Məhkəmə qərarları › İş №2(103)-6220/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6220/2022

24.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6220/2022 24.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Şahmuradova (Quliyeva) Günay Faiq qızına qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-6220/2022 (Açar sözlər: “maddi və mənəvi ziyanın ödənilməsi”) Bakı şəhəri 24 oktyabr 2022-ci il Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi (məruzəsi) ilə, Fuad Fikrət oğlu Babayev və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı, Cavabdeh Şahmuradova (Quliyeva) Günay Faiq qızının nümayəndəsi və vəkili X2, Tərcüməçi X1 qızının iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, 2(006)-71/2022 nömrəli qətnaməsindən cavabdeh Şahmuradova (Quliyeva) Günay Faiq qızı tərəfindən verilmiş apellyasiya şikayətinə xx.xx.2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı Əmədova Viktoriya Vitalyevna mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yaşayır.

2. 10-cu mərtəbədə yerləşən 45 saylı mənzildə yaşayan kirayəşinlər üzündən 10-cu mərtəbəyə, 9-cu mərtəbəyə və onun yaşadığı 8-ci mərtəbəyə su axıntısı baş vermişdir.

3. 9-cu mərtəbədə yaşayan L.Z .Vəlizadə dəfələrcə JEK-ə şikayət etmişdir.

4. 1 saylı MKİS-in işçiləri tərəfindən tərtib olunmuş 03 oktyabr 2019-cu il tarixli aktdan göründüyü kimi, Azadlıq prospekti, 176/18 saylı evin 43 saylı mənzilinin sahibi X3 şikayət ərizəsi əsasında mənzilinə yuxarı mərtəbədə yerləşən 45 saylı mənzilindən su axımı olması faktına yerində baxış keçirilmişdir. Keçirilmiş baxış zamanı aşkar edilmişdir ki, 43 saylı mənzilin dəhliz, mətbəx, vanna otağı və ayaqyoluna su axımı olması səbəbindən tavan və divarlara zərər dəymiş və təmirinə ehtiyac yaranmışdır. 45 saylı mənzilin sahibi vətəndaş Cavabdeh (ata soyadı Quliyevanın) nümayəndəsi, özünü atası kimi təqdim edən Faiq Quliyevlə əlaqə saxlanılmış və onun mənzilindən aşağı mərtəbəyə su axaraq maddi ziyan vurması izah edilmişdir. F.Quliyevlə aparılan söhbətdən sonra tez bir zamanda mənzilində su və kanalizasiya xəttlərini, vanna otağının döşəməsini təmir edərək, axıntının qarşısını alacağını bildirmişdir. Mənzildə aparılacaq təmir işlərinə MKİS-i tərəfindən nəzarət qaydasında baxış keçirələcəyi ona bildirilmişdir. 45 saylı mənzildən 43 saylı mənzilə su axımı olması nəticəsində sahəsi 7 kv.metr olan mətbəxin tavanının şpaklevka edilib emulsiya ilə rənglənməsi, sahəsi 3,5 kv.metr olan vanna otağının tavanının və divarlarının, ayaqyolunun tavanının təmirinə ehtiyac yaranmışdır. Hal-hazırda 45 saylı mənzil kirayə verilib və mənzildə kirayəşin yaşayır.

5. 1 saylı MKİS-in işçiləri tərəfindən tərtib olunmuş 23 oktyabr 2019-cu il tarixli aktdan göründüyü kimi, Azadlıq prospekti, 176/18 saylı evin 41 saylı mənzilinin sahibəsi İddiaçı ərizəsi əsasında su axıntısı olması ilə əlaqədar yerində baxış keçirilmişdir. Baxış keçirilərkən aşkar edilmişdir ki, mənzilə su axıntısı olmuş, mənzildə otağın tavan və divarları zədələnmişdir. Belə ki, su axıntısı zamanı divarlarda olan oboy zədələnmiş, elektrik naqillərinə su dolması ilə əlaqədar avtomatlar atmış və təmirə ehtiyac yaranmışdır. Ev sahibəsinin dediyinə görə mənzildə olan televizorun içinə su dolduğuna görə televizor xarab olmuşdur. Su axıntısı olmuş 45 saylı mənzilin sahibi vətəndaş Cavabdeh (ata soyadı Quliyevanın) nümayəndəsi, özünü atası kimi təqdim edən Faiq Quliyevlə əlaqə saxlanılmış, 41 saylı mənzilə etmiş olduqları su axıntısından zərər dəyməsi bildirilmiş və xəbərdarlıq edilmişdir ki, mənzilində santexniki avadanlıqları düzgün istifadə edib, diqqətli olsunlar. Gələcəkdə aşağı mərtəbədə yerləşən mənzillərə su axıntısı olmasın. Mənzil sahibinə aşağı mərtəbəyə su axıntısı etmələri haqda akt tərtib olunduğu bildirilmişdir. Hal-hazırda 45 saylı mənzil kirayə verilib və mənzildə kirayəşin yaşayır.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 10/1551-9/2379 saylı rəyindən görünür ki, Bakı şəhəri, Azadlıq prospekti, 18/176 saylı evin 41 saylı mənzilinin tikililərində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 1.373 manat məbləğində olduğu müəyyən edilmişdir.

7. Bakı şəhəri, Azadlıq prospekti, 18/176 saylı evin 41 saylı mənzilinin tavanında və divarlarında su sızma ləkələrinin, eləcə də mülki iş materiallarında olan 1 saylı MKİS-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli aktın məlumatlarına əsasən Bakı şəhəri, Azadlıq prospekti, 18/176 saylı evin 41 saylı mənzilinə yuxarı mərtəbədəki 45 saylı mənzildən suyun sızması müəyyən olunmuşdur.

8. Baxış keçirilən zaman Bakı şəhəri, Azadlıq prospekti, 18/176 saylı evin 45 saylı mənzilindən 41 saylı mənzilə suyun axmadığı müəyyən edilmişdir.

9. İddia ərizəsində göstərilən “Samsung” modelli, 46 diaqonallı televizorun 2014-cü ildən istifadədə olması nəzərə alınmaqla, normal vəziyyətdə orta bazar qiyməti təxminən 450 manat müəyyən edilmişdir.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/6938-9/9028 saylı rəyindən görünür ki, Bakı şəhəri, Azadlıq prospekti, 18/176 saylı evin 41 saylı mənzilin hal-hazırda təmirli olduğunu, 45 saylı mənzilin dəhlizinin və yaşayış otağının döşəməsinin üzərində qabarma, şişmə, çürümə hallarının olmadığını, 41 saylı mənzilə hal-hazırda su sızmadığını nəzərə alaraq, İddiaçı yaşadığı Bakı şəhəri, Azadlıq prospekti, 18/176 saylı evin 41 saylı mənzilinə hər hansı bir ziyanın dəyməsini, 41 saylı mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 45 saylı mənzilindən su axıdılan zaman ziyan dəyə bilməsini müəyyən etmək mümkün olmamışdır.

11. İddiaçı mənzilində su sızma izlərinin olmadığı üçün 41 saylı mənzilə su axıdılması davam etmədiyi və İddiaçı mənzilində hal-hazırda qüsur olmadığından, ziyan dəyib-dəyməməsinə və dəymiş ziyanın dəyərinin müəyyən olunmasına dair tədqiqat aparılmamışdır.

İş üzrə qəbuledilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

12. İddiaçı cavabdeh Şahmuradova (Quliyeva) Günay Faiq qızına qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azadlıq prospekti, ev 18/176, mənzil 41 ünvanında yerləşən yaşayış sahəsinə vurulmuş maddi zərərə görə 1.300 manat, mənəvi zərərə görə 10.000 manat, dövlət rüsumu olaraq ödənilmiş 30 manat, cəmi 11.330 manat cavabdeh X5 tutularaq ona ödənilməsi, cavabdehin üzərinə ona məxsus ünvan 2 ünvanında yerləşən mənzildən su və kanalizasiya axıntısının qarşısının alınması öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPMnin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, elektrik ustası xərci üçün 350 manat, qonaq otağının elektrik xəttləri və s. xərclər üçün 350 manat, koridorun elektrik xərcləri üçün 150 manat, qonaq otağının divarının düzəldilməsi ilə əlaqədar usta xərci üçün 400 manat, divar kağızı üçün 500 manat, divarın düzəldilməsi ilə bağlı material xərci üçün 150 manat, televizorun əvəzi olaraq 1.300 manat və mənəvi ziyan üçün 10.000 manat məbləğində pulun cavabdeh X5 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

14. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yaşayır. 10-cu mərtəbədə yerləşən 45 saylı mənzildə yaşayan kirayəşinlər üzündən 10-cu mərtəbəyə, 9-cu mərtəbəyə və onun yaşadığı 8-ci mərtəbəyə su axıntısı baş vermişdir. 9-cu mərtəbədə yaşayan L.Z .Vəlizadə dəfələrcə JEK-ə şikayət edib. Ən son baş vermiş hadisədən sonra 45-ci mənzilin sahibi çürümüş boruları əvəz etməyə söz vermişdir. Lakin mənzildə qalan kirayəşin ailəsi o boruların olmamasına baxmayaraq, sudan istifadə etməyə davam etmişlər və susuz qala bilməyəcəklərini bildirmişlər. Çünki əvvəlcədən kirayənin 3 ayını ödəmişlər. Yenidən 43-cü mənzili su basmış və ardından su onun mənzilinə keçmişdir. Təəssüflər olsun ki, 6-8 saat evdə olmadığı üçün su axımının qarşısını ala bilməmişdir. Saat 22:00 radələrində evə gələndə qaranlıq olduğu üçün qonaq otağının işığını yandırmış və qısa qapanma baş vermişdir. Texnikasına zərər dəymiş və bütün divar şişmiş, oboylar qopmuşdur. 9-cu mərtəbəyə qalxaraq evini su basdığını bildirmiş, daha sonra 10-cu mərtəbəyə qalxaraq xahiş etmişdir ki, suyu bağlasınlar, lakin evdə qalan kirayəşinlər ona çox kobud bir şəkildə bildirmişlər ki, evdə uşaqlar var və suyu bağlamayacaqlar. Axırda suyun bağlamasını məcbur etmişdir. Səhər 45-ci mənzilin ev sahibinə zəng etmiş və bu hadisədən maddi ziyan aldığını bildirmişdir. Hər şeyi videoya çəkmişdir. Elektrik ustaları gəldikdə görmüşlər ki, televizordan su tökülür. Hər şeyi söndürdükdən sonra demişlər ki, 5 gün içində otaqda işığı yandırmasın. Ev sahibi Faiq Quliyev televizoru ustaya aparmış və həftələrlə orada saxlamışdır. Sonra öyrənmişdir ki, evi satmaq istəyir və bunun üçün vaxtı uzadır. Ona bildirmişdir ki, aldığı ziyandan ona sadəcə 150 manat pul verəcək. Televizorun modeli Samsung 2014, 46 diaqonaldı və qiyməti 2.700 manatdır. Yeni televizor almaq məcburiyyətində qalmış və cibindən 1.300 manat ödəmiş, hər şeyi öz hesabına düzəltmişdir. Göstərilənlərə əsasən elektrik ustası xərci üçün 350 manat, qonaq otağının elektrik xəttləri və s. xərclər üçün 350 manat, koridorun elektrik xərcləri üçün 150 manat, qonaq otağının divarının düzəldilməsi ilə əlaqədar usta xərci üçün 400 manat, divar kağızı üçün 500 manat, divarın düzəldilməsi ilə bağlı material xərci üçün 150 manat, televizorun əvəzi olaraq 1.300 manat və mənəvi ziyan üçün 10.000 manat məbləğində pulun cavabdeh X5 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Cavabdeh Şahmuradova (Quliyeva) Günay Faiq qızı tərəfindən məhkəməyə etiraz ərizəsi ünvanlanaraq bildirilmişdir ki, İddiaçı ona qarşı Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, qeyd olunmuş yaşayış sahəsi üzrə 1.300 manat maddi zərər, 10.000 manat mənəvi zərər, 30 manat dövlət rüsumu, cəmi 11.330 manat pul məbləğini tələb etmişdir. Hesab edir ki, iddiada irəli sürülən tələblər əsassızdır və təmin edilməməlidir. İlk növbədə qeyd edir ki, İddiaçı ərizəsində qeyd etdiklərinin əksinə olaraq, sülh qonşuluq münasibətlərinin saxlanılması və narazıçılığın qarşısının alınması məqsədi ilə atası Faiq Quliyev daimi olaraq ünsiyyətdə olmuş və bütün tələb olunan dəstəyi göstərmişdir. Lakin, iddiaçının dəymiş zərər bəhanəsi ilə bir sıra məqamda vəziyyətdən sui-istifadə niyyətini aşkar etdikdən sonra müəyyən olunmuşdur ki, iddiaçının tələbləri ağlabatan həddi keçməkdədir. Tələblərin ağlabatan həddi keçməsinin bir səbəbi kimi, sudan zərər çəkilməsi iddia edilən televizor olmuşdur. Həmin televizor atası tərəfindən 2 ayrı texnika diaqnostika mərkəzlərinə, o cümlədən, “Samsung” rəsmi distribütor mərkəzinə təqdim edilmiş və hər ikisi tərəfindən qeyd olunan avadanlığın su nəticəsində yox, ekranında fiziki zədə olması səbəbindən işləmədiyi bildirilərək təmirindən imtina olunmuşdur. İddiaçı iddiada televizorun qiymətinə və modelinə dair bildirdiyi məlumatların da şişirdilmiş olduğu müəyyən edilmişdir. Belə ki, hazırki etiraza əlavə edilmiş “zərər” çəkmiş televizorun arxasındakı etiketdən göründüyü kimi, onun modeli 2011-ci ilin buraxılışıdır və bugünki vaxta kimi texniki amortizasiya nəticəsində, o cümlədən, fiziki zədənin mövcud olması şərt ilə qiyməti 2.700 manat civarında heç bir halda qala bilməzdir. Buna görə də, iddiaçının məhkəmə çəkişməsindən öncə ondan 3.500 manat civarında yeni televizorun şərikli alınması tələbini də bir absurd hesab edir. Məsələyə hüquqi tərəfdən yanaşmaq üçün isə aşağıdakıları bildirir. İddiaçının məhkəməyə sübut kimi təqdim etdiyi 1 saylı MKİS tərəfindən yazılan “Akt” adlı kağız mövcüd olan Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olmadığına görə məhkəmə tərəfindən əhəmiyyətsiz hesab olunmalı və hazırki işin sübutlar siyahısından çıxarılmalıdır. Belə ki, 1 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən qeyd olunan “Akt”ın tərtib olunaraq imzalanması MKİS-lara aid edilməyən səlahiyyətlərin mənimsənilməsi kimi qiymətləndirilməlidir. Hazırda qüvvədə olan, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ölkənin çoxmənzilli binalarında sahə mülkiyyətçiləri ilə bağlı münasibətləri tənzimləyir. İstər qeyd olunan Məcəllədə, istərsə də digər əlaqəli normativ-hüquqi aktların heç birində Mənzil-Kommunal İstismar Sahələrinin belə səlahiyyətlərə malik olmasına dair hər hansı müddəa mövcud deyil. Belə aktların təqdim edilməsini yalnız qanunvericilik çərçivəsində səlahiyyətləndirilmiş və müvafiq statusa malik dövlət müəssisələri həyata keçirə bilər (misal üçün, borulardan su axıntısı ilə bağlı məsələlərə görə "xxxx" ASC-nin mühəndis briqadasının yerində keçirdiyi baxış nəticəsində tərətlərin iştirakı ilə aktlaşdırma). Qeyd olunanlarla yanaşı, məhkəməyə “Akt” kimi təqdim edilən 1 saylı MKİS-in kağızı yalnız birtərəfli qaydada və onun iştirakı, xəbəri, imzası olmadan tərtib olunmuşdur. Belə olan halda, həmin kağızda yazılanlara dair münasibət bildirməyə, mübahisələndirməyə, razı olub-olmamağına və yuxarıda qeyd etdiyi kimi, buna səlahiyyəti olmayan təsərrüfat subyektinin səlahiyyətlərinin aşırılmasına dair müvafiq orqanlara şikayət etməsinə qərəzli şəkildə ona şərait yaradılmamışdır. Halbuki, qeyd olunanların mübahisələndirilməsinə və “Akt”ın tərtib edilməsi faktına görə onun tərəfindən şikayət edilməsi üçün kifayət qədər əsas vardır. İddia predmeti olan mənzildə su axıntısı nəticəsində otağın tavan və divarları, divar kağızları və sair zədələnməsi qeyd olunsa da, qeyd olunanların su axıntısından öncə hansı vəziyyətdə olmasına dair hər hansı sübut mövcud deyil və məhkəmənin mülahizəsinə təqdim edilməmişdir. Əlavə olaraq “Akt”da belə bir ifadənin, yəni, “Ev sahibəsinin dediyinə görə mənzildə olan televizorun içinə su dolduğuna görə televizor xarab olmuşdur" sözlərinin bildirilməsi özü də qərəzli formada olan sübutun icad edilməsi kimi qiymətləndirilməlidir. Belə ki, ehtimal əsasında deyilən təsdiqlənməmiş məlumatın sənəddə əks etdirilməsi və sübut kimi qiymətləndirilməsi yolverilməzdir. Xüsusi olaraq vurğulamaq istəyir ki, onun mülkiyyətində olan mənzil 10-cu mərtəbədə yerləşir, iddiaçının mənzili isə 8-ci mərtəbədə. Su axıntısı olubsa və iddiaçının 8-ci mərtəbədə yerləşən mənzilinə müəyyən zərər dəyibsə, o qənaətə gəlmək olar ki, 9-cu mərtəbədə yerləşən mənzil ilk zərərçəkmiş olaraq su basqını nəticəsində xeyli miqdarda zərər görüb? Xeyr. Mənzillər arasında 9-cu mərtəbədə yerləşən mənzilin mülkiyyətçisi tərəfindən məsələ ilə bağlı hər hansı şikayət daxil olmamış və belə bir ziyan ilə bağlı tələb irəli sürülməmişdir. Əlavə olaraq, iddiaçı ərizəsində qevd edir ki, çəkişmə nəticəsində xəstəliyi və stress səbəbindən ona dəymiş mənəvi zərərə görə ondan 10.000 manat tutularaq iddiaçıya ödənilməsini xahiş edir. Lakin bununla belə iddiaçı müvafiq qanunvericiliyin, o cümlədən “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli qərarının tələblərinə zidd olaraq məhkəməyə sadaladığı halların baş verməsini, cavabdehin hərəkətlərinin qanunazidd olmasını və ümumiyyətlə bu hərəkətlər və onun sağlamlığında baş vermiş hallar arasında hər hansı səbəbli əlaqənin olmasını təsdiq edən hər hansı sübutları, o cümlədən, həmin dövrdə sağlamlığı barədə vəziyyətini təsdiqləyən tibbi arayışı məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, iddia ərizəsində göstərilən iddiaların heç bir hüquqi əsası yoxdur və qanunvericiliyin tələblərinə baxmayaraq, iddiaçı öz iddia ərizəsində göstərdiyi halları əsaslandırmaq üçün hər hansı mötəbər sübut məhkəməyə təqdim etməmişdir.

17. Cavabdeh Şahmuradova (Quliyeva) Günay Faiq qızı tərəfindən məhkəməyə növbəti etiraz ərizəsi ünvanlanaraq bildirilmişdir ki, İddiaçı ona qarşı Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, sonradan AR MPM 53-cü maddəsinə əsasən iddia tələbinin həcmini artıraraq 350 manat elektrik ustası xərci, 350 manat qonaq otağının elektrik xəttlərinin və sair xərcləri, 150 manat koridorun elektrik xərcləri, 400 manat qonaq otağının divarının düzəldilməsi, 500 manat divar kağızı, 150 manat divarın düzəldilməsi ilə bağlı əlavə material xərci, 1.300 manat televizorun xarab olması səbəbilə yeni televizorun alınması üçün ödəməsi və 10.000 manat mənəvi ziyan olaraq pul vəsaitini tələb etmişdir. Hesab edir ki, iddiada irəli sürülən tələblər absurddur, əsassızdır və təmin edilməməlidir. Eyni zamanda, məhkəmə tərəfindən təyin olunan tikinti-texniki ekspertizası Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən xx.xx.2020-ci il tarixli 10/1551-9/2379 nömrəli ekspert rəyi pozuntularla icra olunduğundan, qoyulan suallara qeyriprofessional şəkildə cavablandırmağa cəhd etdiyindən və bu səbəbdən dəfələrlə təkrar ekspertizaların təyin edilməsinə səbəb olaraq nəticədə sonuncu ekspert rəyinin verilməsini nəzərə alaraq, ilkin rəy hazırki işin yekun qərarında nəzərə alınmamalıdır. İş materialında olanlara dair etirazını nöqtə-nöqtə aşağıda göstərilən bəndlər ilə əsaslandırır. İddiaçının qeydiyyatda olduğu mənzil 8-ci mərtəbə yerləşir, o halda ki, ona məxsus mənzil 10-cu mərtəbədədir. Belə olan halda, iddiaçının əmlakına hipotetik olaraq iddia etdiyi zərərin dəyməsi, bilavasitə mənzilinin altında olan 9-cu mərtəbədəki evin daşması və tamamilə yararsız vəziyyətə düşməsi anlamına gəlir. Halbuki, bu həqiqətə uyğun deyil və bu günə kimi həmin 43 saylı mənzilin sahibindən hər hansı bir narazıçılıq və ya tələb ona qarşı irəli sürülməyib. Bu fakt və o cümlədən, hazırki işin məhkəmədə irəli sürülməsi iddiaçının ona məxsus evində onun hesabına və ona tamamilə aidiyyəti olmayan əsaslı təmir etməsi və yeni texnika alması niyyəti olaraq İddiaçı tamahkar və haqsız olduğunu göstərir. İddiaçı tərəfindən naməlum vasitələrlə əldə edilən xx.xx.2019-cu il tarixli “Akt”ı və bir müddət keçdikdən sonra hazırki işə aid olmayan 43 saylı mənzil üzrə arxa tarix ilə hazırlanmış və məhkəməyə təqdim edilmiş xx.xx.2019-cu il tarixli 2-ci “Akt”ı 1 saylı MKİS Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq tərtib etməyə səlahiyyətli deyil. Kustar şəkildə, qarşı tərəfin mənzilinin fotoşəkili və dəymiş zərərin sübutu olmadan, qanunda əksini tapmayan, onun xəbəri və iştirakı olmadan, lakin bilavasitə onun və atası Faiq Quliyevin adından bəyanatları əks etdirən və eyni zamanda, imzaları üzərində olmayan sənəd məhkəmədə mötəbər sübut kimi qiymətləndirilməməli və nəzərə alınmamalıdır. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 10/1551-9/2379 nömrəli ilkin ekspert rəyi bir sıra pozuntularla hazırlanmışdır, bu səbəbdən, hazırki iş üzrə Nəsimi Rayon Məhkəməsi tərəfindən MPM-in 102.2-ci maddəsinə əsasən təkrar ekspertiza təyin edilmiş və yenidən 10/6938-9/9028 nömrəli ekspert rəyi icra olunmuşdur. Həmin pozuntulara növbəti faktları daxil etmək olar: - Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 10/1551-9/2379 nömrəli ekspert rəyi heç bir fotoşəkil sübutları ilə müşayiət olunmur. Beləliklə 41 saylı mənzilin həmin dövrdə ümumi ilkin vəziyyəti və zədələnməsi iddia edilən hissələri məlum deyil; - həmin ekspertizanın keçirilməsi zamanı onun və ya atasının iştirakı təmin olunmayıb və ekspert tərəfindən edilən bütün səylər ilə həmin baxış prosesindən onlar kənarlaşdırılmışlar. Ondan sonra da iştirakı olmadan keçirilən baxışın nəticəsində hər hansı bir fotosübut ekspertlər tərəfindən hazırki işə əlavə edilməyib; - Ekspertiza Mərkəzi onun qarşısında məhkəmə tərəfindən qoyulan su sızma səbəbi sualına qeyd olunan rəydə müəyyən etmək mümküniyyəti olmadığını qeyd edib. Eyni zamanda, həmin rəydə ekspertlərin fəaliyyətinə tamamilə aid olmayan 1 saylı MKİS-in xx.xx.2019-cu il tarixli “Akt”ı həmin rəyin əsaslandırılması və suala cavab verilməsi üçün əsas götürülüb, bu isə Ekspertiza Mərkəzinin birbaşa səlahiyyətlərinin yerinə yetirilməsi əvəzinə, müşahidəsindən və tədqiqatından kənar olan sənədin fakt kimi konstatasiyası və eyni zamanda Nəsimi Rayon Məhkəməsi əvəzinə sübut kimi qiymətləndirilməsi kimi qəbuledilməzdir. Heç bir suala Ekspertiza Mərkəzi həmin “akt”-sız cavab verməyi mümkün saymayıb; iddiaçının 1 yaşayış otağı 18,8 m2 və dəhlizi 9,3 m2, yani cəmi 28,1 m2 olan sahəyə əlavə edilmiş smeta üzrə 1.373 manat məbləğində dəyər hesablanmışdır. Belə kiçik sahədə su sızıntısında o həcmdə dəymiş zərərin müəyyən edilməsi özü-özünə səhv yanaşmadır, çünki təxmin edilən sızıntı zamanı 28 m2 yaşayış sahəsi tamamilə yarasız hala düşə bilməz, nəzərə alaraq, mənzillər arasında 2 mərtəbə fərq var; qeyd olunan rəyə əlavə edilən smeta 41 saylı köhnə tikili mənzildəki artıq uzun müddət keçmiş köhnə “remont’-a dəymiş faktiki zərərin qiymətləndirilməsi əvəzinə, yəni, zədəyə məruz qalmış yerləri qeyd etmək yerinə, heç bir fotodəlil əlavə etmədən bütün otaqların əsaslı təmiri üçün materialları və xidmət haqqlarını qeyd etmiş və tamamilə bir absurd rəqəmə gəlmişdir. Misal üçün, 28 m2 sahəsində, 85 m2 divar kağızının və şpaklyovkalanmasına 510 manat, 17 rulon divar kağızının alınmasına 340 manat və sair əsaslı təmirə aid zərəri sübuta yetirilməmiş xərcləri əks etdirmişdir. Samsung televizorun iddia ərizəsində və ekspert rəyində modeli və ili düzgün qeyd olunmadan 2014-cü il buraxılışı olduğu istinad edilir. Halbuki, həmin televizorun modeli UE46D6530WS və istehsal tarixi 2011-ci ildir, 2014 yox. Eyni zamanda, ekspertlər tərəfindən həmin televizorun hansı səbəbdən sıradan çıxması müəyyən edilməmiş, lakin dəyəri 450 manat məbləğində müəyyən olunmuşdur. Belə bir səhlənkar qiymətləndirmə ilkin ekspert rəyinin uyğunsuzluğunu nümayiş etdirir. Həmin televizor münaqişə dövründə atası tərəfindən 2 ayrı texnika diaqnostika mərkəzlərinə, o cümlədən, “Samsung” rəsmi distribütor mərkəzinə təqdim edilmiş və hər ikisi tərəfindən qeyd olunan avadanlığın su nəticəsində yox, ekranında fiziki zədə olması səbəbindən işləmədiyi bildirilmişdir. Göründüyü kimi, iddia ərizəsində göstərilən iddiaların heç bir hüquqi əsası yoxdur və qanunvericiliyin tələblərinə baxmayaraq, iddiaçı öz iddia ərizəsində göstərdiyi halları əsaslandırmaq üçün hər hansı mötəbər sübut məhkəməyə təqdim etməmişdir.

18. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh Şahmuradova (Quliyeva) Günay Faiq qızı etiraz ərizələrinin məzmununa uyğun izahat verərək, iddianın rədd edilməsini xahiş etmişdir.

19. Cavabdeh Şahmuradova (Quliyeva) Günay Faiq qızına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir.

20. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadə verərək bildirmişdir ki, o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi mühəndis-texniki ekspertizalar şöbəsinin böyük eksperti, İ dərəcəli ədliyyə qulluqçusudur. İlkin rəy onun tərəfindən təqdim edilmişdir. Onun tərəfindən tədqiqat aparılan zaman baxış keçirdiyi 41 saylı mənzilə su sızdığını görməmişdir. Lakin belə hallarla o tez-tez qarşılaşır. Belə ki, tədqiqat apararkən bəzən mənzilə dəymiş ziyanı dərhal, divarlara, tavana baxış keçirdikdə mövcud qüsurlar əsasında müəyyən etmək olur. Bəzən isə mənzil təmir edilmiş vəziyyətdə olur. Bu zaman tədqiqat mövcud aktlar əsasında həyata keçirilir. İddiaçının evinə baxış keçirdikdə də, evin təmir edildiyini görmüşdür. Bu səbəbdən tədqiqat 1 saylı MKİS tərəfindən tərtib edilmiş aktlar əsasında aparılmışdır.

21. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadə verərək bildirmişdir ki, o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi mühəndis-texniki ekspertizalar şöbəsinin aparıcı eksperti, İ dərəcəli ədliyyə qulluqçusudur. Bu iş üzrə onun tərəfindən tədqiqat aparılaraq, məhkəməyə müvafiq ekspert rəyi təqdim edilmişdir. Bakı şəhəri Azadlıq prospekti, 18/176 saylı evin 41 saylı mənzili həmin evin 45 saylı və 43 saylı mənzilləri arasında yerləşir. Əgər axan su Bakı şəhəri Azadlıq prospekti, 18/176 saylı evin 45 saylı mənzildən həmin evin 43 saylı mənzilinə və həmin mənzildən də 41 saylı mənzilə axırsa bu zaman 43 saylı mənzilə də ziyan dəyməlidir. Tərəfindən ekspertiza həyata keçirilərkən, həmin evin 43 saylı mənzilinin qapısı döyülmüş və mənzil sahibindən onun mənzilinə suyun sızıbsızmadığı barədə müvafiq suallar verilmişdir. Həmin mənzilin sahibi ona bildirmişdir ki, onun mənzilinə su sızmamışdır. Onun tərəfindən tədqiqat aparılan zaman artıq mənzil təmir edilmiş vəziyyətdə olmuşdur. İlkin ekspertiza keçirilərkən, mənzilə suyun sızıb-sızmadığını isə dəqiq bilmir.

22. Bundan əlavə hakim tərəfindən verilmiş suallara cavab olaraq bildirmişdir ki, onun tərəfindən tədqiqat aparılan zaman suyun sızdığını görməmişdir. Bəzən baxış keçirən zaman suyun sızdığını görür, bəzən isə görmürlər. Mənzilə su sızması ola bilər ki, yaranmış nasazlıq səbəbindən baş versin. Çox vaxt isə su sızması səhlənkarlıq nəticəsində baş verir. Belə olan halda, onlar Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən tərtib edilmiş aktlara əsaslanırlar.

23. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, 2(006)-71/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, vurulmuş maddi zərərə görə 1.373 manat, televizora vurulmuş zərərə görə 450 manat və ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh Şahmuradova (Quliyeva) Günay Faiq qızından tutularaq İddiaçı ödənilməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat və 100 manat olmaqla, cəmi 200 manat cavabdeh Şahmuradova (Quliyeva) Günay Faiq qızından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur.

24. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, işin faktiki hallarından göründüyü kimi iddiaçıya məxsus Bakı şəhəri, Azadlıq prospekti, 18/176 saylı evin 41 saylı mənzilinə su sızması nəticəsində ziyan dəymişdir.

25. Məhkəmə qeyd etmişdir ki, məhkəməyə təqdim edilmiş video yazılarda iddiaçıya məxsus mənzilə üst mərtəbədə yerləşən mənzildən su sızması və su sızmasının nəticəsində mənzilin tavanının, divarlarının yararsız hala düşməsi açıq-aydın şəkildə qeydə alınmışdır.

26. Digər tərəfdən mənzilə ziyanın dəyməsi iş materiallarında olan 1 saylı MKİS-in işçiləri tərəfindən tərtib edilmiş 23 oktyabr 2019-cu il tarixli aktı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 10/1551-9/2379 saylı rəyi və bir sıra digər faktlarla öz təsdiqini tapır.

27. Məhkəmə qeyd etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

28. Araşdırma zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 10/1551-9/2379 saylı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olduğundan, məhkəmə hesab etmişdir ki, həmin rəy hazırki iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir.

29. Məhkəmə cavabdeh tərəfin təkidi nəticəsində keçirilmiş və məhkəməyə daxil olmuş digər, xx.xx.2022-ci il tarixli 10/6938-9/9028 saylı ekspert rəyinə münasibətdə qeyd etməyi zəruri hesab etmişdir ki, qeyd edilən rəy əsaslı sübut qismində dəyərləndirilə bilməz.

30. Belə ki, həmin rəydə ekspert tərəfindən Bakı şəhəri, Azadlıq prospekti, 18/176 saylı evin 41 saylı mənzilinin təmirli olduğuna, 45 saylı mənzilin dəhlizinin və yaşayış otağının döşəməsinin üzərində qabarma, şişmə, çürümə hallarının olmadığına və 41 saylı mənzilə hal-hazırda su sızmadığına istinad edilmiş və iddiaçıya məxsus mənzilə ziyan dəyə bilməsini müəyyən etməyin mümkün olmadığı qeyd edilmişdir.

31. Məhkəmə daxil olmuş ekspert rəylərinin bir-birindən tamamilə fərqlənməsi əsası ilə hər iki rəyə öz imzasını atmış ekspertləri məhkəməyə dəvət etmiş və onları ayrı-ayrılıqda dindirmişdir. Məhkəmə iclasında dindirilən zaman hər iki ekspert iş təcrübələrində dəfələrlə su sızmış mənzillərin artıq təmirli vəziyyətdə olması halı ilə rastlaşdıqlarını və bu zaman mövcud sənədlər əsasında tədqiqat apararaq, rəy verilməsinin mümkün olduğunu təsdiq etmişlər.

32. Digər tərəfdən xx.xx.2022-ci il tarixli 10/6938-9/9028 saylı ekspert rəyinin əsassızlığı həmin rəyin nəticə hissəsində digər hallarla yanaşı Bakı şəhəri, Azadlıq prospekti, 18/176 saylı evin 45 saylı mənzilindən həmin evin 41 saylı mənzilinə artıq su sızmaması və bu səbədən tədqiqatın aparılmasının mümkün olmaması faktına istinad edilməsi olmuşdur.

33. Halbuki, ondan öncəki xx.xx.2020-ci il tarixli 10/1551-9/2379 saylı rəydə də, 41 saylı mənzilə üst mərtəbələrdən artıq su sızmamasına dair məlumat qeyd edilmişdir.

34. Məhkəmə Bakı şəhəri, Azadlıq prospekti, 18/176 saylı evin 45 saylı mənzilindən həmin evin 41 saylı mənzilinə artıq su sızmaması faktını qəbul etmişdir. Lakin iddiaçının mənzilinə daha öncədən 45 saylı mənzilindən su sızması halı işin araşdırılmış halları ilə tam sübuta yetirilmişdir. Belə olan halda məhkəmə xx.xx.2022-ci il tarixli 10/6938-9/9028 saylı ekspert rəyini mötəbər sübut kimi qiymətləndirmir.

35. Digər tərəfdən məhkəmə cavabdeh tərəfin etirazına münasibət bildirərək qeyd etməyi zəruri hesab etmişdir ki, cavabdeh öz etirazında istinad etdiyi hallara (su sızmanın baş verməməsinə və s.) dair sübutlar məhkəməyə təqdim etməmişdir.

36. Belə ki, cavabdeh tərəfin təqdim etdiyi etirazın əsassız olmasına dəlalət edən başlıca səbəblərdən biri cavabdehin, ünvan 3 ünvanıda yerləşən 43 saylı mənzilin sahibinin su sızması ilə əlaqədar şikayətinin olmamasına istinad etməsi olmuşdur.

37. Halbuki, 43 saylı mənzilin mülkiyyətçisinin iddiaçı ilə təxminən eyni vaxtlarda mənzilinə dəymiş ziyanla əlaqədar 1 saylı MKİS-ə müraciət etməsi və sonuncunun mənzilinə baxış keçirməklə, dəymiş ziyanla bağlı aktın tərtib edilməsi iş materiallarında öz əksini tapmışdır.

38. Digər tərəfdən cavabdeh tərəf su sızması faktını təkzib edərək, iddianın,o cümlədən 1 saylı MKİS-in işçiləri tərəfindən tərtib olunmuş 23 oktyabr 2019-cu il tarixli aktın əsassızlığına istinad etsə də, həmin aktın əsassız hesab edilməsi üçün əsaslı bir sübut məhkəməyə təqdim etməmişdir.

39. Beləliklə də, məhkəmə hesab etmişdir ki, Bakı şəhəri, Azadlıq prospekti, 18/176 saylı evin 41 saylı mənzilinə 1.373 manat maddi, televizora isə 450 manat məbləğində ziyan dəymişdir. Ziyan məhz 45 saylı mənzildən suyun sızması nəticəsində vurulmuşdur.

40. Məhkəmə maddi zərərin ödənilməsi tələbinə dair hissədə hesab etmişdir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 10/1551-9/2379 saylı ekspert rəyi əsas götürülərək, qeyd olunan maddi ziyan qanunvericiliyə əsasən cavabdeh Şahmuradova (Quliyeva) Günay Faiq qızından tutularaq iddiaçıya ödənilməlidir.

41. Vurulmuş mənəvi ziyanın ödənilməsi tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, həmin hissədə iddia əsassız olduğundan rədd edilməlidir.

42. Belə ki, iddiaçı iddia tələbini həmin hissədə əsaslandıra və buna dair hər hansı sübutlar təqdim edə bilmədiyinə görə iddia ərizəsi mənəvi ziyanın tutulması hissəsində təmin oluna bilməz.

43. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə, 21.2-ci maddəsinə, 1097.1-ci maddəsinə, Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə, 103.2-ci maddəsinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

44. Qətnamədən cavabdeh Şahmuradova (Quliyeva) Günay Faiq qızı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-71/2022 saylı iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

a) Apellyasiya şikayətinin dəlilləri

45. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, təqsir sübut olunmalıdır ki, təqsirkarın məsuliyyəti vardır. Lakin iş üzrə təyin edilmiş ekspertiza rəyləri bunun tam əksini deyir. Bildirir ki, Nəsimi rayon məhkəməsi tərəfindən təyin olunmuş hər iki ekspertiza qeyd olunan tarixdə su sızıntısının ona məxsus mənzildən əmələ gəlməsini müəyyən etməmiş, və bununla da iddia edilən zərər vurulmasına gətirib çıxaran təqsirin, hüquqa zidd əməlin onun tərəfindən edilməsini sübut etməmişdir. Bununla da, sübuta yetirilməmiş delikt üzrə ona zərərin ödənilməsi qət edilməsi öhdəliyi məhkəmə tərəfindən buraxılmış ciddi nöqsandır və istənilən halda qəbul edilmiş qərarın ləğvi üçün birbaşa əsasdır. Əlavə olaraq, Nəsimi rayon məhkəməsi tərəfindən təyin olunan tikinti-texniki ekspertizası Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən xx.xx.2020-ci il tarixli 10/1551-9/2379 nömrəli Ekspert Rəyi pozuntularla icra olunduğundan, qoyulan suallara qeyri-professional şəkildə cavablandırmağa cəhd etdiyindən və qeyd olunduğu kimi su sızıntısın mənbəsini müəyyən etmədiyindən, dəfələrlə təkrar ekspertizalarının təyin edilməsinə səbəb olmuşdur və nəticədə sonuncu Ekspert Rəyinin alınmışdır . Buna baxmayaraq, Nəsimi rayon məhkəməsi ilkin rəyi nəticələrini işin yekun qərarında nəzərə almış və ona əsasən tələb hissəsinin qismən təmin edirək Mülki Prosessual pozuntuya yol vermişdir. İddiaçının qeydiyyatda olduğu mənzil 8-ci mərtəbə yerləşir, o halda ki, ona məxsus mənzil 10-cu mərtəbədədir. Belə olan halda, iddiaçının əmlakına hipotetik olaraq iddia etdiyi zərərin dəyməsi, bilavasitə mənzilinin altında olan 9-cu mərtəbədəki evin daşması və tamamilə yararsız vəziyyətə düşməsi anlamına gəlir. Halbuki, bu həqiqətə uyğun deyil və bu günə kimi həmin 43 saylı mənzilin sahibindən hər hansı bir narazıçılıq və ya tələb ona qarşı irəli sürülməyib. Bu fakt, və o cümlədən, hazırki işin məhkəmədə irəli sürülməsi iddiaçının ona məxsus evində onun hesabına və ona tamamilə aidəyyəti olmayan əsaslı təmir etməsi və yeni texnika alması niyyəti olaraq İddiaçı tamahkar və haqsız olduğunu göstərir. İddiaçı tərəfindən naməlum vasitələrlə əldə edilən xx.xx.2019-cu il tarixli “Akt”ı və bir müddət keçdikdən sonra hazırki işə aid olmayan 43 saylı mənzil üzrə arxa tarix ilə hazırlanmış və məhkəməyə təqdim edilmiş xx.xx.2019-cu il tarixli 2-ci “Akt”ı 1 saylı MKİS Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə uyğun olaraq tərtib etməyə səlahiyyətli deyil. Kustar şəkildə, qarşı tərəfin mənzilinin fotoşəkili və dəymiş zərərin sübütü olmadan, qanunda əksini tapmayan, mənim xəbərim və iştirakım olmadan, lakin bilavasitə onun və atası Quliyev Faiqin adından bəyanatları əks etdirən, və eyni zamanda, imzaları üzərində olmayan sənəd məhkəmənin yekun qərarında mötəbər sübüt kimi qiymətləndirilməməli və nəzərə alınmamalı idi. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 10/1551-9/2379 nömrəli ilkin Ekspert Rəyi bir sıra pozuntularla hazırlanmışdır, bu səbəbdən, hazırki iş üzrə Nəsimi rayon məhkəməsi tərəfindən MPM-in 102.2-ci maddəsinə əsasən təkrar ekspertiza təyin edilmişdir və yenidən 10/6938-9/9028 nömrəli Ekspert Rəyi icra olunmuşdur. Həmin pozuntulara növbəti faktları daxil etmək olar: Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 10/1551-9/2379 nömrəli Ekspert Rəyi heç bir fotoşəkil sübutları ilə müşayiət olunmayıb. Beləliklə 41 saylı mənzilin həmin dövrdə ümumi ilkin vəziyyəti, və zədələnməsi iddia edilən hissələri məlum olmamışdır. Həmin ekspertizanın keçirilməsi zamanı onun və ya atasının iştirakı təmin olunmayıb və ekspert tərəfindən edilən bütün səylər ilə həmin baxış prosesindən biz kənarlaşdırılmışlar. Ondan sonra da iştirakları olmadan keçirilən baxışın nəticəsində hər hansı bir fotosübut ekspertlər tərəfindən hazırki işə əlavə edilməyib. Ekspertiza Mərkəzi onun qarşısında Məhkəmə tərəfindən qoyulan su sızma səbəbi sualına qeyd olunan Rəydə müəyyən etmək mümküniyyəti olmadığını qeyd edib. Eyni zamanda, həmin Rəydə ekspertlərin fəaliyyətinə tamamilə aid olmayan 1 saylı MKİS-ın xx.xx.2019-cu il tarixli “akt”ı həmin Rəyin rəyinin əsaslandırılması və suala cavab verilməsi üçün əsas götürülüb, bu isə Ekspertiza Mərkəzinin birbaşa səlahiyyətlərinin yerinə yetirilməsi əvəzinə, müşahidəsindən və tədqiqatından kənar olan sənədin fakt kimi konstatasiyası və eyni zamanda Nəsimi rayon məhkəməsi əvəzinə sübut kimi qiymətləndirilməsi kimi qəbuledilməzdir. Heç bir suala Ekspertiza Mərkəzi həmin “akt”-sız cavab verməyi mümkün saymamışdır və yenə də, Nəsimi rayon məhkəməsi bu hala düzgün qiymət verməyərək yekun qərarda nəzər almamışdır. İddiaçının 1 yaşayış otağı 18,8m2 və dəhlizi 9,3m2, yani cəmi 28,1m2 olan sahəyə əlavə edilmiş Smeta üzrə 1,373 manat məbləğində dəyər hesablanmışdır. Belə kiçik sahədə su sızıntısında o həcmdə dəymiş zərərin müəyyən edilməsi özü-özünə səhv yanaşmadır, çünki: təxmin edilən sızıntı zamanı 28 m2 yaşayış sahəsi tamamilə yarasız hala düşə bilməz, nəzərə alaraq, mənzillər arasında 2 mərtəbə fərq var; qeyd olunan Rəyə əlavə edilən Smeta 41 saylı köhnə tikili mənzildəki artıq uzun müddət keçmiş köhnə “remont”-a dəymiş faktiki zərərin qiymətləndirilməsi əvəzinə, yəni, zədəyə məruz qalmış yerləri qeyd etmək yerinə, heç bir fotodəlil əlavə etmədən bütün otaqların əsaslı təmiri üçün materialları və xidmət haqqlarını qeyd etmiş və tamamilə bir absurd rəqəmə gəlmişdir. Misal üçün, 28 m2 sahəsində, 85m2 divar kağızının və şpaklyovkalanmasına 510 manat, 17 rulon divar kağızının alınmasına 340 manat və sairə əsaslı təmirə aid zərəri sübuta yetirilməmiş xərcləri əks etdirmişdir. Samsung televizoru iddia ərizəsində və Ekspert Rəyində modeli və ili düzgün qeyd olunmadan 2014-cü il buraxılışı olduğu istinad edilir. Halbuki, həmin televizorun modeli UE46D6530WS və istehsal tarixi 2011-ci ildir, 2014 yox. Eyni zamanda, ekspertlər tərəfindən həmin televizorun hansı səbəbdən sıradan çıxması müəyyən edilməmiş, lakin dəyəri 450 manat məbləğində müəyyən olunmuşdur. Belə bir səhlənkar qiymətləndirmə ilkin Ekspert Rəyinin uyğunsuzluğunu nümayiş etdirir. Həmin televizor münaqişə dövründə atam tərəfindən 2 ayrı texnika diaqnostika mərkəzlərinə, o cümlədən, “Samsung” rəsmi distribütor mərkəzinə təqdim edilmiş, və hər ikisi tərəfindən qeyd olunan avadanlığın su nəticəsində yox, ekranında fiziki zədə olması səbəbindən işləmədiyi bildirilmişdir. Göründüyü kimi, iddia ərizəsində göstərilən iddiaların heç bir hüquqi əsası yoxdur və qanunvericiliyin tələblərinə baxmayaraq, iddiaçı öz iddia ərizəsində göstərdiyi halları əsaslandırmaq üçün hər hansı mötəbər sübut Məhkəməyə təqdim etməmişdir lakin bu hallar birinci instansiya məhkəməsinin qətnaməsində nəzərə alınmamışdır.

b) Apellyasiya şikayətinə yazılı etiraz

46. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə iddiaçı tərəfindən etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

47. Məhkəmə kollegiyasının iclasında cavabdeh Şahmuradova (Quliyeva) Günay Faiq qızının nümayəndəsi və vəkili X6 apellyasiya şikayətinin dəlillərinə istinad edərək, apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

48. Məhkəmə kollegiyasının iclasında İddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

49. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

50. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

51. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarı:

52. 3.3-cü bəndinə bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır.

«Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002ci il tarixli qərarı:

53. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin:

54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

56. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

57. 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir.

58. 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamə və ya qərardad da əsaslandırılmalıdır.

59. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

60. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

61. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

62. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

63. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

64. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Apellyasiya baxışının hədləri

65. Apellyasiya şikayətində qətnamə iddianın təmin olunmuş hissəsində mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı həmin hissədə yoxlanılır.

66. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırır. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

67. Məhkəmə kollegiyası mübahisənin həlli ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşaraq qeyd edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

68. Belə ki, İşin faktiki hallarından göründüyü kimi, iddiaçıya məxsus Bakı şəhəri, Azadlıq prospekti, 18/176 saylı evin 41 saylı mənzilinə su sızması nəticəsində ziyan dəymişdir.

69. İlk öncə məhkəmə kollegiyası qeyd edir ki, məhkəməyə təqdim edilmiş video yazılarda iddiaçıya məxsus mənzilə üst mərtəbədə yerləşən mənzildən su sızması və su sızmasının nəticəsində mənzilin tavanının, divarlarının yararsız hala düşməsi açıq-aydın şəkildə qeydə alınmışdır.

70. Digər tərəfdən mənzilə ziyanın dəyməsi iş materiallarında olan 1 saylı MKİS-in işçiləri tərəfindən tərtib edilmiş 23 oktyabr 2019-cu il tarixli aktı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 10/1551-9/2379 saylı rəyi və bir sıra digər faktlarla öz təsdiqini tapır.

71. Məhkəmə kollegiyası cavabdeh tərəfin təkidi nəticəsində keçirilmiş və məhkəməyə daxil olmuş digər, xx.xx.2022-ci il tarixli 10/6938-9/9028 saylı ekspert rəyinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, qeyd edilən rəy əsaslı sübut qismində dəyərləndirilə bilməz.

72. Belə ki, həmin rəydə ekspert tərəfindən Bakı şəhəri, Azadlıq prospekti, 18/176 saylı evin 41 saylı mənzilinin təmirli olduğuna, 45 saylı mənzilin dəhlizinin və yaşayış otağının döşəməsinin üzərində qabarma, şişmə, çürümə hallarının olmadığına və 41 saylı mənzilə hal-hazırda su sızmadığına istinad edilmiş və iddiaçıya məxsus mənzilə ziyan dəyə bilməsini müəyyən etməyin mümkün olmadığı qeyd edilmişdir.

73. Məhkəmə kollegiyası daxil olmuş ekspert rəylərinin bir-birindən tamamilə fərqlənməsi əsası ilə hər iki rəyə öz imzasını atmış ekspertləri məhkəməyə dəvət etmiş və onları ayrı-ayrılıqda dindirmişdir. Məhkəmə iclasında dindirilən zaman hər iki ekspert iş təcrübələrində dəfələrlə su sızmış mənzillərin artıq təmirli vəziyyətdə olması halı ilə rastlaşdıqlarını və bu zaman mövcud sənədlər əsasında tədqiqat apararaq, rəy verilməsinin mümkün olduğunu təsdiq etmişlər.

74. Digər tərəfdən xx.xx.2022-ci il tarixli 10/6938-9/9028 saylı ekspert rəyinin əsassızlığı həmin rəyin nəticə hissəsində digər hallarla yanaşı Bakı şəhəri, Azadlıq prospekti, 18/176 saylı evin 45 saylı mənzilindən həmin evin 41 saylı mənzilinə artıq su sızmaması və bu səbədən tədqiqatın aparılmasının mümkün olmaması faktına istinad edilməsi olmuşdur.

75. Məhkəmə kollegiyası Bakı şəhəri, Azadlıq prospekti, 18/176 saylı evin 45 saylı mənzilindən həmin evin 41 saylı mənzilinə artıq su sızmaması faktını qəbul edir. Lakin iddiaçının mənzilinə daha öncədən 45 saylı mənzilindən su sızması halı işin araşdırılmış halları ilə tam sübuta yetirilmişdir. Belə olan halda məhkəmə kollegiyası xx.xx.2022-ci il tarixli 10/6938-9/9028 saylı ekspert rəyini mötəbər sübut kimi qiymətləndirmir.

76. Digər tərəfdən məhkəmə kollegiyası cavabdeh tərəfin etirazına münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, cavabdeh öz etirazında istinad etdiyi hallara (su sızmanın baş verməməsinə və s.) dair sübutlar məhkəməyə təqdim etməmişdir.

77. Belə ki, cavabdeh tərəfin təqdim etdiyi etirazın əsassız olmasına dəlalət edən başlıca səbəblərdən biri cavabdehin, ünvan 3 ünvanıda yerləşən 43 saylı mənzilin sahibinin su sızması ilə əlaqədar şikayətinin olmamasına istinad etməsi olmuşdur.

78. Halbuki, 43 saylı mənzilin mülkiyyətçisinin iddiaçı ilə təxminən eyni vaxtlarda mənzilinə dəymiş ziyanla əlaqədar 1 saylı MKİS-ə müraciət etməsi və sonuncunun mənzilinə baxış keçirməklə, dəymiş ziyanla bağlı aktın tərtib edilməsi iş materiallarında öz əksini tapmışdır.

79. Digər tərəfdən cavabdeh tərəf su sızması faktını təkzib edərək, iddianın,o cümlədən 1 saylı MKİS-in işçiləri tərəfindən tərtib olunmuş 23 oktyabr 2019-cu il tarixli aktın əsassızlığına istinad etsə də, həmin aktın əsassız hesab edilməsi üçün əsaslı bir sübut məhkəməyə təqdim etməmişdir.

80. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilərək, vurulmuş maddi zərərə görə 1.373 manat, televizora vurulmuş zərərə görə 450 manat və ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh Şahmuradova (Quliyeva) Günay Faiq qızından tutularaq İddiaçı ödənilməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat və 100 manat olmaqla, cəmi 200 manat cavabdeh Şahmuradova (Quliyeva) Günay Faiq qızından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür.

81. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur.

82. Həmçinin, mübahisələndirilən iddia məbləği 5000 manatdan az olduğundan, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən (MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.) qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

83. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli, 2(006)-71/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamə dərhal qanuni qüvvəsini alır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar