Məhkəmə qərarları › İş №2(103)-6239/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6239/2021

11.08.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6239/2021 11.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-257/2021 saylı iş üzrə 16 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2019-cu ilin iyul ayında Azadlıq prospekti, 31b ünvanında yerləşən “Access Gallery” mağazasından 85 manat dəyərində Çin istehsalı olan video registrator almışdır. 2-3 gün keçdikdən sonra həmin video registratorun ekranında ağartı şəklində texniki nasazlıq aşkarlanmışdır. Növbəti gün “Access Gallery” mağazasında satıcı işləyən Məmmədli Qəhrəmana yaranmış olan texniki nasazlıq barədə məlumat verdikdən sonra iddiaçı aldığı video registratoru yenisi ilə əvəzlənmişdir. 2-3 gündən sonra həmin video registratorda da eyni texniki problem baş vermişdir. Məmmədli Qəhrəmana analoji problemin yenidən yarandığını bildirdikdə o, müvafiq çətinliyin onun idarə etdiyi avtomobildən qaynaqlandığını (iddiaçının idarə etdiyi “Hyundai” markalı avtomobil ABŞ bazarı üçün istehsal olunub) iddia edərək onun əvəzində digər markalı video registratoru vermişdir. Bir neçə gün sonra 3-cü video registratorda da analoji problem baş vermişdir. Bundan sonra iddiaçı yenidən həmin satıcıya zəng vurub məsələni ona bir daha bildirmişdir. Satıcı isə müvafiq çətinliyin iddiaçının idarə etdiyi avtomobildən qaynaqlandığını bir daha iddia etmişdir. İddiaçı ödənişinin geri qaytarılmasını tələb etdikdə, satıcı bundan qəti şəkildə imtina etmişdir. Yaranmış problemlə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə rəsmi qaydada müraciət etsə də, məsələnin müsbət şəkildə həlli mümkün olmamışdır. İş üzrə Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə ünvanladığı məktubda da, iddiaçının “Access Gallery” mağazasından 85 manata video registrator aldığını etiraf etsə də, həmin mağazanın əməkdaşlarının video registratora keçirdikləri ilkin baxış zamanı istehsal qüsurunu aşkarlamadıqlarını, lakin onun mağazaya yenidən təqdim ediləcəyi halda servisdə yoxlanılıb nəticəsindən asılı olaraq qanunauyğun tədbir görəcəklərini iddia etmişdir. İddiaçı isə yaranmış olan vəziyyətdə onların video registratora obyektiv və qərəzsiz olaraq baxış keçirəcəklərinə inanmir. Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 31b ünvanında yerləşən “Access Gallery” mağazasında sahibkarlıq fəaliyyəti Azrəbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X4 üzrə Baş idarəsində fərdi sahibkar kimi vergi uçotuna alınmış Cavabdeh ********** nömrəli VÖEN-i ilə həyata keçirilir. İş üzrə cavabdeh şəxs də məhz hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdehdır. Göstərilənlərə əsasən Çin istehsalı olan qüsurlu video registrator üçün ödənilmiş 85 manat məbləğində pul vəsaitini “Access Gallery” mağazasının sahibkarı Cavabdeh iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-257/2021 saylı iş üzrə 16 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, İddiaçı tərəfindən Çin istehsalı olan videoreqistratorun alınmasına görə ödənilmiş 85 (səksən beş) manat məbləğində pul vəsaitinin “Access Gallery” mağazasının sahibkarı Cavabdeh İddiaçı xeyrinə tutulması və Çin istehsalı olan videoreqistrator Cavabdeh geri qaytarılması, qətnamə pulun ödənilməsi və telefon aparatının geri qaytarılması hissələrində eyni vaxtda icra edilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı ərizə təqdim edərək iddiadan imtina etdiyini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X2 ərizəyə etiraz etmədiyini iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı iddiadan imtinası qəbul edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 257/2021 saylı iş üzrə 16 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işin icraatına xitam verilməlidir. Belə ki, Apellyasiya icraatı zamanı təqdim edilmiş və iş materiallarına əlavə edilmiş 11.08.2021-ci il tarixli ərizədən görünür ki, İddiaçı Cavabdeh ilə aralarında razılıq əldə edildiyi üçün iddiasından imtina edir və məhkəmədən imtinasının qəbul edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, İddiaçı iddiadan imtina etməsi qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, İddiaçı iddiadan imtinası qəbul edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-257/2021 saylı iş üzrə 16 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işin icraatına xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 391, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı iddiadan imtinası qəbul edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-257/2021 saylı iş üzrə 16 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar