Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6269/2025 16.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı (mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Baş Prokurorluğu cəlb edilməklə) iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-6269/2025 (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X3 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı, Azərbaycan Respublikasının Baş Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə “vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3598/2025 nömrəli 20 avqust 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 16 dekabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2022-ci il tarixdə tutulmuş və xx.xx.2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsiri sübuta yetirilmədiyindən bəraət verilmiş və dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir.
2. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Azərbaycan Respublikasının Baş Prokurorluğu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "vurulmuş maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair iddia ərizəsi və tələbin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən 14 oktyabr 2022-ci il tarixdə keçirilən axtarış tədbirləri zamanı guya narkotik vasitələrin qanunsuz dövriyyyəsi ilə bağlı saxlanılmış və Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı Kənan Əmirli tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra Abşeron rayon Pİ-nin İŞdə müstəntiq Məcid Məcidli tərəfindən torplanmış ilkin sübutlar əsasında 16 oktyabr 2022-ci il tarixində təqsirləndirilən şəxs qismində cəlb olunmuş və həmin tarixdə də ona 234.4.3-cü maddə ilə ittiham elan olunmuş və Abşeron Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 05 sentyabr 2024-cü il tarixli, 1(124)- 223/2024 nömrəli hökmü çıxarılana qədər, yəni 14 oktyabr 2022-ci il tarixindən 05 sentyabr 2024-cü il tarixədək (22 ay 21 gün) həbsdə olmuşdur. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 05 sentyabr 2024-cü il tarixli, 1(124)-223/2024 nömrəli (hakimlər: X10 (sədrlik edən), X8 və X2 ibarət məhkəmə tərkibində) hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilmiş, barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və dərhal məhkəmə iclas zalından həbsdən azad edilməyi müəyyən edilmiş, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56- 63-cü maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ tanınmış və ona izah edilmişdir. Qeyd olunan hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 oktyabr 2024-cü il tarixli, 1(105)- 714/2024 nömrəli (hakimlər: X5 (sədrlik edən və məruzəçi), X1 və X6 ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 05 sentyabr 2024-cü il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli, 1(102)- 1060/2025 nömrəli (hakimlər: Ələsgər Novruzov (sədrlik edən və məruzəçi), Rəşad Abdulov və Şahin Yusifovdan ibarət məhkəmə tərkibində) qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 oktyabr 2024-cü il tarixli 1(105)-714/2024 nömrəli qərarı kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılmışdır. İddiaçı yuxarıda göstərilən dövlət orqanının qanunsuz hərəkətləri nəticəsində maddi və mənəvi ziyan çəkmiş, şərəf və ləyaqəti alçaldılmışdır. İddiaçıya qarşı şübhəli şəxs qismində tutularkən işgəncələr verilmiş, insan ləyaqətini alçaldan rəftara yol verilmişdir. Ona qarşı əsassız olaraq satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə etmə, saxlama və daşıma ittihamı irəli sürülmüşdür. Heç bir əsas olmadan ona qarşı bu cür qondarma, yalançı, ittihamın verilməsi ona bir insan kimi çox dəhşətli şəkildə pis təsir etmiş, mənəvi cəhətdən çökdürmüş, həyata yaşamağa həvəsini öldürmüşdür. Belə bir ittihamla yaşamamaq üçün dəfələrlə özünü öldürmə həddinə çatmış, yaşamaq istəməmiş, intihar etmək istəmişdir. Hələ də psixologiyası düzəlməmiş, reablitasiya olunmamışam. Bu əsassız ittiham nəticəsində ailəsi dağılmış, həyat yoldaşı ilə nikahları pozulmuşdur. Həbsdən sonra uzun müddətli depressiyalar yaşamışdır. Hesab edir ki, göstərilən dövlət orqanları vurduqları maddi və mənəvi zərərə görə kompensasiya ödəməlidirlər. İddia ərizəsində iddiaçı barəsində cinayət işi istintaq edilərkən əməliyyat, istintaq və prokurorluq orqanlarının yol verdiyi ciddi qanun pozuntularını ətraflı şərh etmək zəruri hesab edilir. Belə ki, törədilmiş qanunsuzluqların xarakteri və həyata keçirmə tərzi vəzifədən açıq-aşkar sui-istifadə edildiyini göstərir, bu isə hüquq mühafizə orqanlarının maddi və mənəvi məsuliyyətinin dərəcəsinə və ölçüsünə birbaşa təsir edir. İddiaçı qeyd olunan dövr ərzində istintaq təcridxanasında çətin şəraitdə saxlanılmış, kameralarda sıxlıq olduğundan xüsusilə yay aylarında yatmaq, istirahət etmək və başqa zəruri tələbatları təmin etmək imkanı son dərəcə məhdudlaşmışdır. Kamerada dəfələrlə halı pisləşmiş, müntəzəm dərman preparatlarını əldə etmək və qəbul etmək mümkün olmamışdır. Azadlıq hüququnun məhdudlaşdırılması nəticəsində himayəsində olan yetkinlik yaşına çatmayan uşaqlarına qayğı və diqqət göstərmək imkanından da məhrum edilmişdir. Həbsdən əvvəl ailədə yeganə işləmək qabliyyəti olan və qazanc gətirən şəxs olduğundan, həbsdən sonra ailəsi ağır vəziyyətə düşmüş, ehtiyac içində yaşamağa düçar olmuş və nəticədə, nikahı pozulmuşdur. İddiaçının qanunusuz həbsindən dərin sarsıntılar keçirən ailə üzvləri, dərin sarsıntı keçirmiş, cəmiyyətdə utanc hissləri keçirmişlər. Hüquq mühafizə orqanlarının qeyd olunan qanunsuz hərəkətləri və sui-istifadəsi iddiaçıya və ailəsinə ağır mənəvi ziyan vurmuşdur. Göstərilənlərə əsasən təhqiqat, istintaq və prokurorluq orqanlarının qanunsuz hərəkətləri nəticəsində iddiaçıya vurulmuş maddi ziyanın əvəzi kimi 25.000 manat və mənəvi ziyanın əvəzi kimi 25.000 manat olmaqla, ümumilikdə 50.000 manatın Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
5. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi məhkəməyə iddia ərizəsinə etiraz göndərmişdir. Həmin etirazda qeyd olunmuşdur ki, iddiaçı iddia ərizəsində heç bir əsas göstərmədən ona xeyli miqdarda ziyan vurulmasına görə zərərin əvəzinin ödənilməsini tələb edir. İddiaçı maddi ziyanın ödənilməsi əvəzi tələb edərkən həmin ziyanın nədən ibarət olmasını qeyd etməmişdir. Bundan əlavə, iddiaçı mənəvi zərərin ödənilməsini də tələb edir. Mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Hesab edilir ki, iddiaçı onun barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə dair əsaslı sübutlar göstərə bilməmişdir. İddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının iddia tələbində Maliyyə Nazirliyini cavabdeh qismində göstərməsinin heç bir hüquqi əsası yoxdur. İş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliti tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Buna görə də iddia mövcud qanunvericiliyin tələblərinə uyğun cavabdeh Maliyyə Nazirliyinə münasibətdə təmin edilə bilməz.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 20 avqust 2025-ci il tarixli 2(006)-3598/2025 nömrəli qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddianın qismən təmin edilməsi, vurulmuş mənəvi zərərə görə 23000 manatın cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsi ilə Dövlət büdcəsi vəsaiti iddiaçının hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(124)-223/2024 saylı hökmünə əsasən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmiş, onun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56-63-cü maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ tanınmaqla ona izah edilmiş və barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək, dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir.
8. Həmin hökmə əsasən İddiaçı rəsmi şəkildə şübhəli şəxs qismində tutulması zamanı kimi xx.xx.2022-ci il tarix saat 10:20-də götürülmüşdür.
9. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(105)-714/2024 saylı qərarına əsasən Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(124)-223/2024 saylı hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli, 1(102)-1060/2025 saylı qərarına əsasən dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılmışdır.
11. Abşeron rayon polis idarəsinin İstintaq şöbəsinin müstəntiqi tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixli ittiham aktına əsasən xx.xx.2022-ci ildə İddiaçı Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur.
12. Abşeron rayon Pİ-nin İŞ-nin müstəntiqi tərəfindən tərtib edilən arayışa əsasən xx.xx.2022-ci ildə Səmədov X9 RPİnin TŞ-nin təhqiqatçısı Kənan Əmirli tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-ci il tarixdə İddiaçı əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 181.2.1 və 234.4.3-cü maddələrinə tövsif edilmiş və ona həmin maddələrlə nəzərdə tutulan ittiham yenidən elan olunmuş, barəsində Abşeron rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan seçilmişdir.
13. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı barəsində xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək müddətə, yəni ümumilikdə 23 aya yaxın müddətinə qanunsuz olaraq cinayət işi üzrə icraat aparılması, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi nəticəsində ona qarşı mülki hüquq pozuntusunun törədilməsi işin mübahisəsiz halıdır.
14. İddia tələbinin “mənəvi zərərin əvəzinin ödənilməsi” hissəsi ilə əlaqədar isə qeyd edilməlidir ki, işin mübahisəsiz halıdır ki, 23 aya yaxın müddət ərzində iddiaçı qanunsuz cinayət məsuliyyətinə cəlb edilməklə, tutulmaqla, barəsində “həbs” qətimkan tədbiri seçilməklə əsassız məhrumiyyətlərə məruz qalmışdır. Belə ki, onun barəsində 2022-ci il tarixdə seçilmiş həbs qətimkan tədbiri Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli bəraət hökmü ilə ləğv edilmiş, iddiaçı dərhal həbsdən azad edilmişdir. O, həmin müddət ərzində müəyyən məhrumiyyətlərə məruz qalmış, inamsızlıq, narahatlıq, məyusluq hissləri yaratmış və iddiaçıya stress, əzabəziyyət vermiş, şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmuş, onun nüfuzuna xələl gəlmiş, barəsində mənfi fikir formalaşmışdır.
15. İddia tələbinin “maddi ziyanın ödənilməsi” hissəsi ilə əlaqədar məhkəmə qeyd etmişdir ki, iddiaçı, həbs edilməmişdən əvvəl işlədiyini, aylıq qazanc əldə etdiyini və tutulduqdan sonra həmin gəlirlərdən məhrum olduğunu iddia etsə də, o, bu zərərin real olmasını (müvafiq əmək müqaviləsinin, vergi ödəyicilərindən çıxarışın, olmadığı təqdirdə konkret qazancının olmasını) sübuta yetirməmişdir.
16. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56.0.5, 57.1, 58.2, 58.3, «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununa, Mülki Məcəllənin 21.1, 21.2, 1096, 1097.1, 1100, 1101.1, Mülki Prosessual Məcəllənin 14.2, 81, 216-220, 227, 233 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətlərinin dəlilləri
17. Qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayətində göstərilmişdir ki, iddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Nazirlik tərəfindən heç bir ziyan vurulmadığı halda iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. Son nəticədə yanlış olaraq Maliyyə Nazirliyi iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
20. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
21. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin və üçüncü şəxsin nümayəndələri məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
22. Maddə 68, İ hissə. Hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığı istisna edən vicdanlı davranışına hüququ vardır.
23. Maddə 68, İİ hissə. Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır.
24. Maddə 68, İİİ hissə. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır.
25. Maddə 68, İV hissə. Dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
26. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
27. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
28. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır.
29. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
30. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.
31. Maddə 1101.1. Qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.
32. Maddə 1101.2. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının qanunsuz fəaliyyəti nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərər bu Məcəllənin 1101.1-ci maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmadıqda onun əvəzi qanunla müəyyənləşdirilmiş əsaslarla və qaydada ödənilir
33. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
34. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır… Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin Qərarın 8-ci bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.
35. Həmin Qərarın 10-cu bəndinə əsasən, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyələri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
39. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
40. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
41. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
42. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
43. Cavabdeh tərəfindən qətnamə yalnız iddianın təmin edilən hissəsində mübahisələndirilmişdir. İddiaçı isə qətnaməni mübahisələndirməmişdir.
44. Qətnamə iddianın təmin edilən hissəsində yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. İddiaçı barəsində xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində, yəni ümumilikdə 23 aya yaxın müddətinə qanunsuz olaraq cinayət işi üzrə icraat aparılması, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsi nəticəsində ona qarşı mülki hüquq pozuntusunun törədilməsi işin mübahisəsiz halıdır.
47. Kollegiya qeyd edir ki, iddiaçı qanunsuz cinayət məsuliyyətinə cəlb edilməklə, tutulmaqla, barəsində “həbs” qətimkan tədbiri seçilməklə əsassız məhrumiyyətlərə məruz qalmış, barəsində 2022-ci il tarixdə seçilmiş həbs qətimkan tədbiri Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli bəraət hökmü ilə ləğv edilərək dərhal həbsdən azad edilmişdir. Bu müddət onun faktiki olaraq azadlığının qanunsuz məhrum edilməsi onda inamsızlıq, narahatlıq, məyusluq hissləri yaratmış və iddiaçıya stress, əzab-əziyyət vermiş, şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmaqla azadlıq hüququ məhdudlaşdırılmışdır.
48. Kollegiya iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakterini və ağırlığını, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq ödənilməsi qət olunmuş mənəvi ziyanın məbləğini ağlabatan və ədalətli sayır.
49. Belə ki, mənəvi ziyanın məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz.
50. Maliyyə Nazirliyinin hazırkı iş üzrə cavabdeh ola bilməməsi barədə şikayətinin dəlilinə münasibətdə Məhkəmə kollegiyası nəzərə alır ki, Mülki Məcəllənin 43.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edir. Bu hallarda Azərbaycan Respublikasının səlahiyyətlərini onun hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə”nin İ hissəsinin 1-ci bəndinə müvafiq olaraq Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, sığorta fəaliyyəti, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Beləliklə, hazırkı iş üzrə iddiaçı ilə Maliyyə Nazirliyi arasında hər hansı hüquq münasibətinin mövcudluğundan asılı olmayaraq, iddiaçıya kompensasiya qismində ödənilməli olan pul vəsaiti də Dövlət büdcəsi hesabına dövlət maliyyəsinin idarə olunmasını təşkil edən və dövlət büdcəsinin kassa icrasını təmin edən Maliyyə Nazirliyi tərəfindən icra edilməlidir. Nəzərə alınmalıdır ki, hər il təsdiq olunan Dövlət büdcəsində hüquq mühafizə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, bəraət almış şəxslərə vəsaitlərin ödənilməsi ilə bağlı ayrıca bənd nəzərdə tutulur.
51. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.
52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3598/2025 nömrəli iş üzrə 20 avqust 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində cavabdeh tərəfindən Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.