Məhkəmə qərarları › İş №2(103)-623/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-623/2022

12.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-623/2022 12.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan X1rşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən sağlamlığına dəymiş zərərə görə 50000 ( əlli min) manat, mənəvi zərərə görə 50000 ( əlli min) manat və əldə çıxmış fayda olaraq 50000 ( əlli min) manat olmaqla, ümumilikdə 150 000 (yüz əlli min) manat məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim H.Əhmədova, iş № 2(007)-1792/21) iddia rədd edilmişdir. İddiaçı qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 13.11.2020-ci il tarixdə saat 16 radələrində Nərimanov rayonunda yerləşən “Abu market”dən “Sarı kız” içkisi alaraq orada içmiş, zəhərlənərək 1 saylı X3 şöbəsinə müraciət etmiş və orada stasionar müalicədə olmuşdur. Sözügedən içkini qəbul etdikdən dərhal sonra qarın boşluğunda kəskin ağrılar hiss etmişdir. Xəstəxanaya müraciət etdikdən sonra onun qida borusunun və mədəsinin “Sarı kız” içkisinin tərkibində olan məhlullardan zəhərləndiyi müəyyən edilmişdir. “Sarı kız” markasının Azərbaycan Respublikasında yeganə partnyoru Cavabdeh MMC-dir. Belə ki, Cavabdeh MMC qeyd edilən içkinin Azərbaycan Respublikası ərazisinə gətirilməsini, istehsalını və satışını həyata keçirən yeganə hüquqi şəxsdir. Hal-hazırda “Sarı kız” içkisinin onun tərəfindən qəbul edilməsi nəticəsində ona fiziki, maddi və mənəvi zərər dəymişdir. Cavabdeh isə bu günədək ona dəymiş zərərin ödənilməsi ilə bağlı heç bir tədbir görməmişdir. Bu səbəbdən Cavabdeh MMC-dən sağlamlığına dəymiş zərərə görə 50000 ( əlli min) manat, mənəvi zərərə görə 50000 ( əlli min) manat və əldə çıxmış fayda olaraq 50000 ( əlli min) manat olmaqla, ümumilikdə 150 000 (yüz əlli min) manat məbləğində pul vəsaiti alınaraq ona ödənilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmun təşkil edir. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi. İddiaçı və nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, heç bir üzrlü səbəb göstərmədən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəfin iştirakı olmadan işə baxılmasını mümkün saydı. İddiaçının nümayəndəsi (vəkili) X4 22.12.2021-ci il tarixli məhkəmə iclasında iştirak edərkən iş materialları ilə tanış olması üçün məhkəmə iclasının 10 gün müddətinə təxirə salınmasını xahiş etmiş, məhkəmə kollegiyası vəsatəti təmin edərək məhkəmə iclasını 12.01.2022-ci il tarixə təxirə almış və nümayəndə bu barədə rəsmi qaydada xəbərdar edilmişdir. Lakin təyin olunmuş vaxtda nümayəndə məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin iş üzrə 16 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Yuxarıda qeyd olunduğu kimi, iddiaçının hazırkı iş üzrə tələbi sağlamlığına dəymiş zərər kimi 50000 manat, mənəvi zərər kimi 50000 manat və əldən çıxmış fayda kimi 50000 manatın tutulması barədədir. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı 13.11.2020-ci il tarixdə Nərimanov rayonunda yerləşən “Abu market”dən “Sarı kız” içkisi alaraq orada həmin içkidən içmiş, sonra zəhərlənmə ilə bağlı 1 saylı X3 şöbəsinə müraciət etmiş və orada stasionar müalicədə olmuşdur. Məhkəmə-tibb ekspertizasının 03.02.2020-ci il tarixli 58 saylı ekspert rəyi ilə İddiaçı bədənində aşkar edilmiş xəsarətlər-mədə qanaxması hiperrosid qastrit ilə müşayiət olunan ağız boşluğunun, qida borusunun mədə hiperemiyası və kimyəvi yanıq yaraları aşındırıcı maddədən, ola bilsin sirkə turşusunun təsirindən törənməsi müəyyən edilmişdir. Bakı şəhəri Nərimanov rayonu Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi G.Abdullayevin ********* saylı cinayət işi üzrə “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” 13.03.2021-ci il tarixli qərarı ilə istintaqın gedişində hər hansı fiziki və hüquqi şəxsin əməlində cinayət, yaxud inzibati xətanın tərkib əlamətləri olmadığı üçün ********* saylı cinayət işi üzrə icraata xitam verilmişdir. Birinci instansiya məhkəməsi iddianı əsassız sayaraq rədd etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, iş materialları ilə İddiaçı sağlamlığına məhz “Sarı kız” içkisindən istifadə ilə əlaqədar zərər vurulması təsdiq olunmadığından və iddiaçı tərəfindən iddianın əsaslılığı ilə bağlı məhkəməyə mötəbər sübutlar təqdim olunmadığından iddiaçının Cavabdeh MMC-yə qarşı onun sağlamlığına dəymiş zərərə görə 50000 manat vəsaitin alınaraq ona ödənmilməsi tələbi təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd etmişdir ki, İddiaçı cavabdehə qarşı mənəvi zərərə görə 50000 ( əlli min) manat və əldən çıxmış fayda olaraq 50000 ( əlli min) manat ödənilməsi tələbi onun sağlamlığına dəymiş zərərə görə 50000 (əlli min) manat ödənilməsi tələbindən törəmə tələb olduğundan iddia tələbinin həmin hissələri də təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları göstərir: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini qanunsuz və əsassız hesab edərək göstərmişdir ki, məhkəmə işə baxarkən Cavabdeh MMC tərəfindən ona ziyan vurulmasını və bu ziyanın bu günə qədər ödənilmədiyini nəzərə almamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilini əsassız sayır və qeyd edir ki, iddiaçı ona məhz Cavabdeh MMC tərəfindən ziyan vurulmasını sübut edə bilməmişdir. Belə ki, iddiaçının zəhərlənməsi faktına görə 01.12.2020-ci il tarixdə Nərimanov rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlansa da, müstəntiqin 13.03.2021-ci il tarixli qərarı ilə cinayət işinin icraatına CPM-nin 39.1-ci maddəsinə əsasən xitam verilmişdir. Həmin qərarla həmçinin İddiaçı cinayət işində zərərçəkmiş kimi iştirakına da xitam verilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı (apellyator) öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə sübutlar qiymətləndirilərkən yuxarıda göstərilən tələblərə əməl olunmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin iş üzrə 16 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar