Məhkəmə qərarları › İş №2(103)-623/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-623/2024

30.01.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-623/2024 30.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi X8, İddiaçının nümayəndəsi X25, İddiaçının nümayəndəsi-vəkili Vəkil3 Maraqlı şəxs MMMC-nin nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ümumi yığıncağın xx.xx.2022-ci il tarixli 1 və 2 saylı protokollarının və qərarlarının etibarsız sayılması və Cavabdeh1 Maraqlı şəxs MMMC-nin İdarə heyyətinin sədri olması kimi qeydiyyatının ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 22 avqust 2023-cü il tarixli, 2(011)-1242/2023 nömrəli qətnaməsindən maraqlarına toxunulan şəxs Maraqlı şəxs MMMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Maraqlı şəxs MMMC-nin səlahiyyətli nümayəndəsi Cavabdeh2 tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat baş idarəsinin rəisi İlqar Məmmədova ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanununun müddəalarına uyğun olaraq, Xətai-7 MMMC-nin qanuni təmsilçisinin dəyişilməsi faktının qeydə alınması xahiş edilmişdir. 20 oktyabr 2022-ci il tarixli 1№-li Maraqlı şəxs MMMC-nin X11 görünür ki, 17 nəfər üzvlərin iştirakı ilə MMMC-nin idarə heyətinin sədrinin və MMMC-nin səlahiyyətli nümayəndəsinin seçilməsi məsələləri gündəliyə çıxarılmış, Cavabdeh1 Maraqlı şəxs MMMC-nin idarə heyətinin sədri seçilmiş, Maraqlı şəxs MMMC-nin yeni sədrinin və yeni idarə heyətinin seçilməsi ilə bağlı məlumatların dövlət reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinə müraciət etmək Cavabdeh2 həvalə edilmişdir. 20 oktyabr 2022-ci il tarixli 2 №-li Maraqlı şəxs MMMC-nin X11 görünür ki, MMMCnin 223 nəfər üzvündən 210 nəfərinin iştirakı ilə MMMC-nin idarə heyətinin üzvlərinin seçilməsi, MMMC-nin təftiş komissiyasının üzvlərinin seçilməsi məsələləri gündəliyə çıxarılmış, X39, X32, X55, X65, X56, X57, X26, X27, X61, Cavabdeh1, Cavabdeh2, X6, X5, X28, X33, X40, X66 MMMC-nin İdarə Heyətinin üzvü seçilmiş, X13, X41, X34, X14, X15, X20, X48, X35, X21 və X29 təftiş komissiyasının üzvləri seçilmişlər. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən vəkil Namiq Bağırova ünvanlanmış 01 dekabr 2022-ci il tarixli 05/7501/3-13 nömrəli məktubun surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə qurumun yeni qanuni təmsilçisi kimi Cavabdeh1 seçilməsi barədə məlumat qeyri-kommersiya qurumlarının dövlət reyestrinə daxil edilmişdir. Cavabdeh1 seçilməsi faktının hüquqi əsası olan sənədlərin təsdiq olunmuş surətləri təqdim olunur. Məktuba ərizə, 20 oktyabr 2022-ci il tarixli 2 №-li Maraqlı şəxs MMMC-nin X19 surəti (Protokolda yalnız iki imza mövcuddur), 20 oktyabr 2022-ci il tarixli 1№-li Maraqlı şəxs MMMC-nin X12 Protokolunun surəti (Protokolda yalnız iki imza mövcuddur), Cavabdeh1 şəxsiyyət vəsiqəsinin surəti əlavə edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən vəkil Namiq Bağırova ünvanlanmış 24 noyabr 2022-ci il tarixli 05/7501/2-13 nömrəli məktubun surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə qurumun yeni qanuni təmsilçisi kimi Cavabdeh1 seçilməsi barədə məlumat qeyri-kommersiya qurumlarının dövlət reyestrinə daxil edilmişdir. Qeyri-Kommersiya Qurumlarının və Təhsil Müəssisələrinin Dövlət Reyestrindən xx.xx.2017-ci il tarixli, 05/ƏN11-2-314/2-14 nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən Maraqlı şəxs Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti xx.xx.2017 ci il tarixdə 1117-MM4-0065 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, fəaliyyət predmeti və məqsədi daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdən ibarətdir, qanuni təmsilçisi İddiaçıdır. Maraqlı şəxs MMMC-nin nizamnaməsindən görünür ki, Maraqlı şəxs MMMC müstəqil təsərrüfat subyekti olmaqla Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, ev 4A ünvanında yerləşən yaşayış binasının sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən yaradılmış, Nizamnamə sahə mülkiyyətçilərinin xx.xx.2017-ci il tarixli qərarı ilə səlahiyyətli şəxs İddiaçı tərəfindən imzalanmış, MMMC 22 dekabr 2017-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Qeyri-Kommersiya Qurumlarının və Təhsil Müəssisələrinin Dövlət Reyestrindən xx.xx.2023-cü il tarixli, 05/7501-14 nömrəli Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən Maraqlı şəxs MMMC xx.xx.2017-ci il tarixdə 1117-MM4-0065 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış, fəaliyyət predmeti və məqsədi daşınmaz əmlak kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdən ibarətdir, qanuni təmsilçisi Cavabdeh1dur. Maraqlı şəxs MMMC tərəfindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat baş idarəsinin rəisi cənab İlqar Məmmədova ünvanlanmış 31 oktyabr 2022-ci il tarixli ********** nömrəli məktubdan görünür ki, Maraqlı şəxs MMMC 22 dekabr 2017-ci ildə qeydiyyata alınmışdır. 2019-cu ilin sonlarında MMMC X12 çağırılması və yeni seçkilərin keçirilməsi baş tutumuş və protokollaşdırılmışdır. Lakin qısa müddətə covid 19 pandemiyasının başlaması ilə əlaqədar olaraq yeni seçkilərin rəsmiləşdirilməsi mümkün olmamışdır. Pandemiya şəraitini və digər yuxarıda göstərilən səbəbləri nəzərə alaraq 22 dekabr 2017-ci il tarixdən hal-hazıradək Maraqlı şəxs MMMC-nin idarə heyətinin sədri funksiyalarını İddiaçı həyata keçirmişdir. İş materialları ilə müəyyən olunur ki, Cavabdeh1 hazırda Maraqlı şəxs MMMC-nin İdarə heyətinin sədri deyil. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Maraqlı şəxs MMMC-nin İdarə heyətinin sədri, Cavabdeh2 isə səlahiyyətli nümayəndə olması barədə Maraqlı şəxs MMMC-nin idarə heyətinin adından tərtib edilmiş xx.xx.2022-ci il tarixli 1 saylı protokolun, həmçinin MMMC-nin idarə heyətinin üzvlərinin və təftiş komissiyası üzvlərinin seçilməsi barədə xx.xx.2022-ci il tarixli 2 saylı protokolun etibarsız sayılması və Cavabdeh1 Maraqlı şəxs MMMC-nin idarə heyətinin sədri olması kimi qeydiyyatının ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs MMMC müstəqil təsərrüfat subyekti olmaqla Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi, ev 4A ünvanda yerləşən çoxmənzilli yaşayış binasının sahə mülkiyyətçilərinin xx.xx.2017-ci il tarixli ümumi yığıncağının qərarına əsasən yaradılmış, yığıncaqda o, cəmiyyətin səlahiyyətli şəxsi və qanuni təmsilçisi olaraq təyin edilmişdir. İddiaçı tərəfindən cəmiyyətin nizamnaməsi təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində xx.xx.2017-ci ildə 1117-MM4- 0065 nömrəsi ilə dövlət qeydiyyatına alınmış, Azərbaycan Respublikasının Vergilər Nazirliyi xx.xx.2018-ci ildə ********** saylı VÖEN verilmişdir. Onun tərəfindən cəmiyyət qanunverciliyin tələblərinə uyğun olaraq fəliyyət göstərmiş, hər hansı mübahisə mövcud olmamışdır. 2022-ci ilin noyabr ayında Cavabdeh1 tərəfindən imzalanması qeyd olunan məktub göndərilərək, cəmiyyətin təsis sənədlərin təqdim edilməsi tələb edilmiş, bununla əlaqədar vəkil sorğusu ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müraciət edilmiş, nazirliyin vəkil sorğusuna verdiyi xx.xx.2022-ci il tarixli cavab məktubu və ona əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, Maraqlı şəxs MMMC-nin idarə heyətinin adından tərtib edilmiş xx.xx.2022-ci il tarixli 1 saylı protokolu ilə Cavabdeh1 Maraqlı şəxs MMMC-nin İdarə heyətinin sədri, Cavabdeh2 səlahiyyətli nümayəndə təyin edilmiş, xx.xx.2022-ci il tarixli 2 saylı protokol ilə MMMC-nin idarə heyətinin üzvləri və təftiş komissiyası üzvləri seçilmişdir. Qeyd olunan sənədlər əsassız və qanunsuz olduğuna görə ləğv edilməklə, Cavabdeh1 Maraqlı şəxs MMMC-nin İdarə heyətinin sədri olması kimi qeydiyyatı ləğv edilməlidir. Belə ki, sorğuya əlavə edilmiş Maraqlı şəxs MMMC-nin idarə heyətinin xx.xx.2022-ci il tarixli 1 saylı protokolundan müəyyən olunur ki, guya cəmiyyətin 17 nəfər üzvlərinin iştirakı ilə MMMC-nin idarə heyətinin sədri və səlahiyyətli nümayəndə seçilməsi məsələləri müzakirə edilmiş, sakin Cavabdeh2 sədrin seçilməsinin zəruriliyindən danışmış, Cavabdeh1 sədrlik üçün öz namizədliyini irəli sürmüş, yekdilliklə Cavabdeh1 sədr seçilməsi, Cavabdeh2 isə nümayəndə seçilməsi qərara alınmışdır. Sorğuya əlavə edilmiş, xx.xx.2022-ci il tarixli 2 saylı iclas protokoluna görə 223 nəfər üzvdən 210 nəfəri iştirak edərək, MMMC-nin idarə heyətinin üzvlərinin və MMMC-nin təftiş komissiyası üzvlərinin seçilməsini müzakirə etmiş, 17 nəfər İdarə heyətinin üzvü, 10 nəfər isə təftiş komissiyasının üzvü seçilmişlər. Halbuki, həmin tarixdə hər hansı iclas çağırılmamış, belə bir iclas keçirilməmişdir. Əgər həqiqətən belə bir iclas keçirilməsi nəzərdə tutulmuşdursa, ən azından onun İdarə heyətinin sədri və qanuni təmsilçisi olaraq bu iclasdan məlumatı olmalı idi. Pandemiya şəraitində və bina sakinlərinin iş-gücünün çox olduğu bir zamanda, MMMC-nin 223 nəfər üzvündən 210 nəfərini bir obyektə yığmaq və onları dinləmək qeyrimümkündür. Həmçinin MMMC-nin üzvlərinin belə bir iclası keçirilmişdirsə, bu iclas hansı ünvanda keçirilmişdir. Protokolda iclasın Bakı şəhərində keçirilməsi qeyd edilsə də, Bakı şəhərində azı 3-4 milyon əhali yaşayır və Bakı şəhərinin 12 rayonu mövcuddur. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 22 avqust 2023-cü il tarixli, 2(011)- 1242/2023 nömrəli qətnaməsi ilə iddia qismən - Cavabdeh1 Maraqlı şəxs MMMC-nin İdarə heyətinin sədri, Cavabdeh2 isə səlahiyyətli nümayəndə olması barədə Maraqlı şəxs MMMC-nin İdarə Heyətinin adından tərtib edilmiş Maraqlı şəxs MMMC-nin İdarə Heyətinin xx.xx.2022-ci il tarixli 1 saylı Protokolu, həmçinin Maraqlı şəxs MMMC-nin idarə heyətinin üzvlərinin və təftiş komissiyası üzvlərinin seçilməsi barədə Maraqlı şəxs MMMC-nin X12 xx.xx.2022-ci il tarixli 2 saylı Protokolun etibarsız hesab edilməsi hissəsində təmin edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehlər tərəfindən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağının keçirilməsi qaydası, iclaslar barədə iştirakçılara məlumatın verilməsi ilə bağlı qanuni tələblərə riayət edilməmiş, ümumi yığıncağın səlahiyətinə aid edilmiş məsələnin müzakirəsində iclaslarda yetərsayın mövcud olması imzalarla təsdiq edilməmiş, mübahisələndirilən protokollar formal olaraq tərtib edilmişdir. Həmin qətnamədən maraqlarına toxunulan şəxs Maraqlı şəxs MMMC tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsi və məhkəmədə yalan ifadə vermiş şahidlər barəsində xüsusi qərardad çıxarılaraq prokurorluq orqanına göndərilməsi xahiş edilmişdir. Apelyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamənin 3-cü vərəqi 2-ci abzasında qeyd edilmişdir ki, 20 oktyabr 2022-ci il tarixli 1№-li Maraqlı şəxs MMMC-nin X11 görünür ki, 17 nəfər üzvlərin iştirakı ilə MMMC-nin idarə heyətinin sədrinin və MMMCnin səlahiyyətli nümayəndəsinin seçilməsi məsələləri gündəliyə çıxarılmış, Cavabdeh1 Maraqlı şəxs MMMC-nin idarə heyətinin sədri seçilmiş, Xətai-7” MMMC-nin yeni sədrinin və yeni idarə heyətinin seçilməsi ilə bağlı məlumatların dövlət reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinə müraciət etmək Cavabdeh2 həvalə edilmişdir. Bu abzasda qeyd olunan cəmiyyətin idarə heyətinin sədrinin və səlahiyyətli nümayəndəsinin seçilməsində 17 nəfər iştirak etməsi xüsusilə vurğulanmışdır. 17 nəfərin iştirak etməsi təkzib olunmur, lakin məhkəmə nədənsə bu faktı qanun pozuntusu kimi qiymətləndirərək protokoların etibarsızlığı üçün əsas hesab etmişdir. Mübahisələndirilən qətnamədə belə bir fikir formalaşdırılmağa çalışılmışdır ki, sanki yalnız 17 nəfər seçkilərdə iştirak etmişdir. Lakin, protokolara nəzər yetirilsə görünür ki, 17 nəfər 210 nəfər mənzil mülkiyyətçilərinin səs çoxluğu ilə seçilmiş şəxslərdir ki, artıq onlar idarə heyətinin üzvi kimi iclasda iştirak edərək cəmiyyətin sədr və nümayəndəsini seçmişdilər. Sual yaranır idarə heyətinin sədri hansı qaydada seçilməli idi və ya neçə nəfər iştirak etməli idi ki, mübahisələndirilən protokollar etibarlı hesab edilsin. Məhkəmə iddianın rədd olunması üçün təkzibolunmaz faktlara göz yumaraq, bu faktları əksinə iddianın təmin olunması əsası kimi qiymətləndirmişdir ki, bu da məhkəmənin qərəzli mövqeyindən xəbər verir. Mübahisələndirilən qətnamədə həmçinin qeyd edilmişdir ki, 20 oktyabr 2022-ci il tarixli 2 №-li Maraqlı şəxs MMMC-nin X11 görünür ki, MMMC-nin 223 nəfər üzvündən 210 nəfərinin iştirakı ilə MMMC-nin idarə heyətinin üzvlərinin seçilməsi, MMMC-nin təftiş komissiyasının üzvlərinin seçilməsi məsələləri gündəliyə çıxarılmış və komisiyyanın üzvləri seçilmişdir. Mübahisələndirilən qətnamədə qeyd olunursa nə səbəbdən bu fakta qiymət verilmir. Qətnamənin sonrakı abzaslarında şahid ifadələri ilə seçkinin keçirilməsi şübhə altına alınmışdırsa bununla bağlı qeyd edilməlidir ki, 7 nəfər şahidin ifadəsi doğru olsa belə bu protokoların etibarsız hesab edilməsi üçün əsas ola bilməzdi. Bildirilməlidir ki, hətta ifadə vermiş 7 nəfər şahidin belə dedikləri həqiqətə uyğun deyil və ümumiyyətlə həmin şəxslərin bəzilərinin mənzil mülkiyyətçisi olmadığı halda mənzil mülkiyyətçisi kimi qələmə verilməsi və məhkəmə tərəfindən bu faktın yoxlanılmaması təəssüf doğurur. Məhkəmə öz qətnaməsində qeyd edir ki, MMMC-in 223 nəfər iştirakçısı var və hesab edir ki, 7 nəfər şahidin ifadəsi kifayət edir ki, hesab olunsun ki, iddiaçı tərəfindən mübahisələndirilən protokoları etibarsız hesab etsin. Protokoların etibarsız hesab edilməsi üçün istinad yalnız şahid ifadələri olmuşdur ki, məhkəmə belə bir qənaətə gəlmək üçün nizamnamədə protokolun etibarsız sayılması üçün nəzərdə tutlan səs sayı qədər sakini dindirməli idi. Məhkəmədə şahid qismində ifadə vermiş X22 qeyd olunduğu kimi o, etibarnamə əsasında atası X16 təmsil etdiyi halda onun yerinə ifadə verir ki, bu özüözlüyündə yolverilməzdir. Bununla yanaşı məhkəmədə Balayev Ramiz özü də ifadə vermişdir. Belə olan halda bir şəxs şahid statusunda məhkəmədə ifadə verirsə, eyni şəxsin adından onun nümayəndəsinin ifadə verməsinə nə ehtiyac var. Buna baxmayaraq X7 ifadəsinə sübut kimi istinad olunmuşdur. Lakin ifadənin özü belə qeyri–müəyyən fikirlərdən ibarət olmuşdur ki, məhkəmə həmin ifadədə səslənən fikirlərə qiymət verməmişdir. Məhkəmə şahidlərə ifadə verməmişdən əvvəl yalan verilən ifadələrlə bağlı xəbərdar etmişdir. X1 verdiyi ifadə yalan olması ilə yanaşı şər və böhtan xarakteri daşımışdır. Məhkəmədə dindirilmiş şahidlərdən X2-7 MMMC – nin İdarə heyətinin və Təftiş Komisiyasının üzvlərinin seçilməsinə dair səsvermədə iştirak edərək yalnız X10 xeyrinə səs vermişdir və səsvermə büllüteni imzalamışdır. Məhkəmədə dindirilmiş şahidlərdən X30 ifadə verərək bildirmişdir ki, onun ümumiyyətlə seçkilərdən məlumatı olmamışdır və səs verməmişdir. Bununla bağlı qeyd edilməlidir ki, Məmmədbəyov Orxan özü mənzil mülkiyyətçiləri sırasında yoxdur, mənzil onun həyat yoldaşı Vəfa Məmmədbəyovanın adına olduğundan, o da Xətai-7 MMMC–nin İdarə heyətinin və Təftiş Komisiyasının üzvlərinin seçilməsinə dair səsvermədə iştirak edərək yalnız X10 xeyrinə səs vermişdir və səsvermə bületenini imzalamışdır. Lakin məhkəmə heç X38-7 MMMC–də mənzil mülkiyyətçiləri siyahısında olub-olmamasını araşdırmamışdır. Məhkəmədə dindirilmiş şahidlərdən X46-7 MMMC – nin İdarə heyətinin və Təftiş Komisiyasının üzvlərinin seçilməsinə dair səsvermədə iştirak edərək səs vermişdir və səsvermə bületenini imzalamışdır. Məhkəmədə ifadə vermiş şahidlərdən X36 mənzil mülkiyyətçiləri sırasında yoxdur, həmin şəxs ümumiyyətlə kirayə müqaviləsi əsasında həmin binada yaşayır və seçkilərdə iştirak edə bilməz. Məhkəmədə ifadə vermiş şahidlərdən yalnız X3-7 MMMC – nin İdarə heyətinin və Təftiş Komisiyasının üzvlərinin seçilməsinə dair səsvermədə iştirak etməmişdir. Lakin bu əsas vermir ki, onun dedikləri həqiqəti əks etdirsin. Belə ki, iclasda iştirak etməmək, o demək deyil ki, iclas baş tutmamışdır. Mübahisələndirilən qətnamənin 5-ci vərəqin sonuncu abzasından başlayaraq 10-cu vərəqi 5-ci abzasına kimi qanunvericilikdə nəzərdə tutulan normalara istinad olunsa da, qeyd olunan normaların hansının pozulması, protokoların etibarsızlığı və ya cavabdehlər tərəfindən qeyd olunan qanunvericilik aktlarının hansı tələblərinin pozulmasına dair səbəblər göstərilməmişdir. Mübahisələndirilən qətnamənin 10-cu vərəqi 6-cı abzasından başlayaraq məhkəmə araşdırmasına qiymət verən məhkəmə cəmiyyətin ilkin qeydiyyatı, nümayəndələr, iddianın predmeti barədə məlumat öz əksini tapmışdır ki, bu da iddianın təmini üçün əsas deyil, sadəcə mübahisələndirilməyən faktlardan ibarət məlumatlar olmuşdur. Mübahisələndirilən qətnamənin 10-cu vərəqinin sonuncu abzasından başlayaraq 11-ci vərəqi 1-ci abzasında mübahisələndirilən protokolarda, keçirilmiş seçkilərin və səsvermənin nəticələri məhkəmə iclasında 7 nəfər şahid ifadələri ilə təkzib olunduğu qənaətinə gəlindiyi, hətta həmin abzasın sonuncu cümləsində binanın digər sakinlərinin dediyinə görə belə bir iclas keçirilməmişdir ifadəsi də qeyd olunaraq, məhkəmədə ifadə verməmiş, şəxsiyyətləri müəyyən olunmamış şəxslərin də dedikləri mübahisələndirilən qətnamədə iddianın təmin olunması əsası kimi göstərilmişdir. Hətta şərti olaraq həmin şəxslərin şəxsiyyəti belə müəyyən olunsa idi onlara istinad olunaraq dedikləri sübut kimi qəbul olunmazdı. Çünki bunu qanun belə qadağan edir. Mübahisələndirilən qətnamənin 11-ci vərəqi 2-ci abzasında protokollarda 210 nəfərin imzasının olmaması və yalnız iki nəfərin imzası olması iddianın təmin olunması əsaslarından hesab olunur. Lakin protokolların imzalanması ilə bağlı yuxarı abzaslarda qeyd edilmişdir, həmçinin 210 nəfərin imzası protokollarda deyil, səsvermə bületenlərində öz əksini tapmışdır. Lakin məhkəmə yalnız iddiaçının təqdim etdiyi əsassız sübutlara istinad edərək, cəmiyyəti işə cəlb etməməklə araşdırmanı bir tərəfli və qərəzli aparmışdır. Qətnamənin 11-ci vərəqi 3-cü abzasında cavabdehlərdən olan Cavabdeh1 cəmiyyətin sədri olmadığı müəyyən olunduğu qeyd olunur. Belə olan halda nə səbəbdən məhkəmə cəmiyyətin yeni sədrinin kim olmasını müəyyən etmir və onun məhkəmədə iştirakını təmin etmir. Bununla bağlı mübahisələndirilən qətnamənin 11-ci vərəqinin sonuncu və 12-ci vərəqinin 1-ci abzasında protokollar etibarsız hesab edildiyindən Cavabdeh1 cəmiyyətin idarə heyətinin sədri olmaması səbəbi ilə onun cəmiyyətin idarə heyətinin sədri olması kimi qeydiyyatının ləğv edilməsi hissəsində iddianın təmin edilməməsi göstərilmişdir. Bununla bağlı qeyd edilməlidir ki, bu abzasdan belə bir fikir formalaşır ki, artıq protokolların etibarsızlığına dair məhkəmə qətnaməsi qüvvəyə minmişdir. Beləliklə iddia bu hissədə təmin olunmursa deməli məhkəmə cəmiyyətin yeni idarə heyətinin sədrinin olmasını qəbul edir. Mübahisələndirilən qətnamənin 11-ci vərəqi 4-cü abzasında ümumi yığıncağın keçirilməsi qaydasının, iclasların formal keçirilməsi, yetərsayın olmaması, protokolların formal tərtib olunduğu qeyd olunur. Yenə məhkəmənin bu qənaətə gəlməsinə səbəb 7 nəfər şahidin ifadəsindən başqa sübutu olmamışdır ki, həmin 7 nəfər həqiqəti söyləsələr belə bu say kifayət edə bilməz ki, protokollar etibarsız sayılsın. Məhkəmə cəmiyyəti və onun idarə heyətinin sədrini işə cəlb etməməklə faktiki olaraq çəkişmə və tərəflərin bərabərliyi prinsipini pozmuşdur. Həmçinin yalnız iddiaçının iştirak etdiyi bir prosesdə qarşı tərəfin mövqeyi bilinmədən işin tam, hərtərəfli və obyektiv tədqiqinə şərait yaratmamışdır. Göründüyü kimi məhkəmə sübutlara obyektiv qiymət verməmişdir. Belə ki, MMMC hüquqi şəxs olaraq və ya onun idarə heyətinin sədri, idarə heyətinin üzvləri tərəf kimi işə cəlb olunmalı idi. Daha sonra protokolda adları qeyd olunan bina sakinini dinləməli idi. Əslində iddianın əsaslı olması ilə bağlı sübutları iddiaçı məhkəməyə təqdim etməli idi. Lakin iddiaçı iddianın təmin olunması istiqamətində 7 nəfər şahiddən başqa heç bir sübut məhkəməyə təqdim etmədiyi halda və məhkəmədə öz təşəbbüsü ilə əlavə sübutların əladə olunmasını təmin etməmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlarına toxunulan şəxsin nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi, nümayəndəsi-vəkili ayrı-ayrılıqda izahat verərək apelyasiya şikayətinə etiraz etdiklərini bildirdilər və təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada məlumat verilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, hazırda qətnamə - iddia tələbinin təmin edilən hissəsində yoxlanılır. Tətbiq edilən hüquq: Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 51.3. Başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Məhkəmə baxışı zamanı başqa cavabdehin işə cəlb edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1 və 385.1.2. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzıün tətbiq edilməməsi; məhkəmənin ıəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi:

İş materiallarından görünür ki, 20 oktyabr 2022-ci il tarixli 1№-li Maraqlı şəxs MMMC-nin İdarə Heyətinin protokoluna əsasən, 17 nəfər üzvlərin iştirakı ilə MMMC-nin idarə heyətinin sədrinin və MMMC-nin səlahiyyətli nümayəndəsinin seçilməsi məsələləri gündəliyə çıxarılmış, Cavabdeh1 Maraqlı şəxs MMMC-nin idarə heyətinin sədri seçilmiş, Maraqlı şəxs MMMC-nin yeni sədrinin və yeni idarə heyətinin seçilməsi ilə bağlı məlumatların dövlət reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinə müraciət etmək Cavabdeh2 həvalə edilmiş, sonuncu tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat baş idarəsinin rəisi cənab İlqar Məmmədova ünvanlanmış xx.xx.2022-ci il tarixli təqdim edilmiş ərizədə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanununun müddəalarına uyğun olaraq, Xətai-7 MMMC-nin qanuni təmsilçisinin dəyişilməsi faktının qeydə alınması xahiş edilmiş, Cavabdeh1 Maraqlı şəxs mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin qanuni təmsilçisi seçilməsi faktı xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına alınmış, bu barədə məlumat qeyri-kommersiya qurumlarının dövlət reyestrinə daxil edilmişdir. Həmçinin iş materiallarında olan 20 oktyabr 2022-ci il tarixli 2 №-li Maraqlı şəxs MMMC-nin X11 görünür ki, MMMC-nin 223 nəfər üzvündən 210 nəfərinin iştirakı ilə MMMC-nin idarə heyətinin üzvlərinin seçilməsi, MMMC-nin təftiş komissiyasının üzvlərinin seçilməsi məsələləri gündəliyə çıxarılmış, X39, X32, X55, X65, X56, X57, X26, X27, X61, Cavabdeh1, Cavabdeh2, X6, X5, X28, X33, X40, X66 MMMC-nin İdarə Heyətinin üzvü seçilmiş, X13, X41, X34, X14, X15, X17, X48, X35, X21 və X29 təftiş komissiyasının üzvləri seçilmişlər. İş materiallarından görünür ki, qeyd edilən “ümumi yığıncağın xx.xx.2022-ci il tarixli 1 və 2 saylı protokollarının və qərarlarının etibarsız sayılması və Cavabdeh1 Maraqlı şəxs MMMC-nin İdarə heyyətinin sədri olması kimi qeydiyyatının ləğv edilməsi” tələbinə dair iddia cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yönəlmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi üçün əsasdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Mülki Prosessual Məcəllənin 51.3, 54.1 və 54.2-ci maddələrinin mahiyyətindən və həmin fəslin sistematik təhlilindən də görünür ki, sadalanan normalarda nəzərdə tutulmuş qaydalar ancaq birinci instansiyada işə baxan məhkəmələrdə aparılan icraat zamanı tətbiq oluna bilər və iddiaçı da ona verilən bu hüquqdan (özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razılıq verməsi) birinci instansiya məhkəməsində istifadə etməlidir. Əks yanaşma, yəni iddiaçının bu hüququndan apellyasiya instansiyasında da istifadə etməsi əsl olan cavabdehin məhkəmə müdafiəsinə olan hüquqlarının (üçpilləli məhkəmə sistemində birinci instansiya məhkəməsində iştirak etmək hüququndan məhrum edilməsi) məhdudlaşdırılması olmaqla yanaşı, həm də Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində təsbit olunmuş - hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipinə də zidd olardı. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, hazırki iddia tələbi üzrə Cavabdeh1 və Cavabdeh2 deyil, Maraqlı şəxs MMMC ola bilərdi. Belə ki, işdən açıq-aşkar görünür ki, iddianın əsas mahiyyəti ümumi yığıncağın xx.xx.2022-ci il tarixli 1 və 2 saylı protokollarının və qərarlarının etibarsız sayılması ilə bağlı olmaqla, tələbin digər hissəsi həmin tələbdən törəmədir. Başqa sözlə, Cavabdeh1 Maraqlı şəxs MMMC-nin İdarə heyyətinin sədri olmasına dair müraciətin edilməsi ilə onun darə heyyətinin sədri olması kimi qeydiyyatı məhz Maraqlı şəxs MMMC-nin adından qəbul edildiyindən Cavabdeh1 və Cavabdeh2 həmin iddiaya cavab verə və cavabdeh ola bilməzdi. Konstitusiya Məhkəməsi Plenumunun Mülki Prosessual Məcəllənin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə,... qanunverici məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Məsələ məhkəmənin həqiqəti nəyin bahasına olursa olsun, hətta tərəflərin istəyinin ziddinə üzə çıxarmaq vəzifəsindən deyil, bunu necə və hansı məqsədlə müəyyən etməsindən ibarətdir. Əgər məhkəmənin fəallığı çəkişmə prinsipindən kənara çıxmırsa, qarşısını almırsa, əksinə onun təmin edilməsində vasitəçilik edirsə, bu zaman belə fəallıq yolverilən, bəzi hallarda isə zəruri hesab edilməlidir. Apellyasiya instansiyası məhkəməsi vurğulayır ki, birinci instansiya məhkəməsi prosessual fəallıq prinsipindən istifadə edərək iddiaçıya iddiaya cavab verməli olan başqa cavabdehin cəlb edilməsinin zəruri olduğunu təklif etməmiş və bu barədə onun razılığının olub-olmamasını aydınlaşdırmamışdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddia tələbi iddiaya cavab verməli olmayan şəxslərə qarşı verildiyindən və iddiaya cavab verməli olan şəxs(lər) cavabdeh qismində cəlb edilmədiyindən apellyasiya şikayətində göstərilən digər dəlillərin yoxlanılmasına lüzum yoxdur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən isə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iddia təmin edilməməli, iddiaçıya iddiaya cavab verməli olan şəxs(lər)ə qarşı yenidən iddia tələbi ilə məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmə xərcləri tərəflərin özlərinə aid edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

Cavabdeh Maraqlı şəxs MMMC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 22 avqust 2023-cü il tarixli, 2(011)- 1242/2023 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ümumi yığıncağın xx.xx.2022-ci il tarixli 1 və 2 saylı protokollarının və qərarlarının etibarsız sayılması və Cavabdeh1 Maraqlı şəxs MMMC-nin İdarə heyyətinin sədri olması kimi qeydiyyatının ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddiaçıya iddiaya cavab verməli olan şəxs(lər)ə qarşı yenidən iddia tələbi ilə məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah edilsin. Məhkəmə xərcləri tərəflərin özlərinə aid edilsin. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər

Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar