Məhkəmə qərarları › İş №2(103)-6275/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6275/2021

02.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6275/2021 02.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, X20 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X8, cavabdeh X6 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin cavabdeh X9rşı subroqasiya qaydasında pul tələbi barədə ilkin, cavabdeh X11 iddiaçı "xxxx" ASC-yə qarşı pul tələbi barədə qarşılıqlı iddiası üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2581/2021 saylı, 02.04.2021-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş 405 manat sığorta ödənişinin və 20 manat dövlət rüsumu olmaqla, ümumilikdə 425 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə ilkin, cavabdeh 5000 manat maddi və mənəvi zərərin və 30 manat dövlət rüsumunun iddiaçıdan onun xeyrinə tutulması barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-də PME ********** nömrəli sığorta şəhadətnaməsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış cavabdeh 08 oktyabr 2019-cu il tarixdə idarə etdiyi "Skoda Rapid" markalı ** NK *** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ilə hərəkət edən zaman ara məsafəsini düzgün seçməmiş və nəticədə "Toyota Camry" markalı ** BO *** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Bakı şəhər DYPİ-də tərtib olunmuş TP ******* saylı inzibati tənbehvermə haqqında qərara əsasən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs cavabdeh müəyyən olunmuş, yolnəqliyyat hadisəsi nəticəsində "Toyota Camry" markalı ** BO *** dövlət nömrə nişanlı avtomobilə 405 manat məbləğində maddi zərər dəymişdir. PME ********** saylı sığorta şəhadətnaməsinə, 25 sentyabr 2020-ci il tarixli İAS 200885 saylı Sığorta ödənişi aktına əsasən iddiaçı tərəfindən zərərçəkənə 405 manat sığorta ödənişi həyata keçirilmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, idarə etdiyi “Skoda Rapid” markalı ** NK *** dövlət nömrə nişanlı avtomobil arvadı X1. X2 ilə 18 dekabr 2014-cü il tarixdə ailə qurublar. Bu barədə nikah şəhadətnaməsi vardır. “Skoda Rapid” markalı ** NK *** dövlət nömrə nişanlı avtomobili nikahdan sonra, 23 iyun 2018-ci il tarixində, birgə nikah dövründə almışlar. Nikah müddətində ər və arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Nikah şəhadətnaməsi həm də etibarnamədir. Etibarnamə olmadan həyat yoldaşının avtomobilini idarə etmək olar. Amma bunun üçün onların nikah haqqında şəhadətnamələri mövcuddur. Daşınan və daşınmaz əmlak ərlə arvadın birgə mülkiyyəti hesab edilir. Ona görə də o arvadının avtomobilini onun icazəsi olmadan da idarə edə bilər. "xxxx" ASC-də PME ********** nömrəli sığorta şəhadətnaməsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış X16 08 oktyabr 2019-cu il tarixdə idarə etdiyi “Skoda Rapid” markalı ** NK *** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ilə hərəkət edən zaman ara məsafəsini düzgün seçməmiş və nəticədə “Toyota Camry” markalı ** BO *** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq yolnəqliyyat hadisəsi törətmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Bakı şəhər DYPİ-də tərtib olunmuş TP ******* saylı inzibati tənbehvermə haqqında qərara əsasən yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs o müəyyən olunmuşdur. Həmin yol-nəqliyyat hadisəsi nəticəsində “Toyota Camry” markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomobilə 405 manat məbləğində maddi zərər dəymiş və iddiaçı tərəfindən zərərçəkənə 405 (dörd yüz beş) manat sığorta ödənişi həyata keçirilmişdir. Ona qarşı qaldırılan iddiaya görə mənəvi sarsıntı keçirmiş, ona qarşı törədilən qanunsuz hərəkət şüurumda müəyyən mənfi psixi reaksiyaya səbəb olub, hal-hazırda da qanunsuz olaraq cavabdeh tərəfdən irəli sürülən haqsız məhkəmə proosesiərində iştirk edir, buna vaxtı gedir, işdən ayrılır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2581/2021 saylı, 02.04.2021-ci il tarixli qətnaməsi ilə ilkin iddianın və qarşılıqlı iddianın təmin edilməməsi, ilkin və qarşılıqlı iddialar üzrə ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi, qət edilmişdir (sədrlik edən: Pərviz Zamanlı). Qətnamədən iddiaçı "xxxx" ASC apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2581/2021 saylı, 02.04.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh X13 yol-nəqliyyat hadisəsi baş verərkən etibarnamə olmadan, yalnız nikah şəhadətnaməsi ilə X2na məxsus avtomobili idarə etməsi mülki işin mübahisəsiz tərəfidir. Bu faktın həqiqiliyini cavabdeh X17 məhkəmə iclasında çıxışı zamanı özü də təsdiq etmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, X10 nikah şəhadətnaməsi ilə arvadına məxsus avtomobili idarə etməsi şəxsin idarəetmə hüququnun olmaması hesab olunmur, çünki nikah şəhadətnaməsi şəxsin arvadına məxsus avtomobilə münasibətdə mülkiyyət hüququnu təsdiqləyən sənəd hesab olunur. Nikah şəhadətnaməsinin avtonəqliyyat vasitəsinə sahiblik hüququnu təsdiq edən sənəd olub-olmaması barədə 03 mart 2021ci il tarixdə sığorra şirkəti tərəfindən Baş Dövlət Yol Polis İdarəsinə 229-03/21H saylı sorğu ünvanlanmışdır. Həmin sorğuya cavab olaraq göndərilmiş 19 mart 2021-ci il tarixli məktubda "Yol hərəkəti haqqında" AR qanununun 37.1-ci maddəsinə istinad edilmiş və sürücünün avtomobilə sahiblik hüququnu təsdiq edən sənəd kimi ümumi mülkiyyət haqqında şəhadətnamə göstərilmişdir. Bundan əlavə, eyni sığorta müqaviləsinin (PME**********) qüvvədə olduğu müddət ərzində X18 16.09.2019-cu il tarixdə nikah şəhadətnaməsi ilə "Skoda Rapid" markalı ** NK *** dövlət nömrə nişanlı avtomobili idarə edərək yol-nəqliyyat hadisəsi törətmiş və hadisə baş verən zaman şəxsin idarəetmə hüququ olmadığı üçün (etibarnamə olmadan, ancaq nikah şəhadətnaməsi ilə) Xətai rayon məhkəməsinə subroqasiya qaydasında pul tələbi ilə bağlı iddia ərizəsi ilə müraciət olunmuş və 21.01.2020-ci il tarixli 2(011)-1236/2020 saylı qətnamə ilə iddia təmin edilmişdir (Hakim: Ş.Əliyev). Həmin qətnamə qanuni qüvvəyə minmişdir. Qeyd olunanlardan da aydın olduğu kimi, eyni sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində eyni şəxsə münasibətdə eyni əsaslar (nikah şəhadətnaməsi ilə avtomobili idarə etdiyi üçün idarəetmə hüququ olmaması) üzrə iki müxtəlif hadisə üzrə Xətai rayon məhkəməsində iki müxtəlif qərar qəbul olunmuşdur. Nəticədə, məhkəmə tərəfindən hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin təmin edilməsi və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsi prinsipi pozulmuşdur. Qeyd edilən müddəalardan da aydın olduğu kimi, məhkəmələr tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi yolverilməzdir. Vahid məhkəmə təcrübəsinin tətbiqi hüququn ümumiliyini, qanun qarşısında bərabərliyi və hüquqi müəyyənliyi təmin edir. Bundan başqa, vahid məhkəmə təcrübəsinin mövcudluğu oxşar məhkəmə işlərinin həllinin proqnozlaşdırıla bilən olmasını təmin etməklə mübahisələrin məhkəmədən kənar həllinə kömək edir, bununla da, ədalət mühakiməsinin səmərəliliyinin və keyfiyyətinin artırılmasına töhfə vermiş olur. Məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməməsi hüquqi müəyyənlik prinsipinin pozulmasına gətirib çıxarır. Belə ki, hüquqi müəyyənlik prinsipi hüququn əliliyinin əsas xüsusiyyətlərindən biri kimi çıxış edir. Bunun təmin edilməsi üçün həm hüquq normaları birmənalı və aydın olmalıdır, həm də xüsusilə məhkəmə təcrübəsində vahid qaydada tətbiq edilməlidir. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi Ş.Mirzəyeva şikayəti müdafiə edərək, təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi. Kollegiya iclasında iştirak edən cavabdeh N.Mustafaoğlu iddiaçının apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan və surəti notarial qaydada təsdiq edilmiş beynəlxalq nikah haqqında şəhadətnamə ilə müəyyən edilir ki, cavabdeh X5 ilə 18.12.2014-cü il tarixdə nikaha daxil olmuşlar. İş materiallarında olan "Skoda Rapid" markalı ** NK *** dövlət nömrə nişanlı avtomobilin AD seriyalı, 281425 nömrəli qeydiyyat şəhadətnaməsənin surətindən görünür ki, avtomobil 23.06.2018ci il tarixdə cavabdehin X2nın adına qeydiyyata alınmışdır. Hüquqi dəyərləndirmə: Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ərarvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Qeyd edilən müddəalardan da göründüyü kimi əmlakın ər-arvadın ümumi birgə əmlakı hesab edilməsi üçün üç şərt nəzərdə tutulmuşdur: 1) tərəflərin birgə nikahda olmaları; 2) əmlakın nikah müddətində əldə olunması və 3) əmlakın ər-arvadın birgə qazancları hesabına əldə olunması. Cavabdehlə Fəridə Mustafaoğlunun birgə nikahda olmaları və avtomobilin onların birgə nikahda olduqları müddətdə əldə olunması işin mübahisəsiz halıdır. Avtomobilin cavabehlə Fəridə Mustafaoğlunun birgə qazancları hesabına əldə olunmasını təkzib edəcək sübutlar isə iş materiallarında mövcud deyildir. Bu səbəbdən də kollegiya hesab edir ki, "Skoda Rapid" markalı ** NK *** dövlət nömrə nişanlı avtomobil cavabdehlə Fəridə Mustafaoğlunun birgə əmlakı hesab olunduğundan və avtomobil üzərində cavabdeh mülkiyyət hüququna malik olduğundan o, avtomobili etibarnamə almadan idarə etmək hüququna malik olmuşdur. Çünki, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın (AR MM-nin 152.5-ci maddəsi). Həmçinin, Mülki Məcəllənin 222.1-ci maddəsində təsbit edilmişdir ki, birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Eyni zamanda Mülki Məcəllənin 152.8-ci maddəsində müəyyən edilmişdir ki, mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Beləliklə, sadalanan xüsusatlar əsasında kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, icbari sığorta növü üzrə iddiaçı tərəfindən sığortalanmış "Skoda Rapid" markalı ** NK *** dövlət nömrə nişanlı avtomobilə dair cavabdeh mülkiyyət hüququna malik olduğundan və avtomobili etibarnamə olmadan idarə etmək səlahiyyətinə malik olduğundan onun təqsiri nəticəsində baş vermiş sığorta hadisəsinə görə ödənilmiş sığorta ödənişi “İcbari Sığortalar haqqında” Azərbaycan Respulikası qanununun 25.1.3-cü maddəsinə müvafiq olaraq subroqasiya qaydasında cavabdehdən tələb edilə bilməz. Kollegiya qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, cavabdeh ona 5000 manat maddi və mənəvi zərər dəydiyini iddia etsə də, bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göstərilən müddəa zərərin həm real, həm də əldən çıxmış fayda formasında olmaqla, iki növünü müəyyən etmişdir. Hər bir halda, adı çəkilən müddəa zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxsin ona dəymiş zərəri sübut etmək vəzifəsinin də olmasına işarə edir. Lakin cavabdeh iddiaçı tərəfindən ona vurulmuş maddi zərərin nədə ifadə olunması, habelə ona nə real, nə də əldən çıxmış fayda formasında hansı həcmdə zərər dəydiyini təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, birinci instansiya məhkəməsinin ilkin və qarşılıqlı iddia tələblərinin rədd edilməsindən ibarət mövqeyi qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, eyni sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində eyni şəxsə münasibətdə eyni əsaslar (nikah şəhadətnaməsi ilə avtomobili idarə etdiyi üçün idarəetmə hüququ olmaması) üzrə iki müxtəlif hadisə üzrə Xətai rayon məhkəməsində iki müxtəlif qərar qəbul olunmuşdur. Nəticədə, məhkəmə tərəfindən hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin təmin edilməsi və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsi prinsipi pozulmuşdur. Kollegiya iddiaçının apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, həmin qərarın hazırki işin mahiyyəti ilə hər hansı bağlılığı müəyyən edilmədiyindən, həmin məhkəmə qərarının hazırki mülki işə baxılmasında preyudisial əhəmiyyəti ola bilməz. Hazırki apellyasiya şikayəti ilkin iddia üzrə iddiaçı "xxxx" ASC tərəfindən verilmiş, qarşılıqlı iddia üzrə iddiaçı X19 isə apellyasiya şikayəti verməmiş, həmçinin kollegiya iclasında iştirakı zamanı apellyasiya şikayətinin olmadığını bildirmişdir. "xxxx" ASC tərəfindən irəli sürülən iddianın qiyməti 425 manatdır. Mülki Prosessual Məcəllənin 404-1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-2581/2021 saylı, 02.04.2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar