Məhkəmə qərarları › İş №2(103)-6253/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6253/2020

12.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6253/2020 12.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, X3 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, İddiaçı və Cavabdeh2 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(009)-1072/20 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər “Hertel İndastrial Service B.V.” şirkətinin Azərbaycan Respublikası filialına və Cavabdeh2 qarşı xx.xx.2011-ci il tarixli Helter HİS-Ca 219 saylı xidməti müqavilənin və xx.xx.2018-ci il tarixli müqavilənin əmək müqaviləsi kimi qiymətləndirilməsi, xx.xx.2017-ci il tarixli müqavilənin qanunsuz hesab edilməsi, işə bərpa edilməsi, 52990 manat məbləğində maddi və mənəvi ziyanın ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim M.Bağırova, iş N 2(009)-1072/20) iddia təmin olunmamışdır. İddiaçı qətnamədən narazı qalaraq apelyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı öz tələblərini onunla əsaslandırmışdır ki, hüquqi savadı olmadığından “Hertel İndastrial Service B.V.” şirkəti ilə bağlanan xx xxxxxx 2011-ci il tarixli HİS-CA 2011- 219 saylı xidməti müqavilənin mahiyyətini başa düşməmişdir. O, əslində şirkətdə əmək müqaviləsi bağlandığını və qanuni əmək fəaliyyəti ilə məşğul olduğunu düşünmüşdür. Bu düşüncə ilə həmin şirkətdə əmək fəaliyyəti ilə məşğul olmuş vəzifəsini vicdanla yerinə yetirmiş və hər iş günü iş rejiminə sadiq qalaraq saat 7:30 dan 16:30 dək işləmişdir, odur ki, qeyd olunan müqavilə onda olmadığından mübahisə zamanı Helter şirkətindən əsli ilə düzdür möhürü ilə şirkət təsdiqləyib ona vermişdir. Onunla cavabdeh arasında imzalanmış xidməti müqaviləsi mülki hüquq müqavilə deyil və əmək müqailəsi hesab edilməlidir. Həmçinin cavabdeh təşkilatın nümayəndələri saxtakarlıq edərək, onun adını elektron sahibkar kimi qələmə verərək etibarnamə tətbiq etməklə “X2” MMC-nin əməkdaşlarına vermişdir. Həmin etibarnamə ilə onun adı elektron sahibkar kimi qeydə ahnmışdır. Bununla bağlı onun Əmək Məcəlləsini 6-cı maddəsində göstərilən şəxslərin siyahısına daxil olunduğu qeyd edilmişdir. Ona görə də onunla bağlanmış xidməti müqaviləsidə Əmək Məcəlləsinin 3, 7, 46, 54, 78, 136, 143, 144-cü maddələrindən kənarda qalmışdır. 6 il istifadə etmədiyi məzuniyyətə gəlincə istifadə etmədiyni onunla əsaslandırır ki, belə düşüncə tərzi ilə o, nə vaxtsa işdən çıxarsa bir yerdə məzuniyyəti götürmək fikrində olmuşdur. Bu baxımdan da nə məzuniyyət təklif olunmamışdır, nə də o, istəməmişdir. Bütün lazimi vaxtlarını həftənin bazar günlərinə salmışdır. O, xx.xx.2017-ci il tarixli məktubu qəbul etməkdən imtina etmiş və əmək məcəlləsinin 78-ci maddəsinə uyğun müharibə veteranları işdə saxlanılmasını üstünlüyünə malik olan şəxslər sırasında olduğunu bildirmiş əgər çıxarılarsa əmri tələb etmişdir. Qarabağ müharibə veteranlarının Prezidentin 841№-li fərmanı ilə elan olunmuş maddə 3.9 müharibə veteranlarının ictimai faydalı fəaliyyətinin məhdudlaşdırılmasına yol verilmir. Maddə 3.21 Müəssədə işçilərin ixtisan zamanı ixtisas dərəcəsi eyni olduqda işdə saxlanılmalı üstünlüyünə malik olan şəxslər. O da imtahan vermiş, sertifikatı da var, həmin üstünlüyə malikdir və əmək məcəlləsinin 78-ci maddəsində göstərilən şəxslərin sırasındadır. Azərbaycan Dövlət Neft Şirkətinin tərkib hissəsində işləyən Heydər Əliyev adına dərin Özəllər zavodunda Helter şirkətində 6 il (Mülkü hüquq) müqaviləsi kimi yox əmək müqaviləsi kimi qiymətləndirilməlidir (tanınmalıdır). Onunla cavabdeh arasında imzalanmış xidməti müqaviləsi mülki hüquq müqavilə deyil və əmək müqailəsi hesab edilməlidir. Həmçinin cavabdeh təşkilatın nümayəndələri saxtakarlıq edərək, onun adını elektron sahibkar kimi qələmə verərək etibarnamə tətbiq etməklə “X2” MMC-nin əməkdaşlarına vermişdir. Həmin etibarnamə ilə onun adı elektron sahibkar kimi qeydə ahnmışdır. Bununla bağlı onun əmək məcəlləsini 6-cı maddəsində göstərilən şəxslərin siyahısına daxil olunduğu qeyd edilmişdir. Ona görə də onunla bağlanmış xidməti müqaviləsidə Əmək Məcəlləsinin 3, 7, 46, 54, 78, 136, 143, 144-cü maddələrindən kənarda qalmışdır. Bununlada saxtakarlıq edərək mülkü prosesual məcəllənin 297.1.3-cü maddəsi ilə onun üzərinə vəzifə qoyulmuşdur. Bu baxımdan da adını elektron sahibkar kimi saxta etibarnamə təıtib edərək adından istifadə edilmişdir. O, Dentones hüquq şirkətilə heç bur müqavilə bağlamamışdır. xx.xx.2018-ci il tarixli müqavilə saxtadır. Həmiin müqavilədən məhkəməyə qədər xəbəri olmamışdır. Həmin müqavilədə qeyd olunur keçmiş podratçı ifadəsini qeyd edən şirkətin müqaviləsini 4-cü bəndində göstərilir. Dentones şirkəti ona əmək məcəlləsinin 6-cı maddəsinə saxta etibarnamə bağlamaqla hüquqi şəxs kimi daxil etmişlər, lakin o, hüquqi şəxs yox fiziki şəxs kimi şirkətdə çalışmışdır. Əmək məcəlləsinin 74.2-ci maddəsində qeyd olunur ki, əgər qanunsuz və ya əsasız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq (vəzifəsinə) bərpa edilməsi haqqda qətnamə (qərar)qəbul edilərsə, onda işə götürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o əvvəlki vəzifəsinə və ya razılıq ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Qeyd edir ki, 2017-ci ildə işlədiyi 11 ay ərzində ona düşən məvacib 13585 manat olmuşdur. Hər aya düşən gəlir 1235 manat, qeyri-qanuni 2017-ci il 12-ci ayından 2020-ci ilə qədər işə buraxılmadığı 29 ay həmin ayların itirilən gəliri 39000 mnat, 2-ci istifadə etmədiyim məzuniyyət 6 il 7410 manat, 3-cü 2017-ci ilin 13-cü əmək haqqı 1000 manat, 4-cü 2017-ci ildən 2020-ci il ərzində mənəvi ziyan 6000 manat, 5-ci 2017-ci ildən 2020-ci ilə kimi vəkillərə, ərizələrə, kitablara çəkdiyim xərc 6000 manat.Yuxarıda göstərilən qanunun maddələrinə uyğun olaraq ona dəyən maddi və mənəvi ziyan 52990 manat olmuşdur. Göstərilənlərə əsasən xx.xx.2011-ci il tarixli Helter HİS-Ca 2019 saylı xidməti müqaviləsi və xx.xx.2018-ci il tarixli müqaviləsinin etibarsız hesab edilməsi əvəzində əmək məcəlləsinin 46-cı maddəsi ilə müqavilə bağlanmasını, bağlanmış müqavilələrin əmək müqaviləsi kimi qiymətləndirilməsi və tanınmasını, xx.xx.2017-ci il tarixində xitam verilməsi ilə bağlı məktub və bütün hərəkətlərin qanunsuz hesab edilməsi, onun müharibə veteranı olmasını nəzərə alaraq əmək məcəlləsinin 78-ci maddəsinə uyğun işinə bərpa olunması, ona dəyən 52990 manat maddi və mənəvi ziyanın ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə iddia ərizəsinə dəqiqləşdirmə barədə ərizə təqdim edərək, “X4” şirkətinin HİS CA 219 saylı, xx.xx.2011- ci il tarixli xidməti müqaviləsinin Əmək Məcəlləsinin 46, 54 və 78-ci maddələrinə əsasən əmək müqaviləsi kimi qiymətləndirilərək tanınmasını və üzərlərinə əmək müqaviləsi bağlanması, xx.xx.2017-ci il tarixli məktubun etibarsız hesab edilməsi, xx.xx.2017-ci il tarixli, 7E-2347 №-li etibarnamənin etibarsız hesab edilməsi, xx.xx.2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, onunla Əmək Məcəlləsinin 46, 54, 78-ci və s. maddələrinin tələblərinə uyğun Dentones həmkarlar ittifaqının üzərinə məsuliyyət qoyulması, ona dəyən maddi və mənəvi ziyanın əvəzi kimi 59000 manat pul vəsaitinin cavabdehdən tutulması barədə qənamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh2 birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında iddianı qəbul etməyərək göstərmişdir ki, o, “Dentons Europe (Central Asia) Limited” şirkəti ilə “X5 B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialı arasında hüquqi xidmətlərin göstərilməsi barədə bağlanmış xx xxxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən iddiaçının əvvəlki iddia tələbləri üzrə keçirilmiş məhkəmə iclaslarında “X5 B.V.” şirkətinin nümayəndəsi və vəkili kimi iştirak etmişdir. İddiaçı iddia tələbinin hüquqi xidmətlərin göstərilməsi barədə bağlanmış xx xxxxxxx 2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi ilə bağlı hissəsi ilə əlaqədar olaraq onu cavabdeh kimi göstərmişdir, halbuki həmin müqavilənin etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur və həmin müqavilənin iddiaçıya heç bir aidiyyəti yoxdur. Ona görə də, iddia əsassız olduğundan rədd edilməlidir. Cavabdeh “Hertel İndastrial Service B.V.” şirkətinin Azərbaycan Respublikası filialının nümayəndəsi birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında iştirak etməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: İddia ərizəsi ilə oxşar məzmun təşkil edən apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmaması, iş üçün əhəmiyyətli olan bir sıra halların ətraflı araşdırılmaması ilə əsaslandırılmışdır. İddiaçı məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verdi və təmin olunmasını xahiş etdi. Cavabdeh2 apelyasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Digər cavabdeh “X5 B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialı işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının və cavabdehin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə aır. İş materiallarında olan “X6 B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2017-ci il tarixli “HİSSA-2013-024 saylı Xidmət Müqaviləsinə Xitam verilməsi haqqında” xəbərdarlıq məktubundan görünür ki, “X6 B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə İddiaçı arasında xx.xx.2013-cü il tarixində HİS-SA-2013- 024 saylı xidmət müqaviləsi (bundan sonra Müqavilə) bağlanmışdır. Layihə üzrə işlərin azalması ilə əlaqədar Müqavilənin 10.5-ci maddəsinə əsasən Müqaviləyə xx.xx.2017-ci il tarixində xitam veriləcəyi barədə xəbərdarlıq edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-598/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh “X5 B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialına qarşı “xx xxxxxx 2011-ci il tarixli HİS-SA-2011-219 saylı xidməti müqaviləsinə xx.xx.2017-ci il tarixində xitam verilməsi ilə bağlı etdiyi bütün hərəkətlərin qanunsuz hesab edilməsi, son 15 ay müddətində onun qeyri qanuni işə buraxılmaması ilə bağlı əmək haqqısının ödənilməsi, işlədiyi 6 ay müddətində istifadə etdiyi məzuniyyət və ilin sonunda verilən 13-cü əmək haqqının hesablanaraq ödənilməsi, ona dəyən maddi və mənəvi ziyan olan 30525 manatın ödənilməsi, işinə bərpa olunması barədə” iddia tələblərinin təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının həmin iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci, 390.1, 405.1-ci, Əmək Məcəlləsinin 3, 42-ci maddələrini rəhbər tutaraq və işin müəyyən edilmiş hallarını nəzərə alaraq bu qənaətə gəlmişdir ki, tərəflər arasında xidmət göstərilməsi ilə bağlı xidmət müqaviləsi olmuş, müqavilə şərtlərinə əsasən cavabdeh tərəfindən iddiaçıya göstərdiyi xidmətlərə görə xidmət haqqı ödənilmişdir. Qanunun qeyd olunan normasını rəhbər tutaraq məhkəmə hesab etmişdir ki, yuxarıda göstərilən məhkəmə aktları ilə müəyyən olunan hallar hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıdığından həmin halların yenidən sübut edilməsinə ehtiyac yoxdur. Ona görə də, iddia tələbi xx.xx.2011-ci il tarixli xidməti müqaviləsinin əmək müqaviləsi kimi qiymətləndirilərək tanınması və üzərlərinə əmək müqaviləsi bağlanması, xx.xx.2017-ci il tarixli məktubun etibarsız hesab edilməsi, xx.xx.2017-ci il tarixli, 7E-2347 №-li etibarnamənin etibarsız hesab edilməsi hissəsində əsassızdır və təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apelyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi həmin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apelyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır və ilk növbədə qeyd edir ki, iddia tələbinin əsası kimi istinad olunan halları sübut etmək vəzifəsi sübutetmə yükünə görə məhz iddiaçının özünün üzərinə düşür. İddiaçı bir neçə il ərzində hüquqi savadsızlığından xidməti müqavilə ilə işləməsinin ona məlum olmadığını, əmək münasibətlərində olaraq əmək müqaviləsi ilə işlədiyini güman etdiyini göstərmişdir. Məhkəmə kollegiyası göstərilən dəlilləri əsassız sayaraq ağlabatan hesab etmir. Belə ki, işin araşdırılan və müəyyən edilən hallarından göründüyü kimi, tərəflər arasında əmək qanunvericiliyi ilə tənzimlənənən işçi və işəgötürən münasibəti nə hüquqi, nə də faktiki cəhətdən mövcud olmamışdır. Cavabdeh tərəfin mövqeyinə görə iddiaçı ilə xidməti müqavilə bağlandığından əmək münasibətlərinin normaları ona şamil edilə bilməz. Bu hal mötəbər sübutla - qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə də təsdiq edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə kollegiyasının qənaətinə görə bu mənada iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmır. Bu baxımdan birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi həmin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakimlər imzalar Əsli ilə düzdür. Hakim Akif İsgəndərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar