Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6222/2022 14.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: maddi və mənəvi ziyan) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2738/2022 saylı 30 iyun 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə 14 sentyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-44/2021 saylı xx.xx.2021-ci il tarixli hökmünə əsasən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinərək 1.200 manat məbləğində cərimə cəzasına məhkum edilsə də, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-324/2021 saylı xx.xx.2021-ci il tarixli hökmü ilə cərimə cəzası 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 1(102)-1407/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 18 may 2021-ci il tarixli qərarı ləğv edilmiş və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasına təyin edilməsi qərara alınmışdır. Cinayət işinə yenidən baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-142/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə İddiaçı təqsirliliyi sübuta yetirilmədiyindən Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə bəraət verilmişdir.
2. İddiaçı 3 ay müddətində həbsdə saxlanıldığı müəyyən olunmuşdur.
3. 102064 nömrəli və 96434 nömrəli qəbzlərin surətindən görünür ki, Sumqayıt regional vəkil bürosunun hesabına müvafiq olaraq 100 manat və 200 manat daxil edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin səhv və sui-istifadəsi nəticəsində 18 may 2021-ci il tarixdən 18 avqust 2021-ci il tarixə kimi əsassız olaraq həbsdə saxlandığı üçün 200 manat və 100 manat olmaqla vəkilə ödənilmiş pulun, 3 ay (92 gün) müddətində həbsdə qanunsuz saxlandığı vaxtda ailə üzvlərinin çəkdikləri yemək və ailə üzvlərinin yol xərcləri üçün 4.000 manat pulun, hər ay Dövlət Statistika Komitəsinin də müəyyən etdiyi kimi təxmini 723 manat orta aylıq əmək haqqının, 3 ay üçün həbsdə saxlandığı müddətdə cəmi 2.169 manat əmək haqqının, cəmi həbsdə saxlandığı müddətdə ümumilikdə 6.469 manat maddi zərər və 50.000 manat mənəvi ziyanın Azərbaycan Respublikası Dövlətindən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, xüsusi ittihamçı X4 onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsinə dair cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət etmiş, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-44/2021 nömrəli xx.xx.2021-ci il tarixli hökmü ilə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinib 1.200 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən o və xüsusi ittihamçı X2 nümayəndəsi X3 apelyasiya şikayətləri vermişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin 1(105)-324/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə onun tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, xüsusi ittihamçı X2 nümayəndəsi X3 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə Sumqayıt Şəhər Məhkəməsinin 16 mart 2021-ci il tarixli 1(060)44/2021 saylı hökmü dəyişdirilməklə həmin hökm ilə ona təyin edilmiş 1200 manat məbləğində cərimə cəzası 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsi, cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi, cəzanın əvvəlinin 18 may 2021-ci il tarixdən hesablanması, barəsində həbs qətimkan tədbirinin seçilməklə onun dərhal məhkəmə iclas zalından həbsə alınması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin həmin qərarından onun müdafiəçisi Səfərli Günel Adil qızı kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)- 1407/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyası onun Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə 18 may 2021-ci il tarixli qərarı ləğv etməklə işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin edilməsi, kassasiya şikayətinin qismən təmin edilməsi qərara almışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(105)-142/2022 xx.xx.2022-ci il tarixli hökmü xüsusi ittihamçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. Tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 1(060)-44/2021 saylı hökmü ləğv edilmiş, ona Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə bəraət verilmişdir. Nəticədə o, 18 may 2021-ci il tarixdən 18 avqust 2021-ci il tarixə kimi əsassız olaraq həbsdə saxlanılmış və bununla da ona maddi və mənəvi zərər vurulmuşdur. Belə ki, qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilmə və həbsdə saxlanılma ilə əlaqədar 200 manat və 100 manat vəkilə ödənilmiş pul, 3 ay (92 gün) müddətində həbsdə qanunsuz saxlanıldığı vaxtda ailə üzvlərinin onun üçün çəkdikləri yemək və yol xərcləri 2000 manat təşkil etmiş, həmin vaxt işləyə biləcəyi halda, evini dolandıra biləcək halda hər ay Dövlət Statistika Komitəsinin də müəyyən etdiyi kimi-təxmini 723 manat orta aylıq əmək haqqı, 3 ay üçün həbsdə saxlandığı müddətdə 2169 manat əmək haqqından məhrum olmuşdur. Bundan başqa, həbsdə saxlanıldığı müddətdə keçirdiyi iztirablar, etmədiyi əmələ görə qanunsuz məsuliyyətə cəlb edilərək öz yoldaşlarının yanında utanmağı, ailə üzvlərini olmayan iztirablara məruz qoymağı, özünü elmə sərf edən, illərlə müxtəlif işlərdə işləyib Vətənə tövhələr vermiş biri olaraq rüsvay olmağı ilə əlaqədar ona 50.000 manat mənəvi ziyan vurulmuşdur. Dövlət Statistika Komitəsi tərəfindən 2021-ci ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,6 faiz artaraq 722,9 manat olması müəyyən edilmişdir.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 30 iyun 2022-ci il tarixli 2(006)-2783/2022 saylı qətnaməsi ilə (hakim Cəmilə Musayeva) iddia qismən təmin edilmiş, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən maddi zərərə görə 300 manat və mənəvi zərərə görə 3.000 manat, ümumilikdə 3.300 manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi, iddianın digər hissədə rədd edilməsi qət edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 1101.1, Cinayət Prosessual Məcəllənin 57.1, 58.3, Mülki Prosessual Məcəllənin 14.2, 217.3, 217.4, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanuna və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri
8. Qətnamədən cavabdeh apelyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apelyasiya şikayətində göstərilmişdir ki, məhkəmə iddiaçının mənəvi iztirab çəkməsini heç bir mötəbər sübutla təsdiqləməmiş, yalnız iddiaçının mülahizələrinə əsaslanmışdır. Mənəvi zərərin müəyyən edilməsi zamanı analoji norma kimi CPM-nin 190cı maddəsinin müddəaları nəzərə alınmalıdır. Vəkil tərəfindən göstərilən hüquqi yardıma görə haqqın məbləği yalnız tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edilir. Buna görə də iddiaçının məhkəmə prosesində iştirak üçün cəlb etdiyi hər hansı nümayəndə üçün ödənilən haqq maddi zərər kimi tanına bilməz.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi.
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
“Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanunu
13. Maddə 1. Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir.
14. Maddə 6. 1-ci bəndi. Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
15. Maddə 7. 1-ci bəndi. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin maddənin 2-ci bəndində isə qeyd edilir ki, şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
16. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
17. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xəclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
18. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdı.
19. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.
20. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır… Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir.
21. Həmin Qərarın 8-ci bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.
22. Həmin Qərarın 10-cu bəndinə əsasən, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyələri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
26. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apelyasiya baxışının hədləri
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
29. Qətnamə cavabdeh tərəfindən mübahisələndirilərək, qətnamənin ləğv edilməsi xahiş edilsə də, apelyasiya şikayətindən aydın olur ki, iddianın təmin edilmiş hissəsində qətnamə mübahisələndirilmişdir. Hazırki apelyasiya baxışının predmetini qətnamənin iddianın təmin edilmiş hissəsində yoxlanılması təşkil edir.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
31. İşin mübahisəsiz halıdır ki, iddiaçı 3 ay müddətində qanunsuz azadlıqdan məhrum edilmişdir. O, bu müddət ərzində ailəsindən və cəmiyyətdən təcrid olunmaqla ciddi fiziki məhrumiyyətlərə, əzablara düçar olmuş, mənəvi sarsıntı keçirmiş, onun nüfuzuna xələl gəlmiş, barəsində mənfi fikir formalaşmışdır.
32. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini qəbul etməyərək qeyd edir ki, fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə Azərbaycan Respublikası ödəyir və vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
33. Maddi zərərə aid hissədə də iş materiallarında olan qəbzlərdən görünür ki, hüquqi xidmətin göstərilməsi üçün müvafiq olaraq 100 manat və 200 manat məbləğində ödəniş edilmişdir, məhkəmə də maddi zərərə aid iddia tələbini bu hissədə təmin etməkdə haqlı olmuşdur.
34. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.
35. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2738/2022 saylı iş üzrə 30 iyun 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.