Məhkəmə qərarları › İş №2(103)-6289/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6289/2020

19.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6289/2020 19.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi ilə İddiaçı “xxxxxxxxxxxx” ASC-nın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X4 qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-340/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasənişə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı “xxxxxxxxxxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 5.000 manat məbləğində sığorta ödənişinin əvəzinin, 30 manat dövlət rüsumunun və 1 manat bank xərcinin iddiaçı “xxxxxxxxxxxx” ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “xxxxxxxxxxxx” ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 məxsus ** FO *** dövlət qeydiyyat nişanlı, “X7”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx“xxxxxxxxxxxx ASC tərəfindən xx xxxxxxxx 2017ci il tarixində “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmışdır. xx xxxxxx 2017-ci il tarixində Cavabdeh1 idarə etdiyi ** FO *** dövlət qeydiyyat nişanlı, “X7”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxilə yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə Əkbərova Könül Elton qızını vurmuş və sonuncu aldığı xəsarət nəticəsində vəfat etmişdir. Hadisənin səbələri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, Cavabdeh1 avtomobili sürücülük hüququ olmadan idarə etmişdir. “xxxxxxxxxxxx” ASC-nin xx xxxx 2018-ci il tarixli sığorta aktına əsasən baş vermiş hadisə ilə əlaqədar “xxxxxxxxxxxx” ASC tərəfindən 5.000 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Beləliklə, yolnəqliyyat hadisəsi nəticəsində Əkbərova Könül Elton qızının vəfat etməsi ilə bağlı “xxxxxxxxxxxx” ASC tərəfindən ödənilmiş 5.000 manat məbləğində sığorta ödənişinin əvəzi subroqasiya qaydasında cavabdehlər Cavabdeh1 və X1 müştərək olaraq tutulmalıdır. Daha sonra iddiaçı “xxxxxxxxxxxx” ASC-nin nümayəndəsi Ömərova Günel Əjdər qızı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X5 cavabdeh qismində işə cəlb edilməklə, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 müştərək qaydada 5.000 manat məbləğində sığorta ödənişinin əvəzinin, 30 manat dövlət rüsumunun və 1 manat bank xərcinin iddiaçı “xxxxxxxxxxxx” ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, Cavabdeh1 5.000 manat məbləğində pul vəsaitinin, 30 manat məbləğində dövlət rüsumunun və 1 manat məbləğində bank xidmət haqqının tutularaq “xxxxxxxxxxxx” ASC-yə ödənilməsi qət edilmişdir. Qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsini xahiş edən Cavabdeh1 şikayətini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, Əmrulla Şahbazovun sözügedən avtomobili idarə etmək məqsədilə könüllü şəkildə ona vermişdir. Buna görə də hesab edir ki, məsuliyyəti o deyil, Əmrulla Şahbazov daşımalıdır. İlk növbədə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsişikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin Cavabdeh1 aid hissədə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnamədən məhz həmin tərəf apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına əsasən, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh2 mülkiyyətində olmaqla onun tərəfindən verilmiş etibarnaməyə əsasən Əmrulla Şahbazovun istifadə və sahibliyində olan “X7” markalı, ** FO *** dövlət qeydiyyat nişanlı avtomobil avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta növü üzrə “xxxxxxxxxxxx” ASC-də sığortalanmışdır (sığortalı qismində Əmrulla Şahbazov göstərilmişdir). xx xxxxxx 2017-ci il tarixdə Cavabdeh1 həmin avtomobili Əmrulla Şahbazovdan idarə etmək üçün götürmüş və idarə edərkən Bakı şəhəri, Səbail rayonu, “Bayraq meydanı” adlanan ərazidə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini pozaraq yolnəqliyyat hadisəsi törətmiş və nəticədə piyada Könül Əkbərovanın sağlamlığına ağır zərər vurmuşdur. Aldığı xəsarətlərdən Könül Əkbərova ölmüşdür. Hadisə ilə bağlı cinayət işi başlamış və aparılmış araşdırma nəticəsində Cavabdeh1 nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etdiyi müəyyən olunmuş, nəticədə müvafiq məhkəmə aktı ilə Cavabdeh1 cinayət məsuliyyətinə cəlb edilmişdir. Hadisə ilə əlaqədar “xxxxxxxxxxxx” ASC tərəfindən Könül Əkbərovanın anası Bəsti Qədimovaya 5.000 manat sığorta məbləği ödənilmişdir. Bununla bağlı iddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 rəsmi qaydada müraciət edərək, ödəniş barədə məlumat vermiş və hadisə zamanı avtomobilin Cavabdeh1 tərəfindən sürücülük hüququ olmadan idarə edildiyini bildirərək, tərəfindən ödənilmiş 5.000 manat məbləğində pulun 15 gün ərzində cəmiyyətə ödənilməsini onlardan xahiş etmiş, əks halda bu pulun tutulması tələbi ilə məhkəmədə iddia qaldırılacağı barədə onlara xəbərdarlıq etmişdir. Lakin bu müraciət bir nəticə verməmiş, həmin məbləğ iddiaçıya ödənilməmişdir. Qeyd edilən nəqliyyat vasitəsi 2018-ci il tarixdə Akif Rəhimovun mülkiyyətinə keçmişdir və hazırda onun mülkiyyətindədir. Bu səbəbdən iddiaçı hazırda qeyd edilən şəxslərə qarşı iddia qaldıraraq bu məbləğin onlardan müştərək qaydada tutulmasını tələb edir. Aşağıda şərh olunanlara əsasən kollegiya birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni hesab edir: Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə görə, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Mülki Məcəllənin bilavasitə subroqasiya hüququnu tənzimləyən 936.1-ci və 936.2-ci maddələrinə görə də, subroqasiya hüququ, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göstərilən müddəaların mənasından göründüyü kimi subroqasiya tələbi sığorta ödənişi vermiş sığortaçının vurulmuş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı irəli sürülən tələbidir. Hazırki işin halları baxımından isə vurulmuş zərərə görə məsuliyyət daşıyan şəxs qanuna müvafiq qaydada təqsiri müəyyən olunmuşCavabdeh1dur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 6.6-cı maddəsinə əsasən fərdi qəza sığortası üzrə sağlamlığına zərər dəymiş sığorta olunan, mülki məsuliyyətin sığortası üzrə isə əmlakına və (və ya) sağlamlığına zərər dəymiş üçüncü şəxs zərərçəkən hesab edilir. Həmin Məcəllənin 6.8-ci maddəsinə əsasən şəxsi sığorta üzrə sığorta hadisəsi nəticəsində sağlamlığına zərər dəymiş şəxs, onun öldüyü halda isə ailə üzvləri zərərçəkən hesab edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən Sığorta hadisəsi nəticəsində sığorta olunanın və ya üçüncü şəxsin ölməsi nəticəsində vurulan zərərin əvəzi olaraq 100 faiz həcmdə sığorta məbləği ödənilir. Həmin Məcəllənin 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat məbləğində müəyyən edilir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, “X7” markalı, ** FO *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi olan Cavabdeh2 həmin avtomobili idarə etmək üçün Əmrulla Şahbazova etibarnamə verilmiş və hadisə törədilən, yəni xx.xx.2017-ci il tarixdə həmin avtomobil məhz Əmrulla Şahbazovun istifadə və sahibliyində olmuşdur. Bu tarixdə də Cavabdeh1 bu avtomobili məhz onun qanuni sahibi olan Əmrulla Şahbazovdan götürmüşdür. Cavabdeh Akif Rəhimov isə yalnız 2018-ci ilin oktyabr ayında avtomobilə mülkiyyət hüququ əldə etmişdir. Başqa sözlə, hadisə günü bu avtomobil Cavabdeh2 sahibliyində olmamış və hər hansı formada (iradəsi ilə və ya iradəsinə zidd) şəkildə onun sahibliyindən götürülməmiş, cavabdeh Akif Rəhimovun isə bu avtomobillə hər hansı hüquqi bağlılığı olmamışdır. Hüquqi nəticə etibarı ilə bu şəxslərin həmin hadisənin törədilməsində bilavasitə və ya dolayısı ilə hər hansı formada təqsiri (iştirakı) olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-340/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar