Məhkəmə qərarları › İş №2(103)-6270/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6270/2022

21.09.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6270/2022 21.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı iş üzrə (Açar sözlər: kompensasiya, maddi və mənəvi ziyan) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil2, Cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “istehsalat qəzasına görə kompensasiya məbləğinin, habelə vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-194/2022 saylı 04 may 2022-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə 21 sentyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əsasən iddiaçı cavabdeh MMC-yə metal süzən vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2018-ci il tarixdə iddiaçı öz xahişi ilə tutduğu həmin vəzifədən azad edilmiş və onunla bağlanmış müddətsiz əmək müqaviləsinə xx.xx.2018-ci il tarixdən xitam verilmişdir. Daha sonra tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli müddətli əmək müqaviləsinə əsasən iddiaçı metaləridən vəzifəsinə işə qəbul edilmiş və onunla bağlanmış əmək müqaviləsinə müqavilə müddətinin qurtarması əsası ilə xx.xx.2020-ci il tarixdə xitam verilmiş və onunla son haqq-hesab aparılmışdır.

2. İddiaçının şikayəti əsasında Abşeron rayon prokurorluğu tərəfindən aparılmış araşdırma zamanı iddiaçının, MMC-nin direktoru X6, cəmiyyətin əməkdaşları X8, X1, X4 izahatları alınmış, məhkəmə tibbi (ilkin və təkrar), habelə məhkəmə texniki ekspertizalar keçirilmiş, habelə şikayət üzrə əhəmiyyət kəsb edən sübutlar toplanmış və nəticədə müəyyən edilmişdir ki, texniki təhlükəsizlik və əmək mühafizəsinin qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş "xxxx" MMC-nin direktoru X11 “İstehsalat prosesləri” 12.2.003-091 DST-nin 1.1.2.7.1, 2.9.1 bəndlərininin; “İstehsalat avadanlıqları, Ümumi təhlükəsizlik tələbləri 12.2.003-91 DST”-nin 1.2, 1.4 bəndlərinin; “Əridicilər və tökməçilər üçün təhlükəsizlik texnikasına təhlükəsizlik təlimat”-ının 1.3 bəndlərinin, “Qara və əlvan metal tullantılarının təkrar emalında texniki təhlükəsizlik təlimatı”nın 1.1 bəndinin tələblərini pozaraq, rəhbəri olduğu MMC-də quraşdırılmış metal əritmə sobasının konstruktiv xüsusiyyətlərini bildirən texniki sənədlər olmadan, istehsalat prosesində sobadan istifadə edən işçi heyyətini həmin təlimatlarla tanış etmədən sobanı istismar etdiyindən, metalların çeşidləməsinə nəzarət edən şəxs təyin etmədiyindən, xammalın sobaya ustanın göstərişi ilə doldurmadığından, metal əridən İddiaçı və digər işçilərə xüsusi (odadavamlı) geyim formasının verilməsini təşkil etmədiyindən “İstehsalat prosesləri” 12.2.003-91 DST-nin 1.1, 2.7.1, 2.9.1 bəndlərinin; “İstehsalat avadanlıqları Ümumi təhlükəsizlik tələbləri 12.2.003-91 DSTİ”-nin 1.2., 1.4 bəndlərinin; ”Əricidilər və tökməçilər üçün təhlükəsizlik texnikasına dair təlimat”ın 1.3 bəndlərinin, “Qara və əlvan metal tullantılarının təkrar emalında texniki təhlükəsizlik təlimatı”nın 1,1 bəndlərinin, “Qara və əlvan metal tullantılarının təkrar emalında texniki təhlükəsizlik təlimatının 1.1 bəndinin 1.1 tələblərini pozması nəticəsində ehtiyatsızlığından xx.xx.2020-ci il tarixdə metal əridən sobada partlayış baş vermiş, nəticədə alovun yerli təsirindən İddiaçı ümumi bədən səthinin 20-22%-ni əhatə edən üz və boyun nahiyələrinin hər iki qulaq seyvanlarının və hər iki yuxarı ətrafların İİ-İİİ dərəcəli termiki yanıq yaraları kimi dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmuşdur.

3. Bununla bağlı qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərara əsasən iddiaçının istehsalat xəsarəti alması faktında cinayət hadisəsinin olmadığı üçün 181-C-20 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, X6 inzibati tənbehə cəlb edilib barəsində icraat başlanması üçün material aidiyyəti üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilməsi, Cavabdeh MMC-də işçilərin real əmək haqlarını gizlətmə, mühasibat sənədlərinə yanlış məlumatları daxil etmə, vergiləri və məcburi dövlət sığorta haqlarını ödəməkdən yayınma əməllərinin araşdırılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edilməsi, X7 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati icraat açmaq üçün materialın aidiyyəti üzrə Abşeron RPİ-nə göndərilməsi qərara alınmışdır.

4. Abşeron Rayon Prokurorluğunun eyni tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərarı ilə xx.xx.1954-cü il tarixdə Füzuli rayonunda anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Cavabdeh MMC-nin direktoru vəzifəsində işləyən X6 barəsində Azərbaycan Respublikası İXM-nin 198.0.1, 198.0.6 və 198.6.7-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması qərara alınmışdır.

5. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Sumqayıt regional ərazi şöbəsinin xx.xx.2020-ci il tarixli, ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərarına əsasən Cavabdeh MMC-nin direktoru X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1-ci və 198.1-ci (Əməyin mühafizəsi qaydalarının pozulması) maddələri ilə 1000 manat məbləğində cərimə edilmişdir.

6. Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli “icraata xitam verilməsi haqqında” qərarına əsasən tələb təmin olunduğundan icra sənədinə xitam verilmişdir.

7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi”nin xx.xx.2022-ci il tarixli, 734 nömrəli rəyinə əsasən 1994-cü il təvəlüdlü İddiaçı hal-hazırda çənə, döş və hər iki yuxarı ətraflarda yanıq xəsarətindən sonra yaranmış piqmentasiya dəyişiklikləri və çapıq sahələri müəyyən edilmiş, bu dəyişikliklər estetik qüsurlar olub və fiziki baxımdan məhdudiyyət yaratmır, baş və bədən nahiyəsində aşkar edilmiş estetik qüsurların aradan qaldırılması üçün şəxsin istəyinə bağlı olaraq regenirasiya prosedurlarının (kosmetoloji) aparılmasına ehtiyac vardır.

8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi”nin xx.xx.2022-ci il tarixli, 351 saylı rəyinə əsasən İddiaçı posttravmatik stress pozuntusu aşkar olunur. İddiaçı qeyd olunan “posttravmatik stress pozuntusu” xx.xx.2020-ci il tarixdə baş vermiş partlayış zamanı keçirdiyi stresslə əlaqədar olmuşdur. İddiaçının məhkumluğu yoxdur. Həmçinin, iddiaçı narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinədən keçirilmiş və tərtib edilmiş 1129 saylı, xx.xx.2021-ci il tarixili akta əsasən belə bir haların olmadığı müəyyə edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha iddia tələbininin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən qanunsuz işdən çıxarmaya, istehsalat xəsarətinə görə kompensasiya olaraq 10.000 manat məbləğində, əlavə iş saatlarına görə 17.297,50 manat məbləğində, mənəvi zərərə görə 20.000 manat məbləğində olmaqla, ümumilikdə 47.297,50 manat məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh MMC-də 21 iyun 2019-cu il tarixdən metal əridən peşəsi üzrə işləməyə başlamışdır. 8 avqust 2020-ci il tarixdə saat 04:20 radələrində işi yerinə yetirən zaman sobaya düşən bağlı metalın qızması və od püskürməsi nəticəsində üz və bədəninin müxtəlif nahiyələrində yanıq xəsarətləri alaraq zədələnmişdir. Həmin xəsarəti o, xüsusi istehsalat geyimi verilmədiyi, texniki təhlükəsizlik qaydaları pozulduğu üçün almışdır. Məcbur qalıb Mingəçevirə getmiş, 3 gün qaldıqdan sonra, vəziyyəti ağırlaşdığı üçün Bakıya 5 nömrəli xəstəxanaya gəlmiş, 1 ay ambulator müalicə almışdır. Həmin il avqustun 20də işdən çıxarılmışdır. İstehsalat xəsarəti aldığı üçün ona kompensasiya ödənişi ödəməli olduqları halda heç bir məbləğ ödənilməmişdir. Cavabdeh müəssisə istehsalat prosesinin təlimatlarını pozmaqla yanaşı, əmək şəraiti zərərli və ağır işdə onu hər gün qanunsuz olaraq 14-15 saat işlətmişlər. İşlədiyi müddət ərzində məzuniyyət verilməyib, məzuniyyət haqqı ödənilməmişdir.

11. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 04 may 2022-ci il tarixli 2(001)-194/2022 saylı qətnaməsi ilə (hakim Fuad Abdıyev) iddia qismən təmin edilmiş, vurulmuş mənəvi zərərin əvəzi olaraq Cavabdeh MMC-dən İddiaçı xeyrinə 5.000 manat məbləğində pul, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

12. Birinci instansiya məhkəməsi “qanunsuz işdən çıxarılmaya, habelə istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində xəsarətin alınmasına görə 10.000 manat məbləğində kompensasiyanın ödənilməsi” tələbi ilə bağlı qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında ilk olaraq, yəni xx.xx.2018-ci il tarixdə müddətsiz, xx.xx.2019-cu il tarixdə isə müddətli əmək müqaviləsi bağlanmış və həmin əmək müqaviləsinə müddətin qurtarması əsası ilə xx.xx.2020-ci il tarixdə xitam verilmiş və bu barədə müvafiq bildiriş həmin tarixdə mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilmiş və onunla son haqq-hesab aparılmışdır. Bununla belə, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə cavabdeh tərəfindən tam qanuni əsaslarla xitam verilmişdir. Digər tərəfdən iddiaçı istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari qaydada sığorta olunmuşdur. Bu hal Abşeron Rayon Prokurorluğunun “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərarı ilə də öz təsdiqini tapır. Belə ki, həmin qərarda göstərilmişdir ki, "xxxx" Sığorta Şirkəti ASC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi haqqında ATE 18053202 saylı icbari sığorta müqaviləsinə edilmiş 1 nömrəli əlavəyə əsasən İddiaçı peşə riskinin dərəcəsi 13, sığorta məbləği 36.072,97 manat, sığorta tarifi 1,9%, sığorta haqqı 47,88 manat təşkil edir. Bu halın mövcudluğu, yəni iddiaçının istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari qaydada sığorta olunması qeyd edilən hadisə ilə bağlı cavabdeh tərəfindən ona hər hansı xərclərin əvəzinin, habelə ödənclərin ödənilməsini istisna edir.

13. İş vaxtından artıq işə cəlb edilməyə görə 17.297,50 manat məbləğində pulun cavabdehdən tutulması hissəsi ilə bağlı məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, qüvvədə olan əmək qanunvericiliyində “iş vaxtından artıq iş” anlayışına aydınlıq gətirilmiş, iş vaxtından artıq işə cəlb edilməsinin qaydası, müddəti, son həddi, belə işlərə yol verilən müstəsna hallar və sair müəyyən edilmişdir. İş vaxtından artıq işə cəlb edilməsi üçün də işəgötürənin əmr (sərəncam, qərar) formasında rəsmiləşdirilmiş istəyi (ehtiyacı) və işçinin razılığı olmalıdır. Lakin iddiaçı 13 ay 17 gün ərzində hər gün iş vaxtından 6 saat artıq işə cəlb edildiyini iddia etməsinə baxmayaraq, bu halı sübuta yetirə bilmir, o cümlədən iş vaxtından artıq işə cəlb edilməsini təsdiq edən hər hansı sənəd məhkəməyə təqdim edə bilmir. Cavabdeh tərəfindən bu barədə hər hansı əmrin (sərəncam və ya qərarın) qəbul edildiyi də müəyyən edilmir. İddiaçının şikayəti əsasında Abşeron Rayon Prokurorluğu tərəfindən aparılmış araşdırma zamanı X14, X5 və X10 öz izahatında bu məsələyə toxunsalar da, həmin məsələ üzrə araşdırma aparılmamış və Abşeron Rayon Prokurorluğu tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərarda bu məsələ üzrə hər hansı qərar qəbul edilməmişdir. Həmçinin, nəzərə alınmalıdır ki, X10 iddiaçının qardaşıdır. Həm bu şəxsə, həm də izahat vermiş X2 cavabdehin xx.xx.2020-ci il tarixli əmri ilə şiddətli töhmət verilmişdir.

14. Mənəvi zərərə aid hissədə məhkəmə belə nəticəyə gəlmişdir ki, həm hadisə baş verən zaman, həm də bundan sonrakı dövrdə iddiaçı mənəvi sarsıntı və istirab keçirmiş, onun bu halı hələ də davam edir və istisna deyil ki, hələ xeyli müddət davam edəcəkdir.

15. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəlləsinin 68.1, 68.2 “b” bəndi, 73.1, 83.1, 239.1, 239.2, 239.5, 99.1, 99.4, 165.1-ci maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 101.7, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apelyasiya şikayətinin dəlilləri

16. Qətnamədən iddiaçı və cavabdeh tərəfindən apelyasiya şikayəti verilmişdir.

17. İddiaçı apelyasiya şikayətində qətnamənin iddianın təmin edilməyən hissəsində ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edərək, göstərmişdir ki, hadisə baş verdikdən sonra işəgötürən hadisəni gizlətmək məqsədi ilə ona heç bir yerə şikayət etməməyi və dəymiş ziyanı ödəyəcəyini vəd verməklə onu aldatmışdır. İşəgötürən baş verən xəsarətlə əlaqədar Əmək Müfəttişliyinə məlumat verməmiş, 1 gün ərzində tərtib edilməli olan İZ formalı akt tərtib etməmişdir. O, aylıq qazancından məhrum olmuşdur. Üz nayihəsində eybəcərləşmə baş vermiş və kosmetik dəyişiklik üçün xərc tələb olunur. İşəgötürən onunla bağlanmış müddətli əmək müqaviləsinə o, xəstəxanada müalicədə olduğu vaxt xitam vermişdir.

18. Cavabdeh apelyasiya şikayətində qətnamənin qismən, iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və iddianın həmin hissədə rədd edilməsi, qalan hissədə dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, iddiaçı müəssisədə hər hansı xəsarət almamış, bu hadisəni qardaşı ilə birlikdə planlaşdırmışdır. Müəssisədə işləmiş qardaşı 07 avqust 2020-ci il tarixdə iş yerini özbaşına tərk edərək getmiş və taksi fəaliyyəti ilə məşğul olmuşdur, növbə rəisi kimi öz işini də qardaşına, yəni iddiaçıya həvalə etmişdir. İddiaçı Mingəçevirə getmişdir. Müəssisənin rəhbərliyi tərəfindən ona 500 manat pul göndərilmişdir.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apelyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və vəkili öz apelyasiya şikayətlərini müdafiə edərək, təmin edilməsini xahiş etdilər.

21. Cavabdehin nümayəndəsi MMC-nin apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini, iddiaçının apelyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Əmək Məcəlləsi

22. Maddə 99.1. İş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır.

23. Maddə 99.4. Əmək şəraiti ağır və zərərli olan sahələrdə bütün iş günü (növbəsi) ərzində iş vaxtından artıq işlərin müddəti 2 saatdan çox ola bilməz.

24. Maddə 165.1. İşçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla ödənilir.

25. Maddə 239.1. İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir.

26. Maddə 239.2. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir.

27. Maddə 239.5. Bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur.

28. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır… Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir.

29. Həmin Qərarın 8-ci bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

30. Həmin Qərarın 10-cu bəndinə əsasən, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyələri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

31. Həmin Qərarın 11-ci bəndinə əsasən mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 290-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi zərərə görə maddi məsuliyyət daşıyır. İşçiyə mənəvi zərərin ödənilməsi ilə əlaqədar müddəalar Əmək Məcəlləsinin 290-ci maddəsi ilə yanaşı bir sıra başqa maddələrində də (məsələn: 2, 16, 194, 195, 196, 202, 288 və 300-cü maddələrdə) nəzərdə tutulmuşdur. İşəgötürənin hər hansı qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində işçiyə vurulmuş mənəvi zərərin məbləği Əmək Məcəlləsinin 290-ci maddəsində nəzərdə tutulmuş qaydada müəyyən edilməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

35. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apelyasiya baxışının hədləri

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

38. Qətnamə həm iddiaçı, həm də cavabdeh tərəfindən mübahisələndirilmişdir. Apelyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayətlər təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. İddiaçı hazırki tələbində qanunsuz işdən çıxarıldığına və istehsalat xəsarətlərinə görə kompensasiya, əlavə iş saatlarına və mənəvi zərərə görə pulun tutulmasını tələb edir.

41. İş materiallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında ilk olaraq, yəni xx.xx.2018-ci il tarixdə müddətsiz, xx.xx.2019-cu il tarixdə isə müddətli əmək müqaviləsi bağlanmış və həmin əmək müqaviləsinə müddətin qurtarması əsası ilə xx.xx.2020-ci il tarixdə xitam verilmiş və bu barədə müvafiq bildiriş həmin tarixdə mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilmiş və onunla son haqqhesab aparılmışdır.

42. İddiaçı hazırda işəgötürənin onunla bağlanmış müddətli əmək müqaviləsinə o, xəstəxanada müalicədə olduğu vaxt xitam verildiyinə istinad edərək, qanunsuz işdən çıxarıldığı üçün maddi ziyan tələb edir.

43. Kollegiya qeyd edir ki, iddiaçı qanunsuz işdən çıxarıldığına istinad etsə də, bununla bağlı müstəqil iddia qaldırmamış, qanunsuz olduğunu göstərdiyi əmri mübahisələndirməmişdir. Eləcə də iddiaçı stasionar qaydada xəstəxanada müalicə almamış, müalicəni ambulator qaydada almışdır, bülleten açdırmamışdır.

44. İstehsalat xəsarətlərinə görə kompensasiya ilə bağlı isə məhkəmə haqlı olaraq göstərmişdir ki, iddiaçı istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari qaydada sığorta olunmuşdur. Bu hal Abşeron Rayon Prokurorluğunun “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərarı ilə də öz təsdiqini tapır. Bu halın mövcudluğu, yəni iddiaçının istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari qaydada sığorta olunması qeyd edilən hadisə ilə bağlı cavabdeh tərəfindən ona hər hansı xərclərin əvəzinin, habelə ödənclərin ödənilməsini istisna edir.

45. Kollegiya iclasında «iddiaçı istehsalat xəsarətlərinə görə kompensasiya» tələbinə aydınlıq gətirərək bildirdi ki, o, hadisə nəticəsində düşdüyü maddi zərəri, yəni müalicə və yol xərci tələb edir.

46. Kollegiya qeyd edir ki, iddiaçı hadisə baş verdikdən sonra könüllü Mingəçevirə getmiş, daha sonra Bakı şəhəri 5 nömrəli Xəstəxananın Yanıq şöbəsində ambulator müalicə almışdır. Xəstəxana dövlət müəssisəsi olmaqla dövlət vəsaiti hesabına xidmət göstərilir.

47. Digər tərəfdən iddiaçı maddi zərərə məruz qalması ilə bağlı (özəl klinikada müayinə və müalicə, dərmanların alınması, nəqliyyat xərci və s.) hər hansı sübut təqdim etməmişdir.

48. Tərəflərin özünün bildirməsindən müəyyən edilən odur ki, iddiaçı Mingəçevirdə olduğu zaman cavabdeh tərəfindən ona 500 manat məbləğində pul vəsaiti göndərilmişdir. Kollegiya hesab edir ki, iddiaçının maddi zərər kimi nəzərə aldığı yol xərci və zəruri digər xərclərin qarşılanması üçün cavabdeh tərəfindən ödənilmiş həmin 500 manat kifayət qədər ağlabatan məbləğdir.

49. Məhkəmə bu hissədə iddia tələbinin rədd edilməsi barədə əsaslı və düzgün qənaətə gəlmişdir.

50. İş vaxtından artıq işə cəlb edilməyə aid iddia tələbinə aid hissədə də kollegiya hesab edir ki, məhkəmə haqlı olaraq göstərmişdir ki, iddiaçı 13 ay 17 gün ərzində hər gün iş vaxtından 6 saat artıq işə cəlb edildiyini iddia etməsinə baxmayaraq, bu halı sübuta yetirə bilmir, o cümlədən iş vaxtından artıq işə cəlb edilməsini təsdiq edən hər hansı sənəd məhkəməyə təqdim edə bilməmişdir. Apelyasiya baxışı zamanı da bununla bağlı hər hansı sübut təqdim edilməmişdir.

51. Mənəvi zərərlə bağlı da məhkəmə haqlı olaraq belə nəticəyə gəlmişdir ki, ani surətdə və gözlənilməz halda baş verən bu hadisə iddiaçının şüurunda müəyyən mənfi psixi reaksiyaya (ölüm qorxusu, həyəcan, anlaşılmazlıq və s.) və əzab çəkməsinə səbəb olmuşdur.

52. İddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi işin mübahisəsiz halıdır.

53. Kollegiya hesab edir ki, cavabdeh tərəfindən mənəvi ziyana görə tutulması müəyyən edilən 5000 manat ağlabatan və ədalətli məbləğdir.

54. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur.

55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apelyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-194/2022 saylı iş üzrə 04 may 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar