Məhkəmə qərarları › İş №2(103)-6291/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6291/2022

03.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6291/2022 03.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı və Cavabdeh Sığorta Şirkəti ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-80/2022 saylı, 21 aprel 2022-ci il tarixli qətnaməsindən Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları:

1. İddiaçı ilə Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış müqaviləyə əsasən, Bakı şəhəri Nərimanov rayonu Atatürk prospekti-3 ünvanında 5-ci mərtəbədə yerləşən 71 və 72 saylı mənzilləri 2020-2021-ci illər ərzində sığorta edilmiş və buna dair İddiaçı sığorta şəhadətnaməsi verilmişdir. 2020-ci ilin noyabr və dekabr aylarında aramsız yağan yağışlar nəticəsində Bakı şəhəri Nərimanov rayonu Atatürk prospekti 3 ünvanında 5-ci mərtəbədə yerləşən 71 və 72 saylı mənzillərinə su axmış və nəticədə mənzillərin pəncərələrinə, aqnabəndə və döşəməyə zərər dəymişdir.

2. xx.xx.2021-ci il tarixli Aktdan görünür ki, aktı imza edənlər-54 saylı MKİS-in mühəndisi T.İsgəndərov, sahə texniki T.Əhmədov, çilingər M.Əliyev bu aktı tərtib edərək göstərmişdir ki, M.Atatürk prospekti-3, mənzil 71 sakini X5 və M.Atatürk prospekti 3, mənzil 72 sakini İddiaçı şikayətləri əsasında onların yaşadıqları ünvanda olmuşlar. Mənzilə baxış keçirərkən məlum olmuşdur ki, son zamanlar binanın mansart damından yağış yağarkən yağış suları göstərilən mənzillərə axmışdır. Yağış sularının axması nəticəsində 71 və 72-ci mənzillərdə divar kağızları qopmuş, otaq və mətbəx pəncərələri qoparaq tökülmüş, ağacdan olan pəncərələr şişmiş, mənzilin otaqlarında tavanın emusiya rəngləri qopmuş, mənzillərin təmiri yararsız hala düşmüşdür. Göstərilən əsasda akt tərtib edilmiş və imzalarla təsdiq edilmişdir.

3. Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsindən görünür ki, “Sığortaçı”- Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən “sığortalı” İddiaçı məxsus Bakı şəhəri, Nərimanov Rayoni, Atatürk pr, ev 3, mənzil 72 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək sığortalanmışdır. Şəhadətnamə üzrə sığorta haqqı 50 manat, sığorta məbləği 25000 manat təşkil edir.

Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçı Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə qarşı maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən ona vurulmuş 3.000 (üç min) manat maddi və 1.500(min beş yüz) manat məbləğində mənəvi ziyanın və 30 (otuz) manat dövlət rüsumunun, cəmi 4.530 (dörd min beş yüz otuz) manatın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Tələbdə göstərilir ki, özünə məxsus Bakı şəhəri Nərimanov rayonu Atatürk prospekti-3 ünvanında 5-ci mərtəbədə yerləşən 71 və 72 saylı mənzilləri 2020-2021-ci illər ərzində Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən sığorta etdirmişdir. 2020-ci ilin noyabr və dekabr aylarında aramsız yağan yağışlar Bakı şəhəri Nərimanov rayonu Atatürk prospekti 3 ünvanında 5-ci mərtəbədə yerləşən 71 və 72 saylı mənzillərinə damcılayaraq, pəncərələrin suvağını, aynabəndləri və döşəməni sıradan çıxarmışdır. Mənzillərinə yağan yağış hətta 4-cü mərtəbədə yaşayan alt qonşunun evinə də damcılamışdır. Bu barədə qonşusu narazılığını ona bildirmişdir. Yağışın yağıb mənzillərə axması nəticəsində baş vermiş hadisə ilə əlaqədar Cavabdeh Sığorta Şirkəti ASC-yə zəng edib məlumat verdikdən sonra, 11 yanvar 2021-ci il tarixdə şirkətin nümayəndəsi gəlib mənzillərə baxış keçirməklə akt tərtib etmiş və ona tezliklə məlumat veriləcəyini bildirmişdir. Lakin bir müddət sonra ondan heç bir xəbər çıxmadığını görüb 940 xidmətinə zəng edib, bu barədə soruşduqda, onlar mənzillərə qiymətləndirmə komissiyasının gələcəyini bildirmişlər. Lakin bir neçə müddət gözləyərək, heç bir komissiyanın gəlmədiyini görüb, yenidən Cavabdeh Sığorta Şirkəti ASC ilə əlaqə saxlamaq üçün zəng etsə də, zənglərinə cavab verməkdən yayınmışlar. Dəfələrlə Cəmiyyətin direktorunun qəbuluna getsə də, oranın əməkdaşları onu get-gələ salaraq, xahişini nəzərə almayıb, direktorun qəbuluna düşüb şikayətini deməyə imkan verməmişlər. Şəxsən Cavabdeh Sığorta Şirkəti ASC-nin rəhbərliyinə bu barədə məlumat vermək istəsə də, rəhbərlik onu qəbul etməmişdir. O, Nərimanov rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 54 saylı MKİS-nə müraciət edib yağışın yağması nəticəsində mənzillərinin pis vəziyyətə düşməsi barədə məlumat verdikdən sonra 54 saylı MKİS-in mühəndisi T.İsgəndərov, sahə texniki T.Əhmədov və çilingər M.Əliyev tərəfindən Bakı şəhəri Nərimanov rayonu Atatürk prospekti-3 ünvanında 5- ci mərtəbədə yerləşən 71 və 72 saylı mənzillərinə baxış keçirilərək, binanın mansart damından yağış yağarkən yağış sularının axması nəticəsində adı çəkilən mənzillərdə divarın aboy kağızlarının qopması, otaq və mətbəx pəncərələrinin yan divarının suvağı və vurulmuş emusiya rənginin qoparaq tökülməsi, ağacdan olan pəncərələrin şişməsi, mənzillərin otaqlarında tavanın emusiya rənglərinin qopması və mənzillərin təmirinin yararsız hala düşməsi barədə AKT tərtib olunmuşdur. Cavabdeh Sığorta Şirkəti ASC üzərinə düşən öhdəliklərini yerinə yetirmədiyindən, o, mənzilləri sığortalı olmasına baxmayaraq, yağışın yağması nəticəsində mənzillərə dəymiş zərərlə əlaqədar, məcbur olub 200 kv.metr damı təmir etdirmək üçün dəmir təbəqələr alaraq, ustalar dəvət edib damı təmir etdirmişdir. Damın təmirinə təxminən 3000 manat xərci çıxmışdır. Mənzillərinin damının düzəldilməsinə görə dəvət etdiyi ustalar X4 və X7 məhkəməyə şahid qismində dəvət edilərək qeyd etdiklərimi bir daha sübuta yetirə bilər. Qeyd edilənlərlə əlaqədar, Bakı şəhəri Nərimanov rayonu Atatürk prospekti -3 ünvanında 5-ci mərtəbədə yerləşən 71 və 72 saylı mənzillərə dəymiş zərərlə əlaqədar xərclədiyi 3.000 (üç min) manat pulun Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən ona ödənilməsi barədə “Atəşgah" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə rəsmi olaraq müraciət etsə də, onlar ona Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıqlarını və hadisənin səbəbləri müəyyən edildikdən sonra iş üzrə qanunamüvafiq qərar qəbul ediləcəyi barədə cavab məktubu göndərsələr də, bu günə qədər heç bir tədbir görməmişlər, qərar qəbul etməmişlər. Mübahisəli mənzilinin yerləşdiyi bina çoxdan özəlləşmiş və İcra Hakimiyyətinin balansından çıxmışdır. Mənzillərinə axan yağışın onun mənzillərindən qonşularının mənzillərinə keçməsi nəticəsində qonşuların ona iradlarını bildirməsi və qonşularının yanında onun və xəstə olan həyat yoldaşının pis vəziyyətə düşməyi nəticəsində mənəvi sarsıntılara məruz qalaraq, əsəbləri pozulmuş, həmin günlər ərzində qan təzyiqi yüksəlmiş, həkimə müraciət etmək məcburiyyətində qalaraq, müayinə və müalicə olunmuşlar. Müayinə və müalicə nəticəsində ona və həyat yoldaşına 1.500(min beş yüz) manat mənəvi ziyan dəymişdir. Beləliklə, cavabdehin hüquqa zidd təqsirli hərəkətləri nəticəsində ona 3.000 min (üç min) manat məbləğində maddi ziyan və 1.500 (min beş yüz) manat məbləğində mənəvi ziyan dəymişdir. Cavabdehin hərəkətləri nəticəsində güclü mənəvi sarsıntı keçirməyini nəzərə alınaraq, cavabdehdən ona vurulmuş maddi və mənəvi ziyanın ödənilməsini tələb edir.

6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-80/2022 saylı, 21 aprel 2022ci il tarixli qətnaməsi (hakim Aytən Novruzova) ilə iddia tələbinin qismən təmin edilərək Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən 1593 (bir min beş yüz doxsan üç) manat məbləğində maddi zərərin tutularaq İddiaçı ödənilməsi; iddia tələbinin qalan hissədə təmin edilməməsi və keçirilmiş məhkəmə ekspertizası xərci olaraq 100 (bir yüz) manatın Cavabdeh Sığorta Şirkəti ASC-dən tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) hesabına keçirilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini bununla əsaslandırmışdır ki, iddia ərizəsi tələb olunan maddi zərər hissəsində qismən təmin edilməli, Bakı şəhəri Nərimanov rayonu Atatürk prospekti-3 ünvanında 5-ci mərtəbədə yerləşən 71 və 72 saylı mənzillərə dəymiş zərərə görə xx.xx.2020-ci il tarixli qaimə əsas tutulmaqla 1593 manat məbləğində təmin edilməli, qalan hissədə sübuta yetirilmədiyindən rədd edilməlidir.

8. Məhkəmə araşdırılması zamanı iddiaçı mənəvi sarsıntı və iztirab keçirməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Bu səbəbdən məhkəmə iddia tələbini mənəvi zərərin tutulması hissəsində əsassız hesab edir və rədd edilməsi qənaətinə gəlir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh Sığorta Şirkəti ASC apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

10. Cavabdeh apellyasiya şikayətində göstərir ki, dam örtüyü yaşayış sahəsinin tərkib hissəsi hesab edilmir və o, ayrıca sığortalanmamışdır. Buna görə də, İddiaçı binanın dam örtüyünün (mansardın) təmiri ilə bağlı çəkdiyi xərclərin sığortaçıdan tələb etməsinin heç bir hüquqi və müqavilə əsası yoxdur. Baxılan halda iddiaçının müraciəti guya yağış sularının sızması nəticəsində yaşayış sahəsinə zərər dəyməsi ilə bağlı olmuşdur. Qanuna əsasən, yağış suları sığorta hadisəsi hesab edilmir. Ümumiyyətlə isə ,iddiaçı zərərin nə vaxt yarandığını, iddia etdiyi dövrdə həqiqətən də leysan xarakterli yağıntı (sığorta hadisəsi) olması ilə bağlı hər hansı sübut təqdim etməmişdir. İş üzrə keçirilmiş ekspertiza da bu suala, yəni hadisənin yaranma tarixinə aydınlıq gətirməmişdir. İşdə yalnız 71 saylı mənzilin sığorta olunmasına dair sübut vardır. İş materiallarından görünür ki, iddiaçı damın təmiri üçün 3000 manat tələbi olduğunu bildirmişdir. Bu tələb 2 mənzillə bağlı verilmişdi, lakin sübut yox idi. Məhkəmə qətnamədə qeyd edir ki, xx.xx.2020-ci il tarixli qaimədən görünür ki, İddiaçı məxsus Atatürk prospekti ev 3, mənzil 71-72-nin məxbəxinin təmirinə lazım olan vəsait 1593 manat təşkil edir. Halbuki, istinad edilən qaimədə sadalanan malların heç birinin mənzilin təmirinə, mətbəxin təmirinə isə ümumiyyətlə hər hansı aidiyyəti müəyyən edilmir. Cavabdeh isə sığortalı mənzilə dəymiş zərəri təqribən 1028 manat məbləğində hesablamışdır. Hesab edir ki, bu hal xüsusi araşdırma və bilik tələb etdiyi üçün iş üzrə ekspertiza təyin edilməsi zəruru idi.

Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları.

11. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını və rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

12. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını və rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 898.1. İcbari sığorta qanunlarında və könüllü sığorta növləri üzrə sığorta müqavilələrində şərtli və ya şərtsiz azadolma məbləği, həmçinin gözləmə müddəti müəyyən oluna bilər. Maddə 898.4. Şərtsiz azadolma məbləği nəzərdə tutulduqda həmin məbləğ hər bir halda tətbiq edilir. Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Maddə 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Maddə 922.3. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. Maddə 923.1. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda, həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

14. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 3.1.2. Sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu Qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatı icbari sığortaların əsas prinsiplərindən biridir. Maddə 4.1. Bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növləri fiziki və hüquqi şəxslərin əmlak mənafeləri ilə bağlı məruz qaldıqları zərərlərin əvəzinin ödənilməsini təmin etmək məqsədi ilə tətbiq edilir. Maddə 13.1. İcbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Maddə 15.1. İcbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Maddə 15.3. Zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, zərər dəymiş əmlakın daşınması, habelə onun qalıqlarının yığılması və daşınması ilə bağlı xərclər və s. əmlaka dəyən zərərin məbləğinə aiddir. Maddə 20.2. Həmin Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. Maddə 35.1. Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Maddə 35.4. Yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari sığortası onların konstruktiv elementlərinə, otaqlarına, o cümlədən şüşələr də daxil olmaqla qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə, bəzək elementlərinə, o cümlədən bütün növ xarici, yaxud daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verir. Maddə 36.1-ci və 36.1.5. Su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyri-yaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi daşınmaz əmlakın sığorta hadisəsi hesab olunur. Maddə 36.1.8. Daşınmaz əmlakın təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri:

16. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

17. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

19. Cavabdeh apellyasiya şikayətinin nəticə hissəsində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, şikayətin obyektini birinci instansiya məhkəməsinin qətnaməsinin bir hissəsi, yəni iddianın təmin edilən hissəsi, (şikayətin obyekti apellyasiya tələbləri ilə məhdudlaşır) şikayətin predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin bu hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

20. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

21. İddanın faktiki əsası (faktiki hallar) təmin edilən hissədə tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dizpozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. 22.Əvvəla, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar təmin edilən hissədə “İcbari sığortalar haqqında” Qanunun yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşır, üstəlik cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmadığı üçün də iddia haqlı sayılır.

23. “İcbari sığortalar haqqında” Qanunun 36.1.8-ci maddəsində “yağış sularının” sığorta hadisəsi kimi göstərilməməsi iddianın əsassızlığına dəlalət etmir. Çünki, zərərin yağış suları, o cümlədən leysan xarakterli yağış suları nəticəsində baş vermişdir. Yəni, zərər yağış suları(leysan) nəticəsində yaranmış, mənzildə yaranmış qüsurlar da bunun nəticəsində baş vermişdir. Ona görə də qeyd olunan normada sığorta hadisəsi kimi yağış sularının sığorta hadisəsi kimi göstərilməməsi də hüquqi məntiqə söykənməyən bir yanaşmadır. Məhkəmə də daşınmaz əşyanın zədələnməsini sığorta hadisəsi hesab etmişdir. Başqa sözlə yağışın (leysanın) nəticəni, yəni sığorta hadisəsini yaradan səbəbinyağışın(leysanın) nəticəsində, sığorta hadisəsi isə zərərin yaranması nəticəsində baş vermişdir. Ona görə də cavabdehin bu dəlillərdən istifadə edərək ziddiyyətli vəziyyət yaratmağa cəhd etməsi anlaşılan olsa da başadüşülən deyildir. Çünki, bu dəlilin şikayətin əsaslı olmasına heç bir təsiri yoxdur.

24. Zərərlə bağlı qiymətin olduqca yüksək müəyyən edilməklə real vəziyyətə uyğun tərtib olunmaması barədə dəlillər də əsassız hesab edilməlidir. Çünki, cavabdeh bunu bəyan edirsə özü zərərin məbləği barədə məhkəməyə mötəbər sübut təqdim edə bilərdi. Cavabdeh zərərin məbləğini 1028 manat olduğunu bəyan etməsi dəymiş zərərin məbləğinin real göstəricisi ola bilməz.

25. Dam örtüyü yaşayış sahəsinin tərkib hissəsi hesab edilmədiyi, yəni onun ayrıca sığortalanmadığı, buna görə də, binanın dam örtüyünün (mansardın) təmiri ilə bağlı çəkilən xərclərin sığortaçıdan tələb edilməsinin heç bir hüquqi və müqavilə əsası olmadığı barədə dəlillər də əsassızdır. Çünki, “İcbari sığortalar haqqında” Qanunun 35.4-cü maddəsində həmçinin tavana dəyən zərərlərə də təminat vermişdir. Dam örtüyü tavandan mənzilə yağış(leysan) sularının axmamasının qarşısını almaq üçün istifadə olunmuşdur. Deməli, tavanın salamatlığını təmin etmək üçün dam örtüyündən istifadə olunması onun ayrıca sığortalanması demək deyil. Ona görə də iddiaçı dam örtüyünün(mansardın) təmiri ilə bağlı çəkilən xərcləri deyil, məhz tavandan yağış(leysan) sularının keçməsi nəticəsində bütövlükdə mənzilə dəyən zərərə görə sığorta ödənişini tələb etmişdir.

26. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki cavabdehin iddiaçıya sığorta ödənişini ödəməkdən imtina etməsi sığorta hüququnun ümumi prinsiplərinə zidd olmuşdur. Çünki, bu imtina sığorta institutunun mahiyyətinə zidd olmaqla ədalətli hesab edilə bilməz. Bu cür münasibət ayrı-ayrı şəxslər tərəfindən sığorta institutlarına və sığorta təşkilatlarına olan inamın və etibarın itirilməsi ilə nəticələnə bilər. Nəticədə isə, bu inamın və etibarın itirilməsindən ən çox sığorta təşiklatları zərər çəkə bilər.

27. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-80/2022 saylı, 21 aprel 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

28. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

Cavabdeh Sığorta Şirkəti ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-80/2022 saylı, 21 aprel 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar