Məhkəmə qərarları › İş №2(103)-6267/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6267/2022

26.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6267/2022 26.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iş üzrə (Açar sözlər: maddi və mənəvi zərərin əvəzinin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil2, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair 2(011)-706/2022 saylı mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 iyun 2022-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətindədir. Həmin qeyri-yaşayış sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs İddiaçı məxsus gözəllik salonu fəaliyyət göstərir.

2. Hazırkı iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 həmin binanın sakinləridir.

3. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 cavabdehlər İddiaçı və X1 qarşı iddia ilə məhkəməyə müraciət edərək, sözügedən ünvanda fəaliyyət göstərən gözəllik salonunun bina sakinlərinin normal həyat şəraitlərinin pozulmasına və binanın ümumi təhlükəsizliyinin qorunmasına maneə yaratdığından, binada olan mənzillərə gediş-gəliş üçün nəzərdə tutulmuş sahədən qeyri-yaşayış sahəsinə giriş-çıxış qapısının bağlanması və mənəvi ziyana görə kompensasiyanın ödənilməsini xahiş etmiş, lakin onların iddiaları təmin edilməmişdir. Bu barədə birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır.

4. Həmin iş üzrə iddiaçılar ünvan 2 ünvanında yaşayış mənzillərinə gediş-gəliş üçün nəzərdə tutulmuş liftin 2-ci mərtəbədə saxlanılmasının qadağan edilməsi üçün iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət etmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, lakin sonradan məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddianı təmin etmə tədbiri ləğv edilmişdir. Sonuncu qərardad Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə dəyişdirilmədən saxlanmışdır.

5. İş materiallarında olan sadələşdirilmiş vergi bəyannaməsindən görünür ki, vergi ödəyicisi İddiaçı 2021-ci ilin İ rübünün ilk ayında 1380 manat, ikinci ayında 4705 manat, üçüncü rübündə 4725 manat, 2021-ci ilin ikinci rübünün 1-ci ayında 5360 manat, ikinci ayında 5590 manat, üçüncü ayında 4395 manat, üçüncü rübün birinci ayında 3960 manat, ikinci ayında 1700 manat, üçüncü rübündə 2550 manat gəlir əldə etmişdir.

6. İş materiallarında olan Respublika Endokrinoloji Mərkəzinin direktoru nevroloq İsmizadə Yusifin xx.xx.2021-ci il tarixli müayinəsindən görünür ki, 1982-ci il təvəllüdlü İddiaçı müayinə zamanı asteno-nevrotik sindrom diaqnozu qoyulmuş, müalicə üçün resept yazılmışdır.

a) Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələrlə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada İddiaçı xeyrinə əldən çıxmış fayda qismində maddi zərərin əvəzi kimi 6655 manat, mənəvi zərərin əvəzi kimi 3000 manat, ümumilikdə cəmi 9655 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlərin ona qarşı əsassız iddiaları və müvəqqəti təminat tədbiri kimi ikinci mərtəbədə liftdən istifadənin qadağan olunması nəticəsində ona məxsus olan ünvan 3 ünvanında yerləşən binanın 2-ci mərtəbəsi olan qeyriyaşayış sahəsində fəaliyyət göstərən gözəllik salonunun fəaliyyətindən əldə etdiyi gəlirləri xx.xx.2021-xx.xx.2021-ci il tarixləri aralığında azalmış və 6655 manat gəlirdən məhrum olmuşdur. Bundan əlavə, cavabdehlərin haqsız iddiaları iddiaçının sağlamlığına da mənfi təsir göstərmiş və ona mənəvi zərər vurulmasına səbəb olmuşdur.

9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli 2(011)-706/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada vurulmuş maddi zərərə görə 6655 manat və mənəvi zərərə görə 200 manat məbləğində pul vəsaitinin tutularaq, iddiaçıya ödənilməsi qət edilmişdir. (hakim X3)

10. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdehlərin əsassız iddiaları və müvəqqəti təminat tədbirinin tətbiq olunması nəticəsində iddiaçıya maddi və mənəvi zərər dəymişdir.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 23-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 164-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

12. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müvəqqəti təminat tədbirinin tətbiq olunması ilə iddiaçının gözəllik salonunun fəaliyyətindən əldə etdiyi gəlirlərin azalması arasında hər hansı səbəbli əlaqə yoxdur. Arayışdan da göründüyü kimi, dövriyyənin azalması ilə liftin bağlanması dövrü heç də üst-üstə düşmür. İddiaçının qeyd etdiyi xx.xx.2021-xx.xx.2021-ci il tarixləri aralığında onun gəlirlərinin azalması pandemiya ilə əlaqədar toy və şənlik mərasimlərinə qoyulmuş məhdudiyyətlər, məhərrəmlik ayı və sair amillərlə bağlı ola bilərdi. Bundan əlavə, iddiaçının təqdim etdiyi sənəddən də görünür ki, onun gəlirləri sabit olmamış, dəyişkən olmuşdur. Bundan əlavə, iddiaçının təqdim etdiyi sənədlərdə xərclərə dair məlumat əksini tapmadığına görə xalis gəlirin müəyyən edilməsi mümkün deyil. Məhkəmə tərəfindən orta aylıq gəlir hesablanarkən yalnız dövriyyənin yüksək olduğu son beş ayın hesaba alınması, digər aylara istinad edilməməsi cavabdehlərin hüquqlarını kobud şəkildə pozmuş və iddiaçının əsassız varlanmasına səbəb ola biləcək qətnamə qəbul edilmişdir. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. İddiaçı apellyasiya şikayətinə etiraz verərək cavabdehlərin apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməsini və qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil2 iddia tələbinin həcminin azaldılması barədə ərizə verərək cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə əldən çıxmış fayda qismində maddi zərərin əvəzi kimi 4600 manat, mənəvi zərərin əvəzi kimi 300 manat, ümumilikdə 4900 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi.

16. Cavabdehlərin nümayəndəsi Vəkil1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında da deyilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.3 Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

18. Hazırkı apellyasiya şikayətində qətnamənin tam ləğv olunub iddia tələbinin rədd edilməsi xahiş olunduğundan qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır.

20. Lakin məhkəmə kollegiyası hesab edir ki, məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi tərəfindən təqdim edilən iddia tələbinin həcminin azaldılmasına dair ərizə nəzərə alınmalı, qətnamə maddi zərərin miqdarı hissəsində dəyişdirilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, mübahisəli ünvanda fəaliyyət göstərən gözəllik salonunun fəaliyyəti ilə bağlı tərəflər arasında məhkəmə mübahisələri olmuş və bu mübahisə nəticəsində gözəllik salonunun fəaliyyəti nəticəsində əldə edilən gəliri xx.xx.2021xx.xx.2021-ci il tarixləri aralığında oraya giriş binanın liftindən qadağan olunduğuna görə xeyli dərəcədə aşağı düşmüş və nəticədə iddiaçıya maddi zərər dəymişdir. Həmçinin tərəflər arasında olan mübahisə sonda hazırkı iş üzrə İddiaçı xeyrinə yekunlaşmış və ünvanda fəaliyyət göstərən gözəllik salonunun iddiaçıların iddia etdikləri kimi sakinlərin normal yaşayışına və həyat təhlükəsizliyinə maneə olmadığı müəyyən edilmişdir. İddiaçının mülkiyyətində olan qeyri-yaşayış sahəsində fəaliyyət göstərən gözəllik salonuna qalxmaq üçün liftin 2-ci mərtəbədə saxlanılmasının qadağan edilməsi kimi iddianı təmin etmə tədbirinin tətbiq olunduğu 14 iyul 2021-ci il tarixindən həmin qadağanın aradan qaldırıldığı 13 sentyabr 2021-ci il tarixədək olan dövrdə qüvvədə olmuş redaksiyada Azərbaycan Respublikası MPM-in 164-cü maddəsinə görə, iddianın rədd edilməsi haqqında qətnamə qanuni qüvvəyə mindikdən sonra cavabdeh iddianın təmin edilməsi ilə əlaqədar məhkəmə tərəfindən tədbirlərin görülməsi nəticəsində vurulmuş zərəri iddiaçıdan tələb etməyə haqlıdır. İddiaçıya məxsus olan liftin binanın ikinci mərtəbəsində yerləşməsini, binada quraşdırılmış liftin bina sakinləri ilə yanaşı, gözəllik salonuna gələn müştərilərin rahatlığına xidmət etdiyini nəzərə aldıqda, gözəllik salonuna qalxmaq üçün liftin 2-ci mərtəbədə saxlanılmasının qadağan edilməsinin salona gələn müştərilərin sayının azalmasına təsir göstərməsi təbiidir. Qeyd olunan dövrdə gözəllik salonunun fəaliyyətindən əldə olunan gəlirlərin azalması da iddia tələbinin maddi zərərin əvəzinin ödənilməsi hissəsində əsaslılığına dəlalət edir. Hazırkı iş üzrə cavabdehlərin iddiaçıya qarşı əsassız iddiaları nəticəsində iddiaçının sahibkarlıq fəaliyyəti nəticəsində əldə etdiyi gəliri azalmışdır. Bununla onun hüquqları pozulmaqla, o adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən (əldən çıxmış fayda) məhrum qalmış və nəticədə ona maddi zərər dəymişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin ləğv edilməsinə əsas vermir. Odur ki, apellyasiya şikayəti qismən təmin edilməli, mübahisələndirilən qətnamə maddi zərərin əvəzi kimi tutulan pulun məbləği hissəsində dəyişdirilməli, maddi zərərin əvəzi kimi 4600 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. Hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti (4600+200=4800 manat) beş min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 372, 382, 384.0.3, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-706/2022 saylı iş üzrə 17 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilsin. Maddi zərərin əvəzi kimi 4600 manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apelyatorlara aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar