Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6292/2020 16.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X3 və Mayılov Ülvi Arif oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil Bünyət oğlunun, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, Cavabdeh onun xeyrinə zərərin əvəzi kimi 8100 manatın və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə, iddianın rədd edilməsi,iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 120 manatın İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. İddiaçı, apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, əvvəla, iddiaçının və şahidlərin izahatları məhkəmədə dinlənildiyi halda, cavabdeh tərəf məhkəməyə gəlmədən onun əvvəlki iclasda verdiyi izahatı əsas götürərək, məhkəmə belə bir qənaətə gəlmişdir ki, iddia tərəfi iddianın isbatı üçün sübut təqdim edə bilməmişdir.İkincisi, məhkəmə iş üzrə mübahisə predmeti olan avtomobilin məhəkəmə qaydasında hakimdə şübhə yaradan qiymətləndirmə və nasazlıq xüssusatları ilə bağlı da xüsusi bilik və təcrübə tələb edən ayrıca mütəxəssis ekspertin təyinindən imtina etməsinə baxmayaraq, tərəfindən təqdim edilmiş sübutları iş üzrə düzgün qiymətləndirməyərək cavabdehin xeyrinə qətnamə qəbul etmişdir. Məhkəmə, qeyd etmişdir ki, cavabdeh avtomobil satılarkən iddiaçıya güzəştə gedərək 1200 ABŞ dolları aşağı qiymətə satış etdiyi üçün bu onu deməyə əsas verir ki, cavabdeh üzərinə düşən öhdəliyi vicdanla yerinə yetirmişdir. Həmçinin, cavabdehin bizə 200 manat pul göndərməsini də cavabdehin xeyrinə olan vəziyyət olaraq qiymətləndirməklə məhkəmə işdə olan digər şahidlərin və texniki rəyin sübut olaraq qəbulundan imtian etmişdir. Sual olunur ki, məhkəmə cavbadehin 1200 ABŞ dolları güzəşt etməsinə, iddiaçıya 200 manat pul göndərməsinə aid cavabdeh tərəfindən sübut təqdim edilmədiyi halda, onun əvvəlki izahatını mötəbər sübutlar kateqoriyasına şamil edə bilirsə, iddiaçının sübut və dəlillərini, şahid ifadələrini nəyə görə mötəbər sübut kimi qiymətləndirmir? Məhkəmə qətnaməsində şahidlərə verilən suallar müqabilində şahidlərin verdiyi cavabları göstərməmişdir. Bununla da, şahidlərin izahatlarını da təhrif etmişdir. Belə ki, iddiaçı tərəfindən hər iki şahidə sual verilmişdir ki, avtomobilin mühərrikinin valında aparılmış qaynaq işi mühərrikin valının uzun müdət işləkliyini təmin edə bilərdimi? Şahidlər bildirmişlər ki, bu mümkün deyildir. Verilən suala və alınan cavaba əsasən gəlinən nəticə bu idi ki, cavabdeh həmin qaynaq təmiri müvəqqəti olaraq, bazar satışı üçün aparmışdır. Beləliklə, cavabdeh avtombildə ciddi problemin olduğunu qəsdən gizlədərək, gəlir əldə etmək məqsədi ilə, diqqət yayındırmaq üçün alıcının fikrini sürətlər qutusundakı nasazlığa cəlb edərək, əsas problemdən alıcının diqqətini yayındırmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdilər. Cavabddeh isə, şikayətə etiraz edərək, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya, tərəfləri dinləyib, apellyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş faktiki hallarına görə, “X5” minik markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobil alqı-satqı müqaviləsi əsasında İddiaçı adına rəsmiləşdirilmiş və ona xx.xx.2019-cu il tarixdə AD seriyalı, 549306 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmişdir. xx.xx.2019-cu il tarixli qüsur aktından görünür ki, sözügedən avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobilin mühərrikinin blok hissəsinin deformasiyası, mühərrik valında qaynaq izlərinin olması, surətlər qutusunun bublikinin nasazlığı, kondisionerin kompressorun nasazlığı aşkarlanmış, aşağıda qeyd olunan hissələrin istismara və təmirə yararsız olduğu müəyyən edilmişdir: avtomobilin mühərrik bloku (1500 manat), surət qutusunun bubliki (850 manat), mühərrikin valı (2500 manat), kladiş şatun dəst (600 manat), praqlatka dəst (300 manat), kondisonerin kompressoru (850 manat). Hissələrin avtomobilin üzərinə quraşdırılması və təmiri 1500 manat hesablanmış, avtomobilin sazlanması üçün lazım olan məbləğ cəmi 8100 manat müəyyən olunmuşdur. 218108 nömrəli mədaxil qəbzinə əsasən İddiaçı tərəfindən xx.xx.2019-cu il tarixdə avtomobilə baxış keçirilməsi üçün Vəli Salmanova 40 manat ödəniş edilmişdir. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzə Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 4411 saylı ekspert rəyinə əsasən, nəzəri hesablama yolu ilə, fiziki şəxs Vəli Salmanov tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2006-cı il buraxılışlı “X5” minik markalı, **-LT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci, hadisə baş verən tarixə təxminən 6750 manat müəyyən edilmişdir. Hazırda, iddiaçı, cavabdeh tərəfindən ona qüsurlu avtomobil satıldığını bildirərək, dəymiş zərərin (avtomobilin ehtiyat hissələrinin təmirinə çəkilmiş xərc və usta xərci) əvəzinin ödənilməsini tələb edir. Kollegiya, mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-in 581.1-ci və 581.2-ci maddələrinə əsasən, satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Həmin Məcəllənin 587.1.3-cü maddəsinə əsasən, əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: alış qiymətinin mütənasib azaldılması; əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi. MM-in 588.1-ci və 588.2-ci maddələrinə əsasən, əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. Göründüyü kimi, satıcı, əşyanın alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gələn bütün qüsurları üçün bu hallar sübuta yetirildiyi təqdirdə cavabdehlik daşıyır. Baxılan işdə cavabdeh bildirir ki, alqı-satqı zamanı avtomobilin surətlər qutusunun hidrotransformatorunun (bublik) problemli olması barədə iddiaçıya məlumat vermiş və buna görə avtomobili real qiymətindən 1200 ABŞ dolları aşağı qiymətə satmışdır. Eyni zamanda, alqı-satqıdan sonra kondisionerdə yaranmış problemlə bağlı iddiaçıya aralarındakı razılığa əsasən bu xərcin yarısı kimi 200 manat ödəmişdir. İddia ərizəsində sadalanan digər qüsurlar isə avtomobilin alqı-satqısınadək mövcud olmamışdır. Əgər iddiaçı həqiqətən bu qüsurlara görə xərc çəkmidirsə belə, bunda cavabdehin təqsiri yoxdur. Çünki alqı-satqı zamanı avtomobil alıcı tərəfindən öz ustası tərəfindən yoxlamadan keçirilmiş və bu qüsurlar aşkar edilməmişdir. Belə olan halda, Kollegiya, yuxarıda sadalanan normalarının kontekstindən çıxış edərək, hesab edir ki, sübutetmə yükü baxımından bu halı (iddia ərizəsində sadalanan qüsurların sözügedən avtomobilin alqı-satqısınadək mövcudluğunu və bu barədə ona məlumat verilmədiyini) sübuta yetirmək vəzifəsi iddiaçının üzərinə düşür. Çünki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, X1rşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. İddiaçı, bu faktı Vəli Salmanov tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli qüsur aktı, şahid ifadələri və özünün izahatları ilə əsaslandırmağa çalışmışdır. Sözügedən qüsur aktından görünür ki, avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobilin mühərrikinin blok hissəsinin deformasiyası, mühərrik valında qaynaq izlərinin olması, surətlər qutusunun bublikinin nasazlığı, kondisionerin kompressorun nasazlığı aşkarlanmış, aşağıda qeyd olunan hissələrin istismara və təmirə yararsız olduğu müəyyən edilmişdir: avtomobilin mühərrik bloku (1500 manat), surət qutusunun bubliki (850 manat), mühərrikin valı (2500 manat), kladiş şatun dəst (600 manat), praqlatka dəst (300 manat), kondisonerin kompressoru (850 manat). İddiaçı, xx.xx.2020-ci il tarixli məhkəmə iclasında bildirmişdir ki, avtomobili alan kimi Biləcəri qəsəbəsindəki ustasına göstərmiş və usta bildirmişdir ki, avtomobilin sürətlər qutusunun hidrotransformatorunda (bublik) problem var. Növbəti gün isə, avtomobili servisə aparmış və kondisionerin kompressorunda promlem olduğu və xərcin 500 manat olması müəyyən edilmişdir. Bu barədə cavabdehə bildirmiş və xərcin yarı bölünməsi barədə aralarında razaılamışlar və cavabdeh ona 200 manat göndərmişdir. Lakin sonradan xərcin 850 manat olduğu müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı avtomobili əldə etdiyi vaxt (xx.xx.2019-cu il) onu yoxlamadan keçirərkən yalnız sürətlər qutusunun hidrotransformatorunda (bublik) və kondisionerin kompressorunda problem olduğu müəyyən edilmişdir. xx.xx.2019-cu il tarixli qüsur aktında qeyd olunan digər qüsurlar isə həmin vaxt aşkar edilməmişdir. Ona görə də, Kollegiya, həmin aktı hazırkı mübahisəli halın müəyyən edilməsi üçün kifayət edici dəlil və mötəbər sübut saymır. Kollegiya, həmçinin nəzərə alır ki, sözügedən qüsur aktı hər hansı avtomobil servisi tərəfindən deyil, iddiaçının tanışı olan fiziki şəxs Vəli Salmanov tərəfindən və avtomobilin alqı-satqısının Bakı şəhərində həyata keçirilməsinə baxmayaraq, Bərdə şəhərində tərtiblənmişdir. Digər tərəfdən, birinci instasniya məhkəməsində şahid qismində dindirilmiş Feruz İsmayılov bildirmişdir ki, o, iddiaçının tanışı və Bərdə rayonunda avtomobil profilaktoriyasında mühərrik ustasıdır. İddiaçı avtomobili aldıqdan sonra onunla görüşərək bildirmişdir ki, avtomobilin mühərrikindən səslər gəlir. O da avtomobilin mühərrikini yoxlayaraq mühərrikdə səslər olduğunu bildirmiş və iddiaçıya avtomobili idarə etməməyi və təzə mühərrik almağını tövsiyyə etmişdir. Avtomobili profilaktoriyaya gətirdikdən sonra avtomobilin mühərrikini açarkən görmüşdür ki, mühərrikin valında çat olmuş və qaynaq işləri aparılmışdır. Digər şahid Mehrac Abduləzimov isə bildirmişdir ki, o, Babək prospektindəki avtomobil profilaktoriyasında mühərrik ustasıdır və “Land Rover” markalı avtomobillərin mühərriklərinin təmiri ilə məşğul olur. İddiaçının avtomobilinin mühərrikini o yığmışdır. İddiaçı tanışları vasitəsi ilə onu tapmış və zəng vuraraq avtomobilinin mühərrikində səslər olduğunu bildirmiş, sonra o, Bərdə rayonuna gedərək orada avtomobilin mühərrikinə baxmış və mühərrikin valında qaynaq işlərinin olduğunu müəyyən etmişdir. Sonra avtomobili evakuator vasitəsi ilə Bakıya gətirmişlər və o, mühərriki təmir etmişdir. İddiaçının razılığı ilə onun verdiyi pul ilə avtomobilin ehtiyyat hissələrini özü almış, iddiaçı zəhmət haqqı olaraq ona 1500 manat ödəmişdir. Məhkəmə kollegiyası, şahid ifadələrini də kifayət qədər mötəbər sübut hesab etmir. Ona görə ki, şahidlər mühərrikin valında çat olduğunu və qaynaq işlərinin aparıldığını və buna görə, iddiaçı tərəfindən avtomobilin ehtiyat hissələrinin alınması ilə bağlı pul və xidmət haqqı olaraq 1500 manat verildiyini bildirsələr də, hətta həmin qüsurların akşar olduğu halda belə, həmin məbləğlərin iddiaçı tərəfindən ödənilməsini təsdiq edən hər hansı sənəd (ödəniş qəbzi və s.) iş materiallarına əlavə edilməmişdir. Hazırda isə, iddiaçı avtomobili təmirinə görə çəkdiyi xərclərin əvəzinin ödənilməsini tələb edir. Nəzərə alınmalıdır ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Beləliklə, mübahisə predmeti olan avtomobilin tərəflər arasında alqı-satqısı zamanı avtomobildə iki qüsurun (1.sürətlər qutusunun hidrotransformatorunda (bublik) problem; 2.kondisionerin kompressorunda problem) olduğu iş materialları ilə təsdiqlənir. İddiaçı, qeyd etdiyi digər qüsurların mövcuduluğunu sübuta yetirə bilməmişdir. Birinci, yəni avtomobilin sürətlər qutusunun hidrotransformatorundakı (bublik) qüsurla bağlı cavabdeh bildirir ki, məhz həmin qüsurun aradan qaldırması üçün avtomobili real qiymətindən 1200 ABŞ dolları aşağı qiymətlə satmışdır. İddiaçının nümayəndəsi isə, xx.xx.2020-ci il tarixli məhkəmə iclasında avtomobilin satış qiymətindən 1200 ABŞ dolları aşağı satılmasını onda olan qüsurlara görə deyil, “Turbo.az” saytında yerləşdirilmiş elanlarla avtomobillərin qiymətinin hər zaman yüksək yazılması və real alıcılara isə endirim edilməsi ilə əsaslandırmışdır. Başqa sözlə, iddia tərəfi də, avtomobilin real qiymətindən 1200 ABŞ dolları aşağı qiymətlə satılmasını təsdiq etmişdir. Kollegiya, bununla bağlı qeyd olunan əsaslandırmasını isə, hazırkı işin halları baxmından inandırıcı saymır. İkinci, yəni kondisionerin kompressorundakı qüsurla bağlı isə, məhkəmə kollegiyası bildirir ki, cavabdeh aralarındakı razılığa əsasən, üzərinə götürdüyü öhdəliyi icra edərək, həmin xərcin yarısını iddiaçıya ödəmişdir. Bu, işin mübahisəsiz halıdır. Odur ki, Kollegiya, qeyd olunanlara əsasən, bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Mülki Prosessual Məcəllənin 384.0.1-ci və 385.2-ci maddələrinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1127/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-6292/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6292/2020
16.09.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver