Məhkəmə qərarları › İş №2(103)-6263/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6263/2024

24.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6263/2024 24.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər “X8-Bakı” QSC, Cavabdeh3 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edə və məruzəçi), Mərdanova Xumar Afət qızı və X2 ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil1, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər “X8-Bakı” QSC, Cavabdeh3 və Cavabdeh2 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1265/2024 nömrəli 14 avqust 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 24 dekabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. xx.xx.2023-cü il tarixli X19 Epikrizinə görə X18 xx.xx.2023-cü il tarixdə “yüksək temperatur, ishal, monoton qışqırıq” şikayətləri ilə daxil olmuş, xx.xx.2023-cü il tarixdə valideynlərinin istəyi ilə müalicənin davamı üçün başqa bir özəl klinikaya köçürülmüşdür. “Qanın ümumi, biokimyəvi analizi, qan qazı, koaquloqramma, döş qəfəsi rentgen, ammonyak, EEQ, kontrastlı baş-beyin MRT” müayinələri aparılmışdır.

2. Qəbzlərə əsasən İddiaçı tərəfindən Mərkəzi Klinikaya müxtəlif məbləğlərdə ödənişlər həyata keçirilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, dəymiş 17696 manat maddi zərərin, 20000 manat məbləğində mənəvi zərərin ümumilikdə 37696 manat məbləğində vəsaitin və 204 manat məbləğində ödənilmiş dövlət rüsumunun “X8-Bakı” QSC-dən (“X22”) tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbi belə əsaslandırmışdır ki, oğlu xx.xx.2019-cu il təvəllüdlü X18 2021-ci ilin noyabr ayında özünü pis hiss eləmiş və onu qusma, qarın ağrısı əlamətləri ilə K.Fərəcova adına X1 (OMD xəstəxanası) aparmışdır, həmin tibb müəssisəsində X13 “Rotavirus” xəstəliyinə tutulmasından şübhələnmişlər. Onlar tibb müəssisəsində 4 gün qaldıqdan və oğlunun vəziyyəti ancaq pisliyə doğru getdikdən sonra həmin ilin dekabr ayının 31-i uşağı “Medi Club” klinikasına aparmışlar, “Medi Club”da uşaq 2022-ci ilin yanvar ayının 6-na qədər qalmışdır. Ümumi müayinə olunmuş, lakin uşağa barədə heç bir diaqnoz qoyulmamışdır. 11 yanvar 2022-ci il tarixində uşaq bərk ağrımağa başlamış, qışqırmış, yerindən dik atılmış sonradan sakitləşmişdir. Səhər tezdən uşağın artıq huşu gedib. Komatoz vəziyyətdə uşağı “Medi Club” tibb mərkəzinə aparmışlar, 12 yanvar 2022- ci il tarixində uşaq Reanimasiya” şöbəsinə qəbul edilmişdir. Uşağın vəziyyəti olduqca ağır olmuş, uşaq süni tənəffüs aparatına qoşulmuşdur. Zəruri analizlər götürülmüş və qanda amonyak maddəsinin göstəricilərinin yüksək olması səbəbindən uşaq komaya düşmüşdür. Qanda amonyak maddəsinin göstəricisi “300-400” vahidə yaxın qalxmışdır. Uşaq bir neçə gün koma vəziyyətində qalmış, lakin həmin tibb müəssisəsində uşağa yardım göstərə bilməmişlər. 16 yanvar 2022-ci il tarixində X3 Respublikasının, İstanbul şəhərində yerləşən “Liv” hospitalına gətirilmiş və bir ay müddətində həmin hospitalda qalmışdır. Uşağın qanının təmizlənməsi, “Plazmafarez” və “Dialez” olunduqdan sonra oğlu komadan ayılmışdır. Vəziyyəti isə hələ də olduqca ağır davam etmişdir. Bir neçə ay fizioterapiya prosedurları həyata keçirilmiş, vəziyyəti düzəlmiş, Bakıya qayıtdıqdan sonra isə təkrar pisləşmişdir. Bu dəfə yenidən “Medi Club” tibb mərkəzində bir müddət qalmış, sonra uşaq Almaniya Federativ Respublikasının Münhen şəhərində yerləşən “Maksimillian” Klinikasına yerləşdirilmiş və orda 3 ay müalicəsi davam etdirilmişdir. Həmin klinikada da uşağın xəstəliyi ilə bağlı diaqnoz qoyula bilməmişdir. Uşaq digər xəstəxanalara da aparılmış bütün növ metobolik xəstəliklərin şübhəsi ilə müxtəlif analizlər aparılmış, lakin konkret diaqnoz qoyula bilməmişdir. Genetik testləri həm Almaniya Federativ Respublikasında, həm də Türkiyə Respublikasında vermişlər, lakin bütün bunlar bir nəticə verməmişlər. Uşaq indiyə qədər nazaqastral zondla qidalanır və mütəmadi olaraq analiz göstəriciləri dəyişirdi. Gah albumin maddəsinin göstəricisi düşür, gah isə qanda amonyak maddəsinin miqdarı qalxırdı. Belə hallar olanda klinik müalicə üsulu ilə albumin maddəsinin göstəricisi düşəndə albumin müalicəsi aparılırdı, ammonyak maddəsi qalxanda isə benzatin maddəsi verilirdi və bununla da amonyak maddəsi aşağı düşürdü. Bu cür uşağın vəziyyətini stabil saxlamağa müyəssər olmuşlar. Sonuncu dəfə uşaq Türkiyə Respublikasının Ankara şəhərində “Qazi” xəstəxanasında 2 ay müalicə olunmuş. Valideynlərindən və uşaqdan genetik test götürülmüş. Beləliklə, artıq ailə uşaqda baş verəcək narahatçılığın qarşısının alınması yollarını müəyyən etmişlər, əl və ayaq şişəndə bu albumin maddəsinin azlığından irəli gəlmiş, birdən-birə qışqırmaq halları olanda ammonyak maddəsinin göstəricisinin qalxdığını başa düşmüşlər. Bakıda müalicənin davam etdirilməsi məqsədilə “X23” klinikasına müraciət edilmiş, həmin klinika ailəyə Türkiyə Respublikasında olduqları zaman türk həkimləri tərəfindən məsləhət görülmüş, həmin klinikanın Türkiyədə fəaliyyət göstərən həkimlərlə əlaqəli olduğu göstərilmişdir. Beləliklə, sonuncu dəfə uşağın əl və ayağı şişdiyinə görə onu “X22”ya aparmış, albumin maddəsinin göstəricisinin aşağı düşməsindən şübhələnmişlər. Tibb müəssisəsinə çatdıqda uşağın bütün sənədlərini və Türkiyə Respublikasında olan həkimlərlə əlaqə üçün nömrələrini vermişlər. Türkiyədəki həkimlərlə əlaqə saxladıqdan sonra analiz götürdülər. Ailə bildirib ki, amonyakın göstəricisi yüksək deyil çünki əl və ayaq şiş olanda albumin maddəsinin göstəricisi aşağı olur. Uşağa 3- 4 gün sistem köçürülmüş və evə aparmışlar. 2023-cü ilin oktyabr ayının 2-si gecə uşağın vəziyyəti yenə pisləşdi. Uşaq birdən-birə dik hoppanırdı, qışqırırdı, başının ağrıdığını deyirdi və ürək bulantısı var idi. Biz yenə amonyakın göstəricisinin qalxması halından şübhələnirdik. Oktyabr ayının 3-ü səhər uşağı “X22”ya aparmışlar və orda ailəni pediatr Cavabdeh3 qarşılamışdır, ailə saat 10-da həkimlə görüşmüş və bildirmişlər ki, bu mərhələlərdən dəfələrlə keçmişlər. Uşaqda amonyakın göstəricisinin yüksək olmasından şübhələndiklərini və amonyakın yoxlanılmasını söyləmişlər. Həkim ailəyə razılaşdığını bildirmiş və uşaq həmin gecə xəstəxanada qalmışlar. Gecə saat 3-də ailəyə bildirilib ki, uşaq koma vəziyyətindədir. Ailə uşağı reanimasiyaya götürməklərini tələb etmiş və oktyabrın 3-dən 4-nə keçən gecə uşağı reanimasiyaya götürdülər. O, həkim Cavabdeh3 ilə danışmış və amonyak göstəricilərini soruşmuş və öyrənmişdir ki, laboratoriyada problem olduğundan uşağın amonyak göstəriciləri yoxlanılmamış və səhlənkarlığa yol verilərək ona bildirilməmişdir. Uşaq tibb müəssisəsinə daxil olan zaman huşu başında olmuşdur, orada da ammonyakın miqdarı göstərilir. Epikrizdə görsənir bunlar. İlk olaraq özlərinə maraqlı olan HİV, hepatit analizi götürülür. Onların keçici xarakteri olması ilə bağlı. Lazım olan isə ammonyak idi. O isə 1 gün sonra götürülüb. Neçə saat gec götürülüb. Bu isə ağır vəziyyətdə olan adama daha pis təsir edir. Təxminən 15-16 saat sonra götürülüb. Analizin cavabları də göstrərir ki ammonyakın həddi yuxarı qalxıb. Halbuki ilk o götürülmə ilə. X17 gedib uşaq. Ora da arayış verir ki ağır olub vəziyyəti uşağın. Ayın 4-ü olub bu hadisə. Bundan sonra orada müalicə olub uşaq. Türkiyədən deyildi ki, ölkədə məhz bu xəstəxanaya getməyi tövsiyyə olunur. Bu tövsiyyədən sonra ilk dəfə gəlib ailə ora. Uşağın vəziyyətindən Cavabdeh3la birlikdə həmin hospitalın Pediatriya və Neonatologiya, Yenidoğulmuşların Reanimasiyası şöbələrinin müdiri Cavabdeh2 da xəbərdar olmuşdur. Uşaq koma vəziyyətində olarkən analiz götürülmüş və amonyak göstəricisi ölçülmüşdür. Amonyakın nəticəsi 168-170 arası olmuşdur. X5 oktyabr ayının 2-dən 4-nə kimi amonyak göstəricisi qalxmışdır və buna görə də başı ağrımış, halsız olmuşdur. X7 “X22”-dan X10 köçürtmüşlər. Orda da uşağı reanimasiyaya götürmüş və amonyak analizi götürülmüşdür. Amonyakın göstəricisi artıq 400-ü keçmişdi və uşaq süni tənəffüsdə idi. Uşaq 2 həftə X6mışdır. Uşağın vəziyyəti hal-hazırda da ağırdır və uşaq çoxgeriləyib. Yenidən reablitasiya prosedurlarına ehtiyacı vardır. “X22”da səhlənkarlıq edilərək oktyabr ayının 3-ü uşağın amonyak göstəriciləri yoxlanılmamış və uşağın vəziyyəti pisləşdikdən sonra analiz götürülmüşdür. Bu zaman isə yuxarıda qeyd edildiyi kimi amonyakın göstəricisi 400-dən çox olmuşdur. Paytaxtın tanınmış hospitalında belə səhlənkarlığa yol verilməyi vətəndaşların rifahı üçün böyük təhlükədir. O uşağı X10 aparmalı olmuş və bunun nəticəsində ona maddi zərər dəymişdir. Bundan başqa, uşağın amonyak göstəriciləri yoxlanılmadığından heç bir müayinə olunmamış bunun nəticəsində uşaq koma vəziyyətinə düşmüş, həm uşaq, həm də valideynlərinə mənəvi ziyan dəymişdir. Beləliklə, o X20 2548 manat və X9 15148 manat məbləğində vəsait ödəmişdir. Lakin, müalicə vaxtında və düzgün aparılsaydı həmin lüzumsuz xərclərdən azad olacaqdı.

5. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X12”nin 465/KEŞ saylı xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, "X22" klinikasında Tale Qasımovun adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2023cü il tarixdə xəstəxanaya daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona "Metabolik xəstəlik? Dəqiqləşdirilməmiş komatoz vəziyyət" diaqnozu düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq müalicələr aparılmış, lakin xx.xx.2023-cü il tarixdə xəstə valideynlərinin istəyi ilə müalicənin davamı üçün başqa bir özəl klinikaya köçürülmüşdür. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, Tale Qasımovun vəziyyəti xəstəliyin kliniki gedişatından asılı olaraq ağırlaşmışdır. Tale Qasımova aparılmış müalicələr onun vəziyyətinin ağırlığına uyğun olmuşdur.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 14 avqust 2024-cü il tarixli 2(011)-1265/2024 nömrəli qətnaməsi ilə (hakim Şəhriyar Əliyev) iddia rədd edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, “X22” tibb müəssisəsində uşağa müalicə və müayinənin düzgün aparılmaması, tibb müəssisəsinin və tibbi heyətinin hərəkətlərinin “tibbi standartlarına” uyğun olmaması, bu müalicə nəticəsində iddiaçıya hər hansı bir zərərin dəyməsi, cavabdehlər tərəfindən ona zərər vurulması halları, həmçinin uşağın vəziyyətinin ağırlaşması ilə cavabdehlərin apardığı müayinə və müalicə arasında səbəbli əlaqənin olması halları məhkəmə tərəfindən müəyyən olunmamışdır. Qanunvericiliyin tələbinə əsasən, tibb müəssisəsində müalicə zamanı şəxsin sağlamlığına zərər dəydikdə tibb müəssisəsi zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir və bu zaman uşağın vəziyyətinin ağırlaşmasının cavabdeh tibb müəssisəsində yanlış aparılmış müalicə prosesi nəticəsində baş verib-verməsi, bu ağırlaşma ilə tibb müəssisəsi heyətinin və həkimlərin hərəkətləri, apardıqları müayinə prosedurları arasında səbəbli əlaqənin olub-olmamasına dair hallar aydınlaşdırılmalıdır. Bu halların aydınlaşdırılması daha çox tibbi sahədə xüsusi biliyə malik ixtisaslı mütəxəssislərin köməyi ilə mümkün olduğundan keçirilmiş məhkəmə tibbi ekspertizasının rəyi digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməli və mübahisənin həllində nəzərə alınmalıdır, iş materiallarında olan ekspert rəyində isə “uşağa diaqnozun düzgün təyin edilməsi, təyin edilmiş diaqnoza uyğun müalicələr aparıldığı, uşağın vəziyyətinin kliniki gedişatdan asılı olaraq ağırlaşdığı, aparılmış müalicələrin onun vəziyyətinin ağırlığına uyğun olması” göstərilmişdir ki, bu da zərərin tibb müəssisəsinin təqsiri üzündən baş vermədiyini təsdiq etməklə tibb müəssisəsi və əməkdaşlarının uşağı müayinə və müalicə edərkən tibbi baxımdan qəbul etdikləri normal risk çərçivəsində hərəkət etmələri ilə onların peşə fəaliyyəti ilə bağlı təqsirli (hüquqa zidd) əməlini istisna edir. Belə olan halda iddia tələbi əsassızdır və ona görə də təmin edilməməlidir

8. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 14.1, 14.2, 16.1, 21.2, 1096.1, 1112-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 124.2, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. İddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətində göstərilmişdir ki, məhkəmə faktiki olaraq heç bir halı aydınlaşdırmamışdır. Yalnız, qeyri-obyektiv ekspert rəyinə əsaslanaraq qətnamə qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

13. Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

14. İşə baxılmasının vaxtı və yeri barədə lazimı qaydada məlumat verilməsinə baxmayaraq digər cavabdehlər (nümayəndə) məhkəmə iclasında iştirak etmədiklərindən, işə onların (nümayəndənin) iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

15. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

16. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

17. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

18. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

19. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

26. Qətnamə bütövlükdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

28. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.

29. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.

30. İş materillarına əsasən X13 xx.xx.2023-cü il tarixdə “X22” MMC tibb müəssisəsində müalicəyə qəbul edilmiş, həkimlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən uşağın müayinə və müalicəsi həyata keçirilmiş, xx.xx.2023-cü il tarixdə müalicənin davamı üçün başqa bir klinikaya köçürülmüşdür.

31. İddiaçı hazırda tibb müəssisəsində müayinənin düzgün aparılmadığını (ammonyakın vaxtında ölçülmədiyini), buna görə də uşağın vəziyyətinin pisləşərək sonrakı fəsadların baş verdiyini bildirir.

32. Birinci instansiya məhkəməsi zamanı verilmiş ekspert rəyinə görə "X22" klinikasında Tale Qasımovun adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2023-cü il tarixdə xəstəxanaya daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona "Metabolik xəstəlik? Dəqiqləşdirilməmiş komatoz vəziyyət" diaqnozu düzgün təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq müalicələr aparılmış, lakin xx.xx.2023-cü il tarixdə xəstə valideynlərinin istəyi ilə müalicənin davamı üçün başqa bir özəl klinikaya köçürülmüşdür. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, Tale Qasımovun vəziyyəti xəstəliyin kliniki gedişatından asılı olaraq ağırlaşmışdır. Tale Qasımova aparılmış müalicələr onun vəziyyətinin ağırlığına uyğun olmuşdur.

33. Qeyd olunanlara əsasən məhkəmə haqlı olaraq belə nəticəyə gəlmişdir ki, “X22” tibb müəssisəsində uşağa müalicə və müayinənin düzgün aparılmaması, tibb müəssisəsinin və tibbi heyətinin hərəkətlərinin “tibbi standartlarına” uyğun olmaması, bu müalicə nəticəsində iddiaçıya hər hansı bir zərərin dəyməsi, cavabdehlər tərəfindən ona zərər vurulması halları, həmçinin uşağın vəziyyətinin ağırlaşması ilə cavabdehlərin apardığı müayinə və müalicə arasında səbəbli əlaqənin olması halları müəyyən olunmamışdır.

34. Qanunverici məhkəmənin üzərinə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur.

35. İddiaçı tələbini sübuta yetirə bilməmişdir. Məhkəmə də haqlı olaraq iddianın rədd edilməsi qənaətinə gəlmişdir.

36. Mənəvi zərər hissəsində də Kollegiya qeyd edir ki, maddi zərər hissəsində əsassız olduğundan iddia tələbi təmin edilmədiyindən, bu hissədə də iddianın rədd edilməsi barədə məhkəmə əsaslı nəticəyə gəlmişdir.

37. Qeyd etmək lazımdır ki, vurulmuş mənəvi ziyanın ödənilməsini təmin etmək üçün iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, bu zaman zərərvuran şəxsin təqsirinin müəyyən edilməsi və qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması kimi şərtlər mövcud olmalıdır. Bu hallar isə müəyyən edilməmişdir.

38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1265/2024 nömrəli iş üzrə 14 avqust 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar