Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6234/2023 25.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər:tikilidən çıxarılma) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə Məmmədova Səyalı Əziz qızının katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə, Cavabdeh1, digər cavabdeh (apelyator) Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2290/23 saylı iş üzrə 13 iyul 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 25 oktyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Mübahisə predmeti Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivi, A.Musayev küçəsində yerləşən dörd otaqlı ev - özbaşına tikilidir.
2. Buzovna qəsəbə bələdiyyəsinin verdiyi arayışa əsasən İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivi, A.Musayev küçəsində yerləşən həmin evdə qeydiyyatsız yaşayır. Cavabdeh1 iddiaçının qardaşı, Cavabdeh2 isə qardaşının arvadıdır. Sonuncu Lerik rayonunun Noda kəndində qeydiyyatdadır. Cavabdeh1 və Cavabdeh2 xx.xx.2014-cü ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və həmin nikahdan iki uşaqları var.
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ona məxsus olan ünvan 1 ünvanındakı torpaq sahəsində yerləşən 4 otaqdan ibarət tikilidən çıxarılmaqla qeyd edilən torpaq sahəsinin və 4 otaqdan ibarət tikilinin ona təhvil verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlərin yaşamaq üçün yerləri olmadığına görə iddiaçı onlara müvəqqəti olaraq ona məxsus olan evdə yaşamağa icazə vermişdir. Həyat yoldaşı 1-ci qrup əlildir və təcili əməliyyat olunmalıdır. Həyat yoldaşının əməliyyat olunması ilə bağlı ona pul lazım olduğuna görə o, cavabdehlərə evi təcili olaraq satdığını bildirmiş və cavabdehlərdən onun evindən çıxıb evi ona təhvil vermələrini tələb etmişdir. Lakin cavabdehlər bunu etməkdən imtina etmişlər.
5. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(003)-2290/23 saylı iş üzrə 13 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakim R.Xəzri) iddia təmin edilmişdir.
6. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdeh xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan ünvan 1ndə yerləşən evdə yaşamış, sonradan iddiaçı mülkiyyətində olan evin boşaldılmasını cavabdehdən tələb etmişdir. Cavabdehin hal-hazıradək evdən çıxmayaraq evi təhvil verməməsi mülkiyyətçinin qanunla tənzimlənən və qorunan hüquqlarını pozmuşdur.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152, 157-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, digər Cavabdeh1la xx.xx.2014-cü il tarixdən rəsmi nikaha düşməklə ailə qurmuş və həmin vaxtdan bu günə kimi mübahisəli mənzildə yaşamışdır. Mübahisəli mənzil o həmin ünvana köçdükdə tamamilə təmirsiz olmuş, məhz birgə yaşadıqları dövrdə təmir edilmiş, mətbəx, əlavə otaq və sanitar qovşağı inşa edilmişdir. Ona məxsus olan bütün əşyalar da həmin mənzildə ümumi istifadədə olmuşdur. Ailə qurduğu gündən özü, qayınatası, qayınanası, əri və sonra iki övladı ilə birlikdə həmin mənzildə yaşamışdır. Həmin ünvanda istifadə edilən qaz, işıq və su sağacları qaynanasının adına olmuş, məhkəməyə müraciət etmədən öncə iddiaçının adına keçirilməsi ehtimalı vardır. İddiaçının özünə məxsus olan evi başqa ərazidə olmuş, o hazırkı mübahisə predmeti olan mənzildə heç vaxt yaşamamışdır. İddiaçı ilə Fərahimin münasibətləri pis olduğundan gəliş-gedişləri də olmamışdır. Mübahisə predmeti olan mənzildə iddiaçının atası Nümayəndə, onun arvadı, cavabdeh Fərahil və onun özü iki övladı ilə birlikdə yaşamışlar. Ailə münaqişəsi zəminində dava-dalaş olmuş və onu döyərək həmin mənzildən çıxarmışlar. Aldığı xəsarətlər nəticəsində xəstəxanada yatıb, əməliyyat olduqdan sonra atası onu öz evinə aparmış, polisə məlumat verildiyindən hazırda araşdırma aparılır. Buna görə də iddiaçı (onun atası olan nümayəndəsi) mənzildə olan sayğacları iddiaçının adına keçirib məhkəməyə müraciət etmişdir. Məhkəmə isə cavabdehin başqa ünvanda qeydiyyatda olmasını, digər cavabdehin iddianı etiraf etməsini və s. əsaslandırmaqla heç bir araşdırma aparmadan, çəkişmə prinsiplərini pozaraq cavabdehin iştirakını təmin etmədən, mülkiyyət hüquqlarına əsaslanaraq iddianı təmin etmişdir. Məhkəmə mülkiyyətçi deyə iddiaçını nəzərdə tutmuşdur. Halbuki, iddiaçının xüsusi mülkiyyətə əsaslanan belə bir nə sənədi, nə də hüququ olmamışdır. Sahiblik əşyaya faktiki sahibliyə nail olmaqla əldə edilir. Əmlaka öz əmlakı kimi sahiblik edən şəxs əldə etmə müddəti ilə əlaqədar daşınmaz əmlaka mülkiyyət hüququnu əldə edənə qədər öz sahibliyini əmlakın mülkiyyətçısı olmayan və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş digər əsasa görə ona sahiblik hüquqları olmayan üçüncü şəxslərdən müdafiə etmək hüququna malikdir. Məhkəmə mübahisəyə bu maddəni tətbiq etməli olduğu halda tətbiq etməmişdir. İş materiallarından göründüyü kimi, iddiaçı və onun ailəsi başqa yerdə özlərinə məxsus olan torpaq sahəsində yaşamışdır və iddiaçının ata və anası cavabdehlərlə birgə sözügedən mübahisəli evdə yaşayırlar. Məhkəmə isə yalnız iddiaçının sübutlarını araşdıraraq onlardan istifadə etmişdir. Cavabdehin iştirakını təmin etməmiş buna görə cavabdeh öz hüquqlarını həyata keçirə bilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdi.
12. İddiaçı və nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdilər.
13. Digər Cavabdeh1 izahatında iddianı qəbul etdiyini, mübahisəli evin iddiaçıya məxsus olduğunu, onları müvəqqəti olaraq mənzilə buraxdığını, hazırda ev iddiaçının özünə lazım olduğuna görə onlardan evi tərk etmələrini tələb etdiyini, onun iddiaçının tələbinə qarşı heç bir etirazı olmadığını, lakin arvadı olan digər Cavabdeh2 evdən çıxmaq istəmədiyini göstərmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
14. Maddə 152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
15. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
16. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkələrə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Apellyasiya baxışının hədləri
19. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
20. Hazırkı apellyasiya şikayətində qətnamə iş üzrə Cavabdeh2 tərəfindən mübahisələndirildiyindən, digər cavabdeh ona qarşı tələbin təmin olunan hissəsindən şikayət vermədiyindən qətnamə yalnız Cavabdeh2 qarşı iddianın təmin olunmuş hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Birinci instansiya məhkəməsinin qənaətinə görə cavabdehin mübahisəli mənzildə qalmağı, oradan çıxmamağı iddiaçının həmin tikiliyə (evə) dair hüquqlarını həyata keçirməsinə mane olur, onun hüquqlarını kobud şəkildə pozur.
23. Mülki Məcəllənin yuxarıda sadalanan 152.1, 157.2, 157.4-cü maddələrinin mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
24. Hazırkı iş üzrə mübahisə predmeti olan ev özbaşına tikili olsa da həmin ev iddiaçı tərəfindən öz vəsaiti hesabına inşa olunmaqla onun daimi yaşayış yeri olduğundan geniş mənada onun həmin evə dair əmlak hüquqları mövcuddur və bu baxımdan birinci instansiya məhkəməsi hazırkı işə qanunun analogiyası qaydasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157-ci maddələrini tətbiq etməkdə haqlı olmuşdur.
25. Mülki Məcəllənin 11.1, 11.2-ci maddələrinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır.
26. Mülki Məcəllənin 180.1, 180.2-ci maddələrinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.
28. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh mübahisəli tikilinin əri Cavabdeh1la birgə vəsait hesabına alınması, yaxud evin təmirinə xərc çəkilməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Əksinə, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, mübahisəli tikiliyə dair elektrik və qaz sayğacı iddiaçının adına qeydiyyatdan keçmiş, iddiaçı həmin evdə yaşayır. Apellyasiya şikayətinin məzmunundan da görünür ki, cavabdeh yalnız ailə qurduqdan sonra mübahisəli tikiliyə köçmüşdür. O, gəlin gələnədək həmin tikili mövcud olmaqla iddiaçı tərəfə məxsus olmuşdur və evdə iddiaçının valideynləri yaşamışdır.
29. Cavabdehin nümayəndəsinin apellyasiya baxışı zamanı təqdim etdiyi sənədlərdə də iddiaçının mübahisəli ünvanda “Azəriqaz” İB tərəfindən qazdan istifadə üzrə istehlakçı kimi qeydiyyatdan keçdiyi bildirilmişdir.
30. Cavabdeh apellyasiya şikayətində evdən qovulduğunu və hazırda atası evində yaşadığını göstərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh hazırda evdə faktiki olaraq yaşamasa da, onun əşyaları evdə qalmaqda davam edir və bu da onun evdən hələ bütünlüklə çıxmadığını göstərir.
31. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.
32. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır.
33. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.
34. Nəzərə alınmalıdır ki, etirazın əsaslarını sübut etmək yükü cavabdeh tərəfin üzərində olduğu halda həmin hallarla bağlı iddiaçının sübut etmə vəzifəsini yerinə yetirmədiyinə, yaxud onun sübutlarının qeyri-mötəbər olduğuna istinadla iddianın rədd olunması prosessual qanunvericiliyin istinad olunan norması baxımından əsassızdır.
35. Eyni zamanda belə halda məhkəmənin üzərinə öz təşəbbüsü ilə iş üzrə şübhə doğuran halları araşdırmaq və ya onlara aydınlıq gətirmək vəzifəsi qoyula bilməz.
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.
37. Məhkəmə kollegiyası qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
38. Məhkəmə kollegiyası toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, mübahisəli ev özbaşına tikili olmaqla, iddiaçı tərəfindən inşa edilmişdir. Cavabdeh2 isə 2014-cü ildə digər Cavabdeh1la ailə qurduqdan sonra iddiaçı tərəfindən müvəqqəti yaşamaq üçün evə buraxılmışdır. Cavabdeh2 hazırkı mübahisəli evin tikintisi, yaxud təmiri (yaxşılaşdırması) ilə bağlı əri ilə birgə, yaxud şəxsi vəsaiti hesabına hər hansı bir formada iştirak etməsi təsdiq edilməmişdir.
39. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə xarakterli dəlillər sayaraq hesab edir ki, MPM-nin 385.2-ci maddəsinin tələbinə əsasən həmin dəlillər faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.
41. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2290/23 saylı iş üzrə 13 iyul 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə (Cavabdeh2 qarşı iddianın təmin olunmuş hissəsində) dəyişdirilmədən saxlanılsın. Qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Cavabdeh2 tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron kabinet vasitəsilə kassasiya şikayəti verilə bilər.