Məhkəmə qərarları › İş №2(103)-6277/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6277/2022

09.09.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6277/2022 09.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Daşınmaz əmlak üzərinə qoyulmuş həbs və qadağanın götürülməsi haqqında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli 2(009)-2536/2014 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı cavabdehlər X1, Cavabdeh3, Cavabdeh4 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı alqı-satqı müqavilələrinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmiş, bundan əlavə iddianı təmin tədbiri haqqında ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Badamdar qəsəbəsi 1-ci yaşayış massivi 9-cu döngədə ayrılmış torpaq sahəsinin üzərinə həbs qoyulmasını və həmin torpaq sahəsi ilə bağlı bütün hərəkətlərin edilməsinin cavabdehə və digər şəxslərə qadağan edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 iyul 2014-cü il tarixli 2(009)-2536/2014 saylı qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri ünvan 1 ünvanında yerləşən 0,03 ha torpaq sahəsinin üzərinə həbs qoyulmuş və həmin torpaq sahəsinin özgəninkiləşdirilməsi ilə bağlı hər hansı hərəkətlərin edilməsi cavabdehlər X1, Cavabdeh3, Cavabdeh4 və digər şəxslərə qadağan edilmişdir. Cavabdeh4 ərizə ilə məhkəməyə müraciət edərək şəxsi mülkiyyətində olan Bakı şəhəri ünvan 1nin bir hissəsində yerləşən 0,02 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, İddiaçı ona və digər cavabdehlərə qarşı torpaq sahəsinin alqı-satqı müqaviləsinin və çıxarışların etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmiş, qətnamə Ali Məhkəmə tərəfindən dəyişdirilmədən saxlanılaraq qanuni qüvvəyə minmişdir. Buna görə də müvəqqəti təminat tədbirinin qüvvədə qalmasına zərurət yoxdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli 2(009)-2536/2014 saylı qərardadı ilə ərizə təmin edilmiş və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 iyul 2014-cü il tarixli 2(009)-2536/2014 saylı qərardadı ilə Bakı şəhəri ünvan 1 ünvanında yerləşən 0,03 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbs və qadağa götürülmüşdür. İddiaçı həmin qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 avqust 2022-ci il tarixli 2(009)-2536/2014 saylı qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Ancaq işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 162.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdəki dəlillər əsassız olduğundan qərardadın ləğvi üçün əsas ola bilməz. İş materiallarından görünür ki, Bakı şəhəri ünvan 1 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi ilə bağlı İddiaçı iddiası üzrə mübahisə həll olunmuşdur. Buna görə də Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 iyul 2014-cü il tarixli 2(009)- 2536/2014 saylı qərardadı ilə Bakı şəhəri ünvan 1 ünvanında yerləşən 0,03 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbs və qadağanı götürməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Şərh olunanları nəzərə alaraq, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli 2(009)- 2536/2014 saylı qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-401ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi qəraraaldı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14 iyul 2014-cü il tarixli 2(009)-2536/2014 saylı qərardadı ilə Bakı şəhəri ünvan 1 ünvanında yerləşən 0,03 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbs və qadağanın götürülməsi haqqında həmin məhkəmənin 25 iyul 2022-ci il tarixli 2(009)-2536/2014 saylı qərardadı İddiaçı şikayəti üzrə dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar