Məhkəmə qərarları › İş №2(103)-6218/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6218/2020

01.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6218/2020 01.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X3 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-6231/2019 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindənverilmişapellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra, iddiaçı) cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə (bundan sonra, cavabdeh) qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, məhkəmə, istintaq və təhqiqat orqanlarının qanunsuz istintaq hərəkətləri və ədalətsiz məhkəmə hökmü nəticəsində ona vurulmuş maddi ziyana görə 50400 manat, mənəvi ziyana görə 50000 manat məbləğin qanunvericiliyin müəyyən edilmiş qaydasında Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutulması və ona ödənilməsibarədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Mingəçevir şəhər Polis Şöbəsinin apardığı istintaq nəticəsində Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinərək Ucar Rayon Məhkəməsinin hökmü ilə 02 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə onun apelyasiya şikayəti təmin edilmiş, onun CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilmişdir. CPM-nin 56 və 63-cü maddələrinə əsasən, onun cinayət prosesinin həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini müllkü mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququnun tanınması və ona izah edilməsi hökm edilmişdir. Həmin məhkəmə hökmündən Azərbaycan Respublikası Ali Məhkəməsinin kassasiya şikayəti və protesti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının xx xxx 2019-cu il tarixli qərarı ilə həm kassasiya protesi, həm kassasiya şikayəti təmin edilməmiş, onun barəsində Şəki Apelyasiya Məhkəməsinin çıxarmış olduğu xx xxxxxx 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmaqla barəsində çıxarılan bəraət hökmü dəyişdirilmədən saxlnılmışdır. O, təhqiqat və istintaq orqanlarının qanunsuz apardığı istintaq hərəkəti nəticəsində xx xxxxxx 2014-cü il tarixdən xx xxx 2019-cu il tarixədək maddi və mənəvi sarsıntı keçirmişdir. Həmin maddi ziyanı 50400 manat, mənəvi ziyanı 50000 manat məbləğində qiymətləndirir. Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından iddia ərizəsinin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)- 6231/2019 saylı qətnaməsi ilə (hakim Natavan Tağıyeva) iddianın qismən təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən İddiaçı xeyrinə 1500 (bir min beş yüz) manat məbləğində dəymiş maddi və mənəvi ziyanın tutulması, iddia qalan hissədə təmin edilməməsi qət olunmuşdur. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın tam təmin olunmasını xahiş etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddianın təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini – iddia ərizəsində göstərilən dəlillərə uyğun qaydada əsaslandırmış, həmçinin birinci instansiya məhkəməsinin qətnaməsinin qismən əsassız olmasını, maddi və prosessual hüquq normalarının pozulmasını, işin tam, hərtərəfli və obyektiv araşdırılmamasını, iddianın tam təmin olunmalı olmasını, qətnamənin ziddiyyətli olmasını, maddi və mənəvi ziyanın ayrı-ayrılıqda hansı hissədə təmin olunmasının göstərilməməsini və s. göstərmiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh apellyasiya şikayətini – birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, iddianın rədd olunmalı olması, qətnamənin ziddiyyətli olması, sübutların təqdim edilməməsi və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. Tərəflərin izahatlari, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, orada göstərilən dəlillərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki,iş materiallarından göründüyü kimi, iddiaçı Ucar Rayon Məhkəməsinin 23avqust 2016-cı il tarixli hökmü ilə CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş,Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü ilə onun CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliyi sübuta yetirilmədiyinə görə bəraət verilmiş,CPM-nin 56 və 63-cü maddələrinə əsasən, onun cinayət prosesinin həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini müllkü mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququnun tanınması və ona izah edilməsi hökm edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının xx xxx 2019-cu il tarixli qərarı ilə həm kassasiya protesi, həm kassasiya şikayəti təmin edilməmiş, Şəki Apelyasiya Məhkəməsinin çıxarmış olduğu xx xxxxxx 2018ci il tarixli bəraət hökmü dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən ziddiyyətli qətnamə qəbul etmiş, tutulması qət edilmiş 1500 manat pul vəsaitinin maddi ziyana, yoxsa mənəvi ziyana aid olmasını konkretləşdirməmiş, qətnaməni əsaslandırmamışdır. Həmçinin, qətnamənin əsaslandırıcı hissəsindən görünür ki, məhkəmə dəymiş mənəvi ziyanla bağlı tələbin sübuta yetirilməməsini göstərmiş, lakin nəticədə 1500 manat maddi və mənəvi ziyanın tutulmasını qət etmişdir. Əgər məhkəmə iddianı maddi ziyan hissədə qismən təmin etmişdirsə, o zaman dəymiş maddi ziyanın hansı sübutlarla təsdiq olunmasını, hansı halları əhatə etməsini və s. qətnamədə ümumiyyətlə göstərməmiş, qətnaməni əsaslandırmamışdır. Belə olan halda isə, qətnamə qanuni və əsaslı sayıla bilməz, apellyasiya şikayətlərinə əsasən ləğv olunmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinə görə hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə,ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 5-ci maddəsinə əsasən bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Həmin Qanunun 7-ci maddəsinin 1-ci bəndinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. İşin faktiki halları və qanunvericiliyin qeyd edilən normalarına əsasən iddiaçının müvafiq tələb hüququnun mövcudluğu müəyyən olunur. Çünki, qanunvericiliyin yuxarıda sadalanan normalarına əsasən, bəraət almış şəxsin ona dəymiş zərəri tələb etmək hüququ aşkardır. Yəni, Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. İddia ərizəsindən görünür ki, iddiaçı ona vurulmuş maddi ziyana görə 50400 manat, mənəvi ziyana görə isə 50000 manat tələb etmişdir. İlkin olaraq qeyd edilməlidir ki, iddiaçı maddi ziyanla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, ümumi formada ona maddi ziyan dəyməsini göstərməklçə kifayətənmişdir. MM-nin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, qanunverici maddi zərərin məbləğinin sübut etmək yükünü iddiaçının üzərinə qoymuşdur. Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. İddiaçı isə bu istiqamətdə məhkəməyə sübut təqdim edə bilməmişdir. Eyni zamanda iddiaçının izahatı da maddi ziyanla bağlı hissədə iddianın əsaslı sayılması üçün mötəbər və yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, iddia mənəvi ziyanın tutulması hissəsində qismən əsaslıdır. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 2-ci bəndinə əsasən, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» xx xxx 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli, 7 saylı qərarının 10-cu bəndinə əsasən, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. İddiaçının barəsində aparılmış cinayət təqibi nəticəsində onun dərin mənəvi sarsıntı keçirməsi və iztirab çəkməsi aşkardır. Eyni zamanda, iddiaçının ona ittiham olunmuş müvafiq cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunması barəsində mənfi fikrin formalaşmasına (onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə və digər mənəvi xarakterli mənfi nəticələrə səbəb olması) da əsas olmuşdur. Bütün bu hallar isə özü-özlüyündə iddiaçıya mənəvi ziyanın dəyməsini ehtiva edir. Lakin, məhkəmə kollegiyası hesab edir ki, mənəvi ziyana görə tələb olunan 50000 manat çoxdur, işin hallarına mütənasib deyildir (həmçinin, istər işdə olan sübutlardan, istərsə də iddiaçının izahatından görünür ki, o barəsində həyata keçirilən cinayət təqibi nəticəsində həbs olunmamışdır). Məhkəmə kollegiyası mübahisənin predmetini, pozuntunun xarakterini və s. diqqətələyiq halları nəzərə alaraq hesab edir ki, mənəvi zərərin məbləğinin 2000 manat həddində müəyyən olunması ağlabatan, ədalətli və qanunidir. Bununla yanaşı, iddianın tam təmin olunması barədə iddiaçının apellyasiya şikayəti, həmçinin iddianın rədd olunması barədə cavabdehin apellyasiya şikayəti qalan hissələrdə təmin olunmamalıdır. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri qismən təmin olunmalı, qətnamə ləğv olunmalı, iddianın qismən təmin olunması barədə yeni qətnamə çıxarılmalı, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsindən iddiaçının xeyrinə dəymiş mənəvi ziyana görə 2000 manat pul vəsaiti tutulmalı, iddia qalan hissədə təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.2, 393 və 405.0.1-cimaddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-6231/2019 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-6231/2019 saylı qətnaməsi ləğv olunsun, iddia qismən təmin olunsun. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsindən İddiaçı xeyrinə dəymiş mənəvi ziyana görə 2000 (iki min) manat pul vəsaiti tutulsun, iddia qalan hissədə təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar