Məhkəmə qərarları › İş №2(103)-6243/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6243/2020

12.10.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6243/2020 12.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(004)-1761/2020 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxxx 2019-cu il tarixdən etibarən ona, ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxs qismində ömürlük təqaüdün ödənilməsinin “xxx'' X3 həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(004)-1761/2020 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işə əlavə edilmiş “xxxxxxxxxxx” ASC tərəfindən ona ünvanlanmış məktubdan da göründüyü kimi, “xxxxxxxxxxx” ASC-yə mənsub aksiyaların Cavabdeh ASC-yə verilməsi vurğulanmışdır. Belə olan halda Cavabdeh ASC-nin “xxxxxxxxxxx” ASC-nin hüquqi varisi olduğu aydın olur. Digər tərəfdən, xxxxxxxxxxx” ASC-nin hüquqi varisi olmasa belə, qanunvericiliyin tələblərinə əsasən o, ona verilən ömürlük təqaüdün ödənilməsini təmin etməlidir. Göründüyü kimi, cavabdeh tərəfindən Mülki Məcəllənin yuxarıda göstərilən maddələrinin tələbləri kobud surətdə pozulmuşdur. Lakin birinci instansiya məhkəməsi bu xüsusatlara əhəmiyyət verməmiş, bu səbəbdən də hüquqlarımın pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir. Məhkəmə iclasında İddiaçı şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil şikayətin təmin olunmasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işdən görünür ki, iddiaçının mərhum əri X2 ilə “xxxxxxxxxxx” ASC arasında bağlanılmış 116 saylı, xx xxxx 2016-cı il tarixli əmək müqaviləsinə əsasən V.Yarov şıxta hazırlama sexi-kran operatoru vəzifəsi əmək funksiyasının icrasını öhdəsinə götürmüşdür. X1 xx xxxxxx 2017-ci il tarixdə vəfat etməsi səbəbindən ona müəssisə tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1121.3.3-cü maddəsinə əsasən ömürlük təqaüd təyin edilmişdir. Hazırda iddiaçı ömürlük təyin olunmuş təqaüdün “xxxxxxxxxxx” ASC ödənilməsinin dayandırılması səbəbindən məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən qənaətini belə əsaslandırmışdır ki, mülki qanunvercilik hüquqi şəxslər yenidən təşkil edilərkən hüquq varisliyini nəzərdə tutsa da, hazırki mübahisə üzrə Cavabdeh ASC-nin “xxxxxxxxxxx” ASC-nin hüquqi varisi olmasına dair hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair xx xxx 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Belə ki, apellyasiya şikayətinin obyektini birinci instansiya məhkəməsinin qətnaməsi, yəni iddianın təmin edilməyən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır) predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarına əsasən apellyasiya şikayəti üzrə qətnamə yalnız mübahisələndirilən hissədə, yəni iddiaçının şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalı, cavabdehə münasibətdə isə qətnaməyə toxunulmamalıdır. Hazırki iş üzrə, iddia tələbinin faktiki əsası(faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Belə ki, Mülki Prosessual Məcəllənin 51.3-cü maddəsinə əsasən başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər. Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Həmin Məcəllənin 54.2-ci maddəsinə görə iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Qeyd edilən normaların mahiyyətindən və həmin fəslin sistematik təhlilindən də görünür ki, həmin normada nəzərdə tutulmuş qaydalar ancaq birinci instansiyada işə baxan məhkəmələrdə aparılan icraat zamanı tətbiq oluna bilər və iddiaçı da ona verilən bu hüquqdan (özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razılıq verməsi) birinci instansiya məhkəməsində istifadə etməlidir. Əks yanaşma, yəni iddiaçının bu hüququndan apellyasiya instansiyasında da istifadə etməsi əsl olan cavabdehin məhkəmə müdafiəsinə olan hüquqlarının (üçpilləli məhkəmə sistemində birinci instansiya məhkəməsində iştirak etmək hüququndan məhrum edilməsi) məhdudlaşdırılması olmaqla yanaşı, həm də Azərbaycan Respublikası Konstitusiyasının 25- ci maddəsində təsbit olunmuş - hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipinə də zidd olardı. Hazırki iddia tələbi əsaslı olsa belə, bu tələb üzrə Cavabdeh ASC-dən xx xxxxxxx 2019-cu il tarixdən etibarən ona, ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxs qismində ömürlük təqaüdün ödənilməsi tələb edilə bilməzdi. Belə ki, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xx xxxxxxxx 2020-ci il tarixli məktubunda vergi ödəyicisinin fəaliyyəti, ləğv edilmişdirsə hüquqi varisi və mülkiyyətində hər hansı əmlakın olub-olmaması barədə məlumatların təqdim edilməsi ilə əlaqədar müraciətinizə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində baxılmışdır. Müraciətinizlə əlaqədar bildiririk ki, xx.xx.2020-ci il tarixə olan uçot məlumatlarında "xxxxxxxxxxx" Açıq Səhmdar Cəmiyyətinin (VÖEN: **********) fəaliyyəti və digər vergi tutulan əməliyyatları aktivdir, reyestr məlumatlarında "xxxxxxxxxxx" ASCnin ləğv olunması və ya yenidən təşkil olunması, eləcə də hüquqi varisliyi barədə məlumat aşkar edilməmişdir. Eyni zamanda bildiririk ki, "xxxxxxxxxxx" ASC tərəfindən təqdim edilmiş 2019-cu ilin əmlak və mənfəət vergisi bəyannamələrinə əsasən hesabat ilinin sonuna əmlakın (binalar, tikillilər, qurğular, maşınlar, avadanlıq və s.) ümumi qalıq dəyəri mövcud deyildir. Göründüyü kimi, hazırki iddia üzrə Cavabdeh ASC iddiaya cavab verməli olan şəxs olmadığından ona qarşı bu iddianın yönəlməsi də düzgün olmamışdır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddia tələbi iddiaya cavab verməli olmayan şəxsə qarşı verildiyindən və iddiaya cavab verməli olan şəxs(lər) cavabdeh qismində cəlb edilmədiyindən apellyasiya şikayətində göstərilən digər dəlillərin yoxlanılmasına lüzum yoxdur. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə mübahisələndirdiyi hissədə nəticə etibarı ilə düzgün olduğundan yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(004)-1761/2020 nömrəli qətnaməsi iddiaçının apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar