6,23 qram - 0,13 qram brlilyant qaşı - 6,10 qram qaşsız 585 əyar cəmi 41,94 qram qızıl qoyularaq 7 faiz olmaqla hər ayda 157.50 ödəməklə 2250 manat məbləğində pul götürmüşdür. xx.xx.2022-ci il tarixli 326684 saylı girov bileti üzrə 1 ədəd 4,4 qram 583 əyar, üzük sırğa dəsti 26,2 qram cəmi, 30.6 qram, faktiki olaraq tək üzük 6 qram 585 əyar, halqa üzük 6 qram 585 əyar, üzük, sırğa-dəst 27.33 qram 750 əyar cəmi 33,33 qram qızıl zinət əşyaları qoyaraq 7 faiz olmaqla hər ay 122,50 ödəmək şərti ilə 1750 manat məbləğində pul götürmüşdür. Qeyd edir ki, 2017-ci ildən lombard olan "xxxx" MMC-nin müştərisidir. Dələlərlə 7-8-9 faiz olmaqla qəzıl-zinət əşyaları qoyub pul götürmüş və sonra tam ödəmişdir. Hətta karona dövründə belə lombardın bütün aylıq ödənişlərini vaxtında ödəmişdir. 13 may 2024-cü il tarixində lombardın yuxarıda qeyd olunan iş yerinə getmiş və oranın sahibi Manaf müəllimə nə qədər borcu oiduğnu soruşduqda, o, qızılların satıldığını bildirmişdir. Bununla bağlı öz etirazını bildirərək qızıllar satıldığı təqdirdə vətəndaşın özünə təklif olunmasını bildirdi. Manaf müəllim qeyd etdi ki, bununla bağlı heç kimə xəbərdarlıq və zəng etmədən qızılları satdığını bildirdi. Bununla bağlı şikayət olarsa tez öz aralarında aktlaşdırıb satılmış kimi qızıl zinyət əşyalarının qırağa qoyulduğunu bildirdidi. Ondan qızil-zinət əşyalarını tələb etdikdə Manaf müəllim səhər gəlməsini bildirmişdir. Sabah 09 fevral 2022-ci il tarixli 326684 saylı girov bileti üzrə girov biletindəki üzük sırğa komplektini gətirmiş və anasının yadigarı olan halqa üzüyünün satıldığını, 30 aprel 2021-ci il tarixli 326417 saylı girov biletindəki 40,8 qram qızılını isə banka qoyub 8000 manat götürdüyünü bildirdi. Bundan sonra 326684 saylı girov biletindəki 33,33 qram olan üzük sırğa brilyant komplektinə 5000 manat gətir verim, o biri qızılları bankdan alaraq gətirək, sonra ödədiklərindən əlavə 4000 manat götürdüyünə qarşı 10960 manat 15 iyul 2024-cü ilə qədər ödəməyi bildirdi. Ödəniş olunmadığı təqdirdə qızıl zinət əşyalarının satılacağını bildirdi. Hesab edir ki, məhkəmə tərəfindən cavabdehlə onun arasında bağlanmış eləcə də müqavilələrin təminatı kimi girov qoyulmuş 30 aprel 2021 -ci il tarixli 326417 1 ədəd halqa üzük 2.1 1 qram 750 əyar, üzük sırqa komplekt brilyant 16 qram 750 əyar, boyunbağı qolbaq dəsti 17,73 qram 750 əyar, halqa üzük 6,23 qaram -0,13 qram brilyant qaşlı - 6,10 qram qaşsız 585 əyar çəmi 41,94 qram qızıl-zinət əşyalarını 09 fevral 2022-ci il tarixli 326684 saylı girov bileti üzrə faktiki olaraq tək üzük 6 qram 585 əyar, halqa üzük 6 qram 585 əyar, üzük, sırğa-dəst 27,33 qram 750 əyar cəmi 33,33 qram qızılların qaytarılması həmçinin dövlət rüsumu kimi ödədiyim 100 manatın cavabdehdən alınaraq onun xeyrinə tutulması barədə qətnamə çıxarılmalıdır.

7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 avqust 2024-cü il tarixli, 2(001)- 4815/2024 nömrəli qətnaməsinə əsasən iddia rədd edilmişdir.

8. Qətnamənin əsaslarına görə, lombard girovu ilə təmin edilmiş kredit məbləği müəyyənləşdirilmiş müddətdə iddiaçı tərəfindən qaytarılmadığından lombard həmin əşyaları satmışdır. Bu fakt məhkəmə araşdırması zamanı hər iki tərəflərin göstərdiyi dəlillərlə öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, İddiaçı Elfəddin qızı qeyd edilən müqaviləyə əsasən cavabdeh qarşısında üzərinə götürdüyü öhdəliklərə tam əməl etmədiyindən hazırkı tələblə çixiş etməsi üçün qanuni əsas yoxdur. Məhkəmə hesab etmişdir ki, iddiaçı üzərinə götürdüyü öhdəliklərə əməl etmədiyindən, eləcə də girovverən müqaviləsində 2 ay müddətində ardıcıl olaraq ödəmədiyi halda lombard tərəfindən ona xəbərdarlıq edilmədən qızıllarının satışa çıxarılmasına etiraz etmədiyindən, Cavabdeh MMC-nin girov biletində qeyd edilən qızıl-zinət əşyalarını satmağa tam hüququ yaranmışdır.

9. Məhkəmə öz mövqeyini Mülki Məcəlləsinin 276.1, 295, 279, 302, 390, 427, 442.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilməsini, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, lombard tərəfindən verilmiş kredit ssuda müqavilədə girov biletində göstərilmiş müddətdə qaytarılmadıqda girovqoyana əvvəlcədən xəbərdarlıq edilməklə əlavə 10 günədək vaxt verilir. Əlavə verilmiş vaxt 30 gün müddətində kredit ssuda qaytarılmazsa, girov lombardın mülkiyyətinə keçir. Lombard tərəfindən girov satışa çıxarılır və müqavilədə nəzərdə tutulan qiymətlə birinci olaraq girov qoyana təklif olunur. Lakin cavabdeh təşkilat girovu satarkən ona heç bir təklif etmədən məhkəməyə şikayət olunacağı təqdirdə girov predmetinin aktlaşdırılaraq satışa çıxaracağını bildirmişdir. Girov bileti” (forma GB-1) dəsti üç hissədən: “Girov Bileti”ndən, “Girov biletinin surəti”ndən və “Girov biletinin kötüyündən və üç əlavə “Kassa orderi”, “Hesablaşma talonu” və “Anbar talonu” hissələrindən ibarətdir. Bütün hissələr eyni seriya və nömrələrə malik olmaqla mətbəə tərəfindən elə çap edilir ki, onları üst-üstə qoyub dolduran zaman “Girov biletinin (Forma N GB-1) əsas hissəsinin surəti digər əsas hissələrə “Girov biletinin surəti”nə və “Girov biletinin kötüyünə çıxa bilsin. “Girov bileti” (forma GB-1) girov verənə təqdim edilir. Girov qoyulan əşyalar (qiymətlilər) “Girov biletinin surəti” ilə anbara təhvil verilir və anbardar “Girov bileti”ni imzalayıb tarix yazır. Sonra isə girov verən kassa orderini kassaya verir və krediti (ssudanı) alır. “Girov bileti” onun qalan əlavələri (“Hesablaşma talonu” və “Anbar talonu”) ilə birlikdə girovverəndə qalır. “Girov biletinin kötüyü” kassada girovun çıxarılma vaxtınadək saxlanılır və sonra isə hesabat üçün icraçıda qalır. Yuxarıda qeyd olunan normadan da göründüyü kimi Girov Biletinin girov verənə təqdim edildiyi göstərilsə də lombard təşkilatı tərəfindən mənə təqdim edilməmişdir. Qaydalara əməl edilməyərək biletin surəti və kötüyü hazırlanmamışdır. Mülki dövriyyənin sabitliyini təmin edən və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin müqavilələrdən irəli gələn öhdəlikləri vicdanla və lazımınca yerinə yetirmələrindən ibarətdir. Hazırda lombardlar nəzarət mexanizmlərinin olmamasından istifadə edərək müxtəlif qanun pozuntularına yol verir, xaotik vəziyyət yaradır. Onlar vətəndaşların aktivlərini, yəni, qızıl-zinyət əşyalarını girov götürəndə çox aşağı qiymətləndirməsi, bəzən müştərilərin xəbəri olmadan onları pula çeviriməsi hallarının olması hamıya məlumdur. Bu səbəbdən lombard təşkilatı ilə əlaqə saxladıqda girov qoyulmuş qızıllarımın heç bir xəbərdarlıq olunmadan satıldığı ona bildirilmişdir. Hazırkı iddia ərizəsi tam qanuni və əsaslıdır və iddia tələbləri təmin edilməli olduğu halda məhkəmə tərəfindən bu edilməmişdir. Cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatda tərəfimdən 3 ildən artıqdır ki, ödəniş edilmədiyi əsas gətirələrək girov qoyulmuş qızılların satılmalı olduğu bildirilmişdir. Hansı ki, iş məhkəmə tərəfindən tam ərətəfli araşdırılsaydı tərəfimdən 19 yanvar 2022-ci il tarixdə 8 ayın ödənişin birdəfəlik həyata keçirildiyi müəyyənləşdirilərdi. Həmçinin digər ödəniş qəbzi üzrə 500 manat ödəniş etdiyim halda 240 manat ödəniş edildiyi qeyd edilmiş sonradan təkidimlə müvafiq yanlışlıq düzəldilmiş ödəniş qəzinin üzərində isə ödəniş ili olaraq 2020-ci il göstərilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər (nümayəndələri) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 276.1. İpoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər. Maddə 279. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Maddə 295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Maddə 302.1. Şəxsi istehlak üçün nəzərdə tutulan daşınar əşyanın fiziki şəxslərdən qısamüddətli kreditlərin təmin edilməsi məqsədilə girov götürülməsini sahibkarlıq fəaliyyəti qaydasında buna xüsusi icazəsi (lisenziyası) olan ixtisaslaşdırılmış təşkilatlar - lombardlar həyata keçirə bilərlər. Maddə 302.2. Əşyanın lombardda girovu haqqında müqavilə lombardın girov bileti verməsi yolu ilə rəsmiləşdirilir. Maddə 302.3. Saxlanca qoyulan əşyalar lombarda verilir. Maddə 302.5. Lombardın girov qoyulmuş əşyadan istifadə etmək və ona dair sərəncam vermək ixtiyarı yoxdur. Maddə 302.6. Lombard girov qoyulmuş əşyanın itirilməsi və zədələnməsi üçün məsuliyyət daşıyır. Maddə 302.7. Əşyanın lombardda girovu ilə təmin edilmiş kredit məbləği müəyyənləşdirilmiş müddətdə qaytarılmadıqda lombard həmin əşyanı açıq hərracdan realizə edə (sata) bilər. Bundan sonra lombardın girov qoyana (borcluya) qarşı tələbləri, hətta girov qoyulmuş əşyanın satışından götürülən məbləğ onların tam ödənilməsi üçün yetərli olmadıqda belə, ləğv edilir. Maddə 302.8. Lombardlar tərəfindən fiziki şəxslərin onlara mənsub əşyanın girovu müqabilində kreditləşdirilməsi qaydaları qanunvericiliklə müəyyənləşdirilir. Maddə 302.9. Əşyanın lombardda girovu haqqında müqavilənin girov qoyanın hüquqlarını bu Məcəllənin ona verdiyi hüquqlara nisbətən məhdudlaşdıran şərtləri əhəmiyyətsizdir. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 427.3. əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442.1. öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

16. Apellyasiya şikayəti ilə qətnamənin ləğvi xahiş edildiyindən məhkəmə aktı apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

17. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

18. İddiaçı apellyasiya şikayətinin əsası kimi “Girov biletinin forma və rekvizitləri və onlardan istifadə Qaydaları”na istinad edərək bildirmişdir ki, lombard tərəfindən verilmiş kredit (ssuda) müqavilədə (“Girov bileti”ndə) göstərilmiş müddətdə qaytarılmadıqda girovqoyana əvvəlcədən xəbərdarlıq edilməklə əlavə (10 günədək) vaxt verilir. əlavə verilmiş vaxt (30 gün) müddətində kredit (ssuda) qaytarılmazsa, girov lombardın mülkiyyətinə keçir. Bu halda lombard tərəfindən girov satışa çıxarılır və müqavilədə nəzərdə tutulan qiymətlə birinci olaraq girov qoyana təklif olunur. Lakin cavabdeh təşkilat girovu satarkən mənə heç bir təklif etmədən məhkəməyə şikayət olunacağı təqdirdə girov predmetinin aktlaşdırılaraq satışa çıxaracağını bildirmişdir.

19. İddiaçının istinad etdiyi bu arqumentlər “Girov biletinin forma və rekvizitləri və onlardan istifadə Qaydaları”nın 5-ci bəndində aşağıdakı qaydada nəzərdə tutulmuşdur:

5. “Girov bileti” müqavilə xarakterli olduğu üçün onda aşağıdakı şərtlər nəzərdə tutula bilər; 5.1. Lombard tərəfindən kreditlər (ssudalar) 1 ay müddətindən 3 ay müddətinədək verilir; 5.2. Lombard tərəfindən verilmiş ssuda müqavilədə (“Girov bileti”ndə) göstərilmiş müddətdə qaytarılmadıqda girov qoyana əvvəlcədən xəbərdarlıq edilməklə əlavə (en azı 30 günədək) vaxt verilir; 5.3. Əlavə verilmiş vaxt müddətində ssuda qaytarılmazsa, girov lombardın mülkiyyətinə keçir. Bu halda lombard tərəfindən girov satışa çıxarılır və müqavilədə nəzərdə tutulan qiymətlə birinci olaraq girovqoyana təklif olunur; 5.4. Şeylərin satılmasından hasil olan pul qalığı məbləğindən Lombarda çatacaq bütün borc pul məbləği (girov qoyulmaqla alınmış pul, saxlanılmaq üçün faiz və satılma xərci) çıxıldıqdan sonra girovverənə verilir; 5.5. Girovverən müqavilədə (“Girov biletində) göstərilən vaxt müddətində və ona əlavə verilmiş vaxt ərzində krediti (ssudam) qaytarmazsa və ya ümumiyyətlə Lombarda gəlməzsə, bu halda girovverən həmin əmlakı geri tələb etmək və girovun satışında iştirak etmək hüquqlarından məhrum olunur. Belə olan təqdirdə girov istənilən hüquqi və fiziki şəxslərə bazar qiymətlərinə uyğun satılır;

20. Göründüyü kimi, bu prosedurların aparılması üçün girov biletində həmin şərtlər nəzərdə tutulmalıdır.

21. Lakin iş materiallarının 28-ci vərəqəsində olan və iddiaçının özü tərəfindən imzalanmış şərtlərdə hər 2 müqavilə (girov bileti) üzrə aşağıdakılar nəzərdə tutulmuşdur: “Mən, İddiaçı 30 aprel 2021-ci il tarixində GJN 326417 saylı girov bileti ilə lombarda girov qoyduğum girov əşyalarının qarşılığında götürdüyüm ssudanın faizini 2 (iki) ay müddətində ardıcıl olaraq ödəmədiyim halda lombard tərəfindən mənə heç bir xəbərdarlıq edilmədən satışa çıxarılmasına etiraz etmirəm” “Mən, İddiaçı 09 fevral 2022-ci il tarixində GJN 326684 saylı girov bileti ilə lombarda girov qoyduğum girov əşyalarının qarşılığında götürdüyüm ssudanın faizini 2 (iki) ay müddətində ardıcıl olaraq ödəmədiyim halda lombard tərəfindən mənə heç bir xəbərdarlıq edilmədən satışa çıxarılmasına etiraz etmirəm”

22. Məhkəmə kollegiyası ilkin olaraq bu şərtləri Mülki Məcəllənin 302.9-cu maddəsinin tələbləri baxımından qiymətləndirərək qeyd edir ki, bu şərtlər mülki qanunvericiliyin tələblərinə uyğundur və həmin Məcəllənin 302.7-ci maddəsində qeyd olunmuşdur ki, əşyanın lombardda girovu ilə təmin edilmiş kredit məbləği müəyyənləşdirilmiş müddətdə qaytarılmadıqda lombard həmin əşyanı açıq hərracdan realizə edə (sata) bilər. Bundan sonra lombardın girov qoyana (borcluya) qarşı tələbləri, hətta girov qoyulmuş əşyanın satışından götürülən məbləğ onların tam ödənilməsi üçün yetərli olmadıqda belə, ləğv edilir.

23. Girov biletində nəzərdə tutulmuş bu şərtlərə uyğun olaraq ssudanın faizinin 2 ay müddətində ardıcıl olaraq ödənilməməsi işin mübahisələndirilməyən halıdır, mübahisələndirildiyi təqdirdə belə iddiaçı tərəfindən hər hansı məbləğdə pul vəsaitinin ödənilməsi ilə bağlı heç bir sənəd təqdim olunmamışdır.

24. İddiaçı özü də iddia ərizəsində qeyd etmişdir ki, “13 may 2024-cü il tarixində lombardın yuxarıda qeyd olunan iş yerinə getdim və oranın sahibi Manaf müəllimə nə qədər borcum olduğunu soruşduqda o, mənə qızılların satıldığını bildirdi”. Bu xüsusatın özü də təsdiq edir ki, iddiaçı nəinki borcunu ödəmək, borcun məbləği ilə maraqlanmaq üçün 1-ci müqaviləni bağladıqdan 3 il sonra, 2-ci müqaviləni bağladıqdan 2 il 2 ay sonra müraciət etmişdir.

25. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən öhdəliklər icra olunmadığından cavabdeh tərəfindən girov qoylumuş əşyaların satılması zamanı müqavilə şərtlərinə və qanunvericiliyin tələblərinə zidd hər hansı bir pozuntuya yol verilməmişdir.

26. Həmçinin, iddiaçının tələbi ssudanın və faizlərin ödənilməsi şərtilə qızıl – zinət əyşalarının qaytarılması deyildir, iddiaçı cavabdehə borcunu ödəmədiyi, yəni, öhdəliklərini icra etmədiyi halda qızıl – zinət əşyalarının qaytarılması tələbini irəli sürür.

27. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

28. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 avqust 2024-cü il tarixli, 2(001)- 4815/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 avqust 2024-cü il tarixli, 2(001)- 4815/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov

Günay Axundova

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar