Məhkəmə qərarları › İş №2(103)-6237/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6237/2021

07.07.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6237/2021 07.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi. İddiaçı, cavabdeh X1 nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı “borc tələbi”nə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2122/2021 saylı, 09 mart 2021-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və X3 qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və yoldaşı X2 ona olan 40000 manat borcun müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1976-cı ildə X4 ilə rəsmi nikaha daxil olmuşdur. 18 dekabr 1977-ci il tarixində X5, xx xxxx 1980-cı il tarixində Cavabdeh1, 23 avqust 1983-cü il tarixində X9 doğulmuşdur. Həyat yoldaşı 25 il AR DİN-də iqtisadi fəaliyyət əleyhinə cinayətkarlıqla mübarizə sahəsində çalışmış və 25 dekabr 1999-cu il tarixində vəfat etmişdir.Həyat yoldaşı rəhmətə gedənə kimi onlara Maştağa qəsəbəsində həyət evi, 8-ci mkr-da, M.Ə.Rəsulzadə qəsəbəsində 2 otaqlı həyət evi almışdır. O, bir qədər pul toplayaraq oğlu Cavabdeh1 Binəqədi rayonu, M.Cəlal küçəsi, 3169-cu məhəllədə yerləşən 4-cü girişinin, 5-ci mərtəbəsində yerləşən 2 otaqlı, ümumi sahəsi 101,32 kv.m olan249 nömrəli mənzil almışdır. Oğlu taksi sürücüsü işləyirdi. Hal-hazırdada işləyir. Mənzili aldıqdan sonra oğlu həmin mənzili təmir etdirə bilmədiyindən ona evin təmiri üçün qaytarmaq şərtilə 67000 manat borc vermişdir. Lakin demişdir ki, usta evin təmiri üçün 27000 manat pul tələb edir. 2014-cü ilin payızında oğluna həmin pul məbləğini vermişdir 2015-ci ildə ev hazır olmuş və hal-hazırda həmin ev kirayədədir. Böyük oğlu X5 həyat yoldşından onlara qalan Maştağadakı bağ evini satıb iş qurmaq istəmişdir. Belə ki, ona demişdilər ki, yeni tikili binalardan ev alıb, təmir edikdən sonra satdıqda kifayət qədər pul qazanmaq olur. Odur ki, Binəqədi rayonu, 6-cı mkr, H.Babaşov küçəsində yerləşən binanın 1-ci girişinin 4-cü mərtəbəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 111,04 kv.m olan 19 nömrəli mənzili kiçik oğlu Cavabdeh1 adına almışdır. Fuad öz növbəsində həmin mənzilin təmiri ilə məşğul olan ustalara nəzraət etməli idi. Evin satışından sonra da, Fuada müəyyən miqdar pay veriləcək idi. Təmirə ustalar 40000 manat pul xərclədilər. Cam balkonuna qədər qoymuş, bütün pəncərələri dəyişmişlər. Oğlu Fuad demişdir ki, evin alınmasına 83280 manat pul ödəmişdir. Razılaşmamız belə idi ki, evlər təmirdən pul qazanmaq məqsədilə satılsın. Evlər formal olaraq Fuadın adına yazılmışdır. Amma hüquqi savadsızlığından alınan evlərin satılmasına Fuadın yoldaşının razılığının olmasındən xəbərsiz olmuşdur. Mənzil satış üçün hazır olandan sonra Fuadın yoldaşı evin satılmasına razılıq verməmişdir. Fuad bugünə kimi evin təmirinə xərclənən pulu ona qaytarmamışdır. 67000 manat borcdan 27000 manat pulu onun aldığı Binəqədi rayonu, M.Cəlal küçəsi, 3169-cu məhəlləd yerləşəən "xxxx" MTK-nın inşa edilmiş yüksək mərtəbəli binasının 4-cü girişinin, 5-ci mərtəbəsində yerləşən 2 otaqlı, ümumi sahəsi 101,32 kv.m olan 249 nömrəli mənzilin təmirinə xərclədiyindən o borcu ümumi borc məbləğindən silir. Qalan 40000 manat pul məbləğini isə ər-arvad birlikdə onların ikisinə verdiyindən, həmin pulun hər ikisindən alınaraq ona verilməsini xahiş edir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2122/2021 saylı, 09 mart 2021ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 40000 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən cavabdeh Ayşən Yaqubova apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, bu ana-balanın bir-birinə qarşı guya borc alıb qaytarmamasına dair iddia tələbləri uydurmadır, məhz onun boşanma və əmlak bölgüsü məsələsi məhkəmədə baxılarkən meydana çıxmış və bu da təsadüfi deyil. Onlar birlikdə sövdələşərək borc məsələsini ortaya atıblar ki, məhkəmə prosesində biri (Əsli) iddia qaldırsın, digəri də (Fuad) etiraf etsin ki, bu yolla məhkəmə qətnaməsində ev alınması və təmir olunması ilə bağlı uydurma senarini məhkəmə qətnaməsi ilə müəyyən olunmuş hallar kimi təqdim olunmasına nail olsunlar və uydurma əqdi rəsmiləşdirərək özlərinə saxta dəlil düzəldərək ona qarşı digər məhkəmə prosesində (əmlak bölgüsü ilə bağlı) istifadə etsinlər. Məqsəd isə birdir, guya Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, H.Babaşov küçəsində yerləşən binanın, 1-ci girişi, cü mərtəbəsi, 19 nömrəli mənzilin, eləcə də, Binəqədə rayonu, M.Cəlal küçəsi, 3169-cu məhəllə, 4-cü giriş, ci mərtəbə, 249 nömrəli mənzilin birgə nikah dövründə alınmaması görüntüsünü yaratmaqdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikahyətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əvvəlki məkhəmə iclasında iştirak digər Cavabdeh1 nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, Aişən cavabdehin yoldaşıdır. Hazırda ondan boşanmaq üçün məhkəməyə müraciət edib. Ondan həm də mülkləri tələb edir. O, evlər üzərinə həbs qoydurduğundan sata bilmir. Qardaşından 40000 manat pulu təmir üçün almışdır. Sadəcə həbsə qoyulub və o evi sata bilmir. Ödəməyə etiraz etmir. Sadəcə olaraq evi sata bilmir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız iddia təlbinin təmin edilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş olunsa da, şikayətin məzmunundan onun yalnız iddia tələbinin təmin edilən hissəsinin mübahisələndirildiyi aydın olur. Kollegiya apellyasiya şikayətinin dəlillərini və iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan X7 tərəfindən yazılan 13 noyabr 2019-cu il tarixli qəbzdən görünür ki, o, anası X6 olan 67000 manat borcu ailəsi ilə birlikdə yəni yoldaşı X8 ilə birlikdə tez bir zamanda qaytaracağı barədə öhdəlik götürmüşdür. Bunu öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Vəkil2 ünvanlanan 18 yanvar 2021-ci il tarixli məktubdan görünür ki, "xxxx" MMC ilə Cavabdeh1 arasında Bakı şəhəri, Binəqədi rayonu, H.Babaşov küçəsində in.a edilmiş yaşayış binasının 1-ci blokunun 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 111,04 kv.m olan, 3 otaqlı, 19 saylı mənzilin alğı-satqısı barədə 26 aprel 2011-ci il tarixli müqavilə bağlanmış və qeyd edilən mənzilin dəyəri tam ödənilmişdir. İş materiallarında olan Cavabdeh1 tərəfindən yazılan 05 mart 2021-ci il tarixli ərizədən görünür ki, o, həyat yoldaşı ilə birlikdə borc məbləğini etiraf ediklərini və həmin pulla hazırda yaşadıqları "xxxx" MMC-dən aldıqları 3 otaqlı mənzili təmir etdirdiklərini bildirir. Həmin mənzili özəlləşdiirb satdıqdan sonra 40000 manat məbləğində olan borclarını ödəyəcəklərini qeyd etmişdir. Həmin ərizə Cavabdeh1 tərəfindən imzalanmışdır Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 882.1-ci maddəsinə görə, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə görə isə, bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından tərəflər arasında öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz həmin münasibətlər çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehlərə qarşı tələbi 05.03.2021-ci il tarixli borcun etirafını ehtiva edən ərizədən irəli gəlir. Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya əhkəməsi Cavabdeh1 pulun tutulması ilə bağlı nəticəsinə gəlməkdə haqlı olmuşdur. Belə ki, cavabdeh apellyasiya şikayətində əslində borc almadığı, iddiaçı və onun oğlu olan digər cavabdeh Fuad Yqubovun formal olaraq müqaviləni imzalamış olduğu ilə əsaslandırılmışdır. Kollegiya hesab edir ki, tərəflər arasındakı “borcun etirafı” müqaviləsinin bağlanmasına səbəb olan şərait və tərəflərin münasibətinin mahiyyəti hazırkı mübahisə baxımından əhəmiyyətli deyildir. Belə ki, hazırkı mübahisə konkret şəxslər arasında mövcud olan müqavilə öhdəliyinin yerinə yetirilməməsi səbəbi ilə yaranmışdır; həmin müqavilənin etibarsızlığını şərtləndirən əsaslar isə müəyyən olunmamış və ümumiyyətlə belə bir tələb irəli sürülməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən isə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Kollegiya iddia müddətinin tətbiq edilməsinə dair ərizəni də əsassız hesab edir. Çünki iş materiallarından aydın olur ki, borc verilən pul üzrə öhdəliyin icra olunma müddəti konkret müəyyən edilməmiş, 2019-cu ildə isə iş üzrə Cavabdeh1 qəbz yazaraq borcu etiraf etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2122/2021 saylı, 09 mart 2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar