Məhkəmə qərarları › İş №2(103)-6232/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6232/2023

09.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6232/2023 09.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Xanlar oğlunun sədrliyi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, İddiaçı cavabdeh "Əmlak Ekspert Mərkəzi” MMC-yə qarşı “qiymətləndirmə rəyinin ləğvi və yenidən qiymətləndirmə” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-3153/2023 nömrəli qərardadından İddiaçı tərəfindən şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “qiymətləndirmə rəyinin ləğvi və yenidən qiymətləndirmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 3153/2023 nömrəli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı “qiymətləndirmə rəyinin ləğvi və yenidən qiymətləndirmə” tələbinə dair iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul edilməkdən imtina edilmişdir. İddiaçı həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu , Novruzov qardaşları 170 ünvanında yerləşən fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. Mülkiyyətində olan mövcud birinci mərtəbənin üstündə öz vəsaiti hesabına beş otaqdan ibarət , ümumisahəsi 91,5 kv.m. olmaqla 2-ci mərtəbəni inşa etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(006)- 5320/2019 saylı qətnaməsi ilə mülkiyyətində olan fərdi yaşayış evinin üstündəki 2-ci mərtəbinin öz vəsaiti hesabına sökülməsi qət edilmişdir. Qətnamənin icrası zamanı ikinci mərtəbənin öz vəsaiti hesabına sökülməsi və əvvəlki vəziyyətə gətirilməsində problemlər yaranmışdır. Belə ki, özü ömürlük 2-ci qrup əlil olduğundan 2-ci mərtəbənin sökülərək əvvəlki vəziyyətə qaytarılmasına maddi imkanı yetərli deyil. Bu səbəbdən Nəsimi rayon İcra Şöbəsi mülkiyyətində olan fərdi yaşayış evinin 2-ci mərtəbəsinin sökülərək əvvəlki vəziyyətə gətirilməsi ilə bağlı smetanın müəyyənləşdirilməsi təklifi ilə mütəxəssis rəyin alınması üçün cavabdeh təşkilata müraciət etmişdir. Cavabdeh MMC Nəsimi rayon İcra Şöbəsinin sifarişi əsasında mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu Novruzov qardaşları 170 ünvanında yerləşən fərdi yaşayış evinin 2-ci mərtəbəsini sökülərək əvvəlki vəziyyətə gətirilməsinə dair çəkilən xərclərinin (smetasının) ümumi dəyərini 26.865 (iyirmi altı min səkkiz yüzaltmış beş) manat müəyyən etmişdir. Hesab edir ki, cavabdeh təşkilat tərəfindən müəyyən edilmiş qiymət reallığa uyğun olmadığından ləğv edilməli və həmin iş üzrə təkrar qiymətləndirilmənin keçirilməsi digər qiymətləndirmə şirkətinə həvalə edilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 3153/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(005)-3153/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. “İcra haqqında” Qanunun 29-cu maddəsinə əsasən tərəflər vəsatət vermək, icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6-cü maddəsinə görə iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir; 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəmənin düzgün olaraq qeyd etdiyi kimi, İddiaçı verilmiş icra məmurunun qərarı ilə təyin edilmiş mütəxəssisin rəyi ilə razılaşmadığı halda, həmin qərardan icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən) və qərarlarından şikayət edə, icra məmuruna, mütəxəssisə etiraz edə, icra icraatına digər mütəxəssisin cəlb edilməsi məsələsini qoya bilərdi. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq İddiaçı iddiasını iddianın yolverilməzliyinə görə qəbul etməkdən imtina etmişdir. Bu səbəbdən iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)-3153/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 3153/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar