Məhkəmə qərarları › İş №2(103)-6244/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6244/2025

14.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6244/2025 14.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı mülki iş üzrə (Açar sözlər: "pul tələbi”) Hakim Abbasova Günel Məhərrəm qızı (sədrlik edən və məruzəçi), X1 Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 oktyabr 2025-ci il tarixli, 2(007)- 2163/2025 saylı qərardadından iddiaçı X3 nümayəndəsi (vəkil) Vəkil tərəfindən verilmiş şikayət üzrə mülki işə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları MÜƏYYƏN ETDİ:

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 20 000 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmə hazırlıq iclası zamanı iddiaçının ərizəsinə əsasən Cavabdeh3 və Cavabdeh4 da mülki iş üzrə cavabdeh qismində cəlb edilmişlər.

3. Məhkəmə sorğusu əsasında əldə edilmiş xx.xx.2025-ci il tarixli Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin məlumatından görünür ki, Cavabdeh1 İddiaçı barəsində müraciəti əsasında xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsilə ********* saylı cinayət işi başlanılmışdır və həmin iş icraatdadır.

4. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 oktyabr 2025-ci il tarixli, 2(007)- 2163/2025 saylı qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin icraatında olan, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə, ********* nömrə ilə başlanılmış cinayət işi üzrə yekun akt çıxarılana və qanuni qüvvəsini alanadək hazırda Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 və Cavabdeh2 qarşı “pul” tələbinə dair e-2(007)- 2163/2025 saylı mülki iş üzrə icraat dayandırılmışdır.

ŞİKAYƏTİN DƏLİLLƏRİ, ŞİKAYƏTƏ ETİRAZİN DƏLİLLƏRİ VƏ BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNİN ŞİKAYƏTƏ DAİR GƏLDİYİ NƏTİCƏ:

5. Məhkəmənin həmin qərardadından narazı qalan İddiaçı nümayəndəsi (vəkil) Vəkil şikayət verərək, Nizami Rayon Məhkəməsinin e-2(007)- 2163/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir.

6. Şikayət onunla əsaslandırılmışdır ki, işin halları ilə bağlı mövqe mübahisənin predmetinə aidiyyəti nəzərə alınmaqla, yığcam şəkildə, xronoloji ardıcıllıqla, sadə və anlaşıqlı formada təqdim edilməlidir. İddiaçı Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 20 000 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclası zamanı iddiaçının ərizəsinə əsasən Cavabdeh3 və Cavabdeh4 da mülki iş üzrə cavabdeh qismində cəlb edilmişdir. Məhkəmə sorğusu əsasında əldə edilmiş xx.xx.2025-ci il tarixli Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin məlumatindan görünür ki, Cavabdeh1 İddiaçı barəsində müraciəti əsasında xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsilə ********* saylı cinayət işi başlanılmışdır və həmin iş icraatdadır. Nizami rayon Məhkəməsinin e- 2(007)-2163/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin icraatında olan, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə, ********* nömrə ilə başlanılmış cinayət işi üzrə yekun akt çıxarılana və qanuni qüvvəsini alanadək hazırda Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 və Cavabdeh2 qarşı “pul” tələbinə dair e-2(007)-2163/2025 saylı mülki iş üzrə icraat dayandırımışdır. Həmin qərardad ləğv edilməlidir. Qəbul edilən qərardad əsaslandırılmamışdır, dayandırılmanın səbəbi göstərilməmişdir. Əsassız icraatın dayandırılması ərizəçinin məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Məhkəmə sübutlara qiymət vermək baxımından formallığa yol vermişdir. Azərbaycan Respublikası MPM-in 254.1.4-cü maddəsində nəzərdə tutulan hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın. İş üzrə icraatın dayandırılması - məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyri-mümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. İşə baxan məhkəmə formal olaraq işə yanaşmış və iş üzrə məhkəmə hökmü olmadığı halda, həmçinin hazırki işin digər işdən baxılmasını qeyri -mümkün edən asıllığın olmadığı halda əsassız olaraq dayandırılma qərardadı qəbul etmişdir. Məhkəmənin bu yanaşması ərizəçinin ədalətli məhkəmə araşdırılması hüququnu pozur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin e-2(007)- 2163/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir.

7. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 oktyabr 2025-ci il tarixli, 2(007)- 2163/2025 saylı qərardadı ilə iddiaçı X3 nümayəndəsi (vəkil) Vəkil Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 oktyabr 2025-ci il tarixli, 2(007)- 2163/2025 saylı qərardadından vermiş olduğu şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər hakim iş üzrə icraatı dayandırmalıdır (254.1.4, 256.0.3).

9. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” 25 mart 2004-cü il tarixli Qərarında əks etdirilən hüquqi mövqeyə əsasən qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulan Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır. Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın. İş üzrə icraatın dayandırılması - məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyri-mümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir.

10. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalı, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 oktyabr 2025-ci il tarixli, 2(007)- 2163/2025 saylı qərardadı ləğv edilməli, iddiaçı X3 nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayəti təmin edilməlidir.

11. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə icraatın dayandırılmasının məcburi əsaslarını müəyyən etməklə qanuni və əsaslı nəticəyə gəlməmişdir.

12. Qeyd edilməlidir ki, mülki iş üzrə başlanılmış məhkəmə prosesi, mübahisə öz həllini tapanadək təxirəsalınmadan davam etdirilməlidir. Lakin mübahisə üzrə ədalət mühakiməsinin tezliklə başa çatdırılması həmişə mümkün olmur. Çünki, məhkəmə prosesi zamanı elə hallar meydana çıxa bilər ki, onlar mübahisənin operativ və obyektiv həll olunmasına mane olur. Beləliklə, icraatın dayandırılması qanunda göstərilən əsaslarla və məhkəmə icraatının davam etməsinə mane olan halların meydana çıxması ilə mümkündür. Yalnız belə vəziyyətdə mübahisənin həll olunması üçün müvəqqəti mane olan hallara başqa bir icraatda aydınlıq gətirilənə qədər həmin iş üzrə icraat dayandırılır.

13. Belə olan halda da, iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığın mövcudluğu müəyyən edilməlidir ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın, başqa iş üzrə müəyyən ediləcək hallar isə dayandırılan mülki iş üzrə preyudisial əhəmiyyət kəsb etsin.

14. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə nəticənin Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin icraatında olan, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə, ********* nömrə ilə başlanılmış cinayət işinin nəticəsindən birbaşa asılılığının mövcudluğu aşkar edilmir.

15. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin icraatında olan, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə, ********* nömrə ilə başlanılmış cinayət işinin olması faktı da özü-özlüyündə hazırkı mülki işə baxılmasını mümkünsüz etmir.

16. Belə ki, Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərədə tutulan işlərin bir-birindən asılılığı elə şəkildə olmalıdır ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələnin nizama salınmasınadək müvafiq işə baxılması ümumiyyətlə mümkün olmasın.

17. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, mülki iş növbəti prosessual hərəkətlərin yerinə yetirilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.

18. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququna malikdir.

19. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Şikayət təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 06 oktyabr 2025-ci il tarixli, 2(007)- 2163/2025 saylı qərardadı ləğv edilsin. Mülki iş növbəti prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən : Günel Abbasova Hakimlər Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar