Məhkəmə qərarları › İş №2(103)-6286/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6286/2021

19.10.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6286/2021 19.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlunun sədrliyi və məruzəsi ilə, Sarıyev Xəyal Əjdər oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İddiaçı və onun vəkili X3, Cavabdeh "xxxx" MMC-nin direktoru X5 iştirakı ilə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 iyun 2017-ci il tarixli, 2(001)- 26/17 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı iddia ərizəsi və iddiaya dəqiqləşdirilmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, qanunvericiliyin sanitarepidemioloji, təhlükəsizlik, keyfiyyət tələbləri pozularaq qaşlarına edilmiş permanent rəngləmə əməliyyatı nəticəsində ona vurulmuş maddi zərərin əvəzi olaraq cavabdehlərdən müştərək qaydada 90 manat ödənilmiş xidmət haqqı, 30 manat dövlət rüsumu, 1000 manat hüquq xidmətinə görə haqq və qaşlarının bərpasına çəkiləcək 5000 manat pulun, cəmi 6120 manatın, vurulmuş mənəvi zərərin əvəzi olaraq 50000 manatın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. "xxxx" MMC İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının onlara qarşı əsassız iddia qaldırdığına və işgüzar nüfuzuna xələl gətirdiyinə görə vurulan zərərin əvəzi olaraq 100000 manatın tutulması və həmin məbləğin kimsəsiz uşaqlar, kimsəsiz qocalar evlərinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yusifzadə X1 Lamiyə Qəşəm qızına qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının ona qarşı əsassız iddia qaldırdığına və onun işgüzar nüfuzuna xələl gətirdiyinə görə vurulan zərərin əvəzi olaraq 6000 manatın, 1000 manat hüquqi yardıma görə ödənilmiş pulun, ümumilikdə 7000 manatın ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 iyun 2017-ci il tarixli, 2(001)-26/17 saylı qətnaməsi ilə ilkin iddia qismən təmin edilərək, Cavabdeh2 90 manat ödənilmiş xidmət haqqının, qaşların bərpasına çəkiləcək 5000 manatın, mənəvi zərərə görə 500 manatın, cəmi 5590 manatın tutularaq İddiaçı ödənilməsi qət edilmiş, ilkin iddia qalan hissədə, qarşılıqlı iddialar isə ümumiyyətlə təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ilk iddianın rədd edilən hissəsində ləğv edilməsini, həmin hissədə də iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər "xxxx" MMC və Cavabdeh2 ayrılıqda apellyasiya şikayətləri verərək qətnamənin ləğv, ilkin iddianın rədd, qarşılıqlı iddiaların isə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 sentyabr 2018-ci il tarixli, 2(103)-86/2018 saylı qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 iyun 2017-ci il tarixli, 2(001)-26/17 saylı qətnaməsi ilkin iddiaya münasibətdə ləğv edilmiş, ilkin iddiaya münasibətdə yeni qətnamə qəbul edilmiş, ilkin iddia qismən təmin edilərək maddi zərərin əvəzi kimi 6120 manatın, mənəvi zərərin əvəzi kimi 3000 manatın, cəmi 9120 (doqquz min yüz iyirmi) manatın cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı verilməsi, ilkin iddia tələblərinin qalan hissədə, eləcə də Cavabdeh2 münasibətdə təmin edilməməsi, qətnamənin qarşılıqlı iddialara münasibətdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22 aprel 2019-cu il tarixli, 2(102)-2051/19 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 20 sentyabr 2018-ci il tarixli, 2(103)-86/2018 saylı qətnaməsi ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin kassasiya şikayətinə münasibətində, yəni “ilk iddianın qismən təmin edilməsi və cavabdeh "xxxx" MMC-nin qarşılıqlı iddia tələbinin təmin edilməməsi” hissəsində ləğv edilmiş, mülki iş həmin hissələrdə yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 sentyabr 2019-cu il tarixli, 2(103)-9370/2019 saylı qətnaməsi ilə apellyasiya şikayətləri təmin olunmamış, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 iyun 2017-ci il tarixli, 2(001)-26/17 saylı qətnaməsi hazırki apellyasiya baxışının predmetini təşkil edən hissədə - yəni, ilkin iddianın "xxxx" MMC-yə münasibətdə təmin olunmaması və "xxxx" MMC-nin qarşılıqlı iddia tələbinin təmin edilməməsi ilə bağlı hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 05 fevral 2020-ci il tarixli, 2(102)-870/20 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 sentyabr 2019-cu il tarixli qətnaməsi ilkin iddia tələbinin "xxxx" MMC-yə münasibətdə rədd olunmasına dair hissədə ləğv edilmiş, həmin hissəyə yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2020-ci il tarixli, 2(103)- 4406/2020 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti hazırki apellyasiya baxışının predmeti olan hissədə təmin ediməmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 iyun 2017-ci il tarixli qətnaməsi hazırki apellyasiya baxışının predmetini təşkil edən hissədə - yəni, ilk iddianın "xxxx" MMC-yə münasibətdə təmin olunmaması barədə hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 aprel 2021-ci il tarixli, 2(102)-1499/21 saylı qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2020-ci il tarixli, 2(103)- 4406/2020 saylı qətnaməsi ləğv edilmiş və iş ilkin iddianın cavabdeh "xxxx" MMC-yə qarşı rədd edilməsi hissəsində yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 aprel 2021-ci il tarixli qərarını nəzərə alaraq hazırki apellyasiya baxışının predmetinin ilk iddianın cavabdeh "xxxx" MMC-yə münasibətdə rədd edilməsi hissəsinin təşkil etdiyini qeyd edir. Məhkəmə iclasında iddiaçı və onun vəkili tərəflərindən verilmiş apelyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi (direktoru) iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Hazırkı məhkəmə iclasının vaxtı və yeri haqqında digər cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, mülki iş üzrə qəbul edilmiş Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 iyun 2017-ci il tarixli, 2(001)-26/17 saylı qətnaməsi hazırki apellyasiya baxışının predmeti olan hissədə - ilkin iddianın cavabdeh "xxxx" MMC-yə qarşı rədd olunmuş hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə qismən təmin olunmalı, cavabdeh "xxxx" MMC-dən maddi zərərin əvəzi kimi 6120 manat, mənəvi zərərin əvəzi kimi 3000 manat, cəmi 9120 (doqquz min yüz iyirmi) manat tutularaq İddiaçı verilməlidir. Belə ki, mülki işdə olan 5 saylı şəhər poliklinikasının dövri tibbi müayinə kabinetinin həkimi S.İsmayılova tərəfindən verilmiş arayışda göstərilmişdir ki, ... Neftçilər pr-ti.153 ünvanında yerləşən “Beauty” salonunda işləyən 1986-cı il təvəllüdlü Cavabdeh2 24.04.2015-ci il tarixdə poliklinikada tibbi müayinədən keçmişdir. Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutu tərəfindən verilmiş 12987 saylı diploma əsasən məlum olur ki, Cavabdeh2 16 saatlıq 1 aylıq həcmində olan tatuaj kurslarını 20.02.2016-cı il tarixdə bitirmişdir. Respublika Gigiyeva və Epidemiologiya Mərkəzi 14.12.2016-cı il tarixli, 04-22/1-3706 saylı məktubunda göstərmişdir ki, Mərkəz tərəfindən "xxxx" MMC-yə ünvanlanmış 13.12.2016-cı il tarixli, 04-22/1-3689 nömrəli məktubla insanın dəri toxumasına müdaxilə yolu ilə həyata keçirilən qaşların “permanent” rənglənməsi və “tatuaj” xidmətlərinin aparılması zamanı qanunvericilik aktlarında göstərilmiş tələblərin gözlənilməsinin vacibliyi “Beauty Salon” gözəllik salonunun rəhbərliyinin nəzərinə çatdırılmışdır. "xxxx" MMC-nin şəxsi hesab vərəqəsinə əsasən məlum olur ki, MMC Vergilər Nazirliyində vergi ödəyicisi kimi qeydiyyatdadır. İddiaçının iddiasının əsası (apellyasiya şikayətinin dəlili) ondan ibarət olmuşdur ki, o, "xxxx"MMC-yə məxsus “Beauty salon” adlanan gözəllik salonunun xidmətlərindən mütəmadi olaraq istifadə etmiş, 2015-ci ilin sentyabr ayının əvvəllərində salonun işçisi olan Badamxanımdan qaşlara edilən permanent əməliyyatı barədə soruşmuş, Badamxanım da ona bu proseduru etdiyini və bu sahədə kifayət qədər təcrübəsi olduğunu bildirmiş, prosedur barədə məlumat aldıqdan sonra salonun bu xidmətindən istifadə edəcəyini qərara almış və nəhayət 2015-ci ilin sentyabr ayında bu xidmət üçün 90 manat məbləğində xidmət haqqı ödədikdən sonra qaşlarında permanent rəngləmə əməliyyatını etdirmiş, lakin həmin əməliyyatdan 5 aydan artıq vaxt keçməsinə baxmayaraq, nəinki qaşları arzu etdiyi rəngdə və formada olmuş, üstəlik Badamxanım bu proseduru düzgün həyata keçirə bilməmiş, əməliyyatı qanaxma və ağrı ola-ola davam etdirmiş, qaşının rəngi qanla qarışdığından qaşının bir hissəsi göy rəngə boyanmış, qaşları əyri forma almış və rəngləmə aparılan hissədə tüklər tökülmüşdür. Sonradan bu sahədə digər mütəxəssis və həkimlərdən aldığı məlumatın nəticəsində bilmişdir ki, salonun əməkdaşı Badamxanım çox ciddi səhvlərə yol vermiş və əməliyyatın düzgün aparılmaması onun səhhətinə fizioloji və psixioloji zərərin vurulması ilə nəticələnmişdir. Cavabdeh tərəfin isə iddiaya etirazının yeganə dəlili ondan ibarət olmuşdur ki, İddiaçı tanımırlar, İddiaçı onların müştərisi olmamışdır. İddiaçı cavabdeh tərəfin bu dəlilinin təkzibi üçün 2 (iki) şahid ifadəsi, internet portallarından çıxarışlar, Cavabdeh2 ilə 055 *** ** ** nömrə ilə yazışmasını sübut kimi təqdim etmişdir. Birinci apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, o, həmin salonda manikür ustası kimi işləmiş, Lamiyə həmin salonun gözəllik xidmətlərindən istifadə etmiş, Lamiyə əvvəllər sadəcə saç ustası Badamxanımın xidmətindən istifadə etmiş, sonradan Badamxanım Lamiyəni onunla da tanış etmiş, Lamiyə onun yanına manikür və pedikür xidmətindən istifadə etmək üçün gəlib-getmiş, Lamiyə hər dəfə Badamxanımın yanına gələndə onun da yanına gəlmiş, Lamiyə onun yanında olanda həmişə Badamxanım ona qaşlarında problem olduğunu bildirərək, ona permanent rəngləmə edə biləcəyini təklif etmiş, sonradan Lamiyə razılaşmış, Lamiyə onun özünün də həmin əməliyyatda iştirak etməyini xahiş etmiş, hətta Lamiyə manikür etdirən zaman Badamxanım onun qaşlarının keyiməsi üçün xüsusi mayeni də məhz onun manikür otağında vurmuş, sonradan prosedur həyata keçirilən zaman Lamiyə ağrı hiss etdiyini desə də, Badamxanım narahat olmamasını bildirərək, prosedura davam etmişdir. Ümumiyyətlə, “Beauty” salona gələn müştərilərin heç birinin qeydiyyatı aparılmır. X2 məxsus əmək kitabçasından görünür ki, 01.04.2014-cü il tarixli, k-01/2 saylı əmrlə "xxxx" MMC-yə manikur ustası kimi işə götürülmüş, 31.03.2016-cı il tarixli, k-02 saylı əmrlə öz ərizəsinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Həmçinin şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, iddiaçının bacısıdır, o, “Beauty” salonunun yerləşdiyi “Port Baku”-da idmana getmiş, bir müddətdən sonra həmin salounun yaxşı salon olduğunu eşitdiyindən həmin salonun xidmətlərindən istifadə etməyə başlamış, Badamxanım onun da saç ustası olmuş, bacısını Badamxanımla məhz o, özü tanış etmiş, bacısı da bir müddət həmin salonun xidmətlərindən istifadə etmiş, sonradan isə ona bildirmişdir ki, qaşlarını permanent rəngləmə etmək istəyir və Badamxanım həm də bunu bacarır, bacısı qaşlarını permanent rəngləmə etdirəndən sonra qaşlarında problemlər yaranmağa başlamışdır. Eləcə də Badamxanım iddiaçının iddia etdiyi 055 *** ** ** nömrənin ona məxsus olmadığını, həmin nömrədən istifadə etmədiyini, iddiaçı ilə yazışmadığını bildirmişdir. İddiaçı tərəfindən təqdim edilmiş sosial şəbəkələrdən çıxarışlardan görünür ki, cavabdeh özünü “stilist Badamkhanim” kimi təqdim edərək həmin səhifələrdəki şəkillərinin və qaşlarla bağlı əl işlərinin altında işlədiyi yer kimi “Beauty” salonu (“Port Baku”), əlaqə vasitəsi kimi 055 *** ** ** nömrəni göstərmişdir. Məhkəmə kollegiyasının 13 dekabr 2017-cı il tarixli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X8 tərəfindən 11.05.2018-ci il tarixli, 663 saylı rəy verilmişdir. Həmin rəydə göstərilmişdir ki, İddiaçı qaş nahiyəsində rənglənmə proseduru icra edilmişdir. Həmin rənglənmənin permanent və ya tatuaj üsulu ilə həyata keçirilməsi patohistoloji tədqiqatı nəticəsində mümkündür ki, bu tədqiqat da cərrahi üsul ilə qaş nahiyəsindən dəri parçası götürülməklə aparılır və tədqiqatdan sonra həmin nahiyədə kiçik çapıq izinin qalması ehtimalı var. Bu baxımdan vətəndaşın bu tədqiqatın icrasına razılığı olmalıdır. İddiaçı isə onsuz da qaş nahiyəsinə yetərincə müdaxilə olunduğu, həmin hissənin artıq zədəli olduğu və buna görə də həmin hissədə əlavə çapığın da yaranmasını istəmədiyini bildirərək, buna razılıq verməmişdir. Beləliklə, yuxarıda qeyd olunanlardan da göründüyü kimi İddiaçı cavabdeh "xxxx" MMC-yə məxsus “Beauty” salonunun xidmətlərindən istifadə etmiş və salonun işçisi Cavabdeh2 tərəfindən onun qaşları ilə bağlı edilmiş əməliyyat uğursuz olmuşdur ki, bunun da nəticəsində bu müddət ərzində iddiaçının maddi və mənəvi məhrumiyyətlərə məruz qalması mübahisəsiz və açıq-aşkardır. İddiaçı ona dəyən maddi ziyanın məbləği ilə bağlı bildirmişdir ki, onun tərəfindən permanent üçün salona 90 AZN, hüquqi xidmət üçün 1000 AZN, qaşa tük əkilməsi üçün bir qaşa – 1000 avro, cəmi 2000 avro, Bakı-Ankara bileti üçün 325 AZN, Türkiyədə oteldə qalmaq üçün birinci gecə - 417.01 TRY, ikinci gecə - 417.98 TRY, üçüncü gecə - 414.74 TRY, cəmi 1249,73 TRY, Türkiyədə müayinə üçün - 342 TRY, pataloji – 207 TRY, cəmi 549 TRY, qaşların lazer ilə silinməsi üçün 1000 TRY ödənilmişdir. İddiaçı həmin məbləğlərin təsdiqi kimi məhkəməyə müvafiq aviabilet, oteldən arayışlar, müvafiq qəbzlər, hüquqi xidmətin ödənilməsi ilə bağlı kassa mədaxil orderi təqdim etmişdir. Birinci instansiya məhkəməsi İddiaçı həqiqətən də maddi və mənəvi ziyan dəyməsini müəyyən etsə də, lakin maddi hüquq normalarının tətbiqində səhvə yol verərək, həmin ziyanın Cavabdeh2 tutulması qənaətinə gəlmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Göstərilən Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Yuxarıda qeyd olunanlardan müəyyən olunmuşdur ki, iddiaçıya 2000 avro (x 1,99=3987,08 manat) + 1249,73 TL (x 0,27=336,43 manat) + 549 TL (x 0,27=147,79 manat) + 1000 TL (x 0,27=269,20 manat) + 90 manat + 1000 manat + 325=6155 manat maddi ziyan dəymişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, ilkin iddia qismən təmin edilərək, cavabdeh "xxxx" MMC-dən iddiaçıya dəymiş maddi ziyana görə MPM-in 218.3-cü maddəsinə əsasən iddiaçının tələb etdiyi 6120 manat pul tutulmalıdır. İddiaçının mənəvi ziyan tələbi ilə bağlı isə kollegiya aşağıdakıları qeyd edir: Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı işin halları baxımından mənəvi ziyana görə cavabdeh "xxxx" MMC-dən iddiaçının xeyrinə 3000 manatın tutulması ağlabatan və ədalətlidir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin olunmalı, mülki iş üzrə qəbul edilmiş Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 iyun 2017-ci il tarixli, 2(001)-26/17 saylı qətnaməsi hazırkı apellyasiya baxışının predmeti olan hissədə - ilkin iddianın cavabdeh "xxxx" MMC-yə qarşı rədd olunmuş hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə qismən təmin olunmalı, cavabdeh "xxxx" MMC-dən maddi zərərin əvəzi kimi 6120 manat, mənəvi zərərin əvəzi kimi 3000 manat, cəmi 9120 (doqquz min yüz iyirmi) manat tutularaq İddiaçı verilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372, 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 iyun 2017-ci il tarixli, 2(001)-26/2017 saylı qətnaməsi hazırkı apellyasiya baxışının predmeti olan hissədə - ilkin iddianın cavabdeh "xxxx" MMC-yə qarşı rədd olunmuş hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə qismən təmin olunsun. Cavabdeh "xxxx" MMC-dən maddi zərərin əvəzi kimi 6120 (altı min yüz iyirmi) manat, mənəvi zərərin əvəzi kimi 3000 (üç min) manat, cəmi 9120 (doqquz min yüz iyirmi) manat pul tutularaq İddiaçı verilsin. Qətnamə, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar