Məhkəmə qərarları › İş №2(103)-6273/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6273/2022

28.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6273/2022 28.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: maddi və mənəvi ziyan) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3305/22 saylı iş üzrə 01 iyul 2022-ci il tarixli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə 28 sentyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. X2 cavabdeh təşkilatın işçisi olduğu vaxt əmək funksiyalarının icrası zamanı öz xidməti vəzifəsini yerinə yetirməyərək cinayətkarcasına etinasızlıq etməklə, lazımi diqqət və ehtiyatlılıq göstərməmiş, bu səbəbdən küçə paylayıcı qaz xəttinin yeraltı hissəsindən təbii qazın sızaraq iddiaçının yoldaşı Əli Osmanlıya məxsus evin kürsü (yarızirzəmi) hissəsinə, oradan da evin otağına dolması və partlayış konsentrasiyası həddinə çatması nəticəsində 1 mart 2020-ci il tarixdə saat 7 radələrində həmin evdə partlayış baş vermişdir, həmin partlayış hadisəsi nəticəsində evdə olan İddiaçı sağlamlığına ziyan dəymişdir, o, sağlamlığının bərpa olunması məqsədilə müalicə almışdır (həmçinin əməliyyat olunmuş), iztirab - fiziki əzab çəkmiş, maddi zərərə (müalicə, müayinə və s. xərclər) məruz qalmışdır, hadisə zərərçəkəndə əlilliklə nəticələnməmişdir.

2. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(037)-3/2021 saylı hökmü ilə X2 AR Cinayət Məcəlləsinin 314.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməklə təqsirli bilinərək 3000 manat miqdarında cərimə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə İsmayıllı Rayon Məhkəməsinin həmin hökmü ləğv olunmuş və N.Məmmədov Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Amnistiya aktı təqbir olunmaqla cəzadan azad edilmişdir.

3. Cinayət işinə apellyasiya instansiyası məhkəməsində baxılarkən cavabdeh tərəfindən iddiaçıya mülkiyyətinə dəymiş ziyana görə 23814 manat məbləğində pul vəsaiti ödənilmişdir. Bundan başqa iddiaçının əri X1 1000 manat, 2000 manat və 3000 manat olmaqla, cəmi 6000 manat ödəniş edilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdehnə qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən maddi ziyana görə 19000 manat, mənəvi ziyana görə 80000 manat, dövlət rüsumunun ödənilməsinə görə 387 manat pul vəsaitinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə İsmayıllı rayonu Quşencə kəndində yerləşən fərdi yaşayış evində partlayış hadisəsi baş vermişdir, partlayış nəticəsində iddiaçı özü, həyat yoldaşı, oğlu xəsarətlər almışlar və mülkiyyətlərində olan fərdi yaşayış evi qaz partlayışı nəticəsində məhv olaraq ümumilikdə mülkiyyətlərinə 23814 manat məbləğində ziyan dəymişdir, baş vermiş partlayış nəticəsində sağlamlığını uzun müddətə itirmişdir, sağlamlığının tam bərpa olunması mümkün deyildir, müayinə, müalicə xərcləri özü tərəfindən ödənilmişdir, xəstəxanada stasionar müayinə və müalicəsinə 16000 manat, ümumilikdə müalicə xərclərinə 19000 manat məbləğində vəsait sərf olunmuşdur, partlayış nəticəsində sağlamlığına ağır ziyan dəyməsi ilə yanaşı ailə üzvlərinin də ağır xəsarət almaları ilə əlaqədar onları itirmək qorxusu ilə bağlı ağır sarsıntı, iztirab keçirmiş, uzun müddət xəstəxanalarda stasionar və ambulator müalicə olunmuşdur, baş vermiş hadisə ilə əlaqədar İsmayıllı rayon prokurorluğu tərəfindən cinayət işi başlanılmış və hadisənin cavabdehin işçilərinin təqsirli hərəkətləri səbəbindən baş verməsi istintaq zamanı tam sübuta yetirilmişdir. İsmayıllı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə X2 Cinayət Məcəlləsinin 314.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir, Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə İsmayıllı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ləğv edilmiş, X2 AR CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir, Şəki Apellyasiya Məhkəməsində məhkəmə icraatı zamanı cavabdeh tərəfindən mülkiyyətinə dəymiş ziyan olan 23814 manat məbləğində pul ödənilmiş, ona dəymiş maddi (xəstəxana xərcləri və s.) və mənəvi ziyan ödənilməmişdir. Cavabdeh şirkət tərəfindən onlara hissə-hissə olmaqla 6000 manat pul ödənilmişdir.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-3305/22 saylı iş üzrə 01 iyul 2022-ci il tarixli qətnaməsi ilə (hakim Şəhriyar Əliyev) iddia qismən təmin edilərək, cavabdehdən maddi ziyanın əvəzi qismində 1524 manat, mənəvi ziyanın əvəzi qismində 15000 manat olmaqla, cəmi 16524 manat və dövlət rüsumunun əvəzi qismində 135 manat alınaraq iddiaçıya ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır.

7. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, cavabdeh iddiaçıya (sağlamlığına) birbaşa zərər vurulması ilə nəticələnən mülki hüquq pozuntusu törətmiş, iddiaçı sağlamlığına vurulmuş ziyanın aradan qaldırılması, sağlamlığının bərpası məqsədilə xərc çəkmişdir. Məhkəmə iddiaçı tərəfindən iş materiallarına əlavə olunmuş sübutlar (qəbzlər) nəzərə almaqla vurulmuş maddi ziyanın həcmi 1524 manat (80+190+80+590+7,67+400+175,651524 manat) həddində müəyyən etmiş, mənəvi ziyanı isə 15000 manat qiymətləndirmişdir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1099.1, 1115, 1117, 1118.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.4, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

9. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin qismən – iddianın təmin olunmayan hissəsində ləğv edilməsini, həmin hissədə iddianın tam təmin olunmasını xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ancaq sol bud sümüyündən metal fiksatorun xaric edilməsi ilə bağlı cərrahi əməliyyat zamanı çəkdiyi xərcləri nəzərə almışdır. Məhkəmə nəzərə almamışdır ki, cavabdehin işçilərinin səhlənkarlığı səbəbindən həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aid xəsarətlər də alıb. Çəkdiyi xərcləri ( cərrahi əməliyyatların keçirilməsi, dərman və digər zəruri ləvazimatların alınması üçün çəkilən xərclər) ekspertiza keçirməklə müəyyən etmək olardı. Partlayış nəticəsində çəkdiyi iztirab, sarsıntıların dəyəri heç milyonlarla da ölçülə bilməz. X3 partlayışdan sonra epilepsiya xəstəliyinə tutulması və həmin xəstəliyin sağalmaz olması ona bir ana kimi əzab verir.

11. Cavabdeh də apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd olunmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi ziyan olaraq iddiaçıya və ailə üzvlərinə ödənilmiş 6000 manat pul məbləğini nəzərə almamışdır. Məhkəmə mənəvi ziyanın hansı meyarlarla müəyyən edilməsini əsaslandırmamışdır. Məhkəmə İddiaçı Şəki Apelyasiya Məhkəməsinə təqdim etdiyi Cavabdeh İB-dən heç bir şikayət və tələbinin olmaması və apelyasiya şikayətindən imtina etməsi ilə bağlı ərizəsini və iddiaçıya və ailə üzvlərinə Cavabdeh İB tərəfindən 29814 manat məbləğində ödəniş edilməsini nəzərə almamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. İddiaçı və nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etdilər. Onlar eyni zamanda cavabdehin apellyasiya şikayətini qəbul etmədiklərini bildirdilər.

15. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

16. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

17. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

18. Maddə 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

19. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

20. Maddə 1099.1. Hüquqi və fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

21. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

22. Maddə 1117. Müqavilə öhdəliklərinin icrası zamanı, habelə hərbi qulluq, polisdə qulluq vəzifələrinin və digər müvafiq vəzifələrin icrası zamanı fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzi, əgər qanunda və ya müqavilədə daha yüksək məsuliyyət ölçüsü nəzərdə tutulmayıbsa, bu Məcəllənin bu fəslində nəzərdə tutulmuş qaydalar üzrə ödənilir.

23. Maddə 1118.1. Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

Apellyasiya baxışının hədləri

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. Hazırkı apellyasiya şikayətlərində qətnamə iş üzrə iddiaçı tərəfindən iddianın təmin olunmayan hissəsində və cavabdeh tərəfindən iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız, cavabdehin şikayətinin dəlillərini isə qismən əsaslı sayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi maddi ziyanın ödənilməsi tələbini qismən təmin edərkən tərəflər arasında yaranmış mübahisəni həmin hissədə düzgün həll etmiş, qətnamə həmin hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır.

30. İddiaçının apellyasiya şikayətinin dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, müalicə üçün çəkilən xərclər tibb müəssisəsi tərəfindən verilmiş ödəniş qəbzləri ilə təsdiq olunur. Bu səbəbdən müalicəyə çəkilən xərcləri müəyyən etmək üçün hər hansı ekspertiza keçirilməsinə zərurət yoxdur.

31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mənəvi zərərin əvəzinin ödənilməsi hissəsində gəldiyi nəticə ilə ümumən razılaşsa da, tutulmuş pul vəsaitinin miqdarını törədilmiş əmələ mütənasib saymır və hesab edir ki, həmin məbləğ yüksək olduğundan azaldılmalıdır.

32. Ali Məhkəmə Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 10-cu bəndində qeyd edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır.

33. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

34. Məhkəmə kollegiyasının qənaətinə görə qeyd edilənlər, o cümlədən cinayət işinə baxılarkən zərərçəkmişə mülkiyyətinə dəymiş zərərin əvəzi kimi 23814 manat və əlavə olaraq ərinə 6000 manat ödənilməsi, hadisə nəticəsində iddiaçı və ailə üzvlərinin həyatını itirmədiyi, iddiaçının ailə üzvü olan digər zərərçəkənlərin ayrıca iddia qaldırdıqları, habelə işin digər diqqətəlayiq halları nəzərə alınmaqla mənəvi zərərin əvəzi kimi cavabdehdən iddiaçının xeyrinə cəmi 10 000 manat məbləğində pul tutulması ədalətli və məqsədəmüvafiqdir.

35. Kollegiya oxşar işlər üzrə məhkəmə təcrübəsinə əsaslanaraq belə bir ümumi prinsipi nəzərə alır ki, tutulan mənəvi ziyanın məbləği bir tərəfi həddən artıq zənginləşdirməməli, digər tərəfi isə müflis etməməlidir.

36. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə 01 iyul 2022-ci il tarixli qətnaməsi Cavabdehndən İddiaçı xeyrinə mənəvi zərərin əvəzi kimi 15 000 manat tutulması hissəsində dəyişdirilsin. Həmin məbləğ 10 000 (on min) manat müəyyən edilsin. Qətnamə apellyasiya şikayətləri üzrə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar