Məhkəmə qərarları › İş №2(103)-6231/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6231/2022

16.11.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6231/2022 16.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: əsassız varlanma nəticəsində əldə olunanların qaytarılması tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, Cavabdeh nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı əsassız varlanma nəticəsində əldə olunanların qaytarılması tələbinə dair 2(008)-9435/2014 saylı mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 05 dekabr 2014-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İş materiallarına əlavə olunmuş 27 aprel 2007-ci il tarixli aktdan görünür ki, Cavabdeh digər şəxslərin iştirakı ilə özünə məxsus olmayan bağ sahəsinin sıra nömrəsini 497 kimi göstərməklə həmin bağ sahəsini 10000 ABŞ dolları məbləğində pul alaraq satdığını bildirmiş, həmin akt bağ sahəsi üzərində hüquqların ona məxsus olub-olmaması yoxlanılmadan Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Nardaran qəsəbəsi üzrə nümayəndəsi tərəfindən möhür və imza ilə təsdiq edilmişdir.

2. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Nardaran qəsəbəsi üzrə nümayəndəliyi aparatının 27 aprel 2007-ci il tarixli 02/640 saylı qərarından çıxarışdan görünür ki, Bakı şəhəri Nardaran qəsəbəsi Bağ massivində 497 saylı sahədə yerləşən 1200 kv.metr həyətyanı torpaq sahəsi İddiaçı ayrılmışdır.

3. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinin baş təhqiqatçısının HK-1/23 saylı material üzrə cinayət işi başlanmasının rədd edilməsi haqqında 26 iyun 2013-cü il tarixli qərarının surətindən görünür ki, X1 şikayət ərizəsi əsasında toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin material üzrə izahatı alınmış Cavabdeh bağ sahəsini satması müqabilində İddiaçı 10000 ABŞ dolları məbləğində pul aldığını etiraf etmişdir.

a) Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı Cavabdeh Eləsən oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10000 ABŞ dolları məbləğində pulun ödəniş gününə manatla və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, özünü Nardaran qəsəbəsindəki bağ massivinin 497 saylı sahəsinin mülkiyyətçisi kimi qələmə verən Cavabdeh həmin ərazidə yerləşən 1200 kv.metr torpaq sahəsini iddiaçıya 10000 ABŞ dollarına satmış, bu barədə 27 aprel 2007-ci il tarixli akt tərtib olunmuşdur. Alqı-satqının qanuni olmasına inandırmaq üçün ona Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Nardaran qəsəbəsi üzrə Nümayəndəliyi Aparatının 27 aprel 2007-ci il tarixli 02/640 saylı qərarından çıxarış verilmişdir. Onlar 10000 ABŞ dolları ödəyərək qanuni əsaslarla torpaq əldə etdiklərinə əmin olduqlarına görə bir neçə il ərzində külli miqdarda xərc qoymaqla Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi ərazisində «Ləhiş bağları» adlanan bağ massivində 497 saylı sahədə yaşayış evi inşa etdirmişlər. 2013-cü ilin yanvar-fevral aylarında iddiaçıya məlum olmuşdur ki, cavabdeh tərəfindən ona satılmış torpaq sahəsi Lənkəran rayonu Mamusta kənd sakini X3 məxsusdur. Bu barədə Feyzulla Əliyevin adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və torpaq sahəsinin plan və ölçüsü sənədi verilmişdir. Cavabdeh tərəfindən aldadılıb 10000 ABŞ dolları məbləğində pulunun ələ keçirilməsini başa düşdüyündən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-9435/2014 saylı mülki iş üzrə 05 dekabr 2014-cü il tarixli qətnaməsi ilə iddia təmin olunmuşdur. (hakim Vaqif Həsənov)

7. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdeh özünə məxsus olmayan torpaq sahəsini iddiaçıya satıb sonuncudan 10000 ABŞ dolları məbləğində pul almaqla əsassız varlanmışdır.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1, 1091.2 və Mülki Prossesual Məcəlləsinin 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya ayrılmış torpaq sahəsi əvvəllər cavabdehin sahibliyi və istifadəsində olmuş, cavabdeh həmin torpaq sahəsindən sahiblik və istifadə hüququnun müqabilində iddiaçıdan həmin dövrün məzənnəsinə uyğun olaraq 10000 ABŞ dollarına bərabər olan 7800 manat pul almışdır. Sabunçu Rayon İcra Hakimiyyətinin Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin 27 aprel 2007-ci il tarixli qərarından çıxarışdan da görünür ki, iddiaçıya həmin torpaq sahəsi ayrılan zaman o, Nardaran qəsəbə sakini olmamışdır. Beləliklə də, əgər iddiaçı Sabunçu Rayon İcra Hakimiyyətinin Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin 27 aprel 2007-ci il tarixli qərarı ilə razı deyilsə, bu zaman həmin qərarı mübahisələndirməli və ya həmin qərarın qəbul edilməsi ilə ona dəymiş zərəri Sabunçu Rayon İcra Hakimiyyətindən tələb etməlidir. Bundan əlavə işin hallarından da görünür ki, iddiaçı Sabunçu Rayon İcra Hakimiyyətinin Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin 27 aprel 2007-ci il tarixli qərarı ilə iddiaçıya ayrılmış torpaq sahəsinə dair ona verdiyi pul məbləğini 01 oktyabr 2014-cü ilə qədər ondan tələb etməmiş, bütün bu müddət ərzində hüquq sahibi kimi iddiaçı hərəkətsiz qalmış, keçən bu müddət ərzində o bu hüquqdan istifadə etməmiş və Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən onun bu hüququ müddətin keçməsinə görə qüvvədən düşmüşdür. Belə olduqda isə onun bu tələbinə kəsici müddət tətbiq edilməli idi. Yəni bu zaman iddia ərizəsinə iddia müddətinin tətbiq edilməsi barədə ərizənin verilməsi zərurəti olmamış, çünki iddiaçının belə hüquqla məhkəməyə iddia irəli sürmək hüququ artıq qüvvədən düşmüşdür. Məhkəmə işə baxarkən onun iştirakını təmin etməmiş, qətnamə qəbul olunarkən maddi və prosessual hüquq normaları pozulmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Vəkil həmçinin iddia müddətinin tətbiq olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyator hesab etmişdir ki, torpaq sahəsinə görə 10000 ABŞ dolları məbləğində pul vəsaiti 2007-ci ilin aprel ayında verildiyinə görə Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən iddiaçı əsassız varlanma obyektini geri qaytarmağa görə iki illik iddia müddətini buraxmışdır.

13. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 1091. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

14. Hazırkı apellyasiya şikayətində qətnamənin ləğv olunub iddianın rədd olunması xahiş olunduğundan, qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin olunması barədə düzgün nəticəyə gəlmişdir.

16. İş materiallarından göründüyü kimi, cavabdeh buna hüququ olmadığı halda bağ sahəsinin alınıb-satılması üçün iddiaçıdan 10000 ABŞ dolları məbləğində pul almış, beləliklə qanuni əsas və ya müqavilə əsası olmadan iddiaçının hesabına əsassız varlanmışdır. Cavabdeh torpaq sahəsinin alqı-satqısına görə iddiaçıdan 10000 ABŞ dolları məbləğində pul almasını etiraf etmiş, pulun alınması səbəbini onunla əsaslandırmışdır ki, həmin torpaq sahəsi əvvəllər onun sahibliyində və istifadəsində olmuş, bu hüquqlarını iddiaçıya güzəştə getdiyinə görə ondan 10000 ABŞ dolları məbləğində pul almışdır. Məhkəmə araşdırması zamanı Cavabdeh həmin torpaq sahəsinə hər hansı hüququnun olması müəyyən edilməmişdir.

17. Mübahisəyə iddia müddətinin tətbiq olunması məsələsinə gəldikdə, məhkəmə kollegiyası aşağıdakıları qeyd edir : İş materiallarından görünür ki, əsassız varlanma 27 aprel 2007-ci il tarixində baş vermişdir. Cavabdeh iddia müddətinin tətbiq olunması barədə məhkəməyə ərizə vermişdir. Cavabdeh birinci instansiya məhkəməsində işə baxılarkən iştirak etmədiyinə görə məhkəmə kollegiyası cavabdehin iddia müddətinin tətbiq olunması barədə ərizəsinin müzakirə olunmasını mümkün hesab etmişdir. Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Məhkəmə təcrübəsində əvvəllər Mülki Məcəllənin 1095-ci maddəsində nəzərdə tutulmuş iki illik müddət kəsici müddət kimi qəbul olunduğu halda, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2 aprel 2021-ci il tarixli Qərarında bu müddət iddia müddəti hesab olunmuşdur. X2 Məhkəməsi qeyd etmişdir ki, “Digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir.” Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İş materiallarından görünür ki, İddiaçı hüquqlarının pozulmasını, yəni ona satılmış torpaq sahəsinin X3 məxsus olmasını 2013-cü ilin yanvar-fevral aylarında sonuncunun şikayət ərizəsi ilə polis orqanlarına müraciət etməsindən sonra bilmiş, 01 oktyabr 2014-cü il tarixində hazırkı iddianı qaldırmışdır. Beləliklə, İddiaçı tərəfindən hazırkı iddia qaldırılarkən iddia müddəti buraxılmamışdır.

18. Birinci instansiya məhkəməsində işə baxılarkən cavabdehin iştirakının təmin olunmaması barədə apellyasiya şikayətinin dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehin ünvanına sifarişli poçt vasitəsilə məhkəmə bildirişlərinin və teleqramın göndərilməsi barədə sənədlər var. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi proses iştirakçısının məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılması barədə üzərinə düşən vəzifəni yerinə yetirmişdir.

19. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya şikayətinin dəlilləri əsassız olduğuna və birinci instansiya məhkəməsi tərəfindən mahiyyətcə düzgün qərar qəbul olunduğuna görə apellyasiya şikayəti təmin olunmamalı, qətnamə cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır.

20. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi :

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-9435/2014 saylı mülki iş üzrə 05 dekabr 2014-cü il tarixli qətnaməsi Cavabdeh apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar