Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6263/2022 19.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-381/2022 saylı, 06 iyul 2022-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları: 1.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin əmri ilə təyin edilmiş komissiyanın fiziki şəxs (VÖEN **********) Cavabdeh işçisi İddiaçı xx.xx.2019-cu il tarixdə saat 14:30 radələrində xəsarət alması ilə nəticələnmiş badbəxt hadisənin xx.xx.2021-ci il tarixli Təhqiqat aktından görünür ki, Komissiya bədbəxt hadisənin baş verməsində təhqiqat aktının 4.1-ci bəndinə əsasən İstehsalat sexinin yaymaçısı İddiaçı cavabdehliyini, 4.2-ci bədinə əsasən İstehsalat sexinin ustası X3 nəzarətsizliyini müəyyən etmişdir. İddiaçı xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə istehsalat xarakterlidir. Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində ona vurulmuş maddi zərərə görə ümumilikdə 96200 manatın, mənəvi zərərə görə 10000 manatın, ödənilmiş 396,20 manat dövlət rüsumu əvəzinin cavabdeh fiziki şəxs Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Tələbdə göstərilir ki, 2017-ci il tarixdə əmək müqaviləsinə əsasən Cavabdeh məxsus istehsalat sexində yaymaçı vəzifəsinə işə qəbul edilmişdir. 2019-cu il tarixdə peçin arxa tərəfinə nəzarət edən işçilər işdən azad edilmiş və texniki təhlükəsizlik qaydaları cavabdeh tərəfindən polumuşdur. Belə ki, metal əridilməsi zamanı peçin arxa tərəfində işçi olmalı və işçilərin təhlükəsizlliyini təmin etməlidir. Lakin işəgötürən tərəfindən peçin arxa tərəfinə cavabdeh olan işçi götürülməmiş və texniki təhlükəsizlik qaydaları pozulmuşdur. 04 iyun 2019-cu il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi, 3097-ci məhəllə ünvanda yerləşən Cavabdeh məxsus istehsalat sexində yaymaçı vəzifəsində işləyərkən iti uclu armaturun sağ ayağına batması nəticəsində sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurulmasına aid xəsarət almışdır. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli, 1449 saylı rəyinə əsasən dərəcəsinə görə sağlamlığa az ağır zərərvurmaya aid edilən xəsarət olması müəyyən edildiyinə görə toplanmış materiallar üzrə cinayət işinin başlanması Binəqədi rayon prokurorluğunun müstətinqi X.Şamxayzadə tərəfindən 04 oktyabr 2021-ci il tarixdə CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Həmçinin 19 oktyabr 2021-ci il tarixdə (inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında) qərar Binəqədi rayon Prokurorluğu tərəfindən qəbul edilmişdir. Fiziki şəxs Cavabdeh tərəfindən “istehsalatda baş vermiş bədbəxt hadisə haqqında” AKT tərtib edilmişdir. Məhkəmə-əmək təhlükəsizliyinin tətbiqi ekspertizasının 28 sentyabr 2021-ci il tarixli, 10/5057 saylı rəyindən görünür ki, istehsalat sexində işçilərin təhlükəsizliyini təmin edən vasitələrin tətbiq edilməməsi, konkret olaraq fərdi mühafizə vasitəsi olan xüsusi ayaqqabı olmadığı üçün baş vermiş hadisəyə səbəb olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar “İstehsalat avadanlığı” 12.2.003-91 DÜST-nın 2.9.1. bəndinin tələbi pozulmuşdur. Cavabdeh tərəfindən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməməsi səbəbindən o, xəsarət almış və sağlamlığı pozulmuşdur, əmək qabiliyyətini itirmişdir. Cavabdehin tanışı olan X8 cərrah vəzifəsində işləyən X7 ayağını 6-7 ay ərzində 3 dəfə yarmış və bir dəfə də əməliyyat etmişdir. Həmçinin ayağında əməliyyat zamanı sinir ucları zədə görmüşdür. Ayağı yaxşılaşmadığı üçün özəl klinikalara müraciət etmiş və müayinə edən həkimlər bildirmişdir ki, ayağına infeksiya düşüb. Həmçinin 1 saylı klinik tibb mərkəzdə 22 gün müalicə olunduqdan sonra məlum olmuşdur ki, ayağında göyərmə var və daha sonra müxtəlif vaxtlarda “Medera Hospital”, “Azərtürkmed”, “Güvən”, “Xüsusiləşdirilmiş Anqioloji Mərkəz”, “İstanbul NS” və “Hərbi Hospital”a müraciət etmişdir. Uzun müddətli müalicələrdə olmuşdur, hal-hazırda da müalicələri davam edir, hər ay müəyyən məbləğlərdə maddi vəsait sərf edir. Ayağında ciddi problemlər yaranmış və dəfələrlə əməliyyat olunmuşdur. Ayağında olan hüceyrələrin oyadılması müalicəsi aparılmalıdır, əks halda ayağınının kəsilmək təhlükəsi vardır. İki ildir ki, ağrıkəsicilərlə yaşayır və cavabdeh tərəfindən ona heç bir maddi yardım göstərilmir. Halbuki o, əmək qabiliyyətini itirmişdir. Uzun müddətli müalicələrdə olmalıdır və sağlamlığının bərpa edilməsi üçün külli miqdarda vəsait tələb olunur. Cavabdehin təqsiri ucbatından o, külli miqdarda maddi zərərə məruz qalmışdır. Belə ki, qohum-əqrabadan müxtəlif vaxtlarda 12500 + 7800 + 6000 + 3000 + 4000 manat olmaqla, cəmi 33300 manat borc almış və müalicələrə xərcləmiş, sərbəst hərəkət edə bilmədiyi üçün müalicə ilə bağlı gedib-gələrkən taksidən istifadə etmiş və bu günə qədər taksiyə iki il yarım ərzində 6000 manat pul xərcləmişdir. Müalicə ilə bağlı Bakı şəhərində yaşamağa məcbur olmuşdur və şəxsi yaşayış yerinin olmaması səbəbindən kirayədə qalır. Kirayə haqqı ümümi 7200 manat təşkil edir. Müalicəsilə bağlı olaraq gələcəkdə fizoterapiya üçün bir seansı 30 manat, taksi ilə gedib-gəlməyə 15 manat olmaqla iki il ərzində hər həftənin 5 günü aparılmalıdır və umumi seanslara isə ümumilikdə 21600 manat xərclənəcəkdir. Kislarod qəbuluna görə də 1 (bir ) il gedib-gəlmək lazım olacaqdır və bununla bağlı hər həftənin beş günü bir seans 20 manat olmaqla 4800 və 15 manat taksiyə ödənilməsi üçün cəmi 3600 manat, ümumi olaraq bir ilə 8600 manat xərc çəkilməsi zəruri olacaqdır. Ayağına hüceyrə müalicəsi ilə bağlı xaricə - Türkiyəyə getməlidir və iki dəfə müalicənin xərci 50000 ABŞ dollarıdır. Həmçinin evdə yeganə o, işləyir və xaricdə olacağı müddətdə ailəsinin dolanması üçün 20000 manat pul lazım olacaqdır. Cavabdeh tərəfə müraciət edərək ona vurulmuş maddi zərəri ödəməsini tələb etmişdir, lakin cavabdeh maddi zərərin ödənilməsindən yayınmışdır. Bundan başqa, xeyli müddət işsiz qalması, sağlamlığını itirməsi və bunun müqabilində maddi sıxıntı keçirməsi səbəbindən dəfələrlə əsəb gərginliyi keçirmişdir ki, nəticədə çox ciddi stress və əsəb gərginliyi baş vermişdir. Həmçinin maddi ziyana məruz qalmağı səbəbindən sarsıntı keçirmiş və bu onun səhhətinin pisləşməsi ilə nəticələnmişdir, mənəvi zərərə məruz qalmışdır. Bu hadisənin baş verməsi və maddi zərərin qarşılanmaması onun səhhətinə ciddi şəkildə təsir etmişdir. Ona görə də, cavabdeh tərəfindən ona dəyən maddi zərərlə yanaşı 10000 manat məbləğində mənəvi zərərin ödənilməsini də tələb edir.
4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-381/2022 saylı, 06 iyul 2022-ci il tarixli qətnaməsi (hakim Mədinə Bağırova) ilə iddia tələbi təmin edilməmişdir.
5. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini bununla əsaslandırmışdır ki, məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, iddiaçı cavabdehə məxsus istehsalat sexində yaymaçı vəzifəsində işləyərkən xx.xx.2019-cu il tarixdə iti uclu armaturun sağ ayağına batması nəticəsində xəsarət almışdır. Aldığı xəsarətlə əlaqədar İddiaçı xx.xx.2019-cu il tarixdə X10 “Sağ ayağın iç topuğunda kor deşilmiş yarası (mismar)” diaqnozu təyin edilmiş və yaranın birincili cərrahi işlənməsi kimi tibbi yardım göstərilmişdir. X10 23-xx.xx.2019-cu il və 04-xx.xx.2019-cu il tarixlərdə İddiaçı “Sağ pəncənin infeksiyalaşmış yarası” diaqnozu ilə əlaqədar stasionar şəraitdə müayinə və müalicələrdə olmuşdur. İddiaçı X4 xx.xx.2020-ci il tarixdə doppler, xx.xx.2021-ci il tarixdə mütəxəssis müayinələrindən keçmiş və ona “İnfiltrasiyaedici trombongit. Baldır arteriyasının stenozu. İkinci dərəcəli xroniki işemiya” diaqnozu təyin edilmişdir. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə tibbi ekspertizanın xx.xx.2022-ci il tarixli, 215/KEŞ №-li rəyindən görünür ki, qeyd edilmiş xəstəlik damar daxili patologiyalara aid olub, uzun sürən xroniki prosesin nəticəsidir və travmatik mənşəli deyildir. İddiaçı məhkəmə-tibbi və mütəxəssis müayinələri zamanı onda sağ aşağı ətrafda “Sağ qamış sinirinin travmatik zədələnməsi” müəyyən edilmişdir. Bu patoloji vəziyyət sinir uclarının (N.Tibialis) zədəsi ilə ola bilər və xx.xx.2019-cu il tarixdə istehsalatda almış olduğu “Sağ ayağın iç topuğunda kor deşilmiş yarası (mismar)” anatomik proyeksiyası ilə uyğun deyildir. Ona görə də iddia əsassız olduğundan təmin edilməməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
6. İddiaçı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırdığı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
7. Məhkəmə iclasında iştirak etmiş İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edib onun məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdilər.
8. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını və rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
9. Azərbaycan Respublikası Əmək Məcəlləsi:
Maddə 195 “c” bəndi. İşəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə baş vermiş istehsalat qəzası nəticəsində əmək funksiyasını yerinə yetirərkən işçinin sağlamlığına və səhhətinə ziyan vurulduqda, habelə bu səbəbdən həlak olması ilə əlaqədar onun ailə üzvlərinə, himayəsində olan şəxslərə müvafiq maddi ziyan dəydikdə işəgötürən maddi məsuliyyət daşıyır. Maddə 239.1. İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir.
10. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə1097.1.Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1099.2.Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Maddə 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.
11. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyrimaddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
12. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli qərarın 1-ci bəndində qeyd olunur ki, «İnsan hüquqlarının və X1 Haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyriəmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüququ münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 2-ci bəndinə qeyd edilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və X1 haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər»anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 7-ci bəndində qeyd olunur ki, məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir.
13. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarda eyni zamanda göstərilmişdir ki, “Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkmişin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztibarlara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
14. «Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsində nəzərdə tutalan əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçinin səhhətinə vurulan zərərə görə, yaxud onun həlak olması ilə əlaqədar maddi məsuliyyət, həmin Məcəllənin 191-ci maddəsinin tələbləri baxımından yalnız işəgötürən təqsirli olduqda yaranır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinin məzmununa görə işəgötürənin təqsirinin tam və ya qismən olmasından asılı olmayaraq, həmin Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan şərtlər olduğu halda işəgötürənin işçi qarşısında məsuliyyəti tam xarakter daşıyır.
15.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri:
16. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin qismən ləğv və iddianın qismən təmin edilməsi üçün əsasdır.
17. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
18. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
20. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edilmədiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
21. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
22. Əvvəla iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə qismən uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə qismən uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə mənəvi zərərin tam rədd edildiyi hissədə düzgün olmamışdır.
23. Belə ki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa), iddia haqlı sayıla bilər, uzlaşmırsa, əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə mənəvi zərərin(4000 manat məbləğində) cavabdehdən alınması ilə bağlı iddianın faktiki halları maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşdığından, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığı üçün bu hissədə iddia haqlı sayılırdı. Lakin birinci instansiya məhkəməsi Mülki Məcəllənin, eləcə də Mülki Prosessual Məcəllənin tələblərini mübahisələndirilən hissədə pozmuş, bu hissədə düzgün nəticəyə gəlməmişdir.
24. Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə,... işəgötürənin və işçinin bir-birinə ziyan vurması məsələsi həll edildikdə ziyanın həqiqi olması müəyyən edilməlidir. Əmək Məcəlləsinin 239-cu maddəsinə münasibətdə həqiqi (real) zərər işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması və yaxud onun həlak olmasında ifadə olunur. Əmək müqaviləsi üzrə tərəflərin qanunazidd hərəkət və ya hərəkətsizliyi əmək qanunvericiliyində nəzərdə tutulan qaydaların pozulmasında, vəzifələrin yerinə yetirilməməsində və yaxud lazımınca yerinə yetirilməməsində özünü göstərir. Əmək Məcəlləsinin 215-ci maddəsində işəgötürənin əməyin mühafizəsi sahəsində konkret vəzifələri müəyyən edilmişdir. Həmin vəzifələrin yerinə yetirilməməsi (lazımınca yerinə yetirilməməsi) Əmək Məcəlləsinin 239-cu maddəsinin məzmununa əsasən işəgötürənin maddi məsuliyyət daşımasına səbəb ola bilər. İşəgötürən və işçinin qarşılıqlı maddi məsuliyyətinin şərti kimi səbəbli əlaqənin məzmunu ondan ibarətdir ki, ziyan işəgötürənin və işçinin qanuna zidd olan əməli nəticəsində baş vermiş olur. Bu zaman səbəbli əlaqə bilavasitə və yaxud vasitəli ola bilər. Bilavasitə əlaqə olmadığı hallarda tərəflərin məsuliyyəti istisna edilmir. Məhkəmə yanakı sübutların məcmusundan istifadə etməklə məsuliyyəti müəyyən edə bilər. Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsindən həmçinin görünür ki, qanunverici məsuliyyətin yaranması şərtləri sırasında təqsiri bilavasitə göstərməmişdir. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, təqsirin mövcudluğu hüququn bütün sahələrində nəzərdə tutulan hüquq məsuliyyətinin yaranması üçün ümumi və hamılıqla qəbul edilən şərtdir və bu qaydadan hər hansı istisna qanunvericilikdə mütləq birbaşa və birmənalı göstərilməlidir. Buna müvafiq olaraq təqsirsiz məsuliyyət halları yalnız qanunvericilikdə göstərildiyi təqdirdə mümkündür. Beləliklə, qarşılıqlı maddi məsuliyyət yaranması üçün təqsirin mövcudluğu vacibdir. Buna müvafiq olaraq qanunverici Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinin məzmununu müəyyən etmişdir. Həmin maddədə təqsir ayrıca şərt kimi bilavasitə göstərilməsə də, qanunverici bu ünsürü maddi məsuliyyət yaranması üçün vacib hesab edir. Bu, Əmək Məcəlləsinin 191.2-ci maddəsinin “b” və “c” bəndlərindən, 192-ci maddəsinin 2-ci hissəsindən, eləcə də 194-cü maddəsinin 1-ci hissəsindən irəli gəlir. Əməyin mühafizəsi qaydalarının pozulmasına görə maddi məsuliyyətə gəldikdə isə qanunverici bu prinsipi nəzərə alaraq, Əmək Məcəlləsinin 239-cu maddəsinin məzmununu müəyyən etmişdir. Belə ki, həmin maddənin birinci hissəsinə əsasən istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin, eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Göründüyü kimi, əməyin mühafizəsi qaydalarının pozulmasında yalnız təqsiri sübuta yetirilən işəgötürən məsuliyyətə cəlb oluna bilər. Qanunverici təqsiri maddi məsuliyyətin yaranmasının vacib şərti kimi göstərməklə təqsirin sübuta yetirilmə vəzifəsinin kimin üzərinə qoyulması məsələsini də müəyyən etmişdir. Belə ki, Əmək Məcəlləsinin 192-ci maddəsinin 2-ci hissəsinə əsasən tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Beləliklə, işəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyəti ilə bağlı məsələlərdə qanunvericilikdə təqsirlilik prezumpsiyası prinsipi nəzərdə tutulmuşdur. Həmin prinsipə əsasən işəgötürən öz təqsirsizliyini sübuta yetirə bilmədiyi hallarda təqsirli sayılır.
24. Göründüyü kimi, iddiaçının 04 iyun 2019-cu ildə istehsalatda baş vermiş bədbəxt hadisədə az ağır xəsarət alması işin mübahisəsiz halıdır. Bunu cavabdeh tərəf də mübahisələndirmir. Mübahisələndirilən hal bu hadisə üzrə işəgötürənin təqsirinin olub-olmaması ilə bağlıdır.
25. İşdən görünür ki, iddiaçının xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqatı aparılmış və Komissiya bədbəxt hadisənin baş verməsində iddiaçının cavabdehliyini, İstehsalat sexinin ustası X2 nəzarətsizliyini və hadisənin istehsalat xarakterli olmasını müəyyən etmişdir. Hadisə ilə əlaqədar İz aktı tərtib edilmiş və həmin aktda əmək qanunvericiliyinin pozuntusuna yol vermiş şəxslərin İddiaçı və Asif Muxtarov olduğu göstərilmişdir.
26. Bununla yanaşı, iddiaçının şikayəti əsasında Binəqədi rayon prokurorluğunda aparılmış araşdırma üzrə də məhkəmə əmək təhlükəsizliyinin tədqiqi ekspertizası keçirilmiş və 28 sentyabr 2021-ci il tarixli 10/5027 saylı rəylə müəyyən edilmişdir ki, İddiaçı fərdi mühafizə vasitəsi olan xüsusi ayaqqabıdan istifadə etmədən istehsalat sahəsinə buraxılmasına yol verdiyinə görə “İstehsalat avadanlığı” 12.2.003-91 DÜST-nin(dövlət standartının) 2.9.1. bəndinin tələbləri, əmrlə istehsalat sexində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına əməl olunmamasına məsul şəxs təyin edilmiş X9 tərəfindən pozulmuşdur. Cinayət təqibi üzrə araşdırma zamanı cinayət işinin başlanmasının rədd edilməsinə səbəb isə iddiaçının aldığı xəsarətin az ağır zərərvurmaya aid olması ilə bağlı olmuşdur. Buna baxmayaraq, X5 barəsində 19 oktyabr 2021-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanılaraq inzibati tənbeh tədbirinin tətbiq edilməsi məsələsinə baxılması üçün ərazi aidiyyəti üzrə Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir.
27. Göründüyü kimi, baş vermiş hadisə ilə əlaqədar əmək müfəttişliyi tərəfindən yaradılmış komissiya tərəfindən hadisənin təhqiqatı aparılarkən cavabdehin bir işçisinin, cinayət təqibi zamanı aparılan araşdırma zamanı isə başqa bir işçisinin istehsalat sexində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına əməl etməmələri və həm də bunun nəticəsində iddiaçının az ağır dərəcəli istehsalat xəsarəti alması öz təsdiqini tapmışdır.
28. Bu cür vəziyyətdə cavabdehin hərəkətləri yaxud hərəkətsizliyi ilə baş vermiş hadisə arasında səbəbli əlaqə bilavasitə olmasa da, vasitəli olmuşdur. Başqa sözlə bilavasitə əlaqənin olmaması cavabdehin məsuliyyətini istisna etmir. Çünki, cavabdehin istehsalat sexində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına əməl etməli olan işçilərinin təqsiri təsdiq olunduğundan cavabdehin hazırki iddia üzrə məsuliyyətini istisna etmir.
29. Buna baxmayaraq, iddiaçı istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində ona vurulmuş maddi zərərə görə ümumilikdə 96200 manat tələb etsə də iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin bu hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.
30. Mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hazırki iş üzrə, iddiaçının fiziki və mənəvi sarsıntı keçirməsi təkzib olunmazdır. Ən azından ona görə ki, onun sağlamlığına zərər dəymişdir.
31. İddiaçı cavabdehdən vurulmuş mənəvi zərərə görə 10000 (on min) manat tələb edir. Əlbətdə ki, iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi birmənalı olduğundan qeyd olunan məbləğ bəlkə də ona vurulmuş mənəvi zərəri aradan qaldırmaq üçün də kifayət etməz. Çünki, maddi vəsait məbləğindən asılı olmayaraq heç də həmişə vurulmuş mənəvi zərəri kompensasiya edə bilmir. Lakin tələb edilən məbləğin vurulmuş mənəvi zərərə uyğunluğu da əsaslandırılmalı idi. Yəni, iddiaçı tələb etdiyi məbləğlə ona vurulan mənəvi zərərin nəticələrinin aradan qaldırılacağını da göstərmir. Əksinə keçirdiyi mənəvi sarsıntı və iztirabların maddi formada dəyərinin müəyyən etməyin qeyri-mümkün olduğunu iddiaçı özü də təsdiq edir. Mənəvi zərərin məbləği ilə bağlı nə mövcud məhkəmə təcrübəsində, nədəki Ali Məhkəmənin adıçəkilən qərarında konkret olaraq dəqiq məbləğ müəyyən edilməmiş və bunun müəyyən edilməsi də mümkün deyildir.
32. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi mənəvi zərərin miqdarını müəyyən edərkən mənəvi zərərin baş verməsinə səbəb olmuş halları, bunun nəticəsində zərərçəkmişin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri və əmlak vəziyyətini, işin sair diqqətəlayiq hallarını nəzərə alaraq, iddiaçıya dəymiş mənəvi ziyanın əvəzi olaraq cavabdehdən 4000(dörd min) manat tutulmasını ağlabatan və ədalətli hesab edir. Çünki, apellyasiya instansiya məhkəməsi bu məbləğin tutulmasını işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun hesab edir.
33. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və hazırki mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-381/2022 saylı, 06 iyul 2022-ci il tarixli qətnaməsi qismən, yəni mənəvi zərərin təmin edilmədiyi hissədə ləğv edilməli, həmin hissədə iddia qismən təmin edilərək Cavabdeh mənəvi zərərin əvəzi kimi 4000(dörd min) manat tutularaq İddiaçı ödənilməli, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
34. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:
İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-381/2022 saylı, 06 iyul 2022-ci il tarixli qətnaməsi qismən, yəni mənəvi zərərin təmin edilmədiyi hissədə ləğv edilsin və həmin hissədə iddia qismən təmin edilsin. Cavabdeh mənəvi zərərin əvəzi kimi 4000(dörd min) manat tutularaq İddiaçı ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, İddiaçı tərəfindən ona rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, Cavabdeh tərəfindən isə kassasiya şikayəti verilə bilməz.