Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6247/2020 31.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Qəşəmzadə Fuad Vahid oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi-vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın, habelə əldən çıxmış faydanın tutulması” tələbinə dair iddiası üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(001)-1501/2020 saylı qətnaməsindən iddiaçının apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 282.864 Rus rublunun Mərkəzi Bankın bu günə olan məzənnəsinə əsasən 7.722 manat məbləğində maddi ziyan, 1.000 manat mənəvi ziyan və 30 manat məbləğində dövlət rüsumunun, habelə malların satışından əldə edilməli olan 2.000 manat məbləğində pulun (əldən çıxmış faydanın) tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2018-ci ilin oktyabr ayında Tatarıstan Respublikasının Kazan şəhərində yerləşən zavoddan 4.000 ABŞ dolları məbləğində inşaat materialı olan köpük almış, həmin malları Azərbaycan Respublikasına gətirmək üçün Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsində yerləşən karqo şirkətini işlətdiyini deyən Cavabdeh ilə görüşmüş və cavabdeh ona 3.500 manat müqabilində həmin malın Bakı şəhərinə gətirib tam təhvil verəcəyini öhdəsinə götürmüşdür. Razılaşmaya əsasən mallar Kazan şəhərindən Maxaçkala şəhərinə gətirilərək, cavabdeh tərəfindən müəyyən edilmiş şəxsə təhvil verilməli və bundan sonra 10 gün müddətində mallar Bakı şəhərinə gətirilərək, ona təhvil verilməli idi. Razılaşdıqları vaxtda mallar Maxaçkala şəhərinə gətirilib təhvil verilmiş və 10 gün sonra vəziyyətlə maraqlandıqda cavabdeh ona 5 gün də gözləməyi təklif etmişdir. Lakin artıq 11 ay keçmiş və malın istifadə müddəti bitmişdir. O, həmin vaxt malları satacağı şəxslərdən beh almışdır. Cavabdehin təqsirindən sifariş olunmuş malları vaxtında çatdırıla bilmədiyindən həmin şəxslərin behini qaytarmalı olmuşdur. Həmçinin, beh aldığı, yəni onunla əməkdaşlıq edən şəxslər malların vaxtında təhvil verilməməsi səbəbindən onunla əməkdaşlıq etməkdən imtina etmişdilər. Bu barədə cavabdehə və onun atasına məlumat vermiş, lakin onlar buna məhəl qoymamışdılar. Beləliklə, gətirilmiş malların istifadə müddətinə az qalması və bu vəziyyətdə onları heç kimin almaması səbəbindən onun mallara olan marağı itmişdir. Cavabdeh vəd verdiyi müddət ərzində malları ona təhvil vermədiyi üçün borcu yaranmışdır. Göstərilənlərlə bağlı Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə şikayət etmiş və onun şikayəti əsasında aparılmış araşdırmanın nəticələrinə üzrə xx.xx.2019-cu il tarixdə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Onların arasında malın gətirilməsi barədə razılaşma olmuş, lakin cavabdeh razılaşmanın şərtlərini kobud şəkildə pozmuş, razılaşdırılan müddətdə malı gətirib təhvil verməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(001)- 1501/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətində göstərilmişdir ki, qətnamə qanunsuz və əsassızdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iş materiallarına və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Qeyd etdi ki, tərəflər arasında hər hansı yazılı müqavilə olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi, işə işdə olan və əlavə təqdim olunan sübutlar əsasında mahiyyət üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məcəlləsinin 372.7 maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər 2018-ci ilin sentyabr ayında tanış olmuşlar. İddiaçı fərdi sahibkardır və bu fəaliyyəti çərçivəsində başqa şəxslərə satıb gəlir əldə etmək məqsədi ilə X1 Respublikasının Kazan şəhərində yerləşən zavoddan “istilik köpüyü” sifariş etmişdir. Bununla bağlı aralarında bağlanmış müqaviləyə əsasən zavod tərəfindən ona 282.864 Rus rublu müqabilində 1 ton çəkidə “istilik köpüyü” satılmışdır. Əldə edilmiş razılığa əsasən cavabdeh həmin malın Kazan şəhərindən Maxaçkala şəhərinə, sonradan isə Azərbaycan Respublikasının Bakı şəhərinə daşınmasını təşkil etməli və 2018-ci ilin dekabr ayının sonunadək malı Bakı şəhərində iddiaçıya təhvil verməli, iddiaçı isə mal Bakı şəhərinə çatdırıldıqdan sonra ona təhvil verilərkən hər 1 kiloqram üçün 3 manat, daşınma üçün də əlavə olaraq 500 manat ödəniş etməli olmuş, lakin 2018-ci ilin dekabr ayının sonunadək malın Bakı şəhərinə çatdırılması və iddiaçıya təhvil verilməsi mümkün olmamışdır. Mal yalnız 2019-cu ilin avqust ayında Bakı şəhərinə çatdırılmışdır. Lakin həmin vaxt iddiaçı gecikməyə istinadən malın təhvil alınmasından imtina etmiş və həmin mal hazırda cavabdehin atasına məxsus anbarda saxlanılır. Bu münasibətlər çərçivəsində iddiaçı cavabdehə 1.000 manat pul vermiş, lakin malın gecikməsi səbəbindən həmin pulu sonradan geri almışdır. Həmçinin müəyyən olunur ki, iddiaçıya məxsus malları daşıyan nəqliyyat vasitəsində başqa şübhəli malların olması səbəbindən həmin avtomobil xx.xx.2018-ci il tarixdə Dağıstan Respublikasının «Yaraq-Qazmalar» avtomobil keçid məntəqəsində saxlanılmış və toplanmış material əsasında xx.xx.2018-ci ildə cinayət işi başlanaraq istintaq aparılmış, xx.xx.2019-cu il tarixli «maddi sübutların məsul saxlanca verilməsinə dair» qərar əsasında xx.xx.2019-cu il tarixli təhvil-təslim aktı ilə iddiaçıya məxsus mallarla birlikdə nəqliyyat vasitəsi mülkiyyətçisinə təhvil verilmişdir. İddiaçı hadisə ilə bağlı Bakı şəhəri Binəqədi rayon Polis idarəsinə də şikayət ərizəsi ilə müraciət etmiş və aparılmış araşdırmanın nəticələrinə dair qəbul edilmiş xx.xx.2019-cu il tarixli qərarla toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iddianın rədd edilməsi barədə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, tərəflər arasında hüquqi nəticə etibarı ilə tapşırıq müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır. Bu səbəbdən iddiaçıya məxsus malların Rusiya Federasiyasından Azərbaycan Respublikasına daşınan zaman xeyli müddət sərhəddə qalması nəticəsində iddiaçıya dəyən zərərin əvəzinin ödənilməsinə görə cavabdeh məsuliyyət daşıya bilməz. Daşınma zamanı baş vermiş gecikmədə cavabdehin hər hansı təqsiri olmamışdır. Cavabdeh öz işini kifayət qədər vicdanla görmüş və artıq 2018-ci ilin noyabr ayının əvvəli iddiaçıya məxsus mallar Azərbaycan Respublikasının ərazisinə keçirilməsi üçün sərhəd keçid məntəqəsinə çatdırılmışdır. Gecikmə ilə olsa da bu mallar Bakı şəhərinə də nəql edilmişdir və hazırda cavabdehin atasına məxsus ticarət obyektində saxlanılır. Kollegiya hesab edir ki, məhkəmənin iddianın rədd edilməsi barədə qənaəti doğrudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Mülki Məcəllənin 779.1-ci maddəsinin tələbinə görə vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Göründüyü kimi tərəflər arasında şifahi şəkildə tapşırıq müqaviləsindən irəli gələn münasibətlər yaranmışdır. İddiaçıya məxsus malların ərazilər üzrə daşınmasını həyata keçirən şəxslər cavabdeh qarşısında bu işi onun nəticəsinə təminat vermədən icra etməyi öz öhdəsinə götürmüşdülər. İddiaçı ilə cavabdeh arasında da münasiətlər məhz bu qaydada qurulmuşdur. Gecikmə baş verdiyi təqdirdə hər hansı ziyan məbləğinin ödənilməsi ilə bağlı tərəflər arasında razılaşmanın olması, habelə cavabdehin belə bir vəd verməsi müəyyən edilməmişdir. İddiaçıya məxsus malların çatdırılmasında gecikmə baş verməsi mübahisə doğurmur, lakin gecikmənin cavabdehin təqsiri olmadan obyektiv səbəbdən baş verməsi müəyyən olunur. Eləcə də gecikmə ilə olsa da bu mallar Bakı şəhərinə nəql edilmişdir və hazırda cavabdehin atasına məxsus ticarət obyektində saxlanılır. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Göründüyü kimi, hazırda tərəflər arasında yazılı müqavilə olmamış və borclunun üzərinə öhdəliyi pozduğu halda zərərin əvəzini ödəmək kimi məsuliyyət qoyulmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən Kollegiya hesab edir ki, məhkəmə iddianı təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətində iddiaçı iddia ərizəsində göstərilənləri qeyd etmiş, hər hansı konkret dəlillərə istinad etməmiş, ümumi sözlərlə fikrini ifadə etmiş, tələbinin əsaslı olmasını təsdiq edəcək hər hansı bir halı göstərməmişdir. Apellyasiya şikayəti formal mülahizələrə əsaslanmışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas deyildir. Xüsusilə qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1501/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov
Məhkəmə qərarları › İş №2(103)-6247/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6247/2020
31.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver