Məhkəmə qərarları › İş №2(103)-6279/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6279/2021

15.12.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6279/2021 15.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), X4 və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı vəkili X1, Cavabdeh nümayəndəsi, eyni zamanda vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı “öhdəlik müqaviləsinə əsasən ödənilmiş behin, əldən çıxmış faydanın və faizlərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2844/2019, 04 dekabr 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 151.000 ABŞ dolları və 65.000 manat pulun onun xeyrinə tutularaq alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə arasında bağlanmış 05.08.2014-cü il tarixli öhdəlik müqaviləsinə əsasən A.Cəlilov küçəsi, ev 26-da yerləşən 101 (çıxarış No 0360853) saylı mənzilin satılması üçün tərəfindən 100.000 ABŞ dolları beh ödənilmiş, 6 aydan sonra 16 aya qədər 1000 manat ödəmək şərti ilə istifadə hüququ əldə edilmişdir. Satıcı Cavabdeh 24 ayın tamamına və yaxud 24 aya qədər imtina olacağı təqdirdə verilmiş behi qaytararaq öhdəliyə xitam vermək hüququ müəyyən edilmişdir. Lakin, müqavilədə göstərilən 24 ay bitdikdən sonra Cavabdeh mənzili alqı-satqı etməmiş, verilmiş behi geri qaytarmamış, bu müqavilənin tələblərini pozaraq mənzili digər müqavilə əsasında ipoteka ilə yüklü etmişdir. Bununla da o, öhdəlik müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Bununla bağlı cavabdehə 29.08.2019-cu il tarixdə pretenziya göndərilmiş və öhdəliyi 5 iş günü müddətində ödənilməsini təmin etməsi xahiş olunmuşdur. Lakin, bu müddət də keçməsinə baxmayaraq heç bir nəticə əldə etməmişdir. 2014-cü ilin avqust ayından 2019-cu ilin avqust ayınadək 100.000 ABŞ dolları pul vəsaiti qanunsuz olaraq cavabdeh tərəfindən saxlanılaraq qaytarılmaqdan boyun qaçırmışdır. Cavabdehin beh kimi verilmiş pulun qaytarılması - 100.000 ABŞ dolları, uçot faiz dərəcəsi (illik 8,5% olmaqla) üzrə - 51.000 ABŞ dolları, əldən çıxmış fayda - 65.000 manat pul öhdəliyi yaranmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2844/2019, 04 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh iddiaçının xeyrinə 100.000 (bir yüz min) ABŞ dolları məbləğində pul vəsaitinin tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə tutulması və iddia tələbinin qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. Qeyd olunan qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərindən görünür ki, cavabdeh tərəfindən əsas alqı-satqı müqaviləsinin mənzilin ipoteka ilə yüklülükdən azad edildikdən sonra bağlanması öhdəliyi götürülməmişdir. Müqavilədən də göründüyü kimi, tərəflər mənzilin alqı-satqısına dair müqaviləni 5 gün ərzində bağlamağı öhdələrinə götürmüşlər. Lakin müqavilədə göstərilməsinə baxmayaraq, məhkəmə həmin müddətin 5 gün olmasına diqqət yetirməmişdir. Həmçinin məhkəmə, iddia müddətinin axımının başlanması ilə bağlı iddiaçının hüquqlarının pozulduğunu bildiyigünü məhkəmə bildirişinə istinad edərək, cavabdeh tərəfindən ipoteka predmetinin qiymətləndirilməsinə dair məhkəmədə qaldırılmış iddiaya dair verilmiş bildirişin vaxtından hesab etmişdir ki, bu da tamamilə əsassızıdır. Müqavilənin icra müddəti konkret olaraq 5 gün ərzində nəzərdə tutulduğundan iddiaçının hüquqları pozulmuş olsaydı, həmin 5 gündən sonrakı gün onu hüqquqlarının pozulduğu gün hesab edilməli idi. Hətta, müqavilənin icrası müddətini 24 ay hesab etsək belə, müqavilənin icrası 05.08.2016-cı il tarixdə başa çatmışdır. Belə olan halda, müqavilə üzrə iddia müddəti 3 il təşkil etdiyindən iddia müddəti ötürülməklə iddia qaldırılmışdır. Bundan başqa, birinci instansiya məhkəməsində proses zamanı aralarında şifahi barışığa dair razılaşma olmuşdur ki, iddiaçı tərəfindən 255.000 manat ödənilərək, mübahisəli mənzil onun istədiyi şəxsin adına alqı-satqı ediləcəkdir. Şifahi razılaşmaya uyğun olaraq, həmin məbləğdə banka olan borc bağlandıqdan sonra mənzil X2 adına rəsmiləşdirilmiş və alıcı qismində etibarnamə əsasında iddiaçının oğlu çıxış etmişdir. Nəticə etibarilə, cavabdeh artıq üzərinə götürdüyü bütün öhdəliklərini, o cümlədən əsas alqı-satqı müqaviləsini bağlamaq öhdəliyini də yerinə yetirmişdir. Hazırda iddiaçının ondan yenə də, 100.000 ABŞ dolları tələb etməsi isə, həm öhdəçilik müqaviləsinin, həm də qanunvericiliyin tələblərinə ziddir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6417/2020 nömrəli iş üzrə 30 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2844/2019 saylı iş üzrə 04 dekabr 2019cu il tarixli qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və həmin hissədə iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddiaçının Cavabdeh qarşı 100.000 ABŞ dolları məbləğində behin onun xeyrinə tutulması barədə iddia tələbinin təmin edilməməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 20 aprel 2021-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6417/2020 nömrəli iş üzrə 30 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yeni apellyasiya baxışına qaytarılmışdır. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası Cavabdeh nümayəndəsi, eyni zamanda vəkili Vəkil apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında əlavə olaraq bildirdi ki, tərəflər arasında müqavilə 2014-cü ildə imzalanmışdır. Əslində ziyan görən şəxs cavabdehdir. Müqavilə üzrə 300 000 ABŞ dolları ödənilməli idi, 100 000 ABŞ dolları ödənilib, 200 000 ABŞ dolları qalan 24 ay ərzində ödənilməli idi, ödənilməyib. İddiaçı deyir ki, onların məlumatı olmadan ipoteka ilə yüklü edilmişdir. Amma iş materiallarından da aydın olur ki, artıq 100 000 ABŞ dolları beh veriləndə mənzil ipoteka ilə yüklü edilmişdir. İpoteka ilə yüklü edilməsinin ödənişə təsiri yoxdur. Həmin əmlakdan əlavə 4 əmlak da ipoteka ilə yüklü edilmişdir. 2019-cu ilə kimi ödənişlə bağlı hər hansı müraciət olmayıb. Cavabdeh tərəf gözləyirdi ki, ödəniş edilsin, alqı-satqı müqaviləsi imzalansın. Amma 2019-cu ilə kimi hər hansı ödəniş edilməmişdir. Manat olaraq 80000 manat pul verilib, amma ABŞ dolları kimi qeyd edilib. Apellyasiya baxışı zamanı verilmiş rəylə də razı deyil. 300 000 ABŞ dolları evin qiyməti olmasa idi onlar razı olmayacaqdı. Mənzilin qiyməti 255 000 manat müəyyən edilib. 100 000 ABŞ dollarının davamı kimi pul verilib. 255 000 manat evi satanda verilmiş, 100 000 ABŞ dolları ödənilib, üstündə də 255 000 manat ödənilmişdir. Ümumilikdə kredit götürülmüşdü, 700 000 manat kredit götürülmüşdü. Beh müqaviləsi imzalananda həmin borcun olduğunu bilirdilər, 4 əmlakın girovda olduğu bilinirdi. İddiaçı tərəf yaxşı bilirdi ki, cavabdehin nə qədər borcu var. Əmlakın qiymətləndirilməsi ilə bağlı rəylə razı olmadıqları üçün özləri yeni rəy almışlar. Həmin rəyi məhkəməyə təqdim edir. Belə ki, məhkəmə tərəfindən əldə edilmiş həmin rəydə aşağı qiymət müəyyən edilib. Rəy səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Bununla bağlı sənədi də məhkəməyə təqdim edir. Əmək müqaviləsi də yoxdur, belə bir adam orada işləmir. Bundan başqa iddiaçının razılığı ilə evə dair alqı-satqı müqaviləsi bağlanmış və ev satılmışdır, belə olan halda tərəflərin 2014-cü ildəki razılığı baş tutmuş hesab edilməlidir. Təkrar apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası İddiaçı vəkili X3 apellyasiya şikayətinə etiraz edərək, iş üzrə birinci instansiya məhkəməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etməklə izahatında əlavə olaraq bildirdi ki, 2014-cü il 05 avqustda tərəflər arasında müqavilə imzalanmışdır. Tərəflər arasında işgüzar münasibətlər olmuşdur. Həmin binanı iddiaçı özü tikib, tikəndən sonra cavabdehə satıb. Akif deyir ki, ona 100 000 ABŞ dolları verib, 200 000 ABŞ dollara onun əmlakı girovdadır, 300 000 dollara bu əmlakı satıb. Onlar həmin ərazidə otel tikmişdilər, ərazini artırmaqdan ötrü bu yaşayış sahəsi onlara lazım idi. 100 000 ABŞ dolları razılaşıblar. 200 000 ABŞ dolları da əmlakı girovdan çıxarmalı idilər. Accessbank ASC-dən isə deyirlər ki, cavabdehin 700 000 manat borcu var, bir neçə əmlakı girovdadır, 200 000 ABŞ dolları əmlakı girovdan çıxara bilməyəcəklər. Bir müddət cavabdeh deyir ki, pulu qaytaracaq. Amma ödəniş etmir. İddiaçı 2019-cu ildə məhkəməyə müraciət edir. Bakı şəhər Səbail rayon Məhkəməsi qətnamə qəbul edir, şikayət müddəti bitdikdən sonra cavabdehlə Gülbəniz xanım arasında yaşayış sahəsinin alqı-satqı müqaviləsi imzalanır. Bunun beh qismində ödənilmiş 100 000 ABŞ dollarına aidiyyəti olmur. Razılaşırlar ki, 100 000 ABŞ dolları veriləcək. Bu pul verilmiş olsa idi alqı-satqı müqaviləsində öz əksini tapardı. Gülbəniz xanım evi 255000 manata almışdır. Əslində çox baha alınıb. Məqsəd o idi ki, onlar həmin evi otele birləşdirsinlər. Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı və 372.7-ci maddələrinə görə isə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Kollegiya ilk olaraq qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının iddia tələbinin təmin edilən hissəsində yoxlanılması təşkil edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 20 aprel 2021-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6417/2020 nömrəli iş üzrə 30 sentyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yeni apellyasiya baxışına qaytarılsa da, eləcə də Cavabdeh apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinə yönəlmiş, lakin apellyasiya şikayətinin məzmunundan görünür ki, qətnamə iddianın təmin edilən hissəsində mübahisələndirilmişdir, eyni zamanda iddiaçı qətnaməni iddianın təmin edilməyən hissəsində mübahisələndirməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırki halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsi isə işi yeni apellyasiya baxışa göndərərkən mövqeyini aşağıdakı kimi əsaslandırmışdır: “apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi tərəflərin imzaladığı 05 avqust 2014-cü il tarixli “Öhdəçilik müqaviləsi”ndə aşağıdakılar qeyd olunmuşdur: “... Alıcı tərəfindən 24 ayın tamamına və yaxud 24 aya qədər alıcı tərəfindən etiraz (rədd) olarsa, satıcı verilən 100.000 (yüz min) dolları geri qaytarıb işə xitam vermə hüququna malikdir...”. Həmin müqaviləyə əsasən 200.000 (iki yüz min) dollar ödənildikdən sonra 5 gün ərzində alqı-satqı müqaviləsi rəsmiləşdirilməlidir (Alıcı “... Alqı-satqıdan 5(beş) gün əvvəl qalan məbləğ 200.000 (iki yüz min) dollar ödəyir”.). Həmin müqavilə şərtindən göründüyü kimi alıcı 24 ay ərzində mənzili almağa etiraz etdiyi halda satıcı 100.000 dolları geri qaytarmaqla işə xitam vermə hüququna malikdir. İş materiallarından göründüyü kimi satıcı həmin hüquqdan istifadə etməmişdir. Müqavilə bağlandığı andan 24 ay keçəndən sonra satıcının həmin hüquqdan istifadə etməməsi həmin vaxtdan 100.000 ABŞ dollarının qaytarılmaması ilə bağlı alıcının hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Buna görə apellyasiya instansiyası məhkəməsi tərəflər arasında münasibətlərin davam edən olmasını nəzərə almadan iddia müddəti ilə bağlı maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Yuxarıda qeyd olunanlardan əlavə iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı iş üzrə qətnamə çıxarıldıqdan sonra 25 dekabr 2019-cu il tarixdə Cavabdeh ilə X5 arasında məhz həmin mənzilə dair notarial qaydada alqı-satqı müqaviləsi bağlanmışdır. Bununla əlaqədar cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçı ilə şifahi razılaşma əsasında 255.000 AZN məbləğində pul banka ödənilməklə mənzil iddiaçının istədiyi şəxsin adına keçmiş və bunun nəticəsi olaraq cavabdeh üzərinə götürmüş olduğu bütün öhdəlikləri, yəni əsas alqı-satqı müqaviləsi bağlamaq öhdəliyini yerinə yetirmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin həmin dəlilinə hüquqi qiymət verməmişdir”. Bununla yanaşı nəzərə alınmalıdır ki, “Mülki Prosessual Məcəllənin 420-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2012-ci il tarixli qərarında, kassasiya məhkəməsi tərəfindən faktiki və hüquqi cəhətlərdən analoji hallara artıq formalaşmış məhkəmə təcrübəsindən müvafiq səbəblər göstərmədən fərqli yanaşılmasının Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş məhkəmə müdafiəsi təminatının pozulmasına gətirib çıxara biləcəyi, bu konstitusiya təminatının məhkəmələr tərəfindən qərarların qəbul edilməsində qanunsuzluqdan müdafiəni də ehtiva etdiyi vurğulanaraq aşağıdakılar göstərilmişdir: “Kassasiya məhkəməsi apellyasiya məhkəməsinin qərarını ləğv edərkən, bu məhkəməni işin düzgün həllinə istiqamətləndirərək hüquq normalarını təfsir etməli, buraxılmış səhvlərin mahiyyətinin nədən ibarət olduğunu və qanunun normasının necə başa düşülməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etməlidir. Kassasiya məhkəməsinin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan apellyasiya məhkəməsi üçün məcburiliyi bu göstərişlərin qanuna uyğun və hərtərəfli əsaslandırılmış olmasına əsaslanır. Kassasiya məhkəməsinin məhz bu cür hərtərəfli əsaslandırılmış göstərişlərinin məcburiliyi apellyasiya məhkəməsinin üzərinə işin yeni baxışı zamanı bu göstərişlərə riayət etmək vəzifəsi qoyur. Apellyasiya məhkəməsi tərəfindən kassasiya məhkəməsinin məcburi göstərişlərinə riayət edilməməsi mübahisənin yanlış həllinə və apellyasiya məhkəməsinin qərarına yenidən baxılmasına səbəb ola bilər. Belə olan halda, apellyasiya məhkəməsinin qərarının yenidən baxılmasının əsasını həmin göstərişlərdə qeyd olunan və aradan qaldırılmayan qanun pozuntuları təşkil edir. Bu mənada, MPM-in 407.1.4, 407.2, 408.1.5, 416 və 420-ci maddələrinin müddəaları baxımından kassasiya məhkəməsi işə baxmanın hədlərindən çıxaraq öz mülahizəsi ilə heç bir, o cümlədən hansı halların hansı sübutetmə vasitələri ilə təsdiq və ya inkar edilməsi, işə yenidən baxılarkən hansı sübutların toplanması və araşdırılması, habelə işə yenidən baxan məhkəmənin hansı nəticəyə gəlməli olması haqqında göstəriş verə bilməz. Belə göstərişlərin verilməsi hakimlərin müstəqilliyinə dair konstitusiya prinsipi ilə ziddiyyət təşkil etmiş olar. Kassasiya məhkəməsi belə göstərişlər verdiyi halda, apellyasiya məhkəməsi qanunvericiliyin müvafiq tələblərinə uyğun olaraq, habelə Konstitusiyanın hakimlərin müstəqil, yalnız Konstitusiyaya və qanunlara tabe olduqlarını nəzərdə tutan 127-ci maddəsinin İ hissəsini rəhbər tutaraq, işi öz səlahiyyətləri çərçivəsində həll etməlidir”. İş materiallarında olan “Satıcı” qismində Cavabdeh ilə “Alıcı” qismində İddiaçı Yusiy oğlu arasında bağlanılmış 05.08.2014-cü il tarixli öhdəçilik müqaviləsindən görünür ki, Cavabdeh ******* nömrəli çıxarışa əsasən öz adına olan A.Cəlilov küçəsində yerləşən 26 saylı evin 101 saylı mənzili 300.000 ABŞ dollara satır, mənzili satmaq üçün ilkin olaraq alıcıdan 100.000 ABŞ dollar beh almışdır. Alıcı tərəfindən 24 ayın tamamına və yaxud 24 aya qədər etiraz (rədd) olarsa, satıcı verilən 100.000 ABŞ dolları geri qaytarıb işə xitam vermə hüququna malikdir. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubundan görünür ki, 05.08.2014-cü il tarixli öhdəlik müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə Cavabdeh beh kimi verilmiş pulun qaytarılması - 100.000 ABŞ dolları, uçot faiz dərəcəsi (illik 8,5% olmaqla) üzrə - 51.000 ABŞ dolları, əldən çıxmış fayda - 65.000 manat pul öhdəliyi yaranmışdır. Qeyd olunanları nəzərə alaraq yuxarıda göstərilən məbləği 5 iş günü müddətində ödənilməsini təmin olunmasını təklif edilmişdir. İş materiallarından görünür ki, 25 dekabr 2019-cu il tarixdə Cavabdeh ilə X5 arasında məhz həmin mənzilə dair notarial qaydada alqı-satqı müqaviləsi bağlanmışdır. Bununla əlaqədar cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçı ilə şifahi razılaşma əsasında 255.000 AZN məbləğində pul banka ödənilməklə mənzil iddiaçının istədiyi şəxsin adına keçmiş və bunun nəticəsi olaraq cavabdeh üzərinə götürmüş olduğu bütün öhdəlikləri, yəni əsas alqı-satqı müqaviləsi bağlamaq öhdəliyini yerinə yetirmişdir. Təkrar apellyasiya baxışı zamanı mülki iş üzrə qiymətləndirmə ekspertizası təyin edilmiş və ekspert qarşısında aşağıdakı məsələlərin həlli qoyulmuşdur - A.Cəlilov küçəsində yerləşən 26 saylı evin 101 saylı mənzilin 2014-cü ilin avqust, 2019-cu ilin dekabr ayına və hazırki dövrə real bazar dəyəri nə qədər təşkil edir. Təqdim edilmiş "xxxx" MMC-nin 22 oktyabr 2021-ci il tarixli rəyinə əsasən A.Cəlilov küçəsində yerləşən 26 saylı evin 101 saylı mənzilin 2014-cü ilin avqust ayına bazar dəyəri 165 000 manat, 2019-cu ilin dekabr ayına 186 000 manat və hazırki tarixə real bazar qiyməti 217 000 manat təşkil etməsi müəyyən edilmişdir. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 05.08.2014-cü il tarixdə Öhdəçilik Müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən cavabdeh özünə məxsus Bakı şəhəri, A.Cəlilov küçəsində yerləşən 26 saylı evin 101 saylı mənzili 300.000 ABŞ dollara satmağı öhdəsinə götürmüşdür. Mənzilin alınması ilə əlaqədar iddiaçı tərəfindən cavabdehə ilkin olaraq 100.000 ABŞ dolları verilmişdir. Həmin müqaviləyə əsasən iddiaçı 24 ayın tamamına və yaxud 24 aya qədər əmlakın alınmasına etiraz edərsə (əmlakı almaqdan imtina edərsə), satıcı verilən 100.000 ABŞ dollarını qaytarıb xitam vermə hüququna malikdir. Həmçinin müəyyən edilmişdir ki, iddiaçı müqavilə qüvvədə olduğu müddətdə (müqavilə bağlanılan vaxtdan 24 ay ərzində) cavabdehlə razılaşdırılmış daşınmaz əmlakı (mənzili) almaqdan imtina etməmiş və bununla bağlı satıcıya hər hansı etiraz verməmişdir. Əksinə olaraq cavabdeh iddiaçı qarşısında götürdüyü öhdəliyi yerinə yetirməmiş və mənzili iddiaçıya satmamışdır. Bu səbəbdən də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edildikdən sonra isə 25 dekabr 2019-cu il tarixdə Cavabdeh ilə X5 arasında məhz həmin mənzilə dair notarial qaydada alqı-satqı müqaviləsi bağlanmışdır. Bununla əlaqədar cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçı ilə şifahi razılaşma əsasında 255.000 AZN məbləğində pul banka ödənilməklə mənzil iddiaçının istədiyi şəxsin adına keçmiş və bunun nəticəsi olaraq cavabdeh üzərinə götürmüş olduğu bütün öhdəlikləri, yəni əsas alqısatqı müqaviləsi bağlamaq öhdəliyini yerinə yetirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında olan “Satıcı” qismində Cavabdeh ilə “Alıcı” qismində İddiaçı Yusiy oğlu arasında bağlanılmış 05.08.2014-cü il tarixli öhdəçilik müqaviləsindən görünür ki, Cavabdeh ******* nömrəli çıxarışa əsasən öz adına olan A.Cəlilov küçəsində yerləşən 26 saylı evin 101 saylı mənzili 300.000 ABŞ dollara satır, mənzili satmaq üçün ilkin olaraq alıcıdan 100.000 ABŞ dollar beh almışdır. Alıcı tərəfindən 24 ayın tamamına və yaxud 24 aya qədər etiraz (rədd) olarsa, satıcı verilən 100.000 ABŞ dolları geri qaytarıb işə xitam vermə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 402-ci maddəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. İlkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Niyyət razılaşmasında (niyyət protokolunda və s.) tərəflərin ona ilkin müqavilə qüvvəsi vermək iradəsi birbaşa ifadə olunmayıbsa, o, mülki hüquq nəticələri doğurmur. Göründüyü kimi tərələr ilkin razılığa gəlməklə mənzilin qiymətini müəyyən etmişlər və müqavilədə nəzərdə tutulmuş şərtlərlə gələcəkdə əmlaka dair müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürmüşlər. Həmçinin qeyd olunan ilkin razılığa əsasən müqavilənin müddəti kimi də 24 ay müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırda tərəflər arasında olan münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 402-ci maddəsi tətbiq edilməlidir. Belə ki, tərəflər arasında olan razılıq ilkin müqavilə kimi qiymətləndirilməli və həmin maddənin tələləblərinə əsasən də cavabdeh əsas müqavilə bağlamağı da öhdəlik kimi götürmüşdür. Lakin işin faktiki hallarından göründüyü kimi iddiaçı ilkin razılığa əsasən üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək, nəzərdə tutulmuş 100.000 ABŞ dollar vəsaiti cavabdehə versə də, cavabdeh ilkin razılığa əsasən üzərinə götürdüyü öhdəliyi həyata keçirməyərək, müqavilədə nəzərdə tutulmuş 24 ay müddətinə mənzilə dair alqı-satqı müqaviləsi bağlanmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, istinad olunan normanın tələbləri baxımından əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Belə olan halda da iddiaçı tərəflər arasında olan müqaviləyə istinad etməklə, hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Belə ki, tərəflər arasında bağlanmış 05 avqust 2014-cü il tarixli müqavilədə göstərilmişdir ki, alıcı tərəfindən 24 ayın tamamına və yaxud 24 aya qədər etiraz (rədd) olarsa, satıcı verilən 100.000 ABŞ dolları geri qaytarıb işə xitam vermə hüququna malikdir. Bundan başqa Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə kollegiyası apellyasiya şikayətinin, eləcə də Ali Məhkəmənin qərarında göstərilənlərlə bağlı qeyd etməyi zəruri hesab edir ki, 25 dekabr 2019-cu il tarixdə Cavabdeh ilə X5 arasında məhz A.Cəlilov küçəsində yerləşən 26 saylı evin 101 saylı mənzilə dair notarial qaydada alqı-satqı müqaviləsi bağlansa da həmin müqavilə cavabdehin iddiaçı ilə ilkin razılığına əsasən üzərinə götürdüyü öhdəlikləri icrası kimi qiymətləndirilməməlidir. Belə ki, yuxarıda qeyd edildiyi kimi tərəflər arasında ilkin razılığa əsasən mənzilə dair alqı-satqı müqaviləsi 24 ay müddətinə bağlanmalı idi, lakin ilkin 05 avqust 2014-cü il tarixdə bağlansa da, cavabdehin istinad etdiyi müqavilə 25 dekabr 2019-cu il tarixdə bağlanmışdır, buna qədər artıq tərəflərin müəyyən etdikləri müddət bitmişdir. Digər tərəfdən cavabdeh iddiaçı ilə şifahi razılaşma əsasında alqı-satqının bağlanmasını qeyd etsə də, həmin hala dair mötəbər sübut təqdim etməmiş, iddiaçı isə belə bir razılaşmanın olmasını qəbul etməmişdir. Beləliklə iş materialları ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən əsas öhdəliyin (mənzilin satılması barədə) pozulması baş verdiyindən, iddiaçı öhdəlik müqaviləsinə əsasən ödənilmiş pulu cavabdehdən tələb etməkdə tam haqlı olmuşdur və birinci instansiya məhkəməsi iddia tələbini mübahisələndirilən hissədə təmin etməklə düzgün nəticəyə gəlmişdir. İstinad edilən işin halları ilə apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olması öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, tərəflərin ilkin razılığına əsasən Bakı şəhəri, A.Cəlilov küçəsində yerləşən 26 saylı evin 101 saylı mənzilin satış qiyməti 300000 ABŞ dolları müəyyən edilmişdir və həmin razılıq 05.08.2014-cü il tarixə təsadüf edir, bundan sonra iddiaçı tərəfindən cavabdehə ilkin olaraq 100.000 ABŞ dolları verilmişdir. Göründüyü kimi tərəflər arasında evin dəyəri ABŞ dolları ilə müəyyən edilməklə yanaşı ilkin olaraq verilmiş vəsait də ABŞ dolları ilə verilmişdir. Cavabdehin istinad etdiyi alqı-satqı müqaviləsində isə evin dəyəri manatla ödənmişdir və iddiaçı bildirir ki, beh kimi verilmiş 100000 ABŞ dollarının həmin alqı-satqıda göstərilən məbləğə aidiyyatı olmamışdır, razılığa əsasən evin dəyəri ödənilir, eləcə də beh kimi verilmiş 100000 ABŞ dolları cavabdeh tərəfindən qaytarılmalıdır. Digər tərəfdən əgər bu hal baş vermiş olsa idi, yəni ödənilmiş 100000 ABŞ dolları məbləğində beh nəzərə alınsa idi belə bu zaman evin dəyəri 255000 manata deyil, daha aşağı qiymətə satılardı. Məhkəmə kollegiyası iddiaçının dəlillərini əsaslı hesab edərək qeyd edir ki, mənzilin dəyəri ilə bağlı razılaşdırılmış və ödənmiş məbləğlər arasındakı fərqə, eləcə də ABŞ dolları və ya manatla ödənməsinə ayrıca qiymət verilməlidir. Belə ki, işin qeyd olunan hallarından göründüyü kimi 05.08.2014-cü il tarixli razılığa əsasən evin dəyəri 300000 ABŞ dolları müəyyən edilmişdir, həmin dövr üçün isə 300000 ABŞ dolları (300.000 ABŞdolları x 0,78=234.000 manat) 234 000 manata bərabər olmuşdur. Həmin məbləğdən isə iddiaçı 100000 ABŞ dolları pulu ilkin olaraq vermişdir, 100000 ABŞ dolları isə (100000 ABŞ dolları x 0,78=78000) 78 000 manata bərabər olmuşdur. Hazırda isə mənzil 255 000 manata satılmışdır. Lakin həmin məbləğ evin ilkin olaraq tərəflər arasında müəyyən edilmiş razılığa, eləcə də ödənilmiş ilkin vəsaitin məbləğinə münasibətdə yüksək olmuşdur. Belə ki, mənzil 255 000 manata satıldığı halda razılaşdırılmış məbləğ 234 000 manat, ödənilmiş məbləğ isə 78 000 manat (2014-cü ildə 100 000 ABŞ dolları) olmuşdur, əgər həqəqitən mənzil tərəflər arasında bağlanmış razılığa uyğun satılmış olsa idi, o zaman evin dəyərindən ödənilmiş ilkin ödənişin məbləği çıxılmalı idi. Lakin göründüyü kimi ödənilmiş məbləğ evin dəyərindən çıxılmamış, əksinə evin dəyəri yüksək göstərilmişdir. Belə ki, 255000 manatla ilkin ödəniş qismində ödənilmiş məbləğ toplandığı halda (255000 + 78000 = 333000) 333000 manat təşkil edir ki, bu da tərəflərin mənzilin dəyərinə dair gəldikləri razılıqla ziddiyyət təşkil edir. Mənzilin bazar dəyəri ilə bağlı da apellyasiya baxış zamanı müətəxəssis rəyi alınmış və təqdim edilmiş "xxxx" MMC-nin 22 oktyabr 2021-ci il tarixli rəyinə əsasən A.Cəlilov küçəsində yerləşən 26 saylı evin 101 saylı mənzilin 2014-cü ilin avqust ayına baza dəyəri 165000 manat, 2019-cu ilin dekabr ayına 186 000 manat və hazırki tarixə real bazar qiyməti 217 000 manat təşkil etməsi müəyyən edilmişdir. Apellyasiya baxışı zamanı cavabdeh qeyd olunan rəyin saxta olmasını və baş direktor kimi səlahiyyəti olmayan şəxs tərəfindən imzalanması mübahisələndirilsə də, həmin rəydən görünür ki, rəy baş direktorla yanaşı qiymətləndirici mütəxəssis N.Ələkbərli tərəfindən imzalanmışdır ki, rəyin hazırlanması və ona cavabeh şəxs bir başa qiymətləndirici mütəxəssis olmuşdur. Belə olan halda müəyyən edilir ki, tədqiqatı aparmış qiymətləndirici mütəxəssis səlahiyyətli olmuşdur. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mübahisələndirilən hissədə təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, qətnamə isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384,385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2844/2019, 04 dekabr 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Fuad Talışinski Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar