Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6278/2025 16.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi barədə” iddiasına dair iş üzrə Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, hazırkı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 sentyabr 2025-ci il tarixli qətnamədən cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin verdiyi apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: a) iddia tələbi barədə məlumat
1. İddiaçı iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi haqqında” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, ona vurulmuş maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 31.014 manat, vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə isə 300.000 manat məbləğində pulun cavabdeh Maliyyə Nazirliyi vasitəsi ilə dövlət büdcəsindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi göstərilmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2011-2014-cü illərdə Müdafiə Nazirliyinin (şərti olaraq) “N” saylı hərbi hissəsində müddətdən artıq xidmət hərbi qulluqçusu kimi xidmət etməyə başlamışdır. 2014-cü ildə imzalanmış 5 illik müqaviləyə əsasən bir neçə hərbi hissəyə təyinat almış, həmin hərbi hissələrdə bir müddət xidmət etdikdən sonra Müdafiə Nazirliyinin digər hərbi hissəsində sürücü vəzifəsində xidmətini davam etdirmişdir. Bakı Hərbi Məhkəməsi tərəfindən 1-1(093)-14/2024 saylı cinayət işi üzrə xx.xx.2024-cü il tarixdə qəbul edilmiş hökmlə müəyyən edilmişdir ki, hərbi hissədə sürücü kimi xidmətdə olmuş iddiaçı (şərti olaraq) “Tər-tər işi” üzrə “qurban” olmuş və 34 gün ərzində işgəncələrə məruz qalmışdır. İddiaçı, Azərbaycan Ordusunun əvvəlcə müddətdən artıq hərbi qulluqçusu olaraq daha sonra isə digər vəzifədə (sürücü olaraq) nümunəvi xidmət etməsinə baxmayaraq o, “vətən xaini” adı ilə “ləkələnmişdir”. Cinayət işinin nəticəsi ilə müəyyən edilmişdir ki, iddiaçının günahı olmamış, o, vətənə xəyanət etməmişdir. İddiaçı bildirir ki, hərbi xidmət zamanı hərbi qulluqçuların gözü qarşısında “vətən xaini” adlandırılaraq döyüldüyündən bu onda ciddi və bərpaolunmaz mənəvi sarsıntı yaratmış, iztirab çəkməsinə səbəb olmuşdur. Onun vətənə xəyanət adı altında qanunsuz əməllərə məruz qalması təkcə onun özündə deyil, ailə üzvlərində də iztirablar yaşatmışdır. Ailəsinin günlərlə ondan xəbəri olmamış, yaşadığı rayonda qonşular və qohumlar arasında onunla bağlı söz-söhbətlər yayılmış, bütün bunlar ona və ailə üzvlərinə mənəvi iztirab, qeyri-müəyyənlik, narahatlıq hissləri yaşatmışdır. Göstərilənlərə əsasən iddiaçı hesab edir ki, ona vurulmuş mənəvi zərərin əvəzi olaraq dövlət büdcəsindən onun xeyrinə 300.000 manat məbləğində pul tutulmalıdır. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçı, yuxarıda qeyd edilən hadisə baş verən zaman xx.xx.2017-ci il tarixindən hərbi xidmətdən tərxis edilmişdir, baxmayaraq ki o, müddətdən artıq hərbi xidmətə qəbul edilən zaman onunla 3 illik, daha sonra isə 5 illik müddətinə müqavilə bağlanmışdır. Faktiki olaraq xx.xx.2017-ci il tarixindən, müqavilənin müddəti bitən xx.xx.2019-cu il tarixə kimi, yəni 29 ay müddətində əmək haqqından məhrum edilmişdir. 2017-ci il üçün iddiaçının orta əmək haqqısı 966 manat təşkil edib. Göründüyü kimi iddiaçı (29 ay x 966 manat = ) 28.014 manat məbləğində əmək haqqından qanunsuz olaraq məhrum olub. İddiaçı həmçinin 3.000 manat məbləğində digər əlavələrdən (maaşa əlavə, 13-cü ödənişlər və sair) də məhrum olub. Göstərilənlərə əsasən iddiaçı hesab edir ki, ona vurulmuş maddi zərərin əvəzi olaraq dövlət büdcəsindən onun xeyrinə 31.014 manat məbləğində pul tutulmalıdır. b) iddia tələbinə dair cavabdehin və üçüncü şəxsin münasibəti barədə məlumat
4. Cavabdeh Maliyyə Nazirliyin iddia tələbinə qarşı etirazı onunla əsaslandırılmışdır ki, Maliyyə Nazirliyi iddiaçıya münasibətdə heç bir qanunsuz hərəkət (hərəkətsizlik) etməmişdir. Belə ki, iddiaçı, Müdafiə Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz olaraq azadlığının məhdudlaşdırılmasının, qeyri-insani rəftara məruz qalmasının hüquqi əsası kimi Bakı Hərbi Məhkəməsinin 1-1(093)-14/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünü əsas gətirib, ona vurulmuş ziyanın ödənilməsi tələbi ilə çıxış edərək, iddia ərizəsində cavabdeh kimi Maliyyə Nazirliyini qeyd etmişdir. İddiaçıya münasibətdə Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi və iddiaçıya Maliyyə Nazirliyi tərəfindən heç bir ziyan vurulmadığı halda, iddiaçının kompensasiya tələbini cavabdeh qismində Maliyyə Nazirliyinə yönəltməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçının tələbi onun barəsində müvafiq hərəkətlərə yol verən orqan yönəlməli və iddia tələbinə həmin orqana münasibətdə baxılmalıdır. Buna görə də iddia tələbi Maliyyə Nazirliyi münasibətdə təmin edilə bilməz, rədd edilməlidir.
5. İş üzrə üçüncü şəxs olan Müdafiə Nazirliyi məhkəmə baxışının yeri və vaxtı barədə Rayon Məhkəməsi tərəfindən lazımı qaydada xəbərdar edilsə də, iddia tələbinə münasibət bildirməmiş, məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə Rayon Məhkəməsinə məlumat verməmişdir. Buna görə də, Rayon Məhkəməsi işə Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxmışdır. c) birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə barədə məlumat
6. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iddiaçıya dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 17.000 manat, maddi zərərin əvəzinin ödənilməsi məqsədi ilə 26.326,26 manat məbləğində pul vəsaitinin dövlət büdcəsindən cavabdeh Maliyyə Nazirliyi vasitəsi ilə tutularaq iddiaçıya ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir.
7. Rayon Məhkəməsi iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının (şərti olaraq) “Tər-tər işi” üzrə “qurban” olması, işgəncələrə məruz qalması işin mübahisəsiz halıdır, çünki bu hal Bakı Hərbi Məhkəməsi tərəfindən 1-1(093)-14/2024 nömrəli cinayət işi üzrə qəbul edilmiş və artıq qanuni qüvvəyə minmiş xx.xx.2024-cü il tarixli hökmlə təsdiq edilir. Buna görə də, qəbul edilməlidir ki, işgəncə nəticəsində iddiaçıya mənəvi zərər dəymiş və həmin mənəvi zərər dövlət tərəfindən iddiaçıya ödənilməlidir. Odur ki, hazırkı işin halları baxımından, habelə iddiaçının işgəncəyə məruz qaldığı 34 gün müddətinə mütənasib olaraq keçirdiyi mənəvi iztirabın və sarsıntının, psixoloji stressin və əzab-əziyyətin qarşılığı olaraq mənəvi zərərin məbləği hər gün üçün 500 manat məbləğdə müəyyənləşdirilməklə iddiaçıya mənəvi zərər üçün ümumillikdə 17.000 manat məbləğində kompensasiyanın müəyyən edilməsi qanuni olmaqla yanaşı, ağlabatan və ədalətlidir. Buna görə də, Rayon Məhkəməsi hesab etmişdir ki, iddiaçıya dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi məqsədi ilə dövlət büdcəsindən iddiaçının xeyrinə 17.000 manat tutulmalı, bu tələbin qalan hissəsi isə təmin edilməməlidir. İddia tələbinin “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi barədə” hissəsinin həlli ilə bağlı Rayon Məhkəməsi qeyd etmişdir ki, bu tələb də qismən əsaslıdır. Belə ki, iş materiallarında olan sənədlərdən müəyyən edilir ki, iddiaçı, xidmətə uyğunsuzluğa görə müvafiq əmrlə hərbi xidmətdən tərxis edilmişdir. Nəticədə iddiaçı ilə bağlanmış həmin əmrin xx.xx.2019-cu il tarixə qədər (5 illik müqavilə) qüvvədə olmasına baxmayaraq əsassız olaraq 02 il 04 ay 02 gün müddətinə əmək haqqından məhrum edilməklə ona maddi ziyan vurulması aşkardır. İş materiallarına əlavə edilən iddiaçıya dair hesabdan çıxarışdan həmin dövr üçün orta aylıq əmək haqqı təqribən 847,42 manat təşkil etmiş, beləliklə də müəyyən edilmişdir ki, iddiaçı faktiki olaraq işləmədiyi müddət üçün qeyd edilmiş əlavələrlə birlikdə təqribən 26.326,26 manat məbləğdə gəlirlərindən məhrum edilmişdir. Buna görə də, Rayon Məhkəməsi hesab etmişdir ki, iddiaçıya dəymiş maddi zərərin əvəzinin ödənilməsi məqsədi həmin məbləğ dövlət büdcəsindən iddiaçının xeyrinə tutulmalı, bu tələbin qalan hissəsi isə təmin edilməməlidir. d) apellyasiya şikayəti barədə məlumat
8. Cavabdeh Maliyyə Nazirliyi həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
9. Əsasları iddia tələbinə qarşı verilmiş etirazın əsasları ilə eynilik təşkil edən apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iddia tələbinə qarşı verilmiş yazılı etirazda qeyd edilənlər ilə yanaşı həmçinin o halı da nəzərə almamışdır ki, iddiaçının haqqında xidmətə uyğunsuzluğa görə hərbi xidmətdən tərxis edilməsi haqqında əmr qüvvədədir, iddiaçı həmin əmri mübahisələndirməmiş, həmin əmrin qanunsuz olması ilə bağlı hər hansı məhkəmə aktı mövcud deyil. e) apellyasiya şikayətinə verilmiş etiraz barədə məlumat
10. İddiaçı apellyasiya şikayətinə qarşı Məhkəməyə göndərdiyi yazılı etirazda Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının analoji 2(103)-3914/2025 və 2(103)- 3601/2025 saylı işlər üzrə qəbul etdiyi xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli qətnamələrə istinad edərək, apellyasiya şikayətinin rədd edilməsini, Rayon Məhkəməsinin qəbul etdiyi qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
11. Etiraz onunla əsaslandırılmışdır ki, həmin qətnamələrdən göründüyü kimi, həmin işlərə baxmış Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, barələrində xidmətə uyğunsuzluğa görə hərbi xidmətdən tərxis edilməsi haqqında əmr verilmiş şəxslərə (həmin işlər üzrə iddiaçılara) əmək haqqının və əmək haqqıya bərabər tutulan ödənclərin əvəzi maddi zərər kimi ödənilməlidir. Bundan başqa həmin qətnamələrdən görünür ki, həmin işlərə baxmış Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hesab etmişdir ki, Maliyyə Nazirliyi iddiaçıya münasibətdə heç bir qanunsuz hərəkət (hərəkətsizlik) etməsə də, Maliyyə Nazirliyi həmin iddialar üzrə cavabdeh qismində çıxış etməli və zərərçəkmiş şəxslərə ödənilməli olan vəsaitlər dövlət büdcəsindən məhz Maliyyə Nazirliyinin vasitəsi ilə tutulmalıdır. (Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının həmin qətnamələrinin surətləri etiraza əlavə edilmişdir). f) apellyasiya baxışının hədləri barədə məlumat
12. Məhkəmə bildirir ki, işə baxmış Rayon Məhkəməsi iddia tələbinin bir qismini təmin etməsə də, iş üzrə üçüncü şəxs olan Müdafiə Nazirliyi və iddiaçı həmin qətnamədən apellyasiya şikayəti verməmiş, iddianın bir qisminin təmin edilməsi barədə Rayon Məhkəməsinin nəticəsini mübahisələndirməmişlər.
13. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh Maliyyə Nazirliyi apellyasiya şikayətində qətnamənin tam ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, o, iddia tələbinin bir qisminin təmin edilməməsi barədə Rayon Məhkəməsinin mövqeyini mübahisələndirmir, o, iddianın qalan hissəsinin təmin edilməsi barədə Rayon Məhkəməsinin nəticəsi ilə razılaşmır, iddianın tam rədd edilməsini tələb edir.
14. Bunları və mübahisənin predmetinin bölünməz olmadığını nəzərə almış Məhkəmə qətnamənin əsaslığını yalnız mübahisələndirilən hissədə yoxlamışdır. Çünki Mülki Prosessual Məcəllənin (MPM) 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. g) apellyasiya icraatında iş üzrə tərəflərin iştirakı barədə məlumat
15. İş üzrə iddiaçı, cavabdeh Maliyyə Nazirliyin nümayəndəsi və üçüncü şəxs Müdafiə Nazirliyin nümayəndəsi işə apellyasiya qaydasında baxılmanın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə baxışı iclasında iddiaçı iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişlər. Bu hal işin baxılmasına mane olmadığından, Məhkəmə, MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. h) mülki mübahisənin həlli və apellyasiya şikayətinin dəlillərinin qiymətləndirilməsi
16. Apellyasiya baxışının həddini nəzərə alan Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni maddi zərərin əvəzinin ödənilməsi tələbin həll edilməsi hissəsindi ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, həmin tələb təmin edilməməlidir.
17. Belə ki, Bakı Hərbi Məhkəməsi tərəfindən 1-1(093)-14/2024 nömrəli cinayət işi üzrə qəbul edilmiş və artıq qanuni qüvvəyə minmiş xx.xx.2024-cü il tarixli hökmlə müəyyən edilmişdir ki, iddiaçı, (şərti olaraq) “Tər-tər işinin” ibtidai istintaqı zamanı 34 gün müddətində işgəncələrə məruz qalmışdır.
18. Qeyd edilən bu hal işin mübahisəsiz halını təşkil edir.
19. Qanuni qüvvəyə minmiş həmin hökmlə müəyyən edilmişdir ki, iddiaçı, 34 gün müddətində işgəncələrə məruz qalmışdır.
20. Məhkəmə bildirir ki, Rayon Məhkəməsinin iddiaçıya vurulmuş mənəvi zərərin əvəzi olaraq dövlət büdcəsindən 17.000 manat məbləğində pul məbləğinin tutularaq iddiaçıya ödənilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur.
21. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli, 7 №-li qərarına görə, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın” 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər (bənd 1.). Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyamın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər (bənd 2.). Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur (bənd 8.).
22. Məhkəmə bildirir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “mənəvi ziyanla” bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə, mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stressləri, əzab və əziyyətləri nəzərə alır.
23. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri əmlak xarakterli olur. Mülki Məcəllənin 21.1-ci maddəsinə görə, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir.
24. Göründüyü kimi, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər-maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda da kompensasiya edilir.
25. Bu baxımdan qəbul edilməlidir ki, iddia tələbinin mənəvi zərər hissəsinə münasibətdə cavabdeh Maliyyə Nazirliyinin apellyasiya şikayəti əsassızdır və Rayon Məhkəməsi iddiaçıya 34 gün müddətində vurulmuş mənəvi zərərin əvəzi olaraq dövlət büdcəsindən cavabdeh Maliyyə Nazirliyi vasitəsi ilə iddiaçının xeyrinə tutulmalı olan pul məbləğinin həcmini 17.000 manat müəyyən etməkdə haqlı olmuşdır. Çünki ölkə üzrə müəyyən edilmiş məhkəmə təcrübəsindən görünür ki, törədilmiş işgəncənin hər günü üçün işgəncəyə məruz qalmış şəxsin xeyrinə ən azı 500 manat məbləğində kompensasiya tutulur.
26. İddiaçı tərəfindən cavabdeh Maliyyə Nazirliyinə qarşı irəli sürülmüş iddia tələbinin “maddi zərərin əvəzinin ödənilməsi barədə” hissəsinin təmin edilməsi haqqında Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticənin və həmin nəticənin əsassız olması haqqında apellyasiya şikayətində ifadə edilmiş dəlillərin əsaslılığı ilə bağlı Məhkəmə qeyd edir ki, işin mübahisəsiz halıdır ki, iddiaçı, xidmətə uyğunsuzluğa görə müvafiq əmrlə hərbi xidmətdən tərxis edilmişdir.
27. Məhkəmə iddia tələbinin maddi zərərin ödənilməsi haqqında hissəsi ilə bağlı bildirir ki, iddiaçının hərbi xidmətdən ehtiyata buraxılması barədə səlahiyyətli şəxs tərəfindən müvafiq əmr verilib. İddiaçının adına olan “Hərbi biletindən” görünür ki, o, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılıb. İşin hallarından müəyyən edilir ki, iddiaçı həmin əmri mübahisələndirməyib və əmrin qanunsuz olması məhkəmə tərəfindən müəyyən edilməyib. Əgər iddiaçı hesab edirsə ki, həmin əmrin verilməsi nəticəsində maddi zərər çəkib, belə halda əmri mübahisələndirməklə maddi zərərin əvəzini ödənilməsi üçün əmrin verilməsinə görə məsuliyyət daşıyan dövlət qurumuna qarşı iddia verə bilər.
28. İddiaçının apellyasiya şikayətinə qarşı verdiyi etirazda istinad etdiyi qətnamələrə gəldikdə isə Məhkəmə qeyd edir ki, həmin qətnamələr vahid məhkəmə təcrübəsini yaradan qətnamələr deyil; həmin qətnamələr qəbul edilərkən, həmin işlərin halları həmin iş üzrə iddiaçı olan şəxslərə münasibətdə qiymətləndirilmişdir. Digər tərəfdən qeyd edilməlidir, “Elektron Məhkəmə” İnformasiya Sistemində olan məlumatlardan görünür ki, xidmətə uyğunsuzluğa görə müvafiq əmrlə hərbi xidmətdən tərxis edilmişdir və “Tər-tər işi” üzrə “qurban” olmuş şəxslərin əksəriyyətinin iddia tələblərinin “maddi zərərin əvəzinin ödənilməsi barədə” hissələri birinci instansiya məhkəmələri tərəfindən təmin edilməmiş və yuxarı instansiya məhkəmələri (o cümlədən kassasiya instansiya məhkəməsi) həmin nəticə ilə razılaşmışlar.
29. Odur ki, bunları və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin tələblərinə əsaslanan Məhkəmə hesab edir ki, Maliyyə Nazirliyinə qarşı irəli sürülmüş maddi zərərin əvəzinin ödənilməsi barədə tələb tam həcmdə əsassızdır, Rayon Məhkəməsinin bu tələblə bağlı mövqeyi səhvdir və işin hallarına uyğun deyil. i) apellyasiya baxışının nəticəsi
30. Beləliklə apellyasiyanın nəticələrini, aellyasiya şikayətinin dəlillərinin qismən olsa da əsaslı olmasını və MPM-in 384, 385, 392, 393, 402, 405-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə
QƏT ETDİ:
Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 03 sentyabr 2025-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə qismən, yəni iddia tələbinin “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi haqqında” hissəsinin həll edilməsi hissədə ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, həmin tələb təmin edilməsin. Qətnamə apellyasiya baxışının predmeti olan qalan hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçı və cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi hazırkı qətnamədən, qətnamə onlara rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verə bilərlər. İş üzrə üçüncü şəxs olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi hazırkı qətnamədən kassasiya şikayəti verə bilməz.