Məhkəmə qərarları › İş №2(103)-624/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-624/2020

05.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-624/2020 05.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh X3rşı “pozulmuş hüquqların bərpası, mənəvi zərərin ödənilməsi və sair tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxx 2019-cu il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının vəkili X8, cavabdeh MMC-nin vəkili (nümayəndəsi) X9 iştirakları ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh MMC-yə qarşı “pozulmuş hüquqların bərpası, mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh MMCnin qanunsuz hərəkətlərinə son qoyulması, Səbail Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1996-cı il tarixli 486a saylı sərəncamı ilə Badamdar qəsəbəsi, Tofiq Məmmədov küçəsindən ayrılmış 12.0 x 6.0 metr ölçüdə torpaq sahəsinin boşaldılaraq ona qaytarılması və 30 manat dövlət rüsumunun əvəzinin MMC-dən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Səbail RİH başçısı tərəfindən xx.xx.1996-cı il tarixli, 486a saylı sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Tofiq Məmmədov küçəsində (təsdiq edilmiş cizgi əsasında) ticarət obyektinin tikintisi üçün 12.0 x 6.0 metr ölçüdə torpaq sahəsi ayrılmışdır. Səbail RİH-nin memarı tərəfindən Badamdar qəsəbəsi, T.Məmmədov küçəsində ticarət obyektinin tikintisi üçün ayrılmış torpaq sahəsində tikiləcək ticarət obyektinin “Eskiz layihəsi” təsdiqlənmişdir. Təsdiqlənmiş “Eskiz layihəyə” əsasən ticarət obyektinin ümumi sahəsi 292 kv.metr olmaqla, zirzəmi sahəsi 52,0 kv.m , 1-ci mərtəbəsi 52,0 kv.m , 2-ci mərtəbəsi 90,0 kv.m, mansarda sahəsi 98,0 kv.metrdən ibarətdir. Səbail RİH xx.xx.1996-cı il tarixli sərəncamına əlavə olaraq verilmiş torpaq sahəsinin yerləşmə cizgisində iddiaçıya ayrılmış sahənin dəqiq koordinatları qeyd edilmişdir. Sərəncamın, yerləşmə cizgisinin və digər hüquq müəyyənedici sənədlərin əsasında iddiaçıya xx.xx.2012-ci il tarixində Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən A 440222 saylı kadastr planı verilmişdir. Adı çəkilən ticarət obyekti iddiaçının faktiki istifadəsində və sahibliyində olmuşdur. Sözügedən ticarət obyekti və torpaq sahəsi cavabdeh MMC tərəfindən heç bir xəbərdarlıq edilmədən, eyni zamanda hər hansı qanuni əsas olmadan zəbt edilmiş, hazırda torpaq sahəsində MMC tərəfindən hündürmərtəbəli bina inşa edilir. Buna görə də torpağın faktiki koordinatları cavabdeh MMC tərəfindən digər sahəyə birləşdirildiyindən və hasarlandığından, bununla da onun sahəsinin dəqiq ölçülərini müəyyən etmək mümkünsüz olmuş və bu səbəbdən bütün qanuni sənədlərinin olmasına baxmayaraq, həmin sahəyə dair mülkiyyət hüququnu təsdiq edən sənəd almaq üçün iddiaçının müvafiq orqana müraciət etməsi əhəmiyyətsiz hal almışdır. Göründüyü kimi, cavabdeh MMC-nin qanuni əsaslarla RİH tərəfindən ayrılmış torpaq sahəsini zəbt etməsi və hasarlaması nəticəsində həmin sahədə iddiaçının adına mülkiyyət hüququnu təsdiq edən sənəd verilməsi üçün zəruri olan mərzçəkmə və digər hərəkətlərin aparılması qeyri-mümkün olmuşdur. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qətnamə ilə iddianı rədd etmişdir. İş üzrə iddiaçı həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsasları iddia tələbinin əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq göstərilir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Həmçinin, Rayon Məhkəməsi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə iddiaçıya məlumat verməmişdir. İddiaçının vəkili X12 və apellyasiya baxışının əvvəlki iclasında iştirak etmiş nümayəndəsi (qardaşı) X6 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin və iddia ərizəsini məzmununa uyğun izahat vermişlər. Onlar bildirmişlər ki, RİH-nin xx.xx.1996-cı il sərəncamla təsdiq olunur ki, həmin sahə iddiaçıya ayrılmış və iddiaçıya məxsusdur. Cavabdeh MMC isə həmin torpaq sahəsini zəbt edərək orada tikinti işləri aparmaqla iddiaçının hüquqlarını pozmuşdur. Cavabdeh MMC-nin vəkili (nümayəndəsi) X14 apellyasiya baxışı iclasında iştirak edərək apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və bildirdi ki, mübahisəli sahə cavabdeh MMC tərəfindən Əli Hüseynzadə adlı şəxsdən satın almışdır. Belə ki, iddiaçı həmin sahəni Mənsur Şükürova, sonuncu isə Əli Hüseynzadəyə satmışdır. İddiaçının həmin sahəni satması Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli “Qeyri-yaşayış sahəsinin texniki pasportun” üzərində edilmiş və həmin Komitənin möhürü ilə təsdiq edilmiş xx.xx.2005-ci il tarixli qeyd edilə təsdiq edilir. Göründüyü kimi, mübahisəli sahə üzərində hər hansı bir hüququ qalmamış, o, hazırki iddianı irəli sürməyə subyektiv hüquqa malik deyil. Məhkəmə, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın başqa əsasla rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, işə baxmış Rayon Məhkəməsi iddia tələbinin rədd edilməsi nəticəsinə gələrkən, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına (İş № 2-1(81)-3481/2018) istinad etmişdir ki, həmin qərarla mübahisəli əmlaka dair hazırkı iddianın əsasını təşkil edən iddiaçının adına verilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 2013-cü il tarixli, A 440222 nömrəli torpaq sahəsinin plan və ölçüsünə dair sənəd ləğv edilmişdir. Lakin Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı (İş № 2- 1(103)-1348/2019) ilə ləğv edilmiş, iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası iş üzrə qəbul etdiyi xx.xx.2019-cu il tarixli qərarı (İş № 2(102)-3313/2019) ilə Bakı Apellyasiya Məhkəməsi İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarını dəyişdirmədən saxlamışdır. Göründüyü kimi hazırki işə baxmış Rayon Məhkəməsinin iddianın rədd edilməsi üçün əsas götürdüyü məhkəmə aktı ləğv edilmişdir. Odur ki, qeyd edilənləri nəzərə alan Məhkəmə hesab edir ki, qətnamə ləğv edilməli və MPM-nin 372.1-ci maddəsində uyğun olaraq işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, MPM-nin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə iddia tələbini əsaslı hesab etmir və qeyd edir ki, iddiaçının cavabdehə qarşı belə bir tələb irəli sürməyə subyektiv hüququ yoxdur və iddia tələbi iddiaçının subyektiv hüququnun olmaması əsası ilə rədd edilməlidir. Belə ki, Səbail RİH başçısının xx.xx.1996-cı il tarixli, 486a saylı sərəncamının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı R.X17 rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsində təsdiq edilmiş cizgi əsasında 12,0 x 6, 0 metr ölçüdə ticarət obyektinin tikintisinə icazə verilmişdir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A 440222 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, bu sənəd İddiaçı xx.xx.1996cı il tarixli sərəncamla ayrılmış torpaq sahəsinin planı və ölçüsü ilə əlaqədar tərtib edilmişdir. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli “Qeyri-yaşayış sahəsinin texniki pasportundan” görünür ki, qeyd edilən ünvanda İddiaçı tərəfindən qeyri-yaşayış sahəsi inşa edilmişdir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş xx.xx.2018-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Səbail RİH başçısının xx.xx.1996-cı il tarixli 486a saylı sərəncamı ilə İddiaçı ayrılmış 72 kv.metr torpaq sahəsinin sahəsi (ölçüləri) elektron baza məlumatlarına əsasən müəyyən edilmişdir. Mübahisələndirilən ərazidə inşa edilən çoxmərtəbəli yaşayış binası, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla cavabdeh MMC-nin adına 49 illik icarəyə verilmiş 0,4683 hektar torpaq sahəsinin hüdudları daxilində yerləşir. Səbail RİH başçısının xx.xx.1996-cı il tarixli sərəncamı ilə İddiaçı adına ayrılmış torpaq sahəsinin koordinatları, elektron baza məlumatlarına əsasən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla MMC-yə 49 illik icarəyə verilmiş torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. Qeyd edilən bu mütəxəssis rəyində göstərilənlər Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 10265 saylı, xx.xx.2018-ci il tarixli rəyilə də təsdiq edilir. İddiaçı mübahisəli sahəsinin ona məxsus olduğunu, sahənin cavabdeh MMC tərəfindən zəbt olunduğunu bildirərək, cavabdeh MMC-ya qarşı hazırki iddianı irəli sürmüşdür. Cavabdeh MMC-nin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirir ki, iddiaçı hazırki iddianı irəli sürmək üçün subyektiv hüquqa malik deyil. Çünki iddiaçı həmin sahəni satmışdır. Cavabdeh MMC-nin nümayəndəsinin istinad etdiyi Dövlət Tikinti və Arxitektura Komitəsi tərəfindən mübahisəli sahəyə dair verilmiş xx.xx.2004-cü il tarixli “Qeyri-yaşayış sahəsinin texniki pasportun” üzərində edilmiş və həmin Komitənin möhürü ilə təsdiq edilmiş xx.xx.2005-ci il tarixli qeyd ondan ibarətdir ki, Bakı Şəhəri 28-ci Notariat Kontoru tərəfindən xx.xx.2005-ci il tarixdə reyestrdə 4Ə-02-197 nömrə ilə qeydə alınmış “Alğı-satqı müqaviləsinə” əsasən həmin sahə X5 adınadır. Göstərilən məlumatı və iddiaçının hazırki iddianı irəli sürmək üçün subyektiv hüquqa malik olub-olmamasını araşdırmaq üçün Məhkəmə, xx.xx.2005-ci il tarixdə reyestrdə 4Ə-02-197 nömrə ilə qeydə alınmış “Alğı-satqı müqaviləsinin” rəsmiləşdirilməsi bağlı notariat işinin surətini Azərbaycan Respublikası Ədliyyə Nazirli Dövlət Notariat Arxivindən götürmüşdür. Həmin Notariat işindən görünür ki, İddiaçı mübahisəli sahəsini xx.xx.2005-ci il tarixdə X1. xx.xx.2017-ci il tarixli “Daşınmaz əmlakın xxxxxxxxxxxxxxxxxxxxxxxxx” görünür ki, X10 mübahisəli sahəni X2. X15 arasında xx.xx.2017-ci il tarixdə bağlanmış və həmin tarixdə Bakı Şəhəri 14 saylı Notariat Kontoru tərəfindən rəsmiləşdirilərək reyestrdə 3M-1025 nömrə ilə qeyd edilmiş “xxxxxxxxxxxxxxxxxxxxxxxxx” görünür ki, Ə.Hüseynzadə mübahisəli sahəni cavabdeh MMC-ya satmışdır. Göstərilənləri nəzərə alan Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008ci il tarixli qərarında aşağıdakı hüquqi mövqe təsbit olunmuşdur ki, bu hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun göstərilən qərarında təsbit edilmiş hüquqi mövqedən yuxarıda qeyd edilən müqavilələrə və işin hallarına yanaşdıqda müəyyən edilir ki, mübahisəli sahə artıq iddiaçıya məxsus olmadığından iddiaçı hazırki iddianı irəli sürmək üçün subyektiv hüquqa malik deyil. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinin mənasına görə, yalnız mülkiyyətçi ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir (maddə 152.1.), o, öz əmlakına (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər (maddə 152.5.), özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (maddə 157.2.). Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan işin bütün faktiki hallarını aydınlaşdırmamışdır. Bu hal isə MPM-nin 385-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. MPM-nin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 385 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh X3rşı “pozulmuş hüquqların bərpası, mənəvi zərərin ödənilməsi və sair tələbi barədə” iddiası təmin olunmasın. İş üzrə ödənilmiş dövlət rüsumları iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakimlər Məmməd Məmmədov Şeyda Məhərrəmova Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar