Məhkəmə qərarları › İş №2(103)-6264/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6264/2025

26.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6264/2025 26.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Cavabdeh2 nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 sentyabr 2025-ci il tarixli, e-2(006)-2343/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: ünvan 1 ünvanında yerləşən mənzil iddiaçının mülkiyyətindədir. ünvan 2 ünvanında yerləşən mənzil Cavabdeh2 mülkiyyətindədir. Cavabdehlər həmin mübahisəli mənzildə yaşayırlar. Hazırda iddiaçı iddia edir ki, Cavabdeh1 və Cavabdeh2 onun mənzilinə video-müşahidə kameraları quraşdırması nəticəsində onun konstitusion hüquqları pozularaq maddi və mənəvi ziyan dəymişdir. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun konstitusion hüquqlarının cavabdeh tərəfindən pozulmasının cavabdehlərə qadağan edilməsi və bu hüquqlarının pozulması nəticəsində ona dəymiş 3.000 (üç min) manat məbləğində maddi ziyanın və 5.000 (beş min) manat məbləğində mənəvi ziyanın cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil onun mülkiyyətindədir. Qeyd edilən mənzildə ailəsiylə birgə yaşayır. Cavabdehlər ünvan 2 ünvanında yerləşən mənzildə yaşayırlar. Lakin cavabdeh iki aya yaxındır ki, onun mənzilinə olan giriş-çıxışların, onun mənzilə daxil olmağının və çıxmağının, eləcə də mənzilinə gələn qonaqların və ailə üzvlərinin hərəkətlərinin izlənilməsi məqsədilə mənzilinin giriş hissəsinə video-müşahidə kamerası quraşdırmışdır. Belə ki, cavabdeh tərəfindən dəhlizə iki kamera qoyulmuşdur. Bunlardan biri təhlükəsizlik məqsədi ilə bütün dəhlizin müşahidəsini həyata keçirir, digəri isə məhz onun mənzilə giriş çıxışın izlənilməsi üçün qoyulmuşdur. Cavabdeh, onun razılığı və ya hər hansı hüquqi əsas olmadan, şəxsi həyatının toxunulmazlığı hüququnu pozaraq, onun yaşayışını və gündəlik fəaliyyətlərini gizli şəkildə izləyir, əldə etdiyi məlumatları müxtəlif orqanlara ötürərək onun şəxsi məlumatlarını qanunsuz şəkildə üçüncü şəxslərlə paylaşır. Cavabdeh tərəfindən mənzilinin giriş-çıxışına qanunsuz olaraq video-müşahidə kamerası quraşdırılması onun və ailə üzvlərinin şəxsi həyatına müdaxilə edərək, daimi stress və mənəvi sarsıntıya səbəb olmuşdur. Şəxsi həyatın toxunulmazlığı hüququnun pozulması halında mənəvi ziyanın mövcudluğu açıq-aşkardır və belə hallarda əlavə sübutetmə öhdəliyi daşımır. Çünki hər hansı şəxsin yaşadığı mənzilin izlənilməsi, təbii olaraq, psixoloji gərginlik və mənəvi narahatlıq doğurur. Həmçinin, hazırda hüquqlarının müdafiəsi məqsədilə hüquqi yardım almağa məcburdur. Eyni zamanda, hüquqlarının qorunması ilə bağlı məhkəməyə və digər müvafiq qurumlara müraciət etmək onun vaxtını alır, əmək fəaliyyətinə mane olur və nəticədə ona maddi ziyan dəyir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 sentyabr 2025-ci il tarixli, e- 2(006)-2343/2025 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh1 və Cavabdeh2 onun mənzilinə video-müşahidə kameraları quraşdırması nəticəsində ona 3.000 manat məbləğində maddi ziyan ilə bağlı təqdim edilmiş sübutlar və faktiki hallar bu iddianı təsdiqləmir. Məhkəməyə təqdim edilmiş fotoşəkillər və izahatlardan görünür ki, cavabdehlər tərəfindən quraşdırılmış kameralar əsasən ümumi dəhliz və mənzillərin giriş hissələrinə yönəldilmişdir. Kameraların əhatə dairəsi birbaşa iddiaçının mənzilinə yönəlməyib və onun mülkiyyətindən istifadə imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırmır. Bununla yanaşı, cavabdehlərin mənzilində aparılan müşahidələr və müvafiq tədbirlər, əsas məqsəd olaraq, şəxsi və ya kommersiya təhlükəsizliyinin təmin edilməsinə yönəldilmişdir. İddiaçı tərəfindən maddi ziyanın yaranması ilə bağlı heç bir konkret fakt və ya sübut təqdim edilməyib. O, yalnız hüquqlarının pozulduğunu və bu pozuntunun nəticəsində maddi ziyan dəyəcəyini iddia etmişdir. Lakin təqdim olunmuş sübutlar əsasında belə qənaətə gəlmək olar ki, cavabdehlərin fəaliyyəti iddiaçının mənzilində və mülkiyyətində real maddi ziyan yaratmayıb. İddiaçının maddi ziyanla bağlı iddiaları yalnız subyektiv qiymətləndirməyə əsaslanır və konkret maliyyə itkiləri ilə təsdiqlənmir. Həmçinin, iş materiallarından aydın olur ki, cavabdehlər tərəfindən mənzilə yönəldilmiş tədbirlər qonşuların mülkiyyətinə hədsiz təsir yaratmır. Kameraların quraşdırılması nəticəsində iddiaçının maliyyə vəziyyətinə, mülkiyyət hüquqlarına və ya biznes fəaliyyətinə konkret, ölçülə bilən və sübuta əsaslanan zərər dəymədiyi açıqdır. Bu baxımdan, iddiaçının maddi ziyanla bağlı tələbini təsdiqləyəcək heç bir obyektiv sübut iş üzrə mövcud deyil. Məhkəmə qeyd etmişdir ki, maddi ziyanın yaranması üçün tələb olunan əsas şərtlər cavabdehin hərəkətlərinin iddiaçının mülkiyyətinə və ya əmlakına real maliyyə itkiləri doğurması, konkret zərərin ölçülməsi və sübuta əsaslanması iş materiallarında müəyyən edilməmişdir. İddiaçının iddiası yalnız şəxsi subyektiv narahatlıq və psixoloji təsirə əsaslanır, lakin maddi ziyan kimi qiymətləndirilə bilməz. Bu səbəbdən, iddiaçının 3.000 manat məbləğində maddi ziyanla bağlı tələbi məhkəmə tərəfindən əsassız hesab edilməlidir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı ona vurulmuş mənəvi zərərin nədən ibarət olmasını əsaslandırmadığı, həmçinin maddi ziyan hissəsi təmin edilmədiyindən və cavabdehin bu mübahisədə heç bir təqsiri müəyyən edilmədiyindən iddia mənəvi ziyan hissəsində də təmin edilə bilməz. Həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv olunması və iddia tələbimin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, cavabdeh tərəfindən mənzil qarşısında iki video müşahidə kamerası quraşdırılmışdır. Onlardan biri ümumi təhlükəsizlik məqsədilə dəhlizin bütün sahəsini əhatə edir. Digər kamera isə birbaşa iddiaçının mənzilinə yönəlmişdir və mənzilə girib-çıxan şəxslərin hərəkətini, ümumilikdə iddiaçının mənzilinin güdülməsinə xidmət edir. Bu kameraların yerləşdirilməsi iddiaçının razılığı olmadan həyata keçirilmiş və onun şəxsi həyatına dair məlumatların toplanması ilə nəticələnmişdir. Həmçinin, bu müşahidələr yalnız iddiaçının gündəlik fəaliyyətinə və şəxsi məkanına müdaxilə etməklə qalmayıb, həm də ailə üzvlərinin və mənzilə gələn qonaqların hərəkətləri barədə məlumatları əhatə etmişdir. Yığılan məlumatlar və qeydə alınan görüntülər, cavabdeh tərəfindən üçüncü şəxslərlə paylaşılmışdır, o cümlədən məhkəmə orqanlarına təqdim olunmuşdur. Bu hərəkət yalnız şəxsi həyatın gizliliyinə müdaxilə deyil, həm də iddiaçının şəxsi məlumatlarının qanunsuz yayılması deməkdir. Beləliklə, iddiaçının razılığı olmadan onun mənzilindəki fəaliyyətlərin, qonaqların və ailə üzvlərinin hərəkətlərinin qeydə alınması və toplanmış görüntülərin üçüncü şəxslərlə paylaşılması Azərbaycan Respublikasının Konstitusiyasının 32 və 33-cü maddələrinin tələblərinə və Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsinə birbaşa ziddir. Məhkəmə isə bu halları yetəri qədər araşdırmamış, yalnız cavabdehin izahatlarına istinad etmiş və kameranın təhlükəsizlik məqsədilə quraşdırıldığını qeyd etmişdir. Lakin yenə də bildirilir ki, dəhlizdə iki kamera mövcuddur: biri ümumi təhlükəsizlik üçün quraşdırılsa da, digəri birbaşa iddiaçının mənzilinə yönəldilmişdir və mənzilə girib-çıxan şəxslərin hərəkətini, eləcə də mənzil daxilində baş verənləri qeydə alır. Belə olan halda, məhkənin mövqeyi tamamilə əsassızdır. Cavabdehin mənzil qarşısında quraşdırdığı müşahidə kameraları səbəbindən iddiaçı hüquqlarının qorunması məqsədilə məhkəməyə və digər müvafiq qurumlara müraciət etməyə, həmçinin hüquqi yardım almağa məcbur olmuşdur. Bu proses yalnız hüquqların müdafiəsi ilə bağlı işin təşkili ilə məhdudlaşmamış, həm də iddiaçının vaxtına və əmək fəaliyyətinə ciddi təsir göstərmişdir. Hüquqi yardımı təmin etmək üçün sərf olunan vəsaitlər, məhkəməyə müraciətlə bağlı xərclər və prosedurların təşkili iddiaçının maddi imkanlarına birbaşa təsir göstərmişdir. Beləliklə, cavabdehin hərəkətləri faktiki olaraq maddi ziyan yaratmışdır, çünki iddiaçı öz hüquqlarını qorumaq üçün əlavə maliyyə resurslarını və vaxtını sərf etmək məcburiyyətində qalmışdır. Məhkəmə bu halları nəzərə almayaraq, yalnız cavabdehin izahatına istinad etmiş və iddiaçının subyektiv narahatlığını əsas gətirərək real maliyyə itkisi olmadığını qeyd etmişdir. Lakin iş materialları göstərir ki, hüquqi müdafiə üçün sərf olunan xərclər və vaxt itkisi konkret, ölçülə bilən və birbaşa cavabdehin qanunsuz hərəkətlərinin nəticəsi olaraq meydana çıxmışdır. Bu baxımdan, iddiaçının maddi ziyan tələbini “subyektiv narahatlıq” kimi qiymətləndirmək düzgün deyil. Beləliklə, cavabdehin fəaliyyəti yalnız iddiaçının şəxsi həyatına və mənzil toxunulmazlığına müdaxilə yaratmaqla qalmamış, həm də onun maliyyə resurslarına birbaşa təsir göstərmişdir. Bu itkilərin yaranması hüquqi baxımdan maddi ziyan kimi qiymətləndirilməlidir və məhkəmə tərəfindən sübut edilməmiş sayılması işin obyektiv qiymətləndirilməsinə mane olmuşdur. Cavabdehin mənzilə quraşdırdığı müşahidə kameraları və onların fəaliyyəti iddiaçının və ailə üzvlərinin şəxsi həyatına birbaşa müdaxilə olmuş, stress, narahatlıq və psixoloji gərginlik yaratmışdır. Bu halların mövcudluğu mənəvi zərərin yaranmasının açıq göstəricisidir. Kameralardan biri ümumi təhlükəsizlik məqsədilə olsa da, digər kamera birbaşa iddiaçının mənzilinə yönəldilmiş və mənzilə girib-çıxan şəxslərin hərəkətləri, eləcə də mənzil daxilindəki vəziyyət qeydə alınmışdır. Bundan əlavə, bu qeydə alınan məlumatların üçüncü şəxslərlə paylaşılması iddiaçının şəxsi həyatının toxunulmazlığını daha da pozmuşdur. Məhkəmə qətnaməsində qeyd etmişdir ki, iddiaçı mənəvi ziyanın nədən ibarət olduğunu əsaslandırmayıb və cavabdehin təqsiri sübuta yetirilməyib. Lakin bu qənaət, həm Konstitusiya, həm də müvafiq qanunvericilik və Ali Məhkəmə Plenumunun qərarları ilə ziddiyyət təşkil edir. Azərbaycan Respublikası Konstitusiyası və insan hüquqları üzrə beynəlxalq aktlar hər kəsin şəxsi və ailə həyatına müdaxilədən müdafiə hüququnu təmin edir. Həmçinin, Ali Məhkəmənin xx.xx.2008-ci il tarixli Qərarında vurğulandığı kimi, mənəvi sarsıntının mövcudluğu üçün əlavə sübut tələb olunmur; şəxsin yaşadığı mənzilə qanunsuz müdaxilə, onun psixoloji vəziyyətinə və gündəlik həyatına real təsir göstərir və mənəvi zərərin yaranması üçün kifayətdir. İddiaçının mənzilinin birbaşa izlənilməsi, onun və ailə üzvlərinin şəxsi həyatının gizliliyinə müdaxilə, habelə məlumatların üçüncü şəxslərlə paylaşılması bu mənəvi zərərin yaranmasının faktiki sübutudır. Məhkəmə yalnız cavabdehin izahatına istinad etməklə və ziyanın dərəcəsini iddiaçının təqdim etdiyi maddi sübutlarla ölçməyə çalışmaqla, işin real hallarını nəzərə almamışdır. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları, eyni zamanda, məhkəməyə təqdim edilmiş sübutlar tam, hərtərəfli və obyektiv şəkildə araşdırılmamışdır. Belə ki, iş materiallarında olan fotoşəkillərdən aydın görünür ki, cavabdeh tərəfindən quraşdırılmış video-müşahidə kamerası birbaşa olaraq iddiaçının mənzilinin giriş hissəsinə yəni yaşayış sahəsinə daxil olma və çıxma istiqamətinə yönəldilmişdir. Kameranın bu şəkildə yerləşdirilməsi, açıq şəkildə, mənzildə yaşayan şəxslərin şəxsi həyatına müdaxilə xarakteri daşıyır və onların hərəkəti, mənzilə girib-çıxma vaxtlarını və qonaqlarını qeydə almağa xidmət edir. Nəticədə, birinci instansiya məhkəməsi cavabdehin iddiaçının şəxsi həyatına qanunsuz müdaxiləsini sübuta yetirən əsas faktı video-müşahidə kamerasının birbaşa mənzil girişinə yönəldilməsi faktını lazımi qiymətləndirmədən kənarda qoymuş, bu isə qəbul olunmuş qətnamənin qanuniliyinə və əsaslılığına şübhə yaradır. Cavabdeh Şükürova Adilə Nəsib qızının nümayəndəsi-vəkili Әlizadə Rahim Әləkbər oğlu apellyasiya şikayətinə etiraz təqdim edərək, apellyasiya şikayətinin təmin edilməməsi və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə Kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsivəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclası barədə lazimi qaydada məlumat verilmiş digər tərəflər Məhkəmə Kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının həddi: Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası:

32. İ. Hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır.

32. İİ. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır.

32. İİİ. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.

“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası:

8.1. Hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. 8.2. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətlərin qarşısını almaq üçün, sağlamlığı yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir. 11-ci maddənin 1-ci bəndində müəyyən edilir ki, hər bir insanın şəxsi azadlıq və təhlükəsizlik hüququ vardır.

Mülki Məcəllə:

21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

“Fərdi məlumatlar haqqında” Qanun:

1. Bu Qanunun əsas məqsədi fərdi məlumatların toplanılmasının, işlənilməsinin və mühafizəsinin qanunvericilik əsaslarını və ümumi prinsiplərini, həmin sahədə dövlət tənzimləməsinin qayda və tələblərini, fərdi məlumatların informasiya ehtiyatlarında formalaşdırılması, informasiya sistemlərinin yaradılması, informasiyanın verilməsi və ötürülməsi qaydalarını, bu prosesdə iştirak edən şəxslərin hüquqlarını, vəzifələrini və məsuliyyətinin əsaslarını müəyyən etməkdən, əsas insan və vətəndaş hüquqlarını və azadlıqlarını, o cümlədən şəxsi və ailə həyatının sirrini saxlamaq hüququnu müdafiə etməkdən ibarətdir. 2.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 2.1.1. fərdi məlumatlar-şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyənləşdirməyə imkan verən istənilən məlumat; 2.1.12. fərdi məlumatların yayılması-fərdi məlumatların media, habelə informasiya sistemləri ilə açıqlanması və ya fərdi məlumatlarla şəxslərin hər hansı digər üsulla tanış olmasına imkan yaradılması. 7.1. Subyekt aşağıdakı hüquqlara malikdir: 7.1.6. özü barəsində fərdi məlumatların toplanılmasına və işlənilməsinə qadağan qoyulmasını tələb etmək; 7.2. Fərdi məlumatların toplanılmasının və işlənilməsinin qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi xarakter daşıdığı hallar istisna olmaqla, subyekt onun barəsində olan məlumatların toplanılmasına və işlənilməsinə etiraz etmək hüququna malikdir. Subyektin etirazı mülkiyyətçiyə və ya operatora yazılı surətdə təqdim olunmalıdır. Subyektin etirazının əsaslandırılması tələb olunmur. Mülkiyyətçi və ya operator həmin etirazı aldıqda göstərilən fərdi məlumatların toplanılmasını və işlənilməsini dərhal dayandırmalıdır. 7.4. Subyekt onun barəsində fərdi məlumatların qanunsuz toplanılması və işlənilməsi, mühafizəsinin təmin edilməməsi, habelə bu Qanunun tələblərinə əməl olunmaması nəticəsində onun hüquqlarının pozulduğu hallarda müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə şikayət etmək, habelə ona vurulmuş mənəvi və maddi ziyanın ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur.68-ci maddəsinin İİİ hissəsinə əsasən, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.

“Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun xx.xx.2025-ci il tarixli qərarının:

2.4.1. Şəxsi toxunulmazlıq hüququ təməl şəxsiyyət hüquqlardan biri kimi Konstitusiyanın 32-ci və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddələrində geniş şəkildə açıqlanmaqla, hər bir şəxsin şəxsi və ailə həyatının toxunulmazlığını qoruma altına alır. 2.4.2. Konstitusion mənada şəxsi toxunulmazlıq şəxsi və ailə həyatının məxfiliyinin qorunmasını (ad, səs, təsvir, şəxsi, ailə və yazışma sirrinin qorunması, unudulmaq hüququ və s.) nəzərdə tutmaqla, hər bir şəxsin şəxsi və ailə həyatına hörmət edilməsinə, onun cəmiyyətdə özünü rahat və təhlükəsiz hiss etməsinə xidmət edir. 2.4.3. Şəxsi və ailə həyatına hörmət hüququ - şəxsi və ailə həyatının sirrini saxlamaq, şəxsi və ailə həyatına hüquqazidd müdaxilədən, yəni öz razılığı olmadan şəxsi həyatı haqqında məlumatın toplanılmasından, saxlanılmasından, istifadəsindən və yayılmasından, habelə qanunla müəyyən edilmiş hallar istisna olmaqla, xəbəri olmadan və ya etirazına baxmadan izlənilməkdən, video və ya foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qalmaqdan müdafiə olunmaq, o cümlədən yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini qorumaq hüquqlarını əhatə edir. 2.6.1. Mənzil toxunulmazlığı hüququ - şəxsin yaşadığı yerə (mənzilə) hüquqazidd müdaxilədən qorunması hüququdur. Bu hüquq insanın şəxsi həyatının sərhədləri ilə bağlı olaraq, öz yaşayış yerində təhlükəsiz və dinc şəkildə yaşamasını, üçüncü şəxslərin təsir və hüquqazidd müdaxilələrindən qorunmasını ehtiva edən konstitusion hüquqdur. 2.6.2. Bu hüquq Konstitusiyanın 33-cü maddəsi, Azərbaycan Respublikasının tərəfdaş olduğu beynəlxalq hüquqi sənədlər, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi və digər aidiyyəti normativ hüquqi aktları ilə qorunur. 2.6.3. Mənzil Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsində nəzərdə tutulmuş mənzil toxunulmazlığı hüququ baxımından Cinayət Məcəlləsinin 157-ci maddəsində əks olunmuş “mənzil” anlayışının şərh edilməsinə dair” 2024-cü il 25 noyabr tarixli Qərarında əks olunmuş meyarlara cavab verən, şəxsi həyatın yaşandığı bir yer olmaqla, insanın özünü dinc və təhlükəsiz hiss etdiyi əsas məkandır. Yaşadığı mənzil hər kəsin şəxsi həyatını istədiyi kimi təşkil etmək, həyatının özəl hesab etdiyi bu və ya digər məqamlarını başqalarından gizləmək, onların müdaxilələrindən qorumaq imkanına malik olduğu yerdir. 5.1. Mənəvi zərər – fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması nəticəsində keçirdiyi sarsıntı və (və ya) iztirabdır. 5.2. Mənəvi sarsıntı – şəxsiyyət hüquqlarına müdaxilə nəticəsində fiziki şəxsin daxili sabitliyini pozan iztirab həddinə çatmayan neqativ emosional vəziyyətidir (stress, qorxu, qəzəb, kədər, alçalma, utanma, məyus olma, qıcıqlanma, uzun müddət davam edən qeyrimüəyyənlik və s.). 5.3. Mənəvi iztirab – şəxsiyyət hüquqlarına müdaxilə nəticəsində fiziki şəxsin daxili sabitliyini pozan, davamlı fiziki (xəstəlik, orqanların zədələnməsi və ya onlardan məhrum olma, fiziki narahatlıq, ağrı və s.) və (və ya) psixi əzab (depressiya, psixi xəstəlik və s.) çəkməsinə səbəb olan güclü neqativ emosional vəziyyətidir. 5.4. Mənəvi zərərə görə kompensasiya - hüquqazidd əmələ (hərəkət və hərəkətsizlik) məruz qalmış şəxsin keçirdiyi mənəvi sarsıntı və (və ya) iztirabın unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. 5.5. Fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması ona maddi və (və ya) mənəvi zərərin vurulmasına səbəb ola bilər. Şəxsin əmlak hüquqlarının pozulması isə o halda mənəvi zərərə səbəb ola bilər ki, bu pozuntu həmin şəxsin şəxsiyyət hüquqlarına hüquqazidd müdaxilə ilə nəticələnmiş olsun. 5.9. Mənəvi zərərin kompensasiyasının əsas məqsədi zərərçəkənin pozulan mənəvi tarazlığının bərpası ilə yanaşı, zərərvuranı gələcəkdə eyni əməllərin təkrar törədilməsindən çəkindirməkdən ibarətdir. Bu baxımdan zəzərvuranın üzərinə olduqca az və ya əhəmiyyətsiz məbləğdə təzminatın ödənilməsi vəzifəsinin qoyulması yolverilməzdir. Bununla yanaşı, mənəvi təzminatın həcmi elə balanslaşdırılmalıdır ki, bu, bir tərəfin təzminat hesabına zənginləşməsinə, digər tərəfin isə kasıblaşmasına səbəb olmasın.

Mülki Prosessual Məcəllə:

4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

53. İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

190. İşə mahiyyəti üzrə baxılması sədrlik edənin məruzəsi ilə başlanır. Bundan sonra sədrlik edən iddianı və iddiaya etirazda göstərilmiş işin faktiki hallarını, işin mübahisəsiz hallarını və tərəflərin mübahisələndirdiyi halları, həmçinin tərəflərin təqdim etdiyi sübutları elan edir. İşin məruzəsindən sonra sədrlik edən əlavələrin və ya dəqiqləşdirmələrin olub-olmamasını aydınlaşdırır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə Kollegiyasının mövqeyi

Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməklə, qətnamə ləğv edilərək, iddia təlləbinin qismən təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə Kollegiyası ilk olaraq qeyd edir ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə hazırlıq iclası keçirildikdən sonra məhkəmə baxışı təyin edilmişdir. Lakin həmin ərəfədə, yəni məhkəmə baxışından öncə iddiaçı tərəf iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim etməklə, cavabdeh tərəfindən quraşdırılmış kameraların cavabdehin hesabına sökülməsini, onun konstitusion hüquqlarının cavabdeh tərəfindən pozulmasının cavabdehlərə qadağan edilməsi və bu hüquqlarının pozulması nəticəsində ona dəymiş 3.000 (üç min) manat məbləğində maddi ziyanın və 5.000 (beş min) manat məbləğində mənəvi ziyanın cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir (cild 1, səhifə 170). Məhkəmə Kollegiyası işin müəyyən edilmiş hallarına eləcə də, Mülki Prosessual Məcəllənin 53 və 190-cı maddələrinin tələblərinə əsasən qeyd edir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlı olduğundan eləcə də işə mahiyyəti üzrə baxılması sədrlik edənin məruzəsi ilə başlanıldığından hazırda da iddiaçı tərəfin iddianın həcminin artırılması barədə ərizə məhz, işə mahiyyəti üzrə baxılması başlanana qədər verildiyindən icraata qəbul edilmiş hesab edilir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.3-cü maddəsinə əsasən məhkəmə iddia ərizəsini (kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılan iddia ərizələri istisna olmaqla), daxil olmasından 5 gün müddətində qaytarmayıbsa və ya onu qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Hazırki iş üzrə də birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin həcminin artırılması barədə ərizə geri qaytarılmadığından qəbul edilmiş sayılmalı və həmin tələb həcmində işə baxılmalıdır. Göründüyü kimi iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət etsə də, birinci instansiya məhkəməsi həmin ərizəyə qiymət verməyərək prosessual hüquq normalarının tələblərini pozmuşdur. Bununla belə Məhkəmə Kollegiyası hesab edir ki, göstərilən prosesual pozuntulara görə qətnamə ləğv edilməli, qeyd edilən ərizə icraata götürülərək iddia tələbinin qismən təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzil iddiaçının mülkiyyətindədir. Cavabdehlər ünvan 2 ünvanında yerləşən mənzildə yaşayırlar. Həmçinin cavabdeh tərəfin izahatları ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən tərəflərin mənzillərinin qapıları yerləşdiyi ümumi dəhlizə iki kamera qoyulmuşdur. Şərti olaraq 1-ci kamera dəhlizin tinində cavabdehə məxsus mənzilin qapısının yuxarısında, 2-ci kamera isə 1-ci kamera ilə üzbəüz divarda quraşdırılmışdır. Birinci instansiya məhkəməsi isə qeyd etmişdir ki, cavabdehlər tərəfindən quraşdırılmış kameralar əsasən ümumi dəhliz və mənzillərin giriş hissələrinə yönəldilmişdir. Kameraların əhatə dairəsi birbaşa iddiaçının mənzilinə yönəlməyib və onun mülkiyyətindən istifadə imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırmır. Bununla yanaşı, cavabdehlərin mənzilində aparılan müşahidələr və müvafiq tədbirlər, əsas məqsəd olaraq, şəxsi və ya kommersiya təhlükəsizliyinin təmin edilməsinə yönəldilmişdir. Məhkəmə Kollegiyası qeyd edir ki, kameralar cavabdehlər tərəfindən öz mənzilinin təhlükəsizliyi nöqteyi nəzərdən quraşdırılsa da, bu kameraların görüntü bucaqları bütün dəhlizə və tərəflərin mənzillərinin giriş hissələrinə yönəlmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının razılığı və ya hər hansı hüquqi əsası olmadan cavabdehlər tərəfindən kameralar quraşdırılmaqla faktiki olaraq kameraların iş prinsipinə əsasən, bu kameralar həm də iddiaçının mənzilinin qapısını da çəkir ki, bu da iddiaçı tərəfin mövqeyinə əsasən onun şəxsi həyatının toxunulmazlığı hüququnun pozulmasına, onun yaşayışını və gündəlik fəaliyyətin izlənilməsi ilə nəticələnmişdir. Halbuki, Məhkəmə Kollegiyası qeyd edir ki, hər kəs şəxsi toxunulmazlıq hüququna malikdir. Hüquqi dövlətlərdə fərdin hüququ, şəxsi toxunulmazlığı əhəmiyyət kəsb edir və bu hüquqlara müdaxilə yolverilməzdir. Belə ki, şəxsi toxunulmazlıq hüququ dedikdə şəxsin - şəxsi və ailə həyatına hörmət hüququ; şəxsin evinə (mənzilinə) hörmət hüququ; foto, video, yazışma, telefon danışıqları, səs yazısı, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatların, həmçinin dövlət orqanları tərəfindən əldə edilə bilən fərdi məlumatların təhlükəsiz saxlanılması hüququ; şəxsin nüfuzuna və cəmiyyətdəki əlaqələrinə hörmət hüququ və şəxsi həyata müdaxilə hesab oluna biləcək digər hüquqlar başa düşülür. Həmçinin şəxsi toxunulmazlıq hüququ hüquqi dövlətin və demokratik cəmiyyət quruluşunun ən mühüm elementlərindən biri olmaqla, ilk növbədə, şəxsin azadlığının, şəxsi və ailə həyatının məxfiliyinin və təhlükəsizliyinin qorunmasını nəzərdə tutur. Toxunulmazlıq insan həyatının elə bir sferasını əhatə edir ki, onun icazəsi olmadan kimsə bu sferaya müdaxilə edə bilməz. Toxunulmazlıq hüququ kifayət qədər beynəlxalq və ölkədaxili qanunvericiklərdə öz əksini tapmış, baş verə biləcək pozuntuların aradan qaldırılması məqsədilə hüquqi aktlarda geniş formada təzahür etmişdir. Məhkəmə Kollegiyası işin hallarına münasibətdə qeyd edir ki, çoxmənzilli binaların dəhlizləri ümumi istifadədə olan sahələr hesab olunsa da, hazırda kameralar tərəfindən iddiaçının mənzilinin qapısı açılıb bağlanarkən mənzilin içərisinin görünməsi və ya onun giriş-çıxışının birbaşa çəkilməsi işin mübahisəsiz halıdır ki, bu da şəxsi həyata müdaxilə sayılır. Göründüyü kimi, cavabdehlər tərəfindən quraşdırılmış kameralar birbaşa iddiaçının mənzilinə yönəlməklə onun mülkiyyətindən istifadə imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırmaqla şəxsi həyatın gizliliyinə müdaxilə edilmişdir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçı həmin kameraların cavabdehlərin hesabına sökülməsini tələb etməkdə haqlı olsa da, iddia tələbi qismən həmin hissədə təmin edilməlidir. Belə ki, yuxarıda qeyd edildiyi kimi, cavabdehlər tərəfindən quraşdırılmış kameralar ilk növbədə öz mənzilinin təhlükəsizliyi ilə bağlı olsa da, onun quraşdırılması zamanı iddiaçının şəxsi həyat toxunmazılığı hüququnun pozulmasına yol verilmişdir. Lakin kollegiya cavabdehlərin də qeyd edilən hüququnun olması baxımından kameraların birinin yalnız öz mənzilinin giriş qapısının görüntüsünü əks etdirə bilən (çəkən) kamerası saxlanılmalıdır. Başqa sözlə, dəhlizin tinində quraşdırılmış kamera yalnız cavabdehlərin mənzilinin əhatəsinə fokuslanmalı, onunla üzbəüz quraşdırılmış kamera isə sökülməlidir. Məhkəmə Kollegiyası iddia tələbinin “hüquqlarının pozulması nəticəsində ona dəymiş 3.000 (üç min) manat məbləğində maddi ziyanın tutulması” hissəsinə münasibətdə qeyd edir ki, həmin hissədə iddia tələbi əsassız olmuşdur. Belə ki, iddiaçı tərəfindən maddi ziyanın yaranması ilə bağlı heç bir konkret fakt və ya sübut təqdim edilməmişdir. O, yalnız hüquqlarının pozulduğunu və bu pozuntunun nəticəsində maddi ziyan dəyəcəyini iddia etmişdir. Lakin təqdim olunmuş sübutlar əsasında belə qənaətə gəlmək olar ki, cavabdehlərin fəaliyyəti iddiaçının mənzilində və mülkiyyətində real maddi ziyan yaratmayıb. İddiaçının maddi ziyanla bağlı iddiaları yalnız subyektiv qiymətləndirməyə əsaslanır və konkret maliyyə itkiləri ilə təsdiqlənmir. İstinad olunan normaların tələbləi baxımından Məhkəmə Kollegiyası qeyd edir ki, maddi ziyanın yaranması üçün tələb olunan əsas şərtlər cavabdehlərin hərəkətlərinin iddiaçının mülkiyyətinə və ya əmlakına real maliyyə itkiləri doğurması, konkret zərərin ölçülməsi və sübuta əsaslanması iş materiallarında müəyyən edilməmişdir. İddiaçının iddiası yalnız şəxsi subyektiv narahatlıq və psixoloji təsirə əsaslanır, lakin maddi ziyan kimi qiymətləndirilə bilməz. Bu səbəbdən, iddiaçının 3.000 manat məbləğində maddi ziyanla bağlı tələbi əsassız hesab edilməlidir. Məhkəmə Kollegiyası iddia tələbinin “mənəvi ziyanın tutulması” hissəsinə münasibətdə qeyd edir ki, mənəvi zərər fiziki şəxsin şəxsiyyət hüquqlarının pozulması nəticəsində keçirdiyi sarsıntı və (və ya) iztirab olmaqla yanaşı şəxsiyyət hüquqlarına müdaxilə nəticəsində fiziki şəxsin daxili sabitliyini pozan iztirab həddinə çatmayan neqativ emosional vəziyyətidir. Həmçinin də, mənəvi iztirab şəxsiyyət hüquqlarına müdaxilə nəticəsində fiziki şəxsin daxili sabitliyini pozan, davamlı fiziki və (və ya) psixi əzab (depressiya, psixi xəstəlik və s.) çəkməsinə səbəb olan güclü neqativ emosional vəziyyətidir. Məhkəmə Kollegiyası hazırkı iddia tələbinə də bu baxımdan yanaşaraq cavabdehlərin iddiaçıya məxsus evin girişini izləyəcək həddə kamera yerləşdirməklə iddiaçıya mənəvi zərər vurulması qənaətinə gəlir və bu faktın əlavə sübutlarla təsdiqinə ehtiyac olmadığını qeyd edir. Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarına görə, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Bununla yanaşı Məhkəmə Kollegiyası qeyd edir ki, mənəvi ziyanın məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olmaqla, şəxsin maddi qazanc əldə etməsinə yönəlməməlidir. Bu səbəbdən, Məhkəmə Kollegiyası iddiaçının mənəvi ziyana görə tələb etdiyi 5.000 manat məbləğində kompensasiyanı qeyd olunan meyarlara uyğun hesab etmir. Məhkəmə Kollegiyası, cavabdehlərin uzun müddətdir ki, iddiaçıya məxsus mənzilin giriş-çıxışının görüləcəyi məsafədə kamera yerləşdirməklə iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıları, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alıb hesab edir ki, cavabdehlərdən müştərək qaydada mənəvi zərərin əvəzi kimi 500 manat pul tutulması məqsədəmüvafiq olmaqla iddia bu hissədə qismən təmin edilməlidir. Cavabdeh2 Cavabdeh1 ilə həmin mənzildə birlikdə yaşasa da, kameraların quraşdırılmasının təşəbbüskarının konkret kim olması müəyyən edilmədiyi üçün məsuliyyəti mülkiyyətçi və həmin mənzildə yaşayan digər cavabdeh kimi cəlb olunmuş şəxs də daşımalıdır. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia təlləbinin qismən təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, iddia ərizəsinin verilməsi üçün və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01 sentyabr 2025-ci il tarixli, e- 2(006)-2343/2025 nömrəli qətnaməsi ləğv edilsin. İş üzr yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ünvan 2 ünvanında yerləşən mənzilə quraşdırılmış kamera (dəhlizin tinində quraşdırılmış kamera) 341 saylı mənzilinin əhatəsinə (yalnız giriş qapısına) fokuslanmaq görüntü bucağı dəyişdirilsin, həmin kamera ilə üzbəüz quraşdırılmış kamera isə sökülsün. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 500 manat mənəvi ziyan İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar