Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-6284/2024 20.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, İddiaçı2 vəkili və nümayəndəsi Vəkil2, cavabdeh İddiaçı1 nümayəndələri Nümayəndə və İlyaz Seyidovun, cavabdeh "xxxx" MMC-nin vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı2 və İddiaçı1 cavabdehlər "xxxx" MMC və İtaliya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)- 4029/2024 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı2 və İddiaçı1 apellyasiya şikayətlərinə baxılması üzrə keçirilən açıq məhkəmə iclasında müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, iddiaçılara vaxtında viza verilmədiyinə və bu səbəbdən iddiaçıların İtaliya Respublikasına səfəri baş tutmadığına görə onlara vurulmuş zərərin əvəzi cavabdehlər "xxxx" MMC və İtaliya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən müştərək qaydada iddiaçıların xeyrinə tutulsun. Yasamal Rayon Məhkəməsinin qətnaməsi ilə iddia təmin edilməyib. Apellyasiya şikayətlərində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. Məhkəmə hesab edir ki, qətnamə səfirliyə qarşı tələbin rədd edilməsi hissəsində ləğv edilməli və həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 453-cü maddəsinə görə, Azərbaycan Respublikasında yaradılan diplomatik missiyaların üzvləri, onların ailə üzvləri və onların fərdi ev işçiləri diplomatik münasibətlər barəsində 18 aprel 1961-ci il tarixli Vyana Konvensiyasının qaydalarına uyğun olaraq mülki məhkəmə məsuliyyətindən azad edilirlər. Bu, həmçinin dövlətlərin həmin Konvensiyanın iştirakçıları olmadığı hallara da aid edilir. 1961-ci il tarixli Vyana Konvensiyasının 31-ci maddəsinin 1-ci hissəsinə görə, diplomatik agent yerləşmə dövlətinin mülki yurisiksiya immunitetindən istifadə edir. İmmunitetin aid edilmədiyi hallar maddədə müəyyən edilib, həmin hallar hazırkı işdə mövcud deyil. Bu maddənin 4-cü hissəsində isə qeyd olunub ki, diplomatik agentin yerləşmə dövlətinin yurisdiksiyasından immuniteti onu akkreditə edən dövlətin yurisdiksiyasından azad etmir. Səfirlik verbal nota göndərək hazırkı işlə bağlı Azərbaycan Respublikasının yurisdiksiyasını tanımadığını bəyan edib (iş v. 133). Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, səfirliyə aid hissədə iş üzrə icraata xitam verilməlidir, çünki səfirliyə qarşı tələbə Azərbaycan Respublikasının məhkəmələrində baxılmalı deyil. İddiaçılar səfirliyin fəaliyyəti ilə bağlı iddia ilə İtaliya Respublikasının müvafiq məhkəməsinə müraciət edə bilərlər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsinin göstərişinə əsaslanaraq, məhkəmə qərara aldı: Hazırkı iş üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)- 4029/2024 nömrəli qətnaməsi qismən - İtaliya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinə qarşı iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6284/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-6284/2024
20.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver